«BU DÜNYA SƏHNƏDİR» — İNGİLİS DEDİ…

“Bu dünya səhnədir” – İngilis dedi,

Ömrü hər insanın kiçik tamaşa.

Mənimki haçandan uzanır, gedir,
Yorub özümü də bezdirir daha.

 

Kim uydurdu, yazdı mənə bu mətni? –

Nə qulağa xoşdur, nə də ürəyə.

O qədər təkrar var, dinləmək çətin,
Və son bilinirsə, yubanır niyə…

 

Faciə deyildir mənim həyatım,

Nə də qəhrəmanlıq dramıdır bu.

Ucuz vodevilsə, tez niyə bitmir? —  

Endirin pərdəni, biabır olduq…

 

25. 12. 2018

Samara

Реклама

HÜZNLÜ MUSİQİ ƏSƏRLƏRİ VAR…

Hüznlü musiqi əsərləri var —

Çalanlar ifadan əvvəl hər dəfə,
Xahiş edirlər ki, tamaşaçılar,

Alqışlamasınlar bitəndə ifa.

 

Eynilə belədir bəzi həyatlar  —

Doğum günlərini hər dəfə yəqin,

Təbrik yox, alqış yox, bəlkə yeri var,

Bir anlıq sükutla qarşılamağın…

 

01.12.16

Samara