UİLYAM ŞEKSPİR. 4-CÜ SONET

shakespear                                     

Unthrifty loveliness, why dost thou spend…

 

Sevimli israfçı, niyə beləcə,

Gözəllik irsini sən dağıdırsan.

Təbiət pay verməz, bil ki, borc verər,

Kim onun özü tək əli açıqsa.

 

Niyə kor baxırsan, ay gözəl simic,
Sənə səxavətlə verilən şeyə.

Sən gəlirsiz sərvət əlində girinc,

Heç nə yox özünə xərc eləməyə.

 

Sən özün-özünlə sövdəyə girib,

Özünü aldada bilərsən ancaq.

Bir gün çağıranda təbiət geri,

Sənin haqq-hesabın necə olacaq?

 

                       Ölər gözəllik də yetirməzsə bar,

                      Bar versə, həmişə xatirən yaşar.

İngiliscədən tərcümə

12.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 1-Cİ SONET

shakespear

                                  UİLYAM ŞEKSPİR

    1-Cİ SONET

                           From fairest creatures we desire increase…

 

İstərik yaşasın gözəl nə varsa,

Ölməsin deyərək gözəllik gülü.

Yetkinin haçansa vaxtı çatarsa,

Xatirə varisdə yaşaya bilə.

 

 

Öz gözəlliyinin sən əsirisən,

Özün od atırsan sən öz yanğına.

Bolluğu aclığa döndərən də sən,

Şirin həyatına sən özün yağı.

 

Sən yazı gətirib müjdə diləyən,

Sən indi dünyaya naxışsan təzə.
Qönçədə dəfn edib gül gözəlliyi,

Bənzərsən bədxərclik edən xəsisə.

 

Qıyma bu dünyaya! Dünyaya məxsus
Olan yoxsa qəbrə gedəcək, əfsus!

İngiliscədən tərcümə

08.12.2017

Samara

ŞARL BODLER. GÖZƏLLİYƏ HİMN

бодлер.jpg

ŞARL BODLER

                         (1821-1867)

                GÖZƏLLİYƏ HİMN

                             

                                           Viens-tu du ciel profond ou sors-tu de l’abîme,

 

Uca göydənmi gəlirsən, ya qara girdabdan?

Ah Gözəllik! Sən həm günahsan, həm müqəddəslik.

Sən cinayət tərədənsən və sən xeyir yaradan,
Sənin şəraba bənzədilməyin əbəs ki deyil.

 

Yayırsan aləmə tufanlı bir axşam tək ətir,

Sənin baxışlarında həm qürub yanar, dan həm,

Dodaqlarındakı cövhərdən igid içsə əgər,

İtər cəsarəti, oğlansa qəhrəmana dönər.

 

Uçurumlarmı yaratmış  səni, ulduzlar ya,

Tale əfsunlanıb, it tək sürünür ardınca.

Gah fəlakət törədirsən, sevinc də gah yayaraq.

Hər şey əmrindədir, hər şeydən azadsan ancaq.

 

Keçib meyitlərin üstüylə gedirsən gülərək,

Uyuşur daş-qaşında cazibə bu dəhşətlə.

Bərq vuran bər-bəzək içində sevgidən məst tək,

Rəqs edir qarnının üstündə Ölüm şiddətlə.

 

Düşərək sehrinə dövrəndə uçur Pərvanə,

Alışıb yansa da o, atəşini alqışlar.

Beləcə aşiq üzülcək sığınır sevdiyinə,

Çəkir  öz qəbrinə o sanki can üstündə sığal.

 

Səni göylər ya cəhənnəm yaradıb — yox fərqi,
Ah, Gözəllik! Həm əcayibsən, həm də məsumsan.

Gülüşülərində, gözlərində yazılmış qərqim,
Sirli sonsuzluğa ki, görməz onu bir insan.

 

Tanrı, İblismi yaratmış? Mələksən, İfritə ya? — 

Nə fərqi var, yeganə, hakimim, Məleykəm, əgər,

Sənin ətrin və musiqinlə bizim dünyanın

Azalır dəhşəti, yüngülləşir zaman yükü də?

1860

Fransızcadan tərcümə

13-16.10.2017

Samara