QƏFİL QARA XƏBƏR GƏLİB QADINA…

Qəfil qara xəbər gəlib qadına,

Bir anda əyilir gözəl gənc üzü.

Qolları boşalıb düşür yanına,

Başını qoymağa bir çiyin gəzir…

 

 

Otuzca saniyə çəkən bu kadr,

Bəlkə çəkilibdir otuz-qırx dəfə.

Rejissor mərəkə bəlkə qaldırıb,

Çəkiliş uzanıb bəlkə bir həftə.

 

Söyülüb anası operatorun,

Söyülüb aktyor, aktrisa da.

Çəkiliş qrupu üzülü, yorğun,

Şedevr yaranıb ancaq axırda.

 

İndi milyonları sarsıdır kadr,

Gözləri yaşarır kişilərin də.

İllər öütb gedər, yenə ağrıdar,

Baxanı oynanan faciə indi.

 

Xəbərlər alırıq – qəfil həm qara

Nə üz əyilməyi –sınır belimiz…

Hamı ötüb keçir, yox məhəl qoyan,

Nədir çatışmayan? – rejissor əli…

 

24-25.08. 2016

Samara

 

 

 

 

 

 

 

YUYUNURDUM GECƏ HƏYƏTDƏ…

Osip MANDELŞTAM

Yuyunurdum gecə həyətdə

səma,

Parlayırdı kobud ulduzlarla.

Balta ağzında necə duz işarar,

Çəlləyi örtdü şaxta buzlarla.

 

Qapı-baca qıfıllanıb bərk-bərk,

Və ədalət kimi sərtdir torpaq.

Bu ağ kətandakı həqiqət tək,

Biz təmiz mənbəyi çətin ki tapaq.

 

Ulduzu duz tək əridir çəllək,

Daha artıq qaralır su donaraq.

Dərd – nəmək – şor, ölüm – təmiz, gül tək,

Daha doğru, daha qorxunc torpaq.

 

tərc.: 20 noyabr 1987, Samara

SEVİNC VƏ DƏRD

Sevincdən dodaq qaçar,

Dərdsə qırış salandır.

Sevinc əriyər, uçar,

Dərd qarıyıb qalandır.

 

Sevic xülya, duyğudur,

Dərd gerçəklik, həqiqət.

Sevinc şirin yuxudur,

Oyanırıq – yenə dərd.

 

Sevinc ipək qanadlı,

Kəpənək təmaslıdır.

Dərdin dəmir qandalı,

Sıxır ruhu, sarsıdır.

 

Sevincə nə etibar –

Gəlməyi-getməyi bir.

Dərddə it vəfası var,

Həmişə səninlədir.

 

Sevincin ömrü bir an,

Keçər, izi silinər.

Mərmərdən abidə yon –

Unudulacaq yenə.

 

Dərd daş olub asılar,

Ürəyin yaddaşından.

Ha yaş axıt, ha ağla –

Bu daş çətin aşına…

 

21-23 may 2000, Samara