Архив тегов | kilsə musiqisi

SEVMİR TƏKRARI VƏ EYNİNİ İNSAN…

U LENİ. KİNO

Qürub yaxınlaşır, çayın sinəsi,
Yenə al boyanar – ayrı cür ancaq.

Yerin yaradanı, göyün yiyəsi,
Həmişə təkrardan, eynidən uzaq.

 

 

Yamacda tikilən təzə kilsədən.

Zəng səsi sahilə axır yenə də.

Gedib-gələnlərin içində birdən,
Tapılır xaç çəkən, səcdəyə gedən.

 

 

Çalınan zənglərin ciddi kanonla,
Bilən var adı və təyini nədir.

Ancaq elə çalır indi zəngçalan,
Ölüm ya axirət yadına gəlmir.

 

 

Roka açııq-aşkar bənzəyir hərdən,
Ritmi dəyişdirir, hip-hopa keçir,

Qayıdır lap ağır metala birdən,

Gah da ki Bitlzdan tanış hit seçir.

 

 

Kilsə çaxırından xəlvətə salıb,
Bəlkə işqabağı vurub zəngçalan.

“Momento mori” yox, ayrı şey çalır,

Kilsə kanonları çıxıb yadından.

 

 

Qatıb bir-birinə yüz əlli janrı,
Düşür sümüyünə nə çalsa ancaq.

Sularda qürubun alovu yanır,

Axirət də uzaq, ölüm də uzaq.

 

 

Kukla tək qızcığaz, beş-altı yaşlı,
Tutub ritmləri rəqs edir indi.

Ananın gülməkdən gözü yaşarıb,
Düşünmür çalınan nəyin zəngidir…

 

 

Batır bu qızcığaz  bəlkə günaha,
Ciddi kanonları pozur zəngçalan.

Tanrı bənzəri tək yaranıb axı –

Sevmir təkrarı və eynini  insan.

 

31.07. 2020, Samara