“AÇDIR QAPISINI, TANRI, CƏNNƏTİN…”

U LENİ. KİNO

Yaxşı fikirləşsək, hələ ki, boşdur,
Cənnət, həm cəhənnəm. Axı, yox bilən,
Haçan İsrafilin şeypuru dinər,

Qəbrini tərk edər bəşər övladı.

 
Odun qalaqlanıb, neft iyi gəlir,

Yanmır ancaq hələ cəhənnəm odu.

Tiyanların sayı-hesabı  yoxdu,

Hələ qurğuşunsa əridilməyir.

 

 

Zəncir şələ-şələ, baxasan hara,
Qığılcım yayılır həlqələrindən.

Zəqqum ağacııdır bitən, bar verən,
Meyvəsi hələlik yığılıb qalar.

 

 

Cənnət də! Cənnət də boş qalıb axı!

Ora nə soyuqdur, istidir nə də,
Kərpici qızıldan, ətirli həm də,

Hansı meyvə yesən, ürəyi yaxır.

 

 

Orda qaragözlü hurilər də var,

Mirvari kimidir hər biri, nadir.

Onlara nə insan, cin dəyib nə də,
Qocalan deyillər əbədi onlar.

 

 

Süd axır arxlardan, axır şərab, bal,
İstəsən, ağzını söykə Qövsərə,
Nə düşsə xətrinə, yeyə bilərsən,
Orda günah yoxdur, kef və məzə var.

 

 

Çalınır Bethoven, çalınır Şopen,
Qıy vurur Freddi, ürəklər qopur.

Susur İsrafilin fəqət şeypuru,

Haçan çalınacaq – yox bilən, deyən.

 

 

 

İlahi, bir yana yer altdakılar,
Təşnədən yanan var yer üzündə də!

Var əlsiz-ayaqsız, var üzülən də,
Qaçqın var, yurduna həsrət olan var!

 

 

Saysızdır sinəsi dağ-dağ olanlar,
Bala itirənlər, başı itənlər

Başlarına zülm gətirilənlər,

Topa tutulanlar, bombalananlar…

 

 

Çaldır şeypurunu, ilahi çaldır,
Açdır qapısını cənnətin daha,
Xəstəni, miskini qaldır ayağa,

Keçib günahından cənnətə çağır.

 

 

Azarlı uyusun mütəkkələrdə,
Soyusun ürəyi faciəlinin.

İki gün cənnətdə gecələyənin,
Çəkilib qoy getsin yuxuyla dərdi.

 

 

Tanrım, aç qapını, aç müvəqqəti,
Çağır həyatından yorulanları.

İsrafil şeypuru elə gurlasın,

Gəlib diri ikən görək cənnnəti.

 

 

Bizi şübhələrdən, İlahi, çıxar,
Çağır Ərşə yaxın, çöhrəni görək.
Bilirik cəhənnəm söhbəti gerçək,
Göstər cənnətini sən bizə axır…

 

06-07. 01. 2020, Samara

Xeyrulla XƏYAL. KİM DEYİR Kİ…

в джинсовой куртке                              

Yuxuma girər atam

Bəzən gecəaşırı.

Qəfil gələr, oturar,

Nə dinər, nə danışar.

Ha yalvaram, and verəm,
Susar qaşlı-qabaqlı.

Qəfil də durar gedər,

Baxışları qınaqlı…

Yuxular təlaşlı, kəm,

Təssüratı acı –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

 

Qardaş xiffəti yorur –

Görüşə tələsirəm.

Əlindəki soyuqluq,

Ləngidir nəfəsimi.

Susur, duruxur anam,

Könülsüz gülür bacım –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

 

Uzaqlardan qanrılıb

Mənə baxan o qadın…

Lənətləmir, qarğımır,

Bəlkə heç qınamır da.

Adımısa dilinə

Bir də gətirməz ancaq –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

 

Bilirəm, yeri-göyü,

Ağacları, quşları –

İndi hansını deyim –

Ən çox da uşaqları

İncitmişəm. Yox mənim

Bəraətim, əlacım –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

 

Ömür keçdi. Qalan vaxt

Nə bir səhv düzəltməyə,

Nə də günah yumağa

Çatar. Bu vaxt bəs edər

Xatırlayaraq hər dəm

Ağrınmağa. Sonacan –

Kim deyir ki cəhənnəm

Sonra olacaq?

 

                                          19 yanvar 2007, Samara