Архив тегов | Kür haqqında şeirlər

KÜR HEKAYƏTİ

08.06 2020

…Torpaq yandırırdı yalın ayağı,
Yanır, qovrulurdu dünən göy olan.

Havalı işləyir, gəzirdi insan,

Heyvan nəhləyirdi xəstə sayağı.

 

 

Gördüyn ilğımdı hayana baxsan,
Buludlar dönürdü tüstüyə göydə.

Həyat dayanırdı, ölməsəydi də,
Kürdü əvvəlki tək dolanıb axan.

 

 

Elə ki dərəcə qırxı keçirdi,

Yaxır, bişiriridi dərini usti,

Doldurub kolazın dərinkəsini,
“Ya Allah” deyərək lələm içərdi.

 

 

Çayın özü kimi lələm qədimdi,
Vardı xəzrisi də gilavarı da,
Qasırğa, fırtına qaldırardı da,

Coşurdu, aşırdı Kür kimi həddi…

 

 

Lələmin getdiyi azı min ildir,
Gedib tək kolazlı donanmasıyla.

Dövran, yox xəbəri, tərsə dolanır,

Kür yox, Xəzər Kürə tökülür indi.

 

 

Dərinkə doldurub içməli deyil,
Dil vurur, üzünü döndərir heyvan.

Kürün balıqları, kürüsü talan,

Dadı oğurlanıb indi elə bil…

 

 

Ağır və yöndəmsiz mis farışında,
Anam gün uzunu su daşıyardı,
Anam bişirərdi, anam yuyardı,
Qarıya dönürdü gəlin yaşında..

 

 

O vaxt, nə gizlədim, həyat ağırdı,
Ağır yaşayan var bəlkə də indi,
Çörək zəhrmardı, qandı, irindi,

İndi suyumuz da zəhrmar dadır…

 

24.07. 2020, Samara

«QARA BAŞIM QURBAN OLSUN, SUYIM, SANA…»

KÜR

Dolaşıq-bulaşıq tariximizdə,

Yeganə sətirsən sadə və aydın.
Dəyişən səthində qalmasa iz də,

Tanrı çöhrəsini görüb suların.

 

 

Gəlib səndən keçib qızıl dəvələr,
Kitablı, bayraqlı keçib atlılar.

Sənin qırağında diz çöküb ərəb,

Su çəkib üzünə, deyib “Ya Allah!”

 

 

Oynayıb, əylənib dalğalarında,
Ağacdan, dəmirdən gəmilər gedib.

Səninlə insanlar qidalanıbdır,
Yeyib sularının yetirdiyini.

 

 

Babildə oturub çay qırağında,
Yəhudi Sionu yada salaraq,
Ağlardı. Eləcə yaşasaq harda,
Kürü xatırlarıq, biz də ağlarıq…

 

 

Sən həm xatirəsən, həqiqət  həm də,
Bütün yalanları yuyub gedirsən.

Fəlakət olardı sınıq qələmdən,

Düşən bir ləkəyə dönsən əgər sən…

30.06. 2020, Samara

KÜR ƏHVALATI

KÜR 7

                  lələmin xatirəsinə

Köhnə evimizin bağdı qabağı,

Çəpərdən o yana kənd yolu vardı.

Qayalı sahildi yolun qırağı.
Kürün yatağıydı qayanın altı.

 

Bizimdi üzümlü, narlı bağıyla,

Yastı-yapalaq ev yulğun çəpərli.

Yol camaatındı, kolxozun ya da,
Kür də özbaşına axırdı elə.

 

Bezikib elə bil öz yatağından,

Onu dəyişirdi, yeyib qayanı.
Yola da girişdi bir qırağından,

Çəpəri apardı, bir az dayanıb.

 

Sonra bağa girdi, üzümü, narı,
Kökündən qoparıb aldı qoynuna.

Yazın gələn vaxtı hampazor, harın,
Daşıb az qalırdı çıxa eyvana.

 

İldə üzü bir yol gülməyən lələm,
Təzə ev tikirdi aralı Kürdən.

Bir vaxt bolşeviklər lüt elədilər,
İndi su yeridi üstünə birdən.

 

Söyməzdi soveti, bolşevikləri,
Deyəsən yanmırdı itirdiyinə.

İndi də üstünə görüb Kür gəlir,
Yaş yox, axıdırdı alın tərini.

 

Ona tale idi sovet də, Kür də,
Taleyə həmişə baş əyən idi.

Nə acığı vardı, bizə tökürdü,

Tale qarğışıydıq, tale deyildik.

 

15.11. 2018

Samara

SƏMƏD VURĞUNUN “KÜR ÇAYI” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

“Ayrı dağlar kimi qol-qanad atan”.

Çayın doğrudan da qolu olur, eybi yox, şair buna qanad da deyə bilər. Bəs dağlar necə qol-qanad atır? Hansı “ayrı dağlar”?

“Coşqun dalğaları buluda çatan?”

Əlbəttə, Kürdə iri dalğa olur, ancaq bu boyda yox….

“Qəmzələr göstərən, işvələr satan”.

Çay necə işvə satar? Şairlərimiz (“ayrı şairlər”…)  yüz illərlə başımıza yeridiblər ki, işvəni qadın satar, hərçənd bunun özü də qaranlıqdır – necə satır? Deyək ki, satır, bəs Kür ilə qadın arasında hansı oxşarlıq var?

 

 “Qorxunc qayaları yellər tək enən”.

Su qayalardan enirsə, bu, şəlalədir, Kür qayaların arasıyla gedir, qayadan enmir.

 

“Tiflisin arxası, Qazağın beli”.

Niyə Tiflisin arxası? Kür Tiflisin dalından gedir ya ortasından?

 

“Çox igidlər səndən ilham aldılar.

Top-tüfəng atdılar, nərə çaldılar”.

Kür çayından da yəqin ilham almaq olar. Ancaq ilham yaradıcı adamlara xasdır. Yaxşı, igidlər, deyək ki, doğrudan da ilham aldılar. Bəs niyə “nərə çalırlar”? (Nərəni çəkərlər…) Niyə top-tüfəng atırlar? Bəlkə onlar Kür qırağında oturub  tut arağı içiblər?  Mal kimi! Niyə aydınlıq yoxdur?

“Səsindən ordular, karvanlar qaçar”.

Burda şübhə yoxdur ki, Səməd Vurğun oxucuya vedrə bağlayıb. Kürün səsindən ordu qaçar?

“Könlüm tək dalğalı, dəlisən bir az”.

Bəlkə bina görə ordular qaçır?  Ancaq şübhəlidir. Bir dəliyə görə…

“Ay doğub sinənə kölgə salanda”.

Ay doğubsa, qaralmış sulara işıq salar, kölgə yox. Elə deyil?

“Çobanın, naxırçın tütək çalanda,

 Gümrah olar yanın, yançağın sənin”.

Yaxşı, təsəvvürümüzə gətirdik ki, naxırçı tütək çalır, ancaq mən şəxsən tütək çalan naxırçı görməmişəm. Mallara yeddmərtəbəli söyüşlər deyən naxırçıları isə görmüşəm “Ay sənin yiyənin…… səni sağanın…”

Deyək ki, çalır. Ağzı söyüşdən yorulanda. Bununla Kürün yanı necə gümrahlaşır? Kürün yanı – yəni qırağı? Bəs “yançağı”?

Lənət şeytana!

Bu sualları vaxtında Səməd Vurğuna redaktorlar verməliydilər. Ancaq Səməd Vurğuna nə redaktor? Onun redaktoru olub Bağırov, Stalin…

Ona görə ədəbiyyatımız bu gündədir…

P.S. Şeir Sanılıya həsr olunub. Sanılı 1937-ci ildə güllələnib. Görəsən bu işdə Səməd Vurğunun əli olmayıb ki?

9.10. 2018

Samara

GƏMİLƏR GEDƏRDİ BU ÇAYDA BİR VAXT…

KÜR 7

                          Cahangir Süleymanlıya

 Gəmilər gedərdi bu çayda bir vaxt.

Təmiz, al-yaşıllı göyərtələrdə,

Qəribə adamlar vurnuxardılar,

Qıraqdan baxardıq, heyrət edərdik.

 

Hər gün saatlarla əsir-yesirdik,

Beş-on qoyun quzu qabağımızda.

Qürub yubanırdı, biz tələsirdik,

Tikan sızıltısı ayağımızda.

 

Nədənsə axşamlar keçərdi onlar,
Ayın, ulduzların alışan çağı.

Mühərrik səsiylə ürək çırpınar,

Birdən canlanardı Kürün qırağı.

 

Dünyada nə yaxşı mahnı vardısa,

Həmin gəmilərdə dinərdi hökmən.

Nəğmə yarılanır, dalğalardasa

Davamı, sonuydu coşub səslənən.

 

Gözdən itərdilər tini burulub,

Sükut bürüyərdi suyun üzünü.

Qayanın üstündə bir az da durub,

Qapıya sürərdik qoyun-quzunu.

 

Nə səs eşidirdik, nə də rəng seçir,

Nə aya baxırdıq, nə ulduzlara.

Gəmi çıraqları göz vurub keçir,

Ürək qayğılanır, fikir azırdı.

 

Tələsir, allahın heyvanı bizdən

Yeyin yeriyirdi, cığırı tutub.

Toranlıq bürümüş evlərimizdən,

Süzülən işıqlar hüznlü, tutqun.

 

Candərdi hürərdi qonşu itləri,

Danlaqla çıxardı valideynlər.

Gördükcə titrəşən siluetləri,

Qüssə işləyərdi iliyə qədər.

 

Fikirlər çəkirdi ərşə yuxunu,

Uzaq ulduzlartək uzaqdı səhər.

Burda dayanmışdı zaman axını,

Qumlamış gəmilər kimiydi evlər.

 

16-30 avq. 2010 Ərəbqardaşbəyli