KÜLƏKLƏR

     Lələmin xatirəsinə

Molla məktəbində aldığı təhsil,

Qurandı və ərəb əlifbasıydı.

Keçələt kolazı çəkməyə qırx il,
Artıqlamasıyla bu da bəsiydi.

 

 

Üstünü, altını Kürün bilirdi,
Bələddi axarın xassələrinə.

Ən çox da bildiyi küləklər idi,
Bilirdi ki, hardan, haçan nə əsər.

 

 

Hər mehin adını bilirdi əzbər,
Qabaqdan duyurdu qasırğaları.

Dəiyşir çəpinin səmtini bəzən,

Bəzən suvatdan da uzaq qaçırdı.

 

 

Külək güc gələndə söyər, qınardı,
Külək tanrısıydı özü elə bil,
Küləklər içində hər cürü vardı:
Mələyə, şeytana bənzəyənləri.

 

 

Oğul-uşağıyla danışan sayaq,
Kişi danışardı küləklə bəzən.

Heyf, həm küləklər, həm oğul-uşaq,

Yayınırdı onun itaətindən…

 

 

Əlləri qabarlı həqir qəhrəman,

Əməyə sevgili, həm qoçaq kişi.

Kolxoz küləyiylə varı dağılan,
Bolşevik gözündə qolçomaq kişi.

 

 

Küləyi tanıdın sən hənirindən,
Burnunu yeləsə tutmadın ancaq.

Dünyanın bir ucqar, uzaq yerində,
Yaşadın ömrünü qasırğa sayaq.

 

14.05. 2019

Samara

Реклама