Архив тегов | musiqi haqqında şeirlər

UİSTAN ODEN. BƏSTƏKAR

auden

Hamı tərcümə edir: dünyanı təsvir edir 

Rəssam göz önündəki — sev ya da ki, rədd elə.

Eşib öz həyatını çıxarır üzə şair

İncidən, həm bağlayan surətləri eşq ilə.

Sən həyatı səy ilə çevirirsən  sənətə,

Ümidlisən ki, fərqi seçməz dinləyənlərin.

Bənzər sənin notların  saf və təmiz alətə,

Tanrının vergisiylə nəğmələrin yaranır.

Şəlalələr tək axsın, nəşə, zühurun yenə,

Axıt dizlərin üstdən, həm belin bəndlərindən,

Sükut iqlimimizə, şübhə təcavüzünə;

Sənsən yalnız və yalnız, sən ey xəyali şərqi,

Bacarmır ki, söyləsin deyil varlıq həqiqi,

Nemət kimi, şərab tək axıt öz əfvini sən.

ingiliscədən tərcümə

23-24. 06. 2022, Samara

+++++++++++++++++

W.H. AUDEN

THE COMPOSER

All the others translate: the painter sketches

 A visible world to love or reject;

 Rummaging into his living, the poet fetches

 The images out that hurt and connect. Читать далее

LÜDVİQ VAN BETHOVEN

Qaçaraq dünyanın tamahlarından,
Mömin monastıra çəkilər necə,
Fitnəli səslərdən o böyük alman,
Karlıqda sığıncaq tapdı eləcə.

Susdu yavaş-yavaş o vaxtdan bəri,
Dünyanın səsləri – xaric, bayağı.

Göylərdən gələndi eşitdikləri

İndi, Tanrıdaydı onun qulağı.

Dünyanın hayküyü susan, çəkilən,
Səslər cənnətiydi elə bil yeri.

Adəm tək azdırıb qovdura bilən,
Səslərin dinmirdi burda heç biri,

10.12. 2021, Samara

ŞUBERT. ÖLMƏZ KVİNTET

U LENİ. KİNO

Otuz bir yaşında dünyadan gedən,

Ya da aparılan.. Bəlkə hardasa,
Bir qalaktikada yazır yenə də,
Düha ölüb-itməz, tanrıdandısa….

İsrafil şeypuru deyil, bəlkə də,

Dinər qiyamətdə Şubert əsəri.

Oyanar, hüzurda bəşər diz çökər,

Dinləyər, qınamaz Tanrı bəşəri…

Arzum var, əziz dost! Sabah mən ölsəm,
Şuberti çaldırın, bacarsaz əgər.

İyirmi birinci dəqiqəsində,
Bağlı gözlərimdən yaş axıb gedər…

16. 03. 2021, Samara

ZEYNƏB XANLAROVA

05.07. 2019

        1960-cı illər

Kosmosa uçan il Yuri Qaqarin,
Kennedi ağ evə gəldiyi vaxtda,
Bizim xalqımız da qalmadı geri,
Böyük bir hadisə yaratdı o da.

=

Radio vardısa evində kimin,
Bir gün eşidildi səsi Zeynəbin.

Bu səs oxşamırdı heç kimininkinə,

Bu həm doğma səsdi, həm də əcnəbi.

=

Dinəndə çaşdırar, məəttəl qoyar,
Başında tükləri ürpədər həm də.

Oxuyan nə Fatma Mehralıyeva,

Nə Şövkət, nə Sara, Tükəzban nə də.

=

Yoxdu televizor kənddə o vaxtlar,
Şəklini görən də Zeynəbin azdı.

Tək-tük qrammafon valı alanlar,

Görə bilərdilər şəklini üzdə.

=

Bu zalım qızıının, deyirdi hamı,
Bəlkə də gözəldir özü səsindən.

Baxışı ilan tək çalır adamı,
Bir də görürsən ki, alışır bədən…

=

Gəldi televizor dövranı sonra,

Kimin gücü çatdı, aldı kənddə də.

Cib dəsmalı boyda ekran, ağ-qara,
Verdiyi sevincsə dünyalar qədər.

=

Leonid Brejnev, Axundov Vəli —

Rəhbərlər gəldilər evlərə birdən.

Hərdən Əliağa, hərdən Lütvəli,

Gəldi Nəsibəylə  Bəşir də hərdən.

=

Yığışıb qonşuda futbola baxdıq,
Ağladııq baxaraq “Leyli-Məcnun”a.

Gözlədik il boyu Məşədibadı,

Gülüşdük qarnımız cırılanacan…

=

Sonra  qasırğa tək gəldi elə bil
Xanlarova  Zeynəb televizora.

Tanrı qəzəbi tək tək şığıdı qəfil,

Gəldi, camaatı saldı azara.

=

Qolu, çiyni açıq, sinəsi açıq,

İşvəli gözlərdə ocaq qalanmış.

Vardısa bir azca müsəlmançılıq,
Çıxdı axırına əndamı yanmış.

=

Dayanan deyilmiş səhnədə müti,

Açdı qollarını, oynadı zalım.

Sən bu kişilərdə gör məşəqqəti,

Hərənin çəkdiyi içində qalıb.

=

Baxır qaşqabaqlı Məmmədhüseyn,
Deyir «kim buraxır bunu bu halda”.

Qardaşı Ərəstun gülür, əksinə,

Deyir “səsi qəşəng, oynamağı da”.

=

“Sakit olun!” deyir Böyükkişə,
Özü oxuyandır, dəyər verəndir.

Ətirlənib gəlib, əyni də təzə,

Zeynəb ona baxır elə bil indi…

=

Durub qabağında televizorun,
Özünü Zeynəbə oxşadır Atlas.

Deyir məndə ola bəzəyi bunun,
Vallah,  gözəllikdə mənə tay olmaz…

=

Başını bulayır Tükəzban xala,
Düşür sümüyünə səsi Zeynəbin.

Deyir “əyni-başı abırlı ola,

Neynək, oynasın da, axı nə eybi…”

=

Əlini əlinə vurur Şiralı,
“Yaxşı qulaq asın, deyir, mənə siz,

Bizim qız-gəlin də, daha az qalıb,

Belə geyinəcək, görəcəksiniz…”

=

Əsəbi qatılır debata Yavər.

 “Əşşi, bir köpüklük oxuyan deyil”.

Əsir dodaqları, üzü, boynu tər,

Şeytanla döyüşə girib elə bil…

=

Gəldi dağlı qızı, gəldi qəfildən,
İtirdi özünü bizim kənd yazıq.

Dəyişdi baş-beyin, dəyişdi bədən,

Dəyişdi hərarət, nəbz və təzyiq.

=

Bilindi su deyil axan damarda,
Qandır — qaynamaqdır qanın xassəsi.

Günahkar yaradıb bizi yaradan,
Günah tək şirindi Zeynəbin səsi…

06-08. 09. 2020, Samara

MOZART

Gələcəyi görmək yaxşı olardı —

Yüz il, iki yüz il, min il sonranı.

Bircə an ekranda, ayrı cür ya da,

Ancaq fərziyyə yox, əsil olanı.

 

Keçən əsirlərin qatını yaran,

Dinən gələcəyin səsidir yəqin.

Yüz il, iki yüz il, min il sonranın,

Kim bilir, bəlkə də lap qiyamətin.

07.09.2017

Samara

HÜZNLÜ MUSİQİ ƏSƏRLƏRİ VAR…

Hüznlü musiqi əsərləri var —

Çalanlar ifadan əvvəl hər dəfə,
Xahiş edirlər ki, tamaşaçılar,

Alqışlamasınlar bitəndə ifa.

 

Eynilə belədir bəzi həyatlar  —

Doğum günlərini hər dəfə yəqin,

Təbrik yox, alqış yox, bəlkə yeri var,

Bir anlıq sükutla qarşılamağın…

 

01.12.16

Samara

VOLQA QIRAĞINDA ŞƏNBƏ YA BAZAR…

Volqa qırağında şənbə ya bazar,

İşıqkən, havadan getməmiş isti,

Elə asfalt üstdə düzülüb çalar,

Beş-altı nəfərlik nəfəsli dəstə.

 

Üstləri təmizdir, nimdaş olsa da.

Pensiya yaşlıdır çalanlar yəqin.

Hər hava ifası sifarişlədir
Ciddi yüzcə rubl məzənnələri.

 

Baxanda bilinir duruşlarndan,

Kasıb dəfnlərə gedib çalırlar.

Əlləri gətirib bəlkə, obaşdan,

İki-üç ölünü yola salıblar.

 

Yəqin hər dəfndə vurublar bir az,

Üz göyərən təhər, qızarmış burun.

Tütünlə, içkiylə yoluxmuş nəfəs,

Güc gəlir boruya… qışqırır boru…

 

Daxıl tək açılan qara futlyar,

Balaca və kasıb tabuta bənzər.

Hərdən futlyara yüzlük atırlar,

Yasdasan elə bil, yığılır nəzir…

 

Ən çox çaldırılan ya hərbi marşdır,
Ya da mahnı sovet filmlərindən
Birdən eşidirsən Şopen qarışdı

Mahnıya – bir barmaq yad yerə endi…

 

Bəlkə də notları Şopen marşının,

Borudan ucalmır, ürəkdən qopur.

Demə gedəriyik, atam, qardaşım,

Gedirik! Ötürür bizi bu şeypur.

 

Bəlkə də bu matəm çalanlarıyçın,

Ölümlə həyatdan fərq götürülüb.

Gurlayır borular, vurur təbilçı –

Sabah ötürülər bu gün ötürən…

 

05-06.2016

SAMARA