Архив тегов | it haqqında şeirlər

«GƏRƏK İTİN OLA, TƏK QOCASANSA…»

SONY DSC

Gərək itin ola, tək qocasansa —

Əsil-nəcabətli bahalı olar,
O qədər əsilsiz lanqı küçük var,
Düşəcək dalına, əgər yal atsan.

=

Deyəsən: İlahi, keç günahımdan,
Müsəlmançılığı tamam itirdim.

Mən bu zavallını evə gətirdim,

Təkəm, yoldaş olar mənə bu heyvan.

=

Həftənin bilmirsən hansı günüdür,

Bəzən unudulur tarixi ayın.

Yataqdan qalxırsan, canın ağrıyır,

Başın balışdakən, qüssə göynədir.

=

Qapıdan çıxmağa yox daha meylin,
Qapı dalındakı tanış və yaddır.

Bilmirsən ölmüsən, dirisən ya da,
Yüz ildir tükənib gedib-gələnin.

Yaxınlar, əzizlər ölüb haçandan,

Səni ölmüş bilir qalanları da.

Gecələr otağın qaranlığında,
Kölgələr gəzinir gün çıxanacan…

=

İlhai, bilirəm nədir bu heyvan —
Qapıdan girməyə yox ləyaqəti.

Bir yerə dili ya ayağı dəydi,

Natəmiz sayılar, nə qədər yusan.

=

Qocalıq, təklik də, Tanrım, ağırdır,

Var itin günü tək keçən ömürlər,

Əgər yaxınında bir it mürgülər,

Dağılar kədərin, yatar ağrı da.

=

Açıb bir gözünü  qəfildən baxar,
Yatan  sahibinə, baxar həkim tək.

Qocanı salamat, nəfəsli görcək,
Arxayın əsnəyib gedər yuxuya…

=

Mürgü səsi gələr səhərə qədər,
Həm itdə həyat var, sahibində həm,

Vurnuxan kölgələr görünər hərdən,
Baxıb həndəvərə  gözdən itərlər…

18.11. 2020, Samara

ALABAŞ

гранаты.jpg

Yal qoydular, doyurdular,

Yedi, yaladı ağzını.

Xaltasını sıyırdılar,

Ciyə keçdi boğazına.

 

 

Duyurdu ki, əhd pozulub,

Tapdalanıb sümük, çörək.

Taleyi belə yazılıb,

Bu həyətdən gedə gərək.

 

 

Nə üzündən öpən oldu,

Nə başını sığallayan.

Nə çıxıb ötürən oldu,

Nə kövrələn, nə ağlayan.

 

Qaraladı sağı, solu,

Quyruğunu qısıb getdi.

Qarnı toxdu, gözü dolu,

Dolub getdi, küsüb getdi.

 

Kimi vardı sürüb gələ,

Şivən sala, hürüb gələ?

 

Bir maşına mindirdilər,

Qərib yerə göndərdilər.

Dağı-daşı gəzdirdilər,

Alabaşı azdırdılar.

 

24.08.08

Ərəbqardaşbəyli