DAVİD SAMOYLOV: “KƏNDDƏ MİNNƏTDARAM EV-EŞİYƏ MƏN…”

David_Samoylov

В деревне благодарен дому

 

Kənddə minnətdaram ev-eşiyə mən
Dama minnətdaram, sobaya həm də.

Ulduzlar şam kimi sönəndə yeldən,
Ağaclar başını düzə əyəndə.

 

 

Kənddə minnətdaram sisəyə hətta,

Eləcə fitilə və kerosinə.

Xüsusən qasırğa guruldayanda,
Nərəsində dinən ayı səsinə.

 

 

 

Kənddə minnətdaram qonşularıma,

Qapını qoruyan köpəyimə də.

Xüsusən gecələr ay budaqların,
İçindən qıyqacı baxanda yerə.

 

Minnətdaram iti zəkaya kənddə,
Xeyirxah məktuba minnətdaram həm.

Şükür sevgisinə, hər şeyinə də,
Kəndin hər şeyinə mən şükürlüyəm.

 

Ruscadan tərcümə

19-20.02. 2019

Samara

Реклама

DAVİD SAMOYLOV. HAYDNIN 45-Cİ SİMFONUYASI

David_Samoylov

Исчерпан разговор. Осточертели речи…

 

Nitqlər bezdirdi. Söhbət tükəndi.
Hər şey əyani, aydın.

Gedər günlərimiz, şamı söndürər,
Necə yazıbsa Haydn.

 

 

Özümlə çox şeyi axı neynirəm:
Ülgüc, köynək və yaylıq.

Götürmək istərdim son pyüpitrdən,
Sonuncu şamı yalnız.

 

 

Külək vıyıldarkən, hökmümü gecə
Dilimə gətirəndə,

Birdən ayılaram, görərək necə,
Şamım çıxır dəridən.

 

 

Tərcüməçidən:

Haydnın 45-ci simfoniyası musiqiçilərin pultlarına bərkidilmiş şamlar yana-yana ifa olunur. Finaldan sonrakı yavaş əlavə hissənin ifası zamanı musiqiçilər bir-birinin dalınca ifanı bitirir və şamı söndürüb səhnəni tərk edirlər.

Ruscadan tərcümə

19.02. 2019

Samara

DAVİD SAMOYLOV:  “GECƏ YUXU GÖRDÜM, CANÜZƏN, AĞIR…”

David_Samoylov

             Мне снился сон. И в этом трудном сне

Gecə yuxu gördüm canüzən, ağır,

Atam ayaqyalın durub önümdə
Ağlayırdı, mənə deyirdi: “Oğul,

Gəldi bu zülmlər başına nədən?!

 

 

Qarğıdı taleyi, müharibəni,

Əvəz tələb etdi əzablarıma.

Deyirdim atama həqiranə mən:
 — Heç nədə günahı yoxdur onların.

 

 

 

Və gördüm. İkiqat anladım da mən,

Necə duracağam sənin önündə

Ürək dolu ağrı, ürək dolu kin…

Əziz oğlim! Məni yuxunda gör sən!

 

Ruscadan tərcümə

17.02. 2019

Samara

DAVİD SAMOYLOV: “EVDƏN KÜLƏK ƏSƏN VAXTI ÇIXASAN…”

David_Samoylov

                                    Выйти из дому при ветре…

Evdən külək əsən vaxtı çıxasan,
Çıxasan havanın, günün pisində.

Buludda, meşədə şölələnir dan,

Ciddi hadisələr ərəfəsində.

 

 

Soyuq və sərbəstlik. Qorxusuz, mətin.

Küləkdir. Soyuqdur. Sərbəst, azadsan.

Tökülür göylərdən sübh neməti,
Çəkdiyimi çəkdim – bəsimdir daha!

 

 

 

Çıxasan həmişə əsəndə külək,

Yurda baş əyəsən həqir duraraq.

Hazırlıq görəsən ölümə gərək,

Həyata hazırlıq gördüyün sayaq.

Ruscadan tərcümə

16-17.02. 2019

Samara

DAVİD SAMOYLOV.  «EVDƏ ÖLƏNLƏRƏ YAZIĞIM GƏLİR…»

David_Samoylov

  Жаль мне тех, кто умирает дома

 

Evdə ölənlərə yazığım gəlir,
Döyüş meydanında ölən bəxtəvər.

Ağrıdan əyilən başını dəlir,
Qanını soyudan sərin küləklər.

 

 

Gələr tibb bacısı iniltisinə,
Yaralı igidə gətirər su da,

Əsgər içə bilmir, istəyirsə də,

Dağılıb tökülür yerə su qabdan.

 

 

Gözünü zilləyib baxır, danışmır,
Bir bahar saplağı girir ağzına.

Ətrafda nə divar, nə də ki, dam-daş,
Buludlar dolaşır göyün üzünü.

 

 

Ondan xəbəri yox doğmalarının,
Bilmirlər can verir çölün düzündə,

Ölümcüldür onun aldığı yara…

Cəbhə məktubları çox uzun gedir.

 

Ruscadan tərcümə

16.02. 2019

Samara

DAVİD SAMOYLOV. «VƏSSƏLAM. DAHİ YUMDU GÖZLƏRİNİ…»

David_Samoylov.jpg

DAVİD SAMOYLOV

                   (1920-1990)

 

                            Вот и все. Смежили очи гении…

 

Vəssəlam. Dahi yumdu gözlərini.
Və tutulduqca, qaraldıqca səma,
İndi öz səslərimiz sanki dinir,

Yayılır ruhu çəkilmiş otağa.

 

 

Nə danışsaq  — yapışıqsız və boyat,

Dumanlı, can sıxandı söhbətlər.

Bizə gör indi necə hörmət var!

Yoxdur onlar. Nə istəyirsən, elə.

 

Ruscadan tərcümə

15.02. 2019

Samara