İT ƏSARƏTİ

26.01. 19.jpg

Şəhərdə keçibdir ömrümün çoxu,
İt var iki evdən birində burda.

Ancaq it görəndə canımı qorxu
Alır, adamtutan olmasalar da.

 

 

Uşaqlıqdan qalıb bu qorxu məndə,

İliyə işləyib, çəkilməz daha.

Bəlkə də tək-tük it olardı kənddə,

Kiminsə qanına dişi batmaya.

 

 

Kənd yastı-yapalaq, adamlar kasıb,
Ancaq it yatırdı çəpər dalında.

Elə həyət vardı, yalan olmasın,

İtin sayı çoxdu mal-qaradan da.

 

 

Kənd yolunda hər an təhlükə vardı,
Yol boyu həyətdi, həyət köpəkli.

Birdən çəpər altdan çıxıb cumardı,
Qana bələnərdi ayağım, əlin.

 

 

Qonşuya getmək də deyildi asan,

Gedən ürəyini yeyib gedirdi.

Minadan qorxurdu elə bil insan,
Nə deyim, kəndimiz xatalı yerdi…

 

 

Elə ev var idi, vahiməsindən,
Bağrı yarılırdı  yaxın gedənin,

Bir sürü acıqlı köpək səsindən,

Çevrilib qaçardı “dədəm vay!” deyib.

 

 

İşğal olunmuşdu kənd elə bil ki,
Hər addım başı post yol qıraqları.

İtlər gecə-gündüz qarovul çəkir,
Bir adam hampazor, on beşi fağır…

 

 

Keçib oğru kimi yolu gedirdin,
Yanını-yörənı güdüb baxırdın.

Ürəyin düşürdü gələn hənirdən,

Adam çağıranda köpək çıxırdı.

 

 

İtqapan kəndiydi kəndimiz bizim,

İt dişi batmayan tək-tük olardı.

Budu parçalanan, çənəsi, üzü,
Əli gəmirilən adam da vardı.

 

 

 

İtin tökdüyü qan qalırdı yerdə,

Udaraq təhqiri dolanırdılar.
Burda fironluğu itlər edərdi,
Zəncirlə bağlıydı sanki adamlar.

 

 

Məhkəmə, parlament, diplomatiya,

Ya adət, ənənə — bu da yox idi.

Orta əsrlərdə yaşayırdı xalq,
İti bəd olanın sözü keçirdi…

 

25-26. 01. 2019

Samara

Реклама

KƏND DƏFNLƏRİ

23..jpg

Kəndin bayramından, toyundan artıq,
Kəndin dəfnləri əzəmətlidir,

Uzaq-yaxın hamı yığılıb gəlir,

Hamı əlindəki işini atır.

 

Bir göz qırpmında qoça, cöngəyə,
Bir yekəpər  bıçaq elə çəkilir,
Yazıq nə tərpənir, nə dinə bilir,

Ancaq qızıl qanı fışqırır göyə.

 

Əlüstü odlanır dədə samovar,
Ocaq yandırılır neçə yan-yana,
Qayırıb asırlar teşti, qazanı,
Bunda ət pörtülür, onda plov var.

 

Gedir iş dalınca qəbirqazanlar,
Belləri çiynində, yerişləri şən,
Yuyucu tapılır yer deşiyindən,
Çox çəkmir, molla da gəlir hüzura.

 

Qalanlar əl-ələ çadır qururlar,
Sözlə, məsləhətlə görürlər işi,
Baxılır, yoxlanır işin gedişi,

Rəhbərlik edən var, ağsaqqal da var.

 

Elə yuyurlar ki, öləni, bəlkə,

Bəlkə sağlığında tamarzı qalıb.

Sonra səliqəylə büküb-bağlayır,

Götürüb gedirlər dəfn eləməyə.

 

Piyada, tabut da çiyinlərində,
Gedirlər, yox ancaq “yoruldum” deyən,
İndi hamı qıvraq,  hamı da yeyin,
Heç kim havadan da çəkinən deyil.

 

Allah deyə-deyə gəlib çatirlar,
Məzara qoyurlar burda öləni,
Bir az dinləyərək molla deyəni,

Təzə qəbrin üstə torpaq atırlar.

 

Düşür qabağına molla kütlənin,
Yenə kənd yoluna camaat çıxır.

Yox daha küsülü, qanlı-bıçaqlı,
Dostu-qardaşıdır hamı hərənin.

 

İndi toyuq-cücə, çəpər davası,
Hamının elə bil çıxıb yadından,

Yolu kəsilənlə yol kəsən indi,

Qol-boyun gedirlər evlər arası.

 

Qonşu savaşları soyumayan kənd,
Bir saat içində təşkilatlanır.
Üç günlük, beş günlük icma yaranır,
Ölüm bahasına olsa da hərçənd.

 

Bəlkə parçalanıb beş-altı ürək,

Qalan ürəklərdə yaxşı havadır.

Kəndiçi davası ağır davadır,

Yəqin yatmağının qurbanı gərək…

 

23.07. 2018

Samara

ƏRƏBQARDAŞBƏYLİ. APREL, 1961

Gəlib çatmamışdı işıq hələ ki,

Kənddə televizor yox idi onda.

Beş-altı evdəydi radio bəlkə,

Batareyası yox yarısının da.

 

Naxır qabağıydı əsasən o vaxt,

Təzə xəbərlərin yayılan yeri.

Bilinmir kişiydi ya da ki arvad,

Dedi: “göyə çıxıb Yuri Qaqarin”.

 

Palçıq topuğacan, qaloş yamaqlı,

Hər qabarlı əldə söyüd pərdisi.

Çaşırdı deyəsən hamının ağlı,

Heç biri bilmirdi tapıb nə desin.

 

Belə çıxırdı ki, göyə çıxıbsa,

Allahın yanına çıxıb bu insan.

Oranı dolaşıb yaxşı baxıbsa,

Tanrını uzaqdan görüb azından.

 

Kim bilir, bəlkə rus Allahı görüb,
Hökumət deyəcək görməyib amma.

Bəlkə rusu görüb buluda girib,

Hər göyə çıxana görünməz Allah…

 

Ancaq çıxmağına çıxıb rus göyə

Hökumət bu boyda yalan deməz ki.

Bəlkə bundan sonra biz də gün görək,

Göyə köçürərlər kəndi də bəlkə…

 

Bəlkə hissə-hissə, bəlkə də birdən,

Yığıb apararlar bizi kosmosa.

Olsa, orda olar Xruşşov deyən,

Yəni ki, ürəyin nə arzularsa…

 

Bura cəhənnəmdir, bura türmədir,

Yarıac yaşadıq, palçığa batdıq.

Göydə adam kimi ömür sürərdik,

Yaşardıq Allahın qanadı altda…

 

Kasıb, balaca kənd, gözdən həm uzaq,

Uzaq səhiyyədən, uzaq elmdən.

Kommunizm qabağı qıt idi ət, yağ,

Yox idi fizika müəllimi də.

 

Kosmik fəza nədir yox idi bilən,

Yerin cazibəsi, orbiti nədir.

Nə gedən olmuşdu, nə ordan gələn,

Təlaş qarışırdı ümidlərinə…

 

Kür həminki kimi axıb gedirdi

Pambıq cücərirdi yaxın tarlada

Günəş qızarırdı  həminki yerdə,

Heç nədə bir nişan yoxdu Tanrıdan…

28-30.10.2016

Samara

İNƏYİN SATMAĞA APARILMAĞI

ƏRƏBQARDAŞBƏYLİ, 1963-CÜ İL, PAYIZIN ƏVVƏLİ

İNƏYİN SATMAĞA APARILMAĞI

                  Azad QARADƏRƏLİYƏ

 

“Sən burdan itələ, sən də çək ordan!”

Lələm qışqırırdı köməkçilərə.

İnəksə suvatın lap qIrağında,

Durub dirəmişdi özünü yerə.

 

Gündə su içdiyi həminki Kürdü,

İndi salırdılar özünü suya.

Alma gözlərindən yaş tökülürdü,

Elə bil gedirdi başı baltaya.

 

Kolazda oturan çəkir ciyəni,

Daldan itələyən ağac döşəyir.

Üzülür ayağı birdən inəyin.

Büdrəyib özünü toxuyur Kürə.

 

Kolazı çəpləyir lələm oturub,

Mal, ciyəsi əldə üzür yanaşı.

Mən də oturmuşam sarımı udub,

Çaşdırıb halımı malın təlaşı…

 

Lap iti vaxtıdır Kürdə axarın,

Lələm təngnəfəs, lələm qəzəbli.

İnəyin gözündən yenə yaş axır –

Canavar ağzında üzür elə bil.

 

Çatırıq o taya. Özü dırmanır,

İnək, büdrəsə də, suvata burda,

Alma gözlərinin yaşı dayanmır.

Titrəyib suyunu yazıq sıçradır…

 

Asfalt qırağıyla çıxırıq yola,

Lələm əldə ciyə düşür qabağa

Arxadan qovuram mən də çubuqla, —

Salyana gedirik malı satmağa.

 

İndi də gözümün qabağındadır,

O yol ki, uzandı günbatanacan.

Lələm acıqlıdır, qaşqabaqlıdır,

Titrəyir, nədənsə qurumur heyvan…

 

Sabir dayımgildə gecəni qaldıq,

Səhər malı satdı bazarda lələm.

Gəzişib ayında-oyundan aldı,

Vurdu saqqalını surralı Qələm…

 

İndi mən lələmin həmin yaşında,
Ölkədən ölkəyə adlamışam mən.

Həm ömür uzandı, həm də yol, indi,

Canavar ağzında özüməm üzən…

 

30.09.16

Samara