POL VERLEN. OCAQ YANIR, ÇIRAQDAN DÜŞƏN ŞÖLƏ İNCƏDİR

verlain-19

Le foyer, la lueur étroite de la lampe

Ocaq yanır, çıraqdan axan işıq incədir,

Gicgaha sığal çəkir barmaqlar düşüncəli.

Qarışaraq sevimli gözlərə, gözlər itir,
Buğlanan çay vaxtıdır, vaxtı kitabın bitir.

Axşam ötüb gedincə şirinləşir duyğular;

Yorğunluqda cazibə, intizardasa həzz var;

Toy toranlığı və ilk gecənin şirin dadı,
Ah, mənim incə arzum bunu gəzdi, aradı

Usanmadan keçərək bütün yolları hədər,
Aylar üzür səbrimi, dözülməzdir həftələr!

 

Fransızcadan tərcümə

18-19. 2018

Samara

Реклама

POL VERLEN. QƏHRƏMANLIQ SONETİ

verlain-19

       Sonnet héroïque

Ağız söyləyir: “Qızıl, qızıl və qızıl yenə,
Həmişə qızıl və ət, həmişə ət və şərab,
Ət və şərabdan ötrü qızıla ehtiyac var,

Qızıl dolu bir quyu, dibi də görünməyən!”.

 

 

Qarın deyir: “Xəzinə axıb dolsun içimə,

Nəfis şərab, ət, qızıl,  yeyib-içməli nə var,

Verin mənə! Süzülsün cəlallı və bəxtiyar
Nabuxodonosorun tuluğundan, içim mən!”

 

 

Saf büllurdur sanki göz, batıb üzün yağına,

Yanır, təmiz; saxtanın, qırmızının yanında,

Eyiblər arasında kamil odur yeganə.

 

 

Qəlb hədər yerə gözlər vicdan ağrılarını,

Və tövbəsiz can verər acıqdan və təşnədən,

Vən hönkürüb ağlayar Axırı düşünəndə.

 

Fransızcadan tərcümə

18.12. 2018

Samara

POL VERLEN. AMUR YERDƏ

verlain-19

L’amour par terre

Axşam küləyi dünən yıxdı Amuru yerə.

Ən sirli bucağında parkın əlində ox-yay,
Dayanmışdı pusquda Amur gülümsəyərək.

Çöhrəsi doğururdu bizdə nə qədər xəyal!

 

 

Axşam küləyi onu yerə atdı! Mərmərin,

Tikələləri dağılıb. Bu mənzərə nə qəmgin.
Baxırsan pyedestala, adını sənətkarın,
Kölgəsində ağacın oxumaq özü çətin.

 

Ah, indi pyedestal təhnadır necə indi!

Qəlbimə dalğa-dalğa melanxolik fikirlər

Gəlir də, çəkilir də, qüssə elə dərindir,
Yalqız gələcəyimdən elə bil verir xəbər.

 

Ah, necə qəmli! Yəqin mütəəssir olmusan,
Özün də bu tablodan, şən baxışların hərçənd,
Mərmər qırıqlarının üstündə qanad çalan,
Al-qızıl kəpənəyin uçüşuna olub bənd.

 

Fransızcadan tərcümə

14-15.12. 2018

Samara

POL VERLEN. VƏTƏN MƏHƏBBƏTİ

verlain-19

           L’amour de la Patrie

 

Vətənin məhəbbəti ən birinci sevgidir,

Tanrı məhəbbətindən sonrasa  sonuncudur.

Günü işıqlandran o bir oddur elə bil,

Gözümüzdə səmavi alov yandıran odur.

 

 

Bu, xaçlandığı gündə ilahi bəbəkləri
Körpənin, bu, sübh şağı zərif quşcuğazların,
Qulağına dolan səs, havadır, çiçəkləri

Bürüyən və ətridir bahar çağı rüzgarn.

 

 

Körpə böyüyür, yeri ayağı altda duyur,
Bilir kimdir gəzdirən, kim beşikdə yelləyən.
Zərifdir, aclığını içkilərlə doyurur,

Əmdiyində dad həm var, ruhun incəliyi həm.

 

 

Körpə bir kişi olur, gənc qıza dönür ya da,
Duyanda bədənini cilvələyir məlahət,

Ürəyi pərvazlanır ailə yuvasından,

Könül axtarır könül, bədən bədənə həsrət.

 

 

Tapıb qovuşan kimi yaxın qəlbə, bədənə,
O, körpələr gətirir çiçək kimi dünyaya.
Bir bağ yetişdirir ki, həm cavan, zəngin həm də,
Ayrı yerin yox, elə buranın adamıyla.
Kişinin öz işi var, öz işi qadının da,
Öz vəzifəsindədir fikri hərənin. Qadın,
Gündüz ocaq qoruyur gözlərini yummadan,

Gecəsə qeyrət çəkir, axı qadındır adı.

 

 

Kişi isə qıraqda əlləşib-çalışmada

«Qazanmaq və gətirmək” – bu sözün dəyəri var.

Şərəfli və meriban, yalan sözlə qanlıdır

Gecə sevimli qollar arasına qayıdar.

 

 

Yer üzündə onların həyatı sakit və dinc,

Övladdan yarıyarlar, vətəndə qarıyarlar.
Ancaq hərb, qara iblis, yenə bu rəzil çibin,
Qətl çiçəkləriylə dənizlər boyanır al.

 

 

Ayağını əcnəbi basır qədim torpağa,
Bərəkətə; hər elin onda təcəssümü var.
Saraqos və Moskva, ispan olsun, rus ya,
Doxsan üçüncü ilin Fransası, adamlar,

 

 

Qəfildən böyüyürlər, hər iş görülən, asan.

Faciəvi, klassik, güclü, mülayim həm də.

Uğrunda çarpıışırlar evin, qəbiristanın,

Arvad-uşaq fikriylə ölürlər öləndə də.

 

 

Sağ qalansa qayıdır köhnə qayğılarına,
Tanrı, əcdad xofunda böyüdür uşaqları.

Zövcəsinin böyrünə yenə də qısılaraq,
Təzə həyat meyvəsi yetişdirir eşq ilə.

 

Yetkin yaş fikirlərin ciddiləşən vaxtıdır,

Qayğılıdır ümidlər dostluqda həsəd də var.

Bu vaxt həm də nifrətin yığıldığı saatdır,
Və meydan yığıncağı, köynəklər, arxalıqlar,

 

 

Narazı vətəndaşlar  namuslu bir vuruşda

(Onlar ki qardaşdılar! Qüssə doğurur bu çox…)

Ayırd edirlər haqqı borcla, və aydın bu da:

Bərabərlik naminə, mənfəətdən ötrü yox,

 

 

Tərəf tutur; öldürmək niyyəti olmasa da,

Rəhm bilmir, öldürür yenə əvvəlki sayaq.

Xəlbirdən axıb gedir sanki qan ətrafında,

Hiddət coşur içində qəddar —  müqəddəs ancaq.

 

 

Ölsə, şərəflənəcək adı, tanınmasa da.

Qərib ya yox, o, xoşbəxt öləcəkdir hər halda.

Onu kişi böyüdən, ona sevinc daddıran,

Müqəddəs bu torpağa qurban oldu həyatı.
fransızcadan tərcümə

10-13. 12ş 2018

Samara

POL VERLEN.  HƏQİR HƏYAT YÜNGÜL VƏ SEVİNCSİZ İŞLƏRİYLƏ

verlain-19

La vie humble aux travaux ennuyeux et faciles

Həqir həyat, yüngül və sevincsiz işləriylə,
Çoxlu eşq tələb edən çalışma seçimidir.

Şən olasan günlərin necə qəmli keçə də,

Həm də güclü — güzəran dözülməz ola belə.

 

 

Qulaq verəsən ancaq gərək kilsə zənginə,
İlahi, şəhərdəki səslərin arasında,
Və özün bu səslərin birini yaradasan,

Ki, uşaq xəyalların yetə bilə yerinə.

 

Tövbə edib yaşamaq günahkarlar içində,

Sükutu sevmək, ancaq danışmağı da hərçənd;

Böyük səbirlə keçən zaman necə böyükdür!

 

İnadlı peşmanlıq həm, həm götürqoymalar,
Və miskin dəyərlərin ətrafında qayğılar!

Fu, dedi Hafiz Mələk, alver edir təkəbbür!

28-29. 11. 2018

Samara

POL VERLEN. BƏXTİM QADINLARLA GƏTİRMİR NƏSƏ

verlain-19

Je n’ai pas de chance en femme

 

Kişilik yaşına qədəm qoyandan,

Qadınla mənimki gətirmir nəsə,
Hansına, haçansa ilişmişəmsə,
Dönüb qışqırıqçı ləçərə sonda.

 

 

Düzü, mən özüm də qışqırıqçıyam,

Nə deyim, rəziləm xasiyyətcə də,

Elə qadınlardan gördüyüm qədər.

Bəlkə bu cəhətdən yoxdur heç tayım.

 

 

Mənim qadınlarım sürüşkəndilər,

Düzü, sən özün də bir az eləsən.

Əzizim, bu müdhiş etirafı sən,

Heç kimə söyləmə ölənə qədər.

 

 

Özüm bir ayağı qaçaq idim mən,
Kim bilir, eləyəm bəlkə indi də,

Bu etiraf məni biabır edir,

Dəhşətə gəlirəm özümdən hərdən.

 

Nə eybi: əvvəlki kimi biz yenə,
Aşiq-məşuq olaq — alışan, yanan.

Sən bir yaxşı qızsan, mən cəsur insan,
Sən mən sevirsən, mən də ki, səni.

Fransızcadan tərcümə

05.12. 2018

Samara

POL VERLEN. DEDİKLƏRİMİ GERİ GÖTÜRMƏRƏM

verlain-19

Ce que j’ai dit, je ne le reprends pas

Yetər! Götürmərəm mən dedikləırimi geri,
Çünki doğrudur onlar, çünki gəlib beyindən,

Qoruyaram onları ölən günüməcən mən,
Bütöv, bölünməz və saf, baxmayaraq ən ali

 

 

Küskünlüyün ən rəzil təkəbbürlə hərbinə,

Fəqət filizdən çıxan qürurlu metal kimi,

Sonda sizin buluddan sıyrılaram mən hökmən,

Hər cür öcəşmələrə, hər qəmə hazır yenə.

 

Qəlb açaram ürəyi mamırdan yuva sayaq,
Döyündürən həm adi, həm də şirin duyğuya!

Çirkin “qəlbi Parisin” indi unudular da.

 

Artuadan Qaskona və Şampandan, Arqondan

Tutmuş Burqonna qədər, fransız ruhu, canlan!

Yaşasın bir ürək ki, bir ürəyi yaşadar.

Fransızcadan tərcümə

03-04. 12. 2018

Samara

POL VERLEN. BÖHTANLANMALI ŞEİRLƏR

verlain-19

Vers pour être calomnié

Mən bu axşam əyilib yuxunu seyr edirdim,
Yataq sadə, yuxu dinc, bütün bədən uyumuş.

Və gördüm o düşünən, oxuyan düz buyurmuş,
Gördüm günəşin altda elə hər şey fanidir.

 

Ah necə də canlıdır, incədir bu möcüzə,
Bir anda boyun əyən çiçək kimiyik elə!
Ah, hökmən dəliliklə sonlanan düşüncələr!
Sən yat, körpəm! Qayğından yuxu gəlməz gözümə.

 

Ah, bu eşq səfaləti! Zavalı eşqim mənim,

Yox əvvəlki nəfəsi indi daha sinənin!

Bu qapalı baxışsa ölümün əlaməti!

 

 

Gülür dodaqlarımda yuxulu bu dodaqlar,
Başqa gülüşü gözlər, daha coşqun və şaqraq,

Tələs, oyan və söylə: “Ölümsüzmü ruh qəti?”

Fransızcadan tərcümə

01-02. 12. 2018

Samara

POL VERLEN. BİR MÖHTƏŞƏM XANIMA

verlain-19

Une grande dame

Müqəddəsi azdırar bu gözəl, girinc qalar,

Qoca hakim görəndə! Amiranə yeişli,

Danışanda parlayır inci kimi dişləri,

Nitqi italyancadır, bir azca rus ləhcəli.

 

 

Gözlərində qarışıb Pruss göyünə mina,
Almazın itiliyi, sərtliyi onlarda var,
Sinənin əzəməti, dərinin ağlığıyla,
Nə bir kurtizan çatar, nə kraliça ona.

 

 

Pişik Ninetin özü, Kleopatra hətta,

Kübar gözəlliyinə ola bilməz onun tay!

 “Bu, möhtəşəm xanımdır!” — bax, sevimli Buridan.

 

 

Günəş də odlu deyil  kürən saçları qədər,

Səcdə edəsən gərək diz çökərək önündə,
Bu qadının üzünü ya da qamçılayasan!

Fransızcadan tərcümə

30.11 – 01.12. 2018

Samara

 POL VERLEN.   QÜSSƏ

verlain-19

     L’angoisse

Yox, Təbiət, heç nəyin məni açmır, nə taxıl
Zəmiləri, nə çoban neyindən qanadlanan
Siciliya şərqisi, nə səhər qızaran dan,

Kədərli təntənəsi nə də ki, qürubların.

 

Gülməlidir həm Sənət, həm İnsan, nəğmələr həm,
Şeir, yunan məbədi və burulan qalalar
Ki, ucalıb boş göyə kilsələri qaldırar,

Və bir gözlə görürəm yaxışını və pisi mən.

 

 

İnanmıram Tanrıya, xeyli götür-qoyaraq,

İnkar elədim, o ki qaldı köhnə hoqqaya,
Sevgiyə, bir də ondan istəmirəm eşidəm.

 

 

Həyat yorğunuyam həm, ölüm də qorxudur həm,
Ruhum itən qayıqdır qabarma-çəkilmədə.
Gəmiləri məhv edən qasırğlara bəndəm.

 

Fransızcadan tərcümə

27-28. 11. 2018

Samara