RƏSUL RAZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “OLUM YA ÖLÜM”

RASUL_RZA

Azərbaycan ədəbiyyatında yaxşı satirik, yumoristik, yəni oxuyanda, eşidəndə adamı ürəkdən güldürən əsərlər yox kimidir. Cəlil Məmmmədquluzadə, əlbəttə, milli dühadır, özü də yeganə dühadır. Ondan sonra kim gülməli yaza bilib? Sabit Rəhman? “Toy”da, əlbətə, maraqlı səhnələr var, gülməli replikalar da çoxdur. Başqa komediyaları məişət lağlağıları səviyyəsindədir. Yəni Azərbaycan komediyalarına baxanda adamı gülmək yox, acıq tutur. İstəyirsən aktyorları yıxasan yerə, Məşədi İbad demişkən, ağzına-ağzına vurasan…

Ədəbiyyatımızda gülüş axtaran adam gərək şeir oxuya, poema oxuya. Azərbaycanın adlı-sanlı, Lenin ordenli, Stalin mükafatlı şairlərinin ciddi sayılan əsərləri əslində satiradır, yumordur, daha doğrusu, məzhəkədir. Sovet vaxtı onlar əz əsərlərini ciddi qələmə veriblər ki, hökumət ilişməsin. Həm də satira və yomora Lenin ordeni və Stallin mükafatı vermirdilər.

Mən Rəsul Rzanın şeirlərinə baxıram, gülməkdən özümü saxlaya bilmirəm, hərçənd gülmək mənim heç harama yaraşmır. Bir də ki, birdən rus polisi gəlib soruşa ki, nəyə gülürsən, nə cavab verərəm? Rəsul Rzanın şeirlərini göstərsəm, eə biəcək ki, mən onu dolayıram, çünki bu rus polisi tatarski ne ponimat. Deyəcək ki, yox, sən Putinə gülürsən. Düş qabağıma…

Ona görə də astadan gülürəm, ağzımı dəsmalla tuturam…

İndi Rəsul Rzanın gülməli şeirlərindən biri. Adı “Olum ya ölüm” dür. “Ölüm” sözü qorxutmasın, ölüm-zad yoxdur, hamısı gülümdür. Yəni gülmək…

Bəli, günlərin bir günü Rəsul Rza gözlərini qapayır. “Söndürdün son ulduzu”. (Əslində iki ulduzu söndürüb, çünki göz iki dənədir, Rəsul Rza gülmək üçün belə yazır). Gözlərini qapayan kimi qulağına səs gəlir. Bakıda gözlərini qapayanda qulağa hansı səs gələ bilər. Məsələn, mənim qulağıma “Marojna! Marojna!” səsi gəlib. Ancaq mən adi bir insanam, Rəsul Rza isə Stalin mükafatlı, Lenin ordenli şairdir, onun qılağı “Marojna” kimi küçə sözlərini götürməz. Rəsul Rzanın qulağına Hamletin səsi gəlir. Hamlet də “Çahargah təsnifi” oxumayacaq ki. Hamletin öz repertuarı var. “Olum ya ölüm!” Rəsul Rza istəyir yaxınlaşa Haletə və deyə ki, bala, atanə öldürən elə sənin öz əmindir. (Rəsul Rza bunu gülmək üçün yazır, çünki Hamlet “Olum ya ölüm” monoloqunu deyəndə əmisinin qatil olduğunu çoxdan bilirdi, birinci pərdədən).

Ancaq Rəsul müəllim yerindən dura bilmir, “ayaqlarından qurğuşun asılır”. (Qulaqlara yox, ayaqlarA qurğuşun!). Şair neyləsin? Məcbur olub gözlərini açır. Gözlərini açandan sonra istəyir Hamleti də, Laerti də çağıra və deyə: “Balalarım! Atın ədavəti, kini!”

Bax, burda düyün, kolliziya, intriqa yaranır. Boynuma alım ki, özüm də dəqiq bilmirəm nə yaranır, çünki nəzəri biLiyim yoxdur. Bəlkə də Hiçkok saspensi yaranır, nəfəsini saxlayıb ürəyin çırpına- çırpına gözləyirsən ki, Rəsul Rza “balaları”na nə deyəcək. Onun nə güclü arqumenti var ki, Hamletlə Laerti qanlı əlbəyaxadan çəkindirsin?

Aha!

“Xəbəriniz varmı,
Dünən dağ kəndlərində,

Dolu vurub əkini!”

Ağlınıza gələrdimi? Heç Şekspirin ağlına gəlməyib! Şekspirin ağlına belə şey gəlsəydi,  “Hamleti”  uzağı ikinci pərdədə bitirərdi.

Ay dad-bidad, nə “olum, nə ölüm”, əkini dolu vurub!

Sözün düzün, bu sonluğun hikmətini dərindən başa düşmədim, ancaq çox güldüm. Bəlkə gülməkdən partlardım, yaxşı ki, yenə rus polisi yadıma düşdü, özümü bir təhər saxladım…

Çünki rus polisi Azərbaycan polisi kimi savadlı deyil, əkini bəlkə də ona başa salmaq olar, dolunu da başa düşür, ancaq Hamleti, Laerti başa düşməz…

Vallah, rus polisi görən kimi məni gülmək tutur. Burda da heç ayrı polis yoxdur, polislər hamısı rusdur…

06.12. 2018

Samara

Реклама