QADIN SƏSİ

08.06 2020

 

Bir vaxt Haqverdiyev Əbdürrəhimin,
Yazdığı faciə sanki oynanır.

Kişilərə verib bütün rolları,

Surəti, sözüsə yox qadınların.

 

Hərdənbir, həftədə, ya da ki, ayda,
Dili eşidirəm kişi səsiylə.

Ciddi ya lağlağı danışsalar da,
Dözüb dinləyirəm dil həvəsiylə.

 

 

Anamın dilindən dil eşitdiyim,
Bilmirəm beş ildir, əlli il ya da.

Toyuğa, cücəyə “kiş” deyə indi,

Qarğış da eləyə — qəlbimə yatar…

 

 

Ya anam çağıra adımla birdən,
Ya da Bəyim xala, Tükəzban xala.

Adımda taleyim sanki dinərdi,

Ana dilimizdə haçan tutula…

 

 

Dili eşitmirəm qadın səsindən,
Elə bil çəkilib gedir şirəsi.

Səs vardı, eşitcək qəlbim əsərdi,

Dil elə həmindir, itirdim səsi…

 
Daha incəlikdən yadırğamışam,
Həsrətəm haçandan bal avazlara.

Yox daha eyhamla, himlə danışan,
Susan çoxmənalı pauzalarla.

 

 

Kar kimi, lal kimi indi yazıram,
Səsim batıb qalıb içimdə çoxdan,

Xəbərlə uzlaşır hələ mübtədam,

Çıxmayıb vergülün yeri yadımdan.

 
Səsi yaddaşımdan çəkilən qadın,

Məni yazdığımdan tanıya bəlkə.

ÇağrIla anamın səsiylə  adım,
Bilərəm hardayam, nəçiyəm, kiməm…

 

20-21.06. 2020, Samara

KARLIQ

25.09.18

Məndə karlığı var böyük almanın,

(Özüm nə almanam, böyüyəm nə də!),

Az qala əsrdir dili anamın,

Yalnız ürəyimdə yaşayar, dinər.

 

Yazdığım sözlərin musiqisini,
Ancaq öz içimdə eşidirəm mən.

Misranın fonetik səliqəsini,

Duymuram, təxmini zənn edirəm mən.

 

 

Vergül harda olur, yaxşı bilirəm,

Nöqtə, sual, nida göz qabağında.

Necə ah çəkilər, köks ötürülər,

Amma, təəssüf ki, çıxıb yadımdan.

 

Çıxıb yaddan çalar, intonasiya,
Sözlərin soyuğu, istisi vardı.

Eləsi çiy idi, ancaq eləsi,
Təndir çörəyi tək bişib çıxardı.

 

Ordan yaddaşımda gətirdiyimi,
Çıxarıb yazıram dərin sükutda,

Yer iqlimi deyil yaddaş iqlimi,
Var istisi ancaq, var soyuğu da.

 

Sehrli çırağın qüdrəti ilə,
Sözləri töhfə tək sanki alıram.

Özümsə yeraltı dünyada elə
Qalmışam, zülmətdə, sükutda aləm.

 

Çıqqıldar astaca klaviatura,
Dayanmaz yağışı narın şriftin.

Ekranda yazılan şeirdən artıq,
Kardioqramdır, anlamaq çətin.

 

Çoxdan eşitmirəm yazdığım dili,
Oxumuram özüm yazdığımı da.

Sözləri tərk edib səslər elə bil,
Dilim yaddaşımda qalsa da, laldır.

 

Kar alman dahisi öz əsərini,

Özü də səhnədə  durub çalardı.

Qorxuram oxuyam mənsə şerimi,

Elə bil həm karam, dilim də laldır…

 

30.09-01.10. 2018

Samara