Архив тегов | dəllək Qulam Salyan

ATAMLA SÖHBƏT

20.03. 2020

  ölümünün ildönümünə

Birdən görüşsəydik çaşardın yəqin,

Görəndə uzanıb sinəmə saqqal.

“Bala, dəllək Qulam ölüb?” deyərdin —
O vaxt belə saqqal saxlamırdılar…

 

 

Dəllək Qulam ölən haçandı, lələ…

Ölüb məktəblərin müəlliməri,

Ölüb papaqçılar, ölüb dərzilər,

Sən tanıyanların qalmayıb biri…

 

 

Gedir daşqoyanı, gedir ustası,
Gedir hamamçısı, gedir dəlləyi.
Ölüb lap ən nəhəng dahisi getsin –

Dünya həminkidir, dəyişən deyil…

 

 

Mən də həminkiyəm… Sənin kimiyəm,
Özüm uğursuzam, zəhmətim hədər.

Tanrı cənnətinə, cəhənnəmə həm,
Ancaq inanmıram mən sənin qədər.

 

 

Məni də dünyanın fikri aparır,
Mən də itirirəm tez-tez eynəyi.

Nəfəsdən düşürəm, evi axtarıb,
Eynəksə gözümdə — kimim var deyə?…

 

21. 05. 2020, Samara