FƏRMANI İMZALADI RƏHBƏRİMİZ…

Fərmanı imzaladı rəhbərimiz,

Zindanı açdı igid əjdərimiz.

Gözləyir indi ulu öndərimiz,

Baş əyərik bir ay, do svidaniya,

Tı kto takoy, davay, do svidaniya.

Реклама

«BƏS MƏN ARVAD-UŞAĞI KİMƏ TAPŞIRIM?»

Obama İlham Əliyevə zəng vurub deyir:

  • Möhtərəm prezident, mən sizi acizanə Vaşinqtona dəvət edirəm.

İlham Əliyev deyir:

  • Vallah, gəlmək istəyirəm, ancaq bilmirəm arvad uşağı kimə tapşırım.
  • Möhtərəm prezident, Mehriban xanımı da götürün, Heydəri də götürün, bizim qızlarla tanış olar.
  • Bilirsiniz, mən öz arvad-uşağımı demirəm. Mən Xədicəni, İlqarı, Anarı, Hilalı, Raufu deyirəm. Heç kimə umud ola bilmirəm…

DUSTAQLAR ÜÇÜN ŞAM YANDIRIN

  Azərbaycanda bayram axşamı mərhumlar, qəriblər xüsusu yad olunurdular, onlar üçün şam yandırılırdı. Son on-on beş ildə öz iradəsii və istəyindən asılı olmayaraq evindən didərgin düşən yeni bir insan zümrəsi yaranıb – siyasi dustaqlar. Yəqin ki, hər dustaq insan övladı olduğuna görə mərhəmətə layiqdir. Məlumdur ki, səhvən tutulan adamlar da həmişə olublar, indi də var. Ancaq siyasi dustaqlar nə günahlarına görə, nə də səhvən tutulublar. Onlar əqidələrinə görə tutulublar, onlar cəmiyyətə yox, insan ətiyələ-qanıyla qidalanan hakimiyyətə təhlükə olduqlarına görə zindana salınıblar. Və bu günahsız insanlara işgəncə verən cəlladlara bəraət yoxdur.

Siyasi dustaqlar üçün şam yandırıb pəncərə qabağına qoyun. Zindan divarlarını yarmaq çətindir, ancaq zindan divarları arxasında məşəqqət çəkən əqidə məhbuslarıyla hənrəylik göstərmək çətin deyil. Buna bir şam işığı kifayətdir…

ÇOX YAŞAMAQ ARZUSU

Rusiyada müəllifliyi Çukovskiyə aid edilən bir ifadə az qala toy sağlığı kimi tez-tez təkrar olunur: “Rusiyada uzun ömür yaşamaq lazımdır ki, dəyişiklilər görə biləsən”.

Mən Rusiyada yaşasam da, burdakı dəyişikliklər məni o qədər də maraqlandırmır, olan dəyşikliklər isə ancaq məyus edir. Uzun yaşamaq arzusu Azərbaycandakı dəyişiklikləri, yəni indi İlqar Məmmədov kimi adamları zindana salan adamların özünü zindanda görmək istəyimdəndir.

BAŞIAŞAĞILIQ TARİXİ

                  1.

Qarabağın geri qaytarılmağına — əgər keçmiş muxtar vilayət nəzərdə tutulursa – mən nə indi inanıram, nə on il, nə on beş il bundan qabaq inanmışam. Və buna inanmaq üçün heç bir əsas yoxdur. Buna inananlar ya sadəlövh adamlardır, ya da demaqoqdurlar. Stepanakertə hərbi yürüşü necə təsəvvür etmək olar? Və bu yürüşün məqsədi nə olmlıdır? Yüz ildən bəri ermənilərin yaşadığı şəhəri ermənilərdən azad etmək? Əslində bütün mübarizə və diplomatik səylər yalnız Şuşanın qaytarılmasına yönəldilməliydi, məsələn, Laçının əvəzinə. Qalan nə varsa, cəfəngiyyatdır…

Və lap Stepanakertdə azərbaycanlı əhali yaşasaydı da, bu əhali erməni zülmndən qan ağlasaydı da, biz o şəhəri azad edə bilməzdik. Çünki böyük vəzifələrin həllinə qadir ordu yoxdur, zabitlər rüşvətxordurlar, generalların çoxunun hərbi hazırlığı gizir səviyyəsindədir, ölkə rəhbərliyinə xalq etibarı yoxdur və s. Qarşımızda isə yüksək hazırlıqlı, nə məqsədlərə xidmət etdiyini gözəl anlayan güclü erməni ordusu durur…

Son iyirmi il ərzində Azərbaycan şəhərləri dönə-dönə alt-üst olub, tarixi simaları dəyişdirilib, hamısı bir-birinə oxşadılıb – kiminsə səsi çıxıb? Yerli məmurların hər oğraşlığına boyun əyən insanlardan nə döyüşçü, nə əsgər?

Və az-çox səsini çıxaran insanlar da türmələrdə çürüyürlər. Və guya Qarabağı almaq eşqiylə coşan azərbaycanlılar hər gün sakitcə o türmələrin yanından keçirlər, işə, alverə, toya, qumara, məscidə və başqa vacib yerlərə gedirlər. Və ən yaxşı oğullarını türmələrdə çürüdən xalq fövqəladə hərbi vəzifələrin öhdəsindən necə gələ bilər? Yox, heç cür gələ bilməz. Siz əvvəl İlqar Məmmədovu, Anar Məmmədlini, Hillal Məmmədovu və çoxlu başqa dustağı Əliyevin türməsindən çıxarın, sonra Qarabağdan danışın.

Yoxsa Qarabağ sizin üçün lağlağı-zaddır?

RÜSTƏM İBRAHİMBƏYOVA AÇIQ MƏKTUB

Rüstəm İbrahimbəyov Amerikada deyib ki, “məni Azərbaycanda türməyə salsalar, vətənimə xeyir verə bilmərəm”. Bu sözlə heç cür razılaşmaq olmaz. A kişi, Azərbaycanın ən yaxşı oğulları türmədədir, onlardan xeyir gəlməsəydi cənab prezident onları qoduqluğa soxmazdı ki, zat-aliləri vətəninin düşməni deyil ki. Vallah, indi yəqin İlqar Məmmədov türmədə neft quyusu kimi fəvvarə vurur, Hilal Məmmədovun başı, bədəni yəqin ki çay yetirir, limon yetirir. O ki qaldı gənclərə, yəqin onların ayağına, mərhum Raykinin dediyi kimi, dinamo bağlayıblar, türmə həyərtində gəzdikcə onlar cərəyan hasil edirlər…

Ay Rüstəm bəy, ay kişi, gəl daşı tök ətəyindən, gəl gir doğma Azərbaycanın türməsinə, vallah, deyilənlərə görə, bu Azərbaycan türməsi elə yerdir ki, insandan yağ alınır, süd alınır, yumurta alınır…

Bunu yazdım, Novruzəli Məmmədov yadıma düşdü. Rüstəm bəy, o türmədə adamdan can da alınır. Sən də deyirsən nə xeyrim olacaq…

 

 

QURUMSAQLARIN AĞZI YUMULDU

Azərbaycanın xarici işlər naziri deyib ki, indi bizim hökuməti heç kim qınaya bilməz ki, milli azlıqların hüquqlarını pozuruq. Nazir deyib: “Hilal Məmmədov tutulduğuna görə bizdən narazıydılar. Ona görə biz İlqar Məmmədovu da tutduq. Bundan sonra, məsələn, bir talış Əliyev tutulsa, onunla bərabər bir türk Əliyevi də tutacağıq. Cəfərov tutulsa, Cəfərovu, Əhmədov tutulsa Əhmədovu. Bir qurumsaq da durub deyə bilməz ki, buz ayrı-seçkilik edirik”.

HİLAL MƏMMƏDOVUN HƏBSİNƏ SON!

 

Bakıda keçirilən “Əsgər ölümünə son!” aksiyası vüsətiylə entuziazm, iştirakçlra qarşı hörmət doğurur. Belə bir aksiyanın Hilal Məmmədovun azadlığı tələbiylə keçirilməməyi məyusluq doğurur. Bu ahıl ziyalının həbsi də qətldir, tədricən həyata keçirilən qətldir. Prezident seçkilərində namizəd olmaq istəyənlər niyə milli azlıqların hüquqlarının qorunacağı barədə öhdəliklər götürmürlər?

Talışların və başqa azlıqların hüquqları tam təmin olunmayınca separatçılıq üçün münbit zəmin qalacaq, seperatçılıq təhlükəsi isə həmişə diktaturanı bərkitmək üçün bəhanədir.