26.07.16. Samara, Fəvvvarələr meydanı
Bura Samaranın mərkəzi meydanlarından biridir. Futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq yenidən qurulur. İşi görənlər, şəhərin bütün başqa yerlərində olduğu kimi, ermənilərdir.
Jurnalist adını qanunsuz-əsassız daşıyan Azərbaycan təbliğatçıları, Eynulla Fətullayev başda olmaqla (qalanları, türkün sözü, onun dalındadır) milləti gecə-gündüz inandırmağa çalışırlar ki, ermənilər bu gün-sabah tarix səhnəsindən çıxacaqlar, sürətlə aşılanırlar, Ermənistandan qaçırlar başqa ölkələrə, əsgərləri də Azərbaycn ordusuna könüllü əsir düşürlər.
Ancaq nədənsə dağılan, çürüyən Ermənistan Ağdamdadır, Zəngilandadır, Kəlbəcərdədir, Azərbaycan Qümridə deyil…
Ermənilərin Samaranın küçə və meydanlarında gördükəri işə baxmaq kifayətdir ki, bu millətin yüksək mütəşəkkiliyi, zirəkliyi, iş keyfiyyəti və məhsuldarlığı sənə übut ola. Bu meydandan yüz metr aralı azərbaycanı arvadlar meyvə-tərəvəz satırlar. Kişilər səhər malı gətirir, alverə arvadlar qalırlar. Yaxında ictimai tualet yoxdur, indi özünüz fikirləşin… Arvadlar tərəzi dalında on- on iki saat dayanırlar… Kişilər bu vaxt hardasa nərd atırlar ya da ayrı vacib işlər görürlər…
Əlbəttə, azərbaycanlıların da tikib-quranları var. Ancaq ermənilərlə müqayisədə biz qorxulu dərəcədə geriyik.
Cəlil Məmmədquluzədə həmişə deyirdi ki, ermənilərə baxın, öz geriliyinizi görün, qabağa gedin. Çünki o, erməniləri əvvəlcə Naxçıvanda, sonra Tiflisdə görmüşdü. İki millətin məişəti arasında böyük fərqi görəndə ürəyi yanmışdı. İndi Cəlil Məmmədquluzadə kimi adamların yerini adlarını utanmaz-utanmaz jurnalist qoymuş şərəfsizlər və rəzillər tutublar. Onlar xalqın hesabına maaş alırlar, xalqın hesabına onlara ev tikirlər, onlar da xalqın başını yalanla tovlayırlar ki, guya erməni əsgərləri dəstəylə bizim orduya könüllü əsir düşürlər…
Yalansa, sizin lap… A qurumsaq uşaqları, elədirsə, bzim sütül əsgərlərimizi onlarla, yüzlərlə kim öldürür?
Yalan ayaq tutar, yeriməz. Bunu atalar deyiblər. Yaxşı, müdrik, qeyrətli atalar. Eynulla Fətullayev kimi cüvəllağılar yox. Düşmənə ylan-palanla qalib gəlmək olmaz. Düşmənin qabağında durmaq üçün gərək düşmən qədər və bəlkə daha artıq gücün ola. Bizim gücümüz olsaydı, ermənilər Ağdam məscidini ayaqyolu eləməzdilər – yəni bu, aydın deyil?
Tezliklə bu meydanı ermənilər qurub düzəldəcəklər. İş qurtaran kimi, bizim yekəpər soydaşımız meydanın tinində dükan qoyacaq. Qış girənəcən meyvə satacaq, qış girən kimi isə yolka gətirib tökəcək… Yanındakı köməkçisinə ya arvadına da deyəcək ki, bax, bu meydanı erməni oğraşlar düzəldiblər…
26.07.2016
Samara