Vardır hər əmələ Tanrıda hünər,
Yetir iradəsi hər şeyə, hökmü,
Bircə “Ol” deməyi kifayət edər,
Olar istədiyi an ötən kimi.
+
İstəsə göyləri yerə endirər,
İstəsə, qaldırar yeri, əksinə.
Qurudub duzlağa həm də döndərər,
Bütün dənizləri, gəlsə fikrinə.
+
Dağları düzlədər ovuc içi tək,
Mum kimi qranit əriyib gedər.
Ayın əvəzinə yapar ayrı peyk,
Günəşi Başına Yerin hərlədər.
+
Hamını bir boyda eləyə bilər,
Eyni gözəllik də verər hər kəsə,
Hər kişi Van Dammdır, hər qadın Loren,
Bilən olmaz nədir paxıllıq, həsəd.
+
İstəsə, hər xəstə sağalıb durar,
Xəstəlik qalmazdı, əgər istəsə,
Kor görə bilərdi, eşidərdi kar,
Yox, istəmir Tanrı, istəmir nəsə…
+
Uşaq çığırtısı gəlirdi indi,
Üzülüb əbədi susdu deyəsən,
Bir uşaq xilası əlində nəydi? –
Tanrı, bilmirik nə fikirdəsən sən…
+
“Dur!” desə, dayanar müharibələr,
Silah götürənin əli quruyar,
“Ol!” desə, su, torpaq elə bar verər,
Bütün bu dünyanın acları doyar.
+
Hələ su yerinə qan axır ancaq,
Qurdu ulamaqda müstəbidlərin.
Beşimiz yeyəndə onumuz acıq,
Susur yaradanı göyün və yerin.
+
Bir cavan xərçənglə əlbəyaxada,
Bir sütül yollanır müharibəyə.
Nə qədər ümidlər qalıb Allaha,
O bəlkə “Ol”, deyə, ya da “Öl” deyə…
25. 05. 2023, Samara