SALMANIN XATİRƏSİNƏ

 

Yaşadığın nə vaxtdı ki —

Dünyamızdan qopardılar!

Hansı mələk darıxdı ki,

Səni yoldaş apardılar?

 

Sən ayrılıq, sən itkisən,

Nisgilinsə çiçəklənir.

İllər ötür – həminkisən,

Yaşı olmur mələklərin…

                                         05-06 avqust 2007 Ərəbqardaşbəyli

REKVİYEM

  

Odda yandırılan uşaq,

Kim qaladı tonqalını?

Od qarışıq, qan qarışıq

Yandı, bu küldür qalanı.

 

Gözü yarıyuxuluydu,

Tüstü doldu, acılandı.

Bələyi süd qoxuluydu,

Qarsılandı, qan calandı.

 

Yaxdı qızıl od uşağı,

Hanı yerin böyükləri?

Odda yandı qışqırığı,

Ölüb göyün mələkləri!

 

Yandı əlləri, əridi,

Uzanmadı yaradana.

Kim deyir tanrısı birdir,

Yananın, həm yandıranın?

 

Boş qalıb beşiyin başı,

Boş qalıb beşiyin içi.

Bu yuvaya payız düşüb,

Səadətin quşu köçüb.

 

Dir də layla çalınmasın,

Əl dəyməsin beşiklərə.

Bir quzu körpənin yası,

Yasıdır bütün bəşərin.

 

Yer dəyişib, göy dəyişib,

Torpaq üstdə qan tökülür.

“Yer mənim!” —  deyib vuruşan,

Al, bu da körpənin külü…

 

29 mart 1990, Samara

 

 

MUSANIN BACILARI

                                    

Ikinci dünya müharibəsi illərində

                               Ərəbqardəşbəylidə iki xırdaca yetim

                                qız körpə qardaşlarını ölməyə qoymayıb

 

 

Boyları bir qarışdı,

Ataları ölmüşdü,

Anaları ölmüşdü,

Qalan körpə qardaşdı.

 

 

Nə top, nə tüfəng səsi —

Müharibə uzaqda.

Qızları səksəndirən,

Ac qardaşdı bucaqda.

 

 

Havada çörək ətri

Gəzir, baş gicəlllənir.

Bəs bu süd ətri hardan?-

Bacıların burnundan…

 

 

Musa gah bu qucaqda,

Gah o qucaqda Musa.

Hərbin özü uzaqda,

Sinə üstdə balası…

 

 

Ha borc de, ha de vicdan –

Bunu anlar böyüklər.

Bacıları oyadan,

Qardaş səsiydi səhər.

 

 

Nə məktəb bilirdilər,

Nə kitab açmışdılar.

Həm müəllim, həm də dərs –

Körpə ac qardaşları.

 

 

Körpə uşaq qucaqda,

Qapı-qapı düşdülər.

“Musa ölür acından”!-

Qışqırıb döyüşdülər.

 

 

Kimi öz tikəsini,

Gizləməyə tələsdi.

Çoxu qırıntı yığdı,

Tikədən tikə kəsdi.

 

 

Ev-ev, küçəbəküçə,

Bacılar gəzdi kəndi.

Ayaqyalın, başaçıq,

Cüt qızı İskəndərin.

 

 

Neçə ağır il ötdü,

Qırıntı tikə oldu.

Musa artdı, böyüdü,

Qızlardan yekə oldu…

 

 

Saxlanmayıb yazıyla,

Yaddan çıxıb adları.

Ancaq Firon qızıyla,

Cici-bacılıqdadır

 

 

Bəlkə onlar. Kim bilir,

İndi bəlkə o qızlar,

Körpəcə mələklərin,

Oynarlar hər nazıyla…

                                        27-29 fevral 2008, Samara