BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: KENNEDİNİN ŞƏXSİ NÜMUNƏSİ VƏ VAHABZADƏNİN YALAN PAFOSU

 

Bəxtiyar-Vahabzadə

Mənə biri Facebook-da ilişib, yazır ki, oğlan (!), sən Bəxdiyarın (Bəxdiyarın! Yəqin Bəxdiyarla oturub-dururmuş…) yazdığını oxumusan? Bəxdiyar yazıb ki, sən özündən soruş ki, vətən üçün neyləmisən…

Mən bu kişiyə (yəqin Bəxdiyarın dostu olub….) yazdım ki, bu sözləri Con Kennedi deyib, Bəxtiyar Vahabzadə, açıq desək, bunu mərhum Amerika prezidentindən oğurlayıb…

Orxan adlı bu qırsaqqız yenə əl çəkmədi, deyir Bəxdiyarı oxu…

Əngəllədim…

İndi məcburam “Vətən marşı şeirindən yazam… Rus demişkən, poluçay, faşist, qranatu…

Şeir 1992-ci ildə yazılıb. Qarabağda müharibə qızışanda. Bəxtiyar Vahabzadə “vətən oğullarını” döyüşə səsləyir, deyir ki:

“Vətən uğrunda ölənlər ölümündən doğulur…”

Bu da əslində plagiatdır, Qurandan götürülmədir, ancaq Quranda bu, Allah yolunda ölənlərə aiddir…

“Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik…”

Biz? Yəni Bəxtiyar Vahabzadə özü də? Vahabzadə haçan əsgər olub?

1943-cü ildə Bəxtiyar Vahabzadənin 18 yaşı tamam olub, onun yaşıdları müharibəyə gediblər, ölən ölüb, sağ qalan qayıdıb gəlib. Bəxtiyar Vahabzadə niyə müharibəyə getməyib, sirrdir. Mənim üçün sirrdir. Yəqin səbəbini bilənlər var. Ancaq onun özünə əsgər deməyə heç bir haqqı yox idi…

“Biz Vətən naminə ölsək, dirilərdən diriyik…”

Kim ölsə? Əlbəttə, Bəxtiyar Vahabzadə özü yox, oğlanları, nəvələri yox… Kasıb-kusub, fəhlə-kəndli balaları…

Dedi öndər: «Yönü bayraqdakı üç rəngdən alım»

1992-ci ildir. Öndər, əlbəttə, Rəsulzadədir. Görəsən sonrakı ilərdə Vahabzadə Rəsulzadəyə öndər deyib?

“Bizi biz etdi Dədəm Qorqud oğuznamələri”.

Yalandır! Dədə Qorqud dastanlarını indiki nəsillər sovet dövründə tanıyıb. Sovet ədəbiyyatşünaslarının şərhi ilə. Yüz illərlə bu dastan haqqında heç bir məlumat olmayıb. Bizi Səməd Vurğunun “26 lar”, Rəsul Rzanln “Lenin”, Bəxtiyar Vahabzadənin özünün “Leninlə söhbət” poemaları “biz” eləmişdi, “formalaşdırmışdı”, ona görə müharibəni uduzmalıydıq…

“Bəşərin dərdini öz dərdi bilib millətimiz”.

Bizim millətimiz? Haçan? Ağ yalandır…

Və şeir bu beytlə bitir:

“Gecələr yatmadan əvvəl sor özündən ki: «Bu gün

Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?»

Bu, açıq-aşkar plaqiat, azərbaycanca desək, oğurluqdur. Bu sözlər Con Kennediyə məxsusdur:  “Ask not what your country can do for you – ask what you can do for your country”.

Yəni soruşma ki, ölkə sənin üçün nə edə bilər, soruş ki, sən ölkə üçün nə edə bilərsən”.

Kennedinin bunu deməyə haqqı vardı. Kennedi İkinci dünya müharibəsinin əvvəlindən axırınacan vuruşub, torpedo katerinin komandiri olub.

Bəxtiyar Vahabzadə, yaşı düşsə də, müharibədə iştirak etməyib. 1990-cı ildə tank altına altına atılanlar, sonra Qarabağda ölənlər, yaralananlar arasında Vahabzadələr yoxdur…

Başqalarını fitləməyə nə var ki…

02. 01. 2019

Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: «MƏMMƏDRƏHİM, RAYKOM KATİBİ SƏNİ MİNƏ BİLƏR?»

1979-cu ilin yayında ya da elə bu ilin dekabrınn son günlərində və 1980-ci ilin yanvarında mənim sonuncu universitet sessiyalarım olub, bu zaman Bəxtiyar Vahabzadə bizdə Cəfər Cabbarlının yaradıcılığından ixtisas kursu aparırdı. Qiyabiçiliyi yalnız şərti olaraq tələbəlik saymaq olar, hər fəndən beş-altı dərs olur, müəllimi güclə yadında saxlayırsan, müəllim isə heç kimi tanımır. Ancaq bəzi şeylər, o cümlədən Bəxtiyar Vahabzadə ilə bağlı bir neçə epizod yadımda qalıb.

5-ci kursda bizə bizdən uuxarıda kursda qalan bir neçə qiyabiçi qoşulmuşdu. Onlardan birinin adı Məmmədrahim idi. Yaşı otuzdan çox olardı. Kolxoz suçusuna oxşayan iri qulaqlı, arıq bu kişinin filologiyaya hətta lap uzaq münasibəti olduğuna inanmaq mümkün deyildi. Onunla tanışlığım yoxdu, səsini də eşitməmişdim. Bəlkə adını da ilk dəfə onu Bəxtiyar Vahabzadə ayağa qaldıranda öyrənmişdim.

Bir dəfə Bəxtiyar Vahabzadə Azərbaycan xalqının necə müti olduğundan, partiya-sovet məmurlarının zülmünə necə dilsiz-ağızsız dözdüyündən danışırdı. Birdən orta sırada oturmuş bir qiyabiçini qaldırdı:

— Adın nədir?

— Məmmədrahim…

— Məmmədrəhim, raykom katibi səni minə bilər?..

Məmmədrahim gözünü döyə-döyə Bəxtiyar Vahabzadəyə baxır, dinmirdi. Ancaq yerdən onlarla qiyabiçi səs-səsə verdi: “Əlbəttə minər, necə miməz…”

İndi görürəm ki, Bəxtiyar Vahabzadə 1979-cu ildə “Səbr edirik” adlı bir şeir yazıb və özünün dediyi kimi, o vaxtlar “sandıqda” saxlayıb. Kim bilir, bəlkə bu şeiri elə Məmmədrahimin yazıq üzünə baxandan sonra yazıb…

Şeir uzundur. Cəfəngiyat çoxdur. Bir az Xəlil Rzanın “37” şeirnə oxşayır, həmin səkkizliklər, həmin pafos və s. Bəxtiyar Vahabzadə bir az keçmişdən başlayır, 30-cu illərə toxunur:

“Xalq yolunda candan keçən ərənləri

«Xalq düşməni» damğasıyla

Ləkələyib məhv etdilər”.

Deməliyəm ki, bu şeirdə sözçülük, qafiyəçilik çoxdur, bunlar şeirin xeyrinə deyil:

“Hamar gördük çuxuru biz.

Saray bildik axuru biz.

Görəmmədik qat bağlayan paxırı biz…”

“Çuxur”, “axur”, “Paxır” – burda fikir qafiyənin əsiridir, belə qafiyələr pis zövqün göstəricisidir, təəssüf ki, Vahabzadənin şeirlərində bu bəd zövq (дурновкусие) həmişə var…

Sonra bizə yaxın illər gəlir: 60-70-ci illər:

“Həyatda yox,

qəzetlərdə göstərdilər

bizə yalnız xeyri-şəri.

Şirin-şəkər yalanları yeyə-yeyə

Biz inandıq gələcəyə.

 O gəlmədi,

 Düz əyildi,

Əyriliklər düzəlmədi…”

Şeirdə aktual səslənən misralar çoxdur:

“Hər cəfaya dözə-dözə

Biz alçaldıq addımbaşı.

Qul etdilər vətənində vətəndaşı,

Ayaq altda palaz oldu ləyaqəti….”

Hə? Necədir?

“Qara günü ağ söz ilə pərdələdik.

Zənn etməyin, bədbəxtliyi özümüzə dərd elədik.

«Biz xoşbəxtik, bəxtəvərik» — sözlərini

Şüar kimi dilimizdə vird elədik…”

Bu hansı illərə aiddir?

“Qırıb qalın meşələri
Pambıq əkdik…”
Tanıyıram! Doğma 70-ci illər! Gəncliyim! Bir milyon 300 min ton (guya) pambıq!

“Yüz hektarın məhsulunu on hektara,

On nəfərin məhsulunu bir nəfərə yaza-yaza,

Həm insanı, həm torpağı

Necə verdik biz güdaza…”

Yerin Salyandır! Elə bil Salyanı yazıb!

Bəlkə Bərdəni? Ağcabədini? Kürdəmiri? Hər yerdə bir cür deyildimi?

“Orden, medal yarışında

Dumanladıb beyinləri

DDT-ylə zəhərlədik

Yüz-yüzləri, min-minləri…”

Yetmişinci illər! DDT Azərbaycanda adamları da zəhərlədi, Kürü, Arazı da, bu çaylardakı balıqları da…

“Bircə çəngə ağ pambığa

Qurban verdik gənc qızlan, gəlinləri.

 Bu dünyaya göz açmamış körpələri

 Bətndəcə zəhərlədik”

Düz sözə nə deyəsən? DDT Macarıstanda 1968-ci ildə, Norveç və İsveçdə 1970-ci ildə, Qərbi Almaniyada və ABŞ-da 1972-ci ildə qadağan olunub. Bizdə isə SSRİ dağılanacan tətbiq ounurdu… Bəxtiyar Vahabzadə elə o vaxt bunun ziyanını bilirmiş…

Sonra yenə xeyli cəfəngiyat gəlir Şer belə bitir:

“Səbrimizin laylasında xumarlandı qeyrətimiz.

Bu dözümə,

Bu zülümə

Heyrətdədir heyrətimiz…”

Qeyrətimiz, heyrətimiz…

Yox, boynuma alım ki, mən Bəxtiyar Vahabzadən sevmirəm. Sevmirəm, vəssalam!

A kişi, sən bilirsən ki, körpələri zəhərləyirlər, şeir yazıb sandığa niyə qoyursan, bu şeiri göndər xəlvətcə Amerikanın səsi radiosuna, Azadlığa, Birləşmiş Millətlər Təşkilatına, Mərkəzi Kəşfiyyat İdarəsinə… Soljenitsın kimi… Qoy səni tutsunlar! Öldürməyəcəkdilər ki. Bir az yatardın. Ancaq bütün dünyada adın çıxardı. Bəlkə DDT-ni də əvvəlkimi hara gəldi tökməzdilər. Bəlkə beş-on gəlini, beş-on körpəni xilas edərdin. Yox, sən bunu yazıb qoyursan sandığa, ancaq Leninə yazdığın poemanı qapıb aparırsan Əliyevin üstünə, Əliyebv sənə Dövlət mükafatı verdirir, orden verdirir…

Bəxtiyar Vahabzadə, təəssüf ki, bütün ömrünü belə yaşayıb…

Ona görə bizim oriyentirəlrimiz yoxdur. Ona görə belə nal-məxa vurmuş adamları imam sayırıq, çünki özümüz də əqidə ilə yaşamağı zülm sayırıq, özümüz də nala-mıxa vura-vura yaçayırıq…

Ona görə hardyıqsa, ordayıq…

Yəni, ruslar demişkən, ayıb olmasın, v polnom …der…. DDT…

03.01. 2019

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: «QARABAĞ ATI»

Azərbaycan sovet poeziyasında gülməli şeirlərdən biri Bəxtiyar Vahabzadənin “Qarabağ atı” şeiridir. Şeir 1979-cu ildə yazılıb.

Bəxtiyar Vahabzadənin 1970-ci illərdə çap olunmuş şeirlərinə baxanda ilk növbədə bir şey diqqəti cəlb edir: B. Vahabzadə də başlayıb bir misranı üç dörd yerə parçalamağa. Az qala hər söz bir misradır. Bu, əlbəttə, şeirin texniki-kompozisiya ya da süjetin məntiqi inkişafının tələbi deyil. Yəni buna obyektiv səbəb yoxdur. Səbəb çox sadədir: ortada pul məsələsi var. 11 ya 14 hecalıq misra üç  ya dörd misraya bölünəndə müəllif, əlbəttə, üç ya dğrd dəfə çox qonorar alacaq. Məsələn, “Yelləndikcə” sözü şeirin elə birinci çapında Bəxtiyar Vahabzadəyə iki manat qazandırıb. 1979-cu ildə  bu, bir kilo ətin, iki kilodan çox qəndin pulu idi.

70-ci illərin sonlarında Bəxtiyar Vahabzadənin uşaqları böyüyürdü, ehtiyacları artırdı. Düzdür, Vahabzadənin qazanc yerləri çox olub. Təkcə “lenin” poemasına görə bir ətək pul alıb. Ancaq artıq pulun nə ziyanı var? Həm də pul haçan artıq olur…

Qayıdaq “Qarabağ atı” şeirinə.

1956-cı ildə Sovet hökuməti Britaniya kraliçası İkinci Yelizavetaya iki at bağışlayıb. Bunlardan bir Ağdam atçılıq zavodunda yetişdirilmiş “Zaman adlı at olub.

Bəxtiyar Vahabzadə olmayan yerdə problem yaratmağı sevir, bir stəkan suda fırtına yaratmağın ustasıdır. Bəxtiyar Vahabzadə yazır ki (xırda-xırda misralarla; yəqin bu şerə görə bir atın da olmasa, bir maşının pulunu qazanıb), dünya xarab olub, igidliyin vaxtı gedib, hanı Qırat, hanı Dürat və s. Qışqırıq, hay-küy.

Müəllif ki küyə basdı, gərək oxucu şübhələnə. Çox vaxt müəllif küyə basır ki, oxucu basməmmədini görməsin. “Qarabağ atı”nda bir-birini tamalayan, mənaca bağlanan iki fikir tapmaq çətindir. Məsələn, yazır ki, kraliça

Öz əsrini qabaqlayır”

Sonra:
“Ekzotika vurğunudur kraliça”.

Ya da:

O, dünənin ölüsünü

 kəfənləmək əvəzinə

Sabahının körpəsi

tək qundaqlayır…”

“Əsrini qabaqlamaqla” “dünüəni ölüsünü qundaqlamaq” tuturmu? Həm də 1956-cı ildə Yelizaveta cəmi otuz yaşında müasir qadın idi və ölkəsinin də modernləşməyinə çalışırdı….

Hə, kraliça istəyir bu Zamanı minsin, ancaq Zaman jokeyləri özünə yaxın qoymur.

Kraliça deyir:

“Britaniyada yoxmu məgər

Bircə kişi?!”

Tanış sualdır? Azərbaycanda bu sualın cavabı var. Britaniyada is belə sual yəqin ki, ritorikdir. Orda hər vətəndaş kişidir (kişi cinsindən olanlar…)

“Kraliça yana-yana,
Baxır ona,

Ceyran kimi duruşuna…”

Gördünüz, yerlə-göylə əlləşən Qarabağ atı ceyrana döndü… Basməmmədi…

At gduyur ki, (bunu Bxtiyar Vahabzadə iddia edir) onun gözəlliyinə heyran qalıblar. Ancaq at istəyir ki (Vahabzadənin iddiasına görə) onun qaçışına, yürüşünə heyran qalsınlar…

Ancaq əgər bu at bunu başa düşürsə, niyə qoymur onu minsinlər? Minməsələr, onun qaçışını necə görərlər?

Bəxtiyar Vahabzadə yazır ki, “o iyrənir”. Yəni at iyrənir…

At istəyir ki, belindəki Koroğlu ola, Nəbi ola, Nigar ola, həcər ola. Ancaq jokey olmaya… Çünki Qarabağ atıdır, Qarabağdan gəlib, igidlər diyarından…

Ata kişmiş verirlər, yemir, ot verirlər, yemir. At xiffətindən ölür…

Bilirsiniz bunlar niyə cəfəngiyatdır?

Bu at Çənlibeldə ya da Alı kişinin tövləsində yetişməmişdi. Bu atı zavodda yetişdirmişdilər. Atası-anası da məlumdur. Doğulduğu il də məlumur – 1952.

Bəxtiyar Vahabzadənin iddiasına görə, at

“İstəyir ki, belindəki

 Yarışlarda nəmər alan jokey deyil,

Vuruşlarda zəfər çalan igid olsun!”

Bu iddia ona görə cəfəngiyatdır ki, zavodda doğulub böyüyən atın belində elə Ağdamda da igid olmayıb, jokey olub. Bu, döyüş atı deyil, cədır ya gəzinti üçün yetişdirilən atdır. Və onu Azərbaycandan Britaniyaya gətirən jokeylərin adı da məlumdur:  Əli Tağıyev və Bablı Təhməzov. Bəxtiyar Vahabzadə isə elə haray qoparıb ki, guya atı Koroğlunun altından alıb gətiriblər…

Və Bəxtiyar Vahabzadə elə yazır ki, guya 1956-cı ildə Azərbaycan kişiləri ucdantutma igid idilər, qəhrəman idilər… Hay-vay! 1956-cı ildə azərbaycanlılar təzəcə Bağırovun qapazının altından çıxmışdılar…

1956-cı ildə sovet kəndlilərinin, o cümlədən Azərbaycan kəndlilərinin heç pasportu yox idi. Yəni qul kimi idilər… Yəni azərbaycanlıların özünü minib çapırdılar…

O ki, qaldı ata kişmiş verilməyinə, bu da fantaziyadır. Hədiyyə atların (ikinci at türkmən atı olub, Aşqabad zavodundan) Britaniyaya çardırılmasına başçılıq etmiş Moskva ippodromunun baş həkimi N. Stoqov yazır ki, atlar yolda gündə dörd dəfə yemlənirdi, onlara kəpək və qlükoza qatqılı döyülmüş yulaf, kök və bir az bütöv  yulaf verilirdi…

Və buna görə də Ağdam zavodunun yetirdiyi atı vətənpərvərlik, igidlik, şərəf, doğma torpağa bağlılıq rəmzinə çevirmək cəhdi ancaq gülüş doğurur…

Bəxtiyar Vavabzadə yazır ki, Zaman xiffətindən öldü…

Belədə deyirsən ki, ilahi, keç günahımdan ki, gülürəm…

14.12. 2018

Samara

 

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ «GÜLÜSTAN» POEMASI

 

Məni İnternetdə Bəxtiyar Vahazadənin tənqidinə görə söyən heyvərələr mənə “Gülüstan” poemasını xatırladırlar: guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə bərabəri olmayan milli şücaət göstərib.

Məcburam ki, bu gülməli poema haqqında da yazam. Poema doğrudan da gülməlidir. Adına fikir verirsiniz? “Gülüstan”! Fars sözüdür “gül”(  گل) və stan. Yəni güllü-çiçəkli yer. Fars sözü! Burda təəccüblü heç nə yoxdur. Azərbyacanın şimalında olan xanlıqlar müstəqil dövlət yox, İran monarxiyasının vassalları olublar və öz aralarında daim çəkişiblər, daim Türkiyənin həmlələrinə məruz qalıblar, Rusiya tərəfinə meyllənəndə İran xanlıqarın ərazisinə qoşun yeridib və s.

1804-1813 –cü illərdə Rusiya ilə İran arasında gedən müharibələrdə Azərbaycan döyüşən tərəflərdən biri olmayıb, ola da bilməzdi, çünki o vaxt təbiətdə və tarixdə Azərbaycan dövləti yox idi. Müqavilə bağlanan vaxta qədər şimal xanlıqlarının əksəriyyəti Rusiya imperiyasının tərkibinə keçmişdi (Gəncə — 1804-cü ildə), müqavilə əslində çoxdan yaranmış vəziyyəti qeydə alırdı, 1812-ci ilin oktyabrında ağır məğlubiyyətdən sonra İran Azərbaycanın şimal hissəsindəki ərazilərdən əl çəkməyə məcbur olur: bu o deməkdir ki, şimali Azərbaycan o vaxta qədər beynəlxal hüqüq normalarına görə İran ərazisi olub, Azərbaycan isə beynəlxalq hüqüq subyekti kimi mövcud olmayıb.

Yəni “Azərbaycanı böldülər” iddiası ağ yalandır. Əslində Əslində Gülüstan, sonra Türkmənçay müqavilələri Şimali Azərbaycan ərazilərinin birləşdirir, feodal dağınqlığına son qoyulurdu. Bu müqavilələrdən sonra azərbaycanlıların vahid millət kimi inkişafı başlayır.

“Gülüstan” poemasını yazanda Bəxtiyar Vahabzadənin 35 yaşı olub, universitetdə sovet (!) ədəbiyyatını tədris edirdi, bunları gözəl bilməliydi. Və onu da bilməliydi ki, Gülüstan müqaviləsi olmasaydı, bəlkə də Şəkidə mal otarardı, çünki Azərbaycanda heç bir sovet ədəbiyyatı və heç bir universitet (cənubda Azərbaycan universiteti var?) olmayacaqdı.

İndiki Azərbaycanın əsası Rusiya imperiyasında qoyulub. SSRİ-də isə bitkin halda formalaşıb. Bunun üçün də biz Vlaıimir İliç Leninə minnətdar olmalıyıq. Çünki 1922-ci ildə SSRİ yaradılanda Stalin təkidlə muxtariyyə planını yeridirdi. Yəni milli ucqarlar Rusiyanın tərkibində muxtariyət kimi qalmalıydılar. Lenin bu planı rədd edir, hər milli ucqara müttəfiq respublika statusu – SSRİ tərkibindən çıxmaq hüququ ilə!- verilməsi təkfini irəli sürür. Yəni əslində Lenin bizə qurulu dövlət bağışlayır. Başqa xalqlar  kimi əsrlərlə mübarizə aparmadan, sərhədlər uğrunda dəryalarla qan tökmədən hazır dövlət alıb qoyuruq cibimizə. Biz Lenindən narazı ola bilərikmi? Hanı Leninin heykəlləri? Qaytarın qoyun yerinə! Bəxtiyar Vahabzadə özü Lenini sevib, ona poema yazıb, Heydər Əliyevin köməyi ilə SSRİ dövlət mükafatı alıb (5 000 r, bir “Volqa”nın pulu)… Yəni Bəxtiyar Vahabzadə həmişə bilib ki, çörəyi hardan çıxır. Gülüstan poeması isə gənclik lotuluğu olub. Hərçənd 35 yaşlı universitet müəlliminə lotuluq yaraşmaz…

gÜlÜstan

İndi kim Gülüstan müqaviləsindən kim narazıdırsa, baxsın Cənubi Azərbaycana. 1812-ci ildə İran Rusiyaya qalib gəlsəydi, bizim şimal əraziləri həmişəlik keçərdi İrana. Biz İranın içində dövlət qura bilərdikmi? Yox! Cənubda otuz milyona yaxın azərbaycanlı var, onlar nəinki dövlət qura bilmirlər, hətta bir məktəb də aça bilmirlər…

Şimalda pis-yaxşı dövlətimiz var. Düzdür, parlamentimiz yoxdur, məhkəməmiz yoxdur, məmurlar oğrudurlar… Ancaq dövlət var, ruslar açan akademiya da var, ruslara yaradan kinostudiya da var, ruslar yaradan (Tuqanov!) teatr var… Məktəblərimiz var, mətbuatımız var. Televiziya da var, hərçənd gecə-gündüz yalan danışır…

Bəli, xalq aralı düşüb. Ancaq xalq həmişə birləşə bilər (buna tələsmək lazım deyil, 1990-cı ildə İran sərhədini dağıdanlar başıpozluq edib, İranı düşmənə çeviriblər). Ancaq Gülüstan müqaviləsi olmasaydı, biz Rusiya imperiyasının tərkibinə keçməsəydik, heç bir dövlət-zad olmayacaqdı…

Bunu azərbaycanca yazıram ki, ruslar oxumasınlar. İndi lazım deyil. Putindən sonra, Rusiyada demokratik rejim yarananda ruslarla oturub Gülüstan müqaviləsinin şərəfinə araq da vurmaq olar…

 

P.S. Poemanın bədii xüsusiyyətlərini ayrı yazıda təhlil etmək olar. Bir beyt:

“Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?”

Universitet professoru bilməyib ki, “cəsəd” ərəbcə ölü bədəndir…

X.X.

14.01. 2019

Samara

 

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: ALLAH KQB-YƏ LƏNƏT ELƏSİN

İndi Londona Azərbaycanın oliqarxları və başqa boynuyoğunları və belinazikləri gedirlər. Sovet vaxtı Böyük Britaniyanın paytaxrtına sovet şair və yazıçıları səyahət edirdilər. Ordenli, mükafatlı Azərbaycan şairlərindən də bir neçəsi Londonda olub və hər dəfə yəqin KQB-nin tapşırığını yerinə yetirərərk Britaniya iimperilaizmini damğalayan şeirlər yazırdılar. Səməd Vurğun şəxsən babası Şaumyanın intiqamını alaraq Çörçillə ziyafətdə əlbəyaxa olmuşdu. Əliağa Kürçaylı Kiplinqin qəbrinin üstünə getmiş, mərhumu çağırıb demişdi ki, “kişisən, çıx, danışaq…”

Bəxtiyar Vahabzadə Londona 1978-ci ildə gəlib. Londanda Vahabzadəni ən çox sarsıdan demokratiyanın çatışmazlığı olub. Bizim azərbaycanlıya da çörək vermə, su vermə, havasını al, ancaq demokratiyası olsun. Həm də 1978-ci ildə Sovet Azərbaycanında o qədər demokratiya vardı ki, insan Bakıdan Londona gedən kimi demokratiya azlığından təngnəfəs olurdu. Şəxsən özüm o demokratiyanı görmüşəm, yalan deyən…

Hə, Bəxtiyar Vahabzadə Londona gələn kimi restorana getmir, başqa pozğun şairlərimiz kimi striptiz kluba getmir, üz qoyur Hayd Parka. Görür ki, kefi istəyən çıxır kürsüyə, ürəyi nə istəyir, danışır, kimi istəyir, tənqid edir. Ancaq Bəxtiyar Vahabzadə hərif deyil, arifdir! Bəxtiyar Vahabzadə Leninlə bir kitablıq söhbət edib, onu aldatmaq olmaz!

“Bu parkdan kənarda, bağdan uzaqda

Dolaşır ölkəni müdhiş yalanlar.

Ancaq həqiqəti yalnız bu bağda

Deməyə iznin var, ixtiyarın var…”

Yəni Böyük Britaniyanı yalan bürüyüb! Doğrunu danışmağa millət, yəni Britaniya milləti qorxur!

Ah, demokratik Azərbaycan! Vaqif Bayatlı (Crakanlı) demiışkən, Xəzərbaycan!

Birdən ustadı Səməd Vurğunu yadına salır və Şaumyanın intiqamı yadına düşür:

Ölkələr dağıdıb qana batmısan…”

 Səməd Vurğununu gözündən heç nə yayınmır:

“Parkın dövrəsində dəmir çəpər var,

 Haqq sözün önünü kəsir hasarlar…”

Ah, Şaumyanın qanını tökən ingilislər! Parka hasar çəkiblər! Azərbaycanda hasar görməyən şair buna necə dözər?!

Şair bu əzəmətli şeirinin sonunda ümid edir ki, Azərbaycanda olan demokratiya haçansa Britaniyaya da gəlib çıxar…

O qədər gülmüşəm ki, gözümdən yaş sel kimi axıb. Soğan soymaq yalandır…

Allah bu KQB-yə lənət eləsin. Bəxtiyar Vajhabzadəyə  səfərdən qabaq təlimat verəndə ondan Britaniyada ən qədim parlamentin olduğunu gizlədiblər! Ondan gozlədiblər ki, Britaniyada minlərlə qəzet çıxır, televiziya, radio dövlət nəzarətində deyil…

KQB Bəxtiyar Vahabzadəyə başa salmayıb ki, Britaniyanın müstələkəsi olmuş Hindistanda dünyanın ən böyük demokratiyası yaranıb, hakimiyyə vaxtaşırı dəyişir, anqlo-sakson məhkəəsi işləyir…

KQB bunları bilə-bilə Bəxtiyar Vahabzadədən gizlədib…

Dağılasan, ay KQB, necə ki, dağılmışdın, Putin yenə səni bərpa elədi…

Ancaq Bəxtiyar Vahbzadənin şeiri çox gülməlidir. Hərçənd Hay Parka yox, strip kluba getsəydi, bundan yaxışı şeir yazardı. Rəsul Rza kimi: “Məmələrin yerpənək…”

Oyununuz olsun, ay Azərbaycan sovet şairləri…

04. 01. 2019

Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ. “SƏNİN GÖZƏL GÖZLƏRİNƏ “BEŞ VERİRƏM…”

Müsəlmanlıqda, xristianlıqdan fərqli olaraq, möminin boynuna etiraf mükəlləfiyyəti qoyulmur. Xristian bütün ömrü boyu mənsub olduğuğu kilsəyə, təhlim olunduğu ruhaniyə öz qüsur və günahları haqqında hesabat verir. Xristian üçün kamillik yalnız İsaya aiddir, hər bir sıravi xristian qüsurlu və günahkardır və daimi günahkarlıq hissi xristiandan buna görə də həqirlik tələb edir. Müsəlman tövbəsi, əlbətttə, xristian etirafından fərqlidir. Müsəlman hansı gündənsə hansısa pis vərdişini dayandırmağı tövbə sayır, günahkarlıq hissi – aiə üzvləri qarşısında, icma üzvləri qarşısında – ona yaddır.

Bu, əlbəttə, ədəbiyyatın da təbiətini əsaslı surətdə müəyyənləşdirir.

Rus ədəbiyyatının ən yaxşı nümunələrində müəllif bütün qəhrəmanlarında var. Nümunəvi pravoslav yazıçı sayılan Dostoyevckinin qəhrəmanı, rahib əbası geyən Alyoşa Karamazov birdən deyir ki, “mən bəkə heç Allaha inanmıram”.

Bu, mömin Dostoyevskinin öz şübhələridir.

Müsəlman yazıçı özünü inadla, səylə öz qəhrəmanından ayırır. “Baxın, mənim qəhrəmanım alçaqdır, qorxaqdır, rəzildir, ancaq onunla mənim aramda ümumi heç nə yoxdur…”

Mən bir vaxt Anarın “Macal” povestindən diplom işi yazmışam. Anar oxucunun onu öz sürüşkən qəhrəmanı ilə eyniləşdirməməsi üçün dəridən-qabıqdan çıxır. Ancaq Anara etirafçılıq, günah hissi xas olsaydı, bugünkü deqradasiyaya gəlib çıxmazdı. Günah hissi, bundan doğan daimi narahatlıq şəxsiyyəti deqradasiyadan qoruyan güclü conservantdır…

Bəxtiyar Vahabzadəni sevənlərə elə gəlkir ki, bu şair bütün şüurlu həyatı ərzində özünü açıb-dağıtmaqla, oxucu qarşısında günahlarını etiraf etməklər məşğul olub.

Belə deyil! Bəxtiyar Vahabzadə daim oxucunun gözünə kül üfürüb.

“Səhvlərim. Səhvlərim” şeirinə baxaq.

Oxucu bu şeirdən etiraf gözləyir, şairdən onun konkret səhvlərini və günahlarını eşitmək istəyir və eşidir də. Ancaq oxucu hipnoz altındadır. Heç bir səhv, günah etirafı yoxdur. Şeir etirafa hazırlıq kimi başlayır, şair diz çökmüş kimidir, indicə başlayacaq, açacaq sandığı…

“Salıb məni əzablara

Mənə gendən baxırsınız bir yad kimi”.

Biz nə eşidirik? Şair əzab çəkir. Biz onun halına yanırıq. O bizim gözümüzdə daha da ucalır.

Sonra məlum olur ki, şair səhv-zad eləməyib. Səhv adlandırdığı şeylər əslində onun ləyaqətidir. Çünki dilini saxlaya bilməyib, ürəyində olanı gozlətməyib, danışıb…

Yox, şair, nahaq əzab çəkirsənmiş! Bu məgər səhvdir? Bu, igidlikdir! Şücaətdir!

Məni istəyən buna xələt… yox, qonorar versin!

Sonrası maraqlıdır. Sonra müəllif əsil müsəlman, azərbaycanlı təbiətini göstərir.

“Adam var ki…”

Aha! Barmağıyla göstərdi! Siz ora baxın, ora, orda “adam var ki…”

«Adam var ki, ömrü boyu

 Dodaqları təbəssümlü

 Təbəssümü,

Bir pay kimi paylar sənə, paylar ona, paylar mənə…

Dili ilə ürəyinin arasında

Yüz-yüz illik yollar durur.

Dodağında güllər açıb

Ürəyində kollar durur….”

Kollar durur! “Adam var ki…” Və o adamı, türkün məsəli, Bəxtiyar Vahabzadə hamıya məlum olan dar bir yerə salıb çıxarır…

Bəs özü?

“Bir dəryaca kədərimdir

Bir damlaca səhvim mənim…”

Eşitdiniz? Bəxtiyar Vahabzadənin səhvi bəlkə də olub. Ancaq bircə damla!

Əzabı isə bir dərya!

Buna görə Bəxtiyar Bəxtiyardır!

Necə qan ağlamasın daş bu gün…

Sonra açıq tərifə geçir:

“Yıxılıram, əyilmirəm!”

“Mən könlümün öz səsiyəm!”

Bəh-bəh!

Sonuncu misra lap fıştırıqdır:

“Mən səhvimdə səhvsizəm!»

Gördünüz? Sovet şairi  olsa da, tamamilə müsəlman əxlaqlı insandır. Bir qram xristianlıq qarışığı yoxdur. Nə bilim Tolstoy, ət yemirəm, əsərlərimin müəlliflik hüququndan imtina edirəm, siyasi dustaqların müdafiəsinə qalxıram, irticanı pisləyirəm, baş götürüb evdən gedirəm…

“Mən səhvimdə səhvsizəm!”

Bəli!

Bəxtiyar Vahabzadə demir ki, Səməd Vurğunun cəfəng yaradıcılığından iki cəfəng dissertasiya yazıb, univesitet professoru olub, Leninə poema yazıb SSRİ dövlət mükafatı alıb yeyib, milli teatrsa cəfəng pyeslər sırıyıb, filologiya fakultəsindən əlli il ərzində beş min savadsız məzun buraxıb ki, gedin azərbaycanlı balalarını yaman günə qoyun…

Bu yazını bir tələbəlik xatirəsiylə bitirirəm.

1980-ci ilin yanvarı İxtisas kursundan imtahan veririk. Bəxtiyar Vahabzadə bilet-zad çəkdirmir. Heç bilet də gətirməyib. Qaldırır ayağa, baxır qiyabiçinin ora-burasına, qiymət yazır.

Sevinc! (gözəl bir gəlin idi, familyası yadımda deyil)

— Sevnic sənsən? Sənin nə gözəl gözlərin var! Sənin elə gözəl gözlərinə “beş” yazıram…

05.01. 2019

Samara

 

DİLİMİZ: HEYDƏR ƏLİYEV VERSUS BƏXTİYAR VAHABZADƏ

BAXTİYAR

Bəxtiyar Vahabzadə ilə Heydər Əliyev arasında dilin adı ilə bağlı mükaliməni lap bu yaxınlarda, həm də təsadüfən gördüm. Bəxtiyar Vahabzadəni tanımasaydım, yəni bioqrafiyasının ən vacib faktlarını bilməsəydim, deyərdim ki, Əliyevin hüzurunda tribunadan danışan adam orta təhsilli, ordan-burdan arabir oxuyan, heç bir sistemli biliyi olmayan ahıl bir kişidir.

Bəxtiyar Vahabzadə filologiya elmləri doktoru, professor idi!

“Bəxtiyar Vahabzadə müəllimim olub” deməyə tərəddüd edirəm, mən iniversitetdə qiyabi oxumuşam, və Bəxtiyar müəllimin cəmi beş ya altı dərsindən, səhv etmirəmsə, ikisini mən buraxmışam, birini də o. Məndə o üç dərsdən yaranmış təsəvvürə görə, Bəxtiyar Vahabzadəyə oxumuş, savadlı adam demək olardı, ancaq yüksək təhsilli, yüksək akademik təhsilli adam yox. O. Azərbaycan dövlət universitetində 50-ci ilərin əvvəlində oxumuşdu, bəxti gətirmişdi ki, bir şeiri elə birinci kursdan Səməd Vurğunun xoşuna gəlmişdi. Lenin ordenli xalq şairi sütül tələbəni kitabsız-zadsız Yazıçılar İttifaqına üzv keçirmişdi. Bundan sonrakı həyat Vahabzadə üçün olmuşdu yağ içində pendir. Universiteti qurtarıb orda da qalır, əvvəl Səməd Vurğundan bir dissertasiya yazıb olur elmlərin namizədi, bir az sonra Səməd Vurğundan ikinci dissertasiyanı yazıb olur elmlərin doktoru və professor. Başı bir dəfə yüngülcə ağrıyıb, “Gülüstan” poemasına görə. Əslində ağryan qəzet redaktorunun başı olub… Bəxtiyar Vahabzadəninsə hər il bir neçə kitabı çıxıb, cəfəng pyesləri akademik teatrda oynanılıb, özü də elmlərin doktoru və professor! Yüksəs statuslarla, yüksək mükafatlarla təpədən dırnağa zirehlənmiş canlı klassik! Kim onun qabağında bir söz deyə bilərdi? O haçan, kiminlə polemikaya girişmişdi, debata çıxmışdı? Onun dissertasiyalarına, məsələn, kim nə deyə bilərdi? Onun dissertasiyalarını tənqid Səməd Vurğunun tənqidi olardı, Səməd Vurğun haqqında sovet dağılana qədər kim gldən ağır söz deyə bilərdi?

Azərbaycan parlamentində Heydər Əliyevlə mükalimə Bəxtiyar Vahabzadə üçün, yəni eləmlərin doktoru, professor, akademik üçün ilk elmi polemika idi. Mövzu formal cəhətdən dil olsa da, bərabər dərəcədə və bəlkə də ondan artıq ədəbiyyata aid idi.

Dilimiz necə adlanmalıdır?

Ümumiyyətlə, bizim dilimiz varmı? Və ya Azərbaycan dili bolşevik fantaziyasıdır, bizim dilimiz yoxdur, yəni müstəqil dilə layiq deyilik, layiq olduğumuz osmanlının dialektidir.

Belə?

Və ömründə ilk dəfə özü də gözləmədən elmi polemikaya girən Bəxtiyar Vahabzadənin necə kəmsavad olduğu, miskinliyi, səviyyəsizliyi göründü. Həm də məlum oldu ki, Bəxtiyar müəllim yalan danışmaqdan da çəkinmir. Əslində bu, çoxdan məlum idi. Bəxtiyar Vahabzadə “Lenin” poeması boyda yalan yazıb, bir ətək Dövlət mükafat alıb, yeyib, üstündən də su içib. Bunu kimi bilmirdi?

Və, yeri gəlmişkən, o parlament zalında oturanlardan yalan danışmayanı vardımı?

Bəxtiyar Vahabzadə Yusif Səmədoğlunu qınayır ki, o, “türk dilini qırx faiz başa düşür”. Ancaq şübhəm yoxdur ki, Bəxtiyar Vahabzadənin özü də türk dilini qırx faizdən çox başa düşməyib, və onun filologoya fakultəsindəki həmkarları arasında türkü qırx faizdən çox başa düşən adamlar az olub.

Əgər söhbət bazar, məhəllə danışığından, serial replikalarından yox, ədəbi türk dilindən gedirsə!

Türk dili, əlbəttə, xarici dildir!

Bəxtiyar Vahabzadə deyir: “İyirmi-otuz il keçəndən sonra çox adam deyər ki, elə “ov” da bizim olub”.

Niyə də deməsinlər? “Zadə” bizimdirsə, “ov” da bizimdir. Yaxud, əksinə, “ov” bizim deyilsə, “zadə” də bizim deyil!

“Kitab”, “məktəb”, “gül”, “bülbül” bizimdir?

Bəxtiyar Vahabzadə deyir ki, heç olmasa, mötərizədə yazaq “Azərbaycan türkcəsi”.

Heydər Əliyev deyir a kişi, adın professordur, akademikdir, sənə vermədiyim mükafat qalmayıb, danışığına fikir ver, nəcə yəni mötərizə? Dünyada hansı dilin adında mötərizə var? Təxminən belə deyir. Mənə elə gəlir ki, Heydər Əliyev Bəxtiyar Vahabzadənin miskinliyini yaxşı görürdü, ona görə tribunada ayaq üstündə saxlayıb ibtidai sinif şagirdi kimi başına ağıl qoyurdu.

Heydər Əliyev, unutmayaq, ilk təhsilinə görə ibtidai sinif müəllimi olub!

2

Heydər Əliyev Bəxtiyar Vahabzadəni dərindən fikirləşməyə dəvət edir. Deyir ki, biz dilimizi “Azərbaycan türkcəsi” adlandırsaq, belə çıxacaq ki, o, türk dilinin dialektidir.

Sonra davam edir: “Onda millətimiz nədir? Azərbaycan türkü? Özbək niyə demir ki, mən “Özbəkistan türküyəm”, tatar niyə demir ki, “mən Tatarıstan türküyəm?”

Heydər Əliyev tamamilə haqlıdır, hərçənd məsələyə dil ya tarix problemi kimi baxmır, siyasi problem kimi baxır.

Heydər Əliyev yetmiş yaşında, 40 ildən çox kommunist partbileti gəzdirib Kreml tabeçiliyində işləyəndən, tabeçiliyin hər cür şirin-acı məziyyətlərini görəndən sonra özü də gözləmədən müstəqil dövlətin, BMT üzvü, beynəlxalq hüququn subyekti olan dövlətin başçısı olub. Heydər Əliyev yaxşı başa düşür ki, xüsusən Azərbaycan kimi ölkədə dil dövlətin onurğa sütunudur. Azərbaycan dilinin “türk dili” adlandırılması milləti ən mühüm atributdan mərhum edir, Azərbaycanın əvvəlcə dil, mədəniyyət sahəsində, sonra isə siyasi cəhətdən Türkiyə tərəfindən udulması üçün zəmin hazırlayır, hələlik isə sanki tarixi anlaşılmazlıq nəticəsində metropoliyadan aralanmış Türkiyə əyalətinə çevirir.

Heydər Əliyev bütün bu sitüasiyanı bütün incəlikləri ilə görürdü və həmiçinin onu görürdü ki, dilin “türk” adlandırılması onu Türkiyə rəhbərlərinin yanında əyalət başçısına çevirir.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonrakı ilk illərdə televiziyada, mətbuatda Azərbaycan dilinin başına nə oyun gətirildiyini yaxşı görmüşdü. “Dilin adını “türk” qoymaqla biz onu osmanlı türkcəsinə çevirmiri ki” deyənlərin fitnəsi onu aldada bilməzdi.

Çevirirsiniz, cənablar! Yox, “cənablar” yox, lotular!

Bilmirəm, özü, ata-babası, qardaşları qatı şiə adları daşıyan Heydər Əliyevlə osmanlı arsında qismən də olsa şiəlik dayanıbmı? Hər halda Azərbaycan etnikliyində şiəlik elementinin tarixi vacibliyini yaxşı başa düşməliydi.

Hüseyn Cavidi, məsələn, nə naxçıvanlılıq, nə şiəlik osmanlılığa aşiqlikdən saxlaya bilmişdi. Güclü dramaturji istedadlı, ancaq zəif şair olan bu insan Türkiyəyə ayaq açan kimi başına fəs qoyub ata-babalarının danışdığı dilə arxa çevirmişdi. İndi o, həqiqəti desək, nə türklərə lazımdır, nə azərbaycanlılara. Mən Cavidi onun yazdığı dildə oxumya bilmirəmsə, ya höccələyə-höccələyə oxuyuramsa, onu necə Azərbaycan şairi saymalıyam?

Cəbhə hakimiyyəti dövründə Salyanda tələsik Leninin heykəlini söküb elə onun postamentinin üstündə Əli bəy Hüseynzadəyə heykəl qoydular. Ancaq salyanlılar (oxuyanları) həmişə naxçıvanlı Cəlil Məmmədquluzadəni oxuyacaqlar, yerliləri Əli bəy Hüseynzadəni yox. Çünki Cəlil Məmmədquluzadə salyanlıların dilində, yəni Azərbaycan dilində yazıb, Əli bəy Hüseynzadəni oxumaq üçün gərək yanında tərcüməçi ola.

Bəxtiyar Vahabzadə deyir ki, türk ədəbiyyatını tərcümə eləmək lazım deyil, çünki iki dil arasında fərq yoxdur.

Bunu deyəndə gərək onun qabağına Orxan Pamukun bir romanını qoyub deyəydilər ki, oxu və cümlə-cümlə izah elə…

Ya da Cümhuriyyət qəzetindən analiytik məqaləni…

Deyir ki, “mənim kitablarımı Türkiyədə tərcüməsiz çap edirlər, hamı da oxuyur”.

Çap edərlər, əlbəttə. Ancaq çoxmu oxuyan var? Məsələn, bunu: “Ürək pıçıldayır dodaqlar kimi”. Dodaqlar kimi!… Təsəvvür edin ürəyin dodaqlarını. Animasiya…

Ya da “Lenin” poemasını…

Bəxtiyar Vahabzadə and-aman eləsə də ki, Azərbaycan dilinin özünü yox, yalnız “türk”lə əvəz etmək istəyir, bilmədən həqiqi məramını büruzə verir. Heydər Əliyevə ərəb ölkələrini xatırladır, deyir ki, dövlətlər çoxdur, hamısı dilinə “ərəb” deyir.

Bəli, ona görə hamısı “ərəb” deyir ki, ərəb ölkələrinin hamısında dövlət dili ərəb dilidir. Yəni eyni dil işlədirlər. Türkiyədə və Azərbaycanda işlədilən dillər isə müxtəlif dillərdir. Ona görə eyni adı daşımaqları absurd və siyasi cəhətdən təhlükəli olar.

Azərbaycan xalqı öz dilinə “türk” deyəndə Azərbaycan dövləti yox idi, yəni dil dövlət atributu deyildi, buna görə də siyasi yük daşımırdı.

Bunları mən özümdən deyirəm. Heydər Əliyev isə çexləri və slovakları misal gətirib deyir ki, onlaın dilləri daha yaxındır, ancaq hər dilin öz adı var…

Bəxtiyar Vahabzadə suyu süzülmüş halda tribunadan düşüb getməyə icazə istəyir. “Heydər müəllim, olar mən gedim?…”

İbtidai sinif…

Mən bilmirəm niyə iyirmi ildən çox vaxt keçəndən sonra deputatlar bu məsələni qalrırırlar. Azərbaycan dilinin adını dəyişmək çağırışlarında., onun türk dili ilə eyni olduğunda təkid edən iddialarda Azərbaycanın dövlət suverenliyinə həmlə cəhdi kimi baxmaq və hətta dövlət xəyanəti kimi qiymətləndirmək olar. Və belə çağırışları hökmən qanunvericilikdə kriminallaşdırmaq lazımdır.

Azərbaycanın dövlət müstəqilliyi aldığı otuz ilə yaxındır. Əgər indi də millətin bir hissəsi dövlətin dilini başqa bir dövlətin dili ilə əvəz etmək istəyirsə, kənardan baxanların bizim ölkəyə “failed state” deməyə əsasları var. Parlamentdə illərlə oturub qarınlarını yekəldən bu harın kişilərin içində müharibə veteranları yoxdur, onların uşaqları cəbhə bölgəsinə getmirlər, fəhlə-kəndli balaları isə belə əqidəsizlərin və şərəfsizlərin firavan həyatının keşiyində dururlar, həyatlarını itirirlər… Bunlar isə dövlətin açarını elə sabah Erdoğan kimisinin birinə verməyə hazırdırlar…

Varlı sponsor axtaran fahişələr kimi bizdə də çox arvadlar və kişilər osmanlıların dallarına-qabaqlarına özlərini sürtürlər, çünki özlərində nəinki uğurlu millət qurmağa, hətta təsadüfən əllərinə düşın dövləti, yəni ondan qalanı da saxlamağa qeyrətləri yoxdur…

Və bu hörmətsiz arvadlara və kişilərə xatrlatmaq lazlımdır ki, məsuliyyətsiz “biz türkük” mantrası bizi ümumqafqaz, ümumiran irsindəm mərhum edir. Biz ancaq azərbaycanlı olmaqla Qobustan rəsmlərini özümüzünkü saya bilərik. Biz ancaq azərbaycanlı olmaqla Zərdüşt irsinə iddia edə və özümüzü Nizaminin, bütün İran və İslam mədəniyyətinin varisləri saya bilərik. Qobustan rəsmlərini türklər çəkməyiblər, ya da gərək o qayaları onlar Sibirdən, Altaydan dallarına sarıyıb gətirəydilər. Xalqın tarixini Mirəli Seyidovun nağılları, qondarma turançılıq cəfəngiyyatı əsasında qurmaq olmaz. Kim tarixi belə qurmağa çalışırsa, ancaq dünyanın elmli və sağlam fikirli adamlaını bizə güldürür…

 

02-03.10. 2018

Samara

 

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: KARQULAQ KAİNAT VƏ «ATƏŞLƏR YURDU»NUN FƏLSƏFƏSİ….

Azərbaycan xalqı Segahı o qədər çox sevir ki, bütün muğamlara “Segah” deyir. İndi bilmirəm, sovet vaxtları toyda bozbaş suyuyla yarım litr ağ nöyüt qarışıqlı araq vurmuş bir eloğlıumuz toyxana dirəklərindən tuta-tuta gəkib dururdu xanəndənin qabağında, cibindən əzik bir kağız çıxarıb uzadır və deyirdi: “Əmioğlu, al bu beşliyi, yaxışı bir Çahargah təsnifi” oxu, özü də segahıynan…

Bəxtiyar Vahabzadənin “Habil segah” şeirini oxuyanda bunu xatrladım, əvvəlcə güldüm, sonra məni ağlamaq tutdu…

Əlbəttə, gözəl Azərbaycan xalqımız indi Ştirlisin mahnisını da Segah adıyla toyda çaldırıb oynayır, xalqla işimiz yoxdur. Ancaq Segah Segahdır. Bəxtiyar Vahabzadənin “Habil segah” şeirini oxuyanda isə nədənsə adamın qulağında segah yox, ayrı şeylər səslənir.

“Kəmanə kamana toxunan zaman

Tufanmı hayqırdı, selmi çağladı?”

Segahda tufana bənzərlik var? Axı Segah Vaqner üverturası deyil, Şostakoviç simfoniyası deyil. Tufan hara, Habil-segah hara…

Sonra Bəxtiyar Vahabzadə iddia edir ki, bir qolun (kamança qolunun) üstünə “Nəsimi üsyanı, Vaqif nəvası cəm olub”.

Nəsimi üsyanı nədir  və “Habil segah”ın harasındadır? “Vaqif nəvası” nədir?

Qolda, əlbəttə, Əslinin hıçqırığı, Kərəmin yanmağı var. Və azərbaycanlı şairinin qafiyəvbazlığını bilən hər kəs üçün şübhə yixdur ki, şair tez-tez “qol” deyirsə, gec-tez “yol” da deməlidir.

“Aylara, illərə, qərinələrə

Bölünən tarixin yoludur bu qol”.

Bir şey başa düşdünüz? Əgər Habil-segah bizim tariximizin yoludursa, niyə indiyəcən inildəyə-inildəyə qalmağımızın səbəbi aydındır…

O enən, o qalxan səslər, avazlar…”

“Səs” nədir, “avaz” nə? «Çör»lə «çöp» kimi?

“Kamanın bağrında ağaran tozlar…”

Kamanı gözümün qabağına gətirdim, onun bağrını təsəvvür etməyə çalışanda dolaşdım, yəni “ağaran tozlara” heç gedib çıxmadım…

Burası yaxşıdır, oxucu gülməkdən cırılır:

“Bu səs, ilk atamız qoca Adəmin

Təklikdən gileyi, şikayətimi?”

Gəlin filoloq-professorun bu beytini təhlil edək: Necə yəni “ilk atamız”? Niyə “Qoca Adəm”? Qoca Adəm niyə o qədər oğul-uşaqla təklikdən darıxmalıydı? Elə cavan olanda da  Həvva Adəmin yanında deyildimi?

“Bu səslər danışır bəlkə də bizə

Atəşlər yurdunun fəlsəfəsindən….”

Bəlkə danışır, bəlkə danışmır… “Atəşlər yurdu”…. Gör hara getdi çıxdı… Kamaança dünənəcəm ikisimli olub. Üçüncü simi, eşitdiyimə görə, Aqacanişvili adlı bir erməni artırıb…

Sonrasına baxın:

“Bu səsin oduna, deyirəm, görən

 Niyə bütün səslər yanıb kül olmur?”

Aha! Doğrudan da: niyə?

Sonra yenə şairdə yenə qafiyə pristupu başlanır: yaradır, qaradır…

“Bağrımın başında yaradır bu səs

Lalənin köksündə qaradır bu səs…”

Deyirəm ki, bu cəfəng şeirdən sonra gözəl sənətkar Gabil Əliyevə nəsə oldu, başladı “Cücələrimi”i çalmağa… Ona görə bu şeiri gərək kamançaçılar oxumayalar, ya başları xarab olar, ya ayrı yerləri…

Sonrası:

“Kardır qulağı kainatın da,

Eşidə bilsəydi suya dönərdi…”

Kainatın suya dönməyi necə olur? Bayaqdan yer-göy yanırdı…

Sonrası:

“Sonsuz kainatın sonsuz qatında

 İşıqsız ulduz da şölələnərdi”.

Yaxşı, kainat suya dönübsə, orda “işıqsız ulduzlar” da necə şölələnərlər?

Sonra:

“Odun atəşinə od şan-şan olur”.

Bunu fllooloq-professor yazır! Kül tələbələrinin başıəna!

Sonra Baxtiyar Vahabzadə üzünü tutur birbaşa xalq artisti Habil Əliytevə:

“Niyə yandırırsan atəşsiz bizi?”

İnsan yanırsa, atəş içində deyil?

Şeir çox uzundur, mən orasından-burasından götürdüm ki, mənim yazılarımla maraqlanan  iki cüt bir tək oxucunu da bezdirməyim. Ancaq Bəxtiyar Vahabzadə uzun yazmaqdan çəkinməyib, məsələ onda deyil ki, fanatı çox olub. Əsil məsələ ondadır ki, sovet hökuməti bi cəfəngiyatın hər misrasına şairin özü ağırlıında pul verirdi.

Belə hökumət necə dağılmayaydı?

Meydan vaxtı da Bəxtiyar Vahabzadə çıxdı tribunaya ki, bəs mən sovet hökumətindən narazıyam…

A kişi, insafın olsun! Sovet hökuməti sizi boğazacan yedirtdi, sən niyə narazı olursan…

30.12. 2018

Samara

 

BİR FACEBOOK İSTİFADƏÇİSİNİN TƏKLİFİ İLƏ «NƏDƏN OLDU» MAHNI MƏTNİNİN TƏHLİLİ

Mahnı sözləri, onlar hazır musiqiyə yazılıbsa, bir qayda olaraq nəinki yüksək poeziya deyil, onlar ümumiyyətlə poeziya deyil. Sadəcə musiqinin söz müşayiətidir. Ona görə mahnı sözlərinə ciddi yanaşmağa dəyməz. 
Baxaq təklif etdiyiniz mətn.
“Yarım birbaş gedən oldu”.
Səhv ifadədir, əslində “o gedən oldu” düzdür. Birbaş prokurorun üstünə gedərlər, birbaş Əliyevə yazarlar. Yəni ki, “birbaş”da yön anlayışı var – haraŞ kinin üstünə. Müəllif bu sözü heca doldurmaq üçün soxub.
“Əhddən, diləkdən ayrı düşmək” – bu necə olur? Əhd pozula bilir. 
Sonra deyir “ürək deyil, bədən oldu”.
Dilək ürəkdə deyil? Ürək ayrı düşməybsə, diləkdən necə ayrı düşür?
“Nədən”, “bədən” qafiyələri, əlbəttə, qulağı qıdıqlayır…
“Yaranmışıq məhəbbətdən”.
Nə mənada? Yəni valideynlərin yaxınlığı sevgi ilə olub? 
Cəfəng misradır…
“Gözüm yaşı dən-dən oldu”…
Belə misraya görə, Çexovun ifadəsinə görə, müəllifi kötəkləmək lazımdır… Yox, darvazamızı fələk vurubdu…
Yəqin mən də cavanlıqda bu mahnını sevmişəm, bəlkə haçansa, gözüm yaşı “dən-dən” olub da… Bəlkə də yaşdandır, ya ayrı şeydən, boynuma alım ki, daha belə mahnılara qulaq asa bilmirəm. Xüsusən türklər özlərini əzidirə-əzdirə, inildəyə-inildəyə oxuyanda adamın əti tökülür…
O ki qaldı Azərbaycanın ayrılığı məsələsinə… Uydurmadır…Sovet dövrünün hərbi lətifəsi var: Zampolit əsgərlərdən soruşur: bu daşa baxanda nə fikirlərşirsiniz? Deyirlər kommunizm, beynəlxalq sülh, beynəlxalq həmrəylik… İvanov deyir: «А я думаю о бабе». «Почему ты о ней думаешь?» «Потому что я всегда о ней думаю..»

08.01. 2019

Samara

Реклама

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: RƏHİM QAZIYEVİN ÖLÜMÜ VƏ TARLARIN ŞÜCAƏTİ

Vaqif_Bayatlı

Məlumdur ki, şair Vaqif  Bayatlı əvvəllər “Cəbrayılzadə” təxəllüsü ilə tanınıb. Cəbrayəl Vaqifin atasının ya babasının adı deyil, doğulduğu yerin adıdır.Və bu da məlumdur ki, ermənilər Cəbrayılı işğal ediblər. İğal edən kimi də kirvələr guya  Vaqif Cəbrayılzadəyə  xəbər göndəriblər ki, kirvə, gərək sən təxəllüsünü dəyişəsən. Çünki Cəbrayıl daha Cəbrayıl deyil, Crakandır. İndi sən ya gərək Crakanzadə olasan, ya da ayrı təxəllüs götürəsən, “Cəbrayılzadə” bizim suverenliyimizə toxunur, tez elə, yoxsa tutub mələdərik…

Hörmətli şairimiz də xeyli fikrə gedir. Güzgü qabağında durur, bulvara çıxıb var-gəl edir, öz-özünə “Crakanzadə, Crakanzadə” deib təkrar-edə edə iki üç gün yatmır. Görür ki, nəsə Crakanzadə ürəyinə yatmır. Qədim türk kitablarını xeyli vərəqləyib özünə “Bayatlı” təxəllüsü seçir…

Mənə elə gəlir ki, bu, yalandır, hansı bədxahın, paxılın, başı xarabınsa uydurmasıdır. Vaqif ermənidən qorxan oğullardan deyil. Qarabağa həsr etdiyi bir şeiri oxusanız, özünüz görərsiniz ki, Vaqifdə nə qədər cəsarət var.

Şeir Qarabağa övzusunda yazılsa da, tara, Şuşa tarına həsr olunub. Şeir fmüsibət kimi başlanır. Çünki Vaqif bayatlı elə bilirmiş ki, Şuşa alınanda Şuşa tarı da həlak olub. (Elə belə də yazır, Yzıçılar birliyinin İdarə heyətinə and olsun!) Sonra bilir ki, tar sağdır.

«Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,

mən elə bilirdim, Sən də o zaman

Şuşada həlak olmusan?!»

Dalı çox maraqlıdır, indiyəcən bu şeirin dalından maraqlı şeirin dalınan maraqlı şey oxumamışdım. Erotika-zad işi deyil.

Vaqif Bayatlı (Crakanlı) yazır ki, onlarla tar Şuşanı qorumağa qalxıblar (bu yəqin Rəhim Qazıyev başına güllə çaxandan sonra olub).

“Hamısı orada döyüşüb həlak olublar!”

Tarlar!

Darvazamızı fələk vurubdur!

Necə qan ağlamasın daş bu gün…

Vaqif Bayatlı sonra görün nə yazır:

“düşmən hələ də qorxuyla yollara baxır,

həm də onlar bizim qayıtmağımızdan çox,

Tarın qayıtmağından qorxur…”

Burda Vaqif Bayatlıdan dönə-dönə üzr istəyib onunla, türkün məsəli, polemikaya girmək arzusu yaranır (“polemika”, bilməyənlər üçün yazıram, “intim yaxınıq deyil”)

Ay Vaqif Bayatlı müəllim… yox, mühəndis! (Vaqif Bayatlı diplomlu mühəndisdir). Erməni bizim qayıtmağımızdan hardan qorxar? Biz qayıdırdıq ki, qorxa? Qayıdandıqsa, niyə qaçırdıq? O ki qaldı tarın qayıtmağına, ermənilər tarı-kamançanı çoxdan çalırlar, bunu məndən yaxşı bilirsən…

Ancaq müsibət bir deyilmiş, iki imiş. Vaqif Bayatlı elə bilirmiş ki, saz da Şuşada həlak olub…Ancaq saz həlak olmayıb.

“səni döyüşlərdə neçə yerdə şəhid olan,

bütün  şəhid ruhlarımıztək elə vurulan an

yenidən qalxıb döyüşə atılan görüblər…”

Görəsən, Şuşada vuruşan sazların içində bizim salyanlı aşıq Pənahın sazı olmayıb ki? Aşıq Pənah çox igid adam idi. Lenindən bir kitab şeir yazmışdı…

Burda Vaqif Bayatlı sazdan üzr istəyir. Deyir ki, pardon, minutoçku!

“ancaq qardaşım saz, incimə,

ağılsız sinələrdə çox ağılsız görünürsən zaman-zaman,

düş o sinələrdən, yenidən qılınctək sıyrıl, eşqtək şahlan”.

“Ağılsız sinələr! Hansı başqa bir dünya şairinin ağlına gələrdi bu? Məlumdur ki, ağıl adətən başda olur. Adətən! Bəzi insanlarda dalda da olur. Ancaq sinədə! Bu, təzə sözdür!

Ancaq mən ha çalışdım ki, sazın qılınc kimi sıyrılıb döyüşə getməyini təsəvvür edəm, alınmadı. Otağımda çox fırlandım, atıldım-düşdüm, bir şey çıxmadı, Molla Nəsrəddin kimi az qaldım başımı da yaram…

Ay Rəhim Qazıyev, niyə sən özünü öldürdün, şair Vaqif döyüşə Aşıq Pənahın sazını göndərir!

Sonra Vaqif Bayatlı üzünü tutur Azərbaycan bayrağına, deyir ki, ay bayraq, sən bizə bir əsgər doğ!

Mən bilmirəm bayraq əsgəri necə doğur. Bəlkə də doğur. Yəqin ona görə bayrağı vaxtaşırı təmirə dayandırırlar…

Vaqif Bayatlının bayrağa ikinci sifarişi budur ki, binəva bayraq bütöz Azərbaycan doğsun və bu bütöz Azərbaycan Xəzərbaycan adlansın!

Bunu oxuyanda o qədər güldüm ki, axırda sancılandım…

Sevincimdən güldüm, sevincimdən…

Bu şeirlər şeiri əslində Qarabağa yox, Qarabağdan da əziz bir şəxsiyyətə — Aqil Abbasa həsr olunub. O Aqil Abbasa ki, Azərbaycana xilas yolunu göstərib – soğan əkmək! Çox adam nahaqdan belə fikirləşir ki, Aqil Abbas 25 ildir parlamentdə götünü qızdırır və xalqın hesabına müftə çörək yeyir. Yalan və böhtandır!

Ömrünüz uzun olsun ay Azərbaycan şairləri, yazıçıları! Belə şeydən, belə zaddan çox yazın. Belə şeydən, zaddan çox yazsanız, ermənilər oxuyub  o qədər güləcəklər ki, partlayacaqlar.

Sağ olun, ay bizim bomba şairlər!

24.12. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: «S ÇEQO NAÇİNAYETSYA RODİNA…»

Vaqif_Bayatlı 3.jpg

“Qalxan və qılınc adlı sovet filmində” “Nədən başlanır vətən” mahnısı səslənir. Mahnı iki sovet yəhudisi – Veniamin Basner və Mixail Matusovski yazıblar. Vaqif Bayatlı da gözləməyəcək ki, gəlib yahidilər bizim üçün Vətən şeiri yazsınlar. Özü yazıb.

Şeir, yəvudilərdə olduğu kimi, suallarla başlayır.

“Tanrı sözü? Tanrı özü?”

Onu deyim ki, mən Vaqiflə taniş olanda o, vətəni Cəbrayıla on il idi getmirdi. Sonra da ermənilər alıb adını qoydular Crakan… Bununla işim yoxdur.

Vaqifin ritorik sualları çoxdur, yəhidi-zad işi deyil.

“Bütün kainat, bütün göyüzü, yerüzü?

Bütöv Azərbaycan? Türk dünyası, İslam dünyası?”

Belə başa düşürəm ki, Vaqin işləri düzələndən, yən yazıçılar ittifaqından ev alandan, BP-yə evlənəndən sonra Azərbaycanı birləşdirmək eşqinə düşüb, onun özünə qalsa, birləşdirib də. Bu, Nozdryovun dovşanı qovub dal ayaqlarından tutmağı kimi bir şeydir.

Dalı nə gələcək? Əlbəttə, Türk dünyası!

“Türk dünyası? İslam dünyası”?

Oturuub sayan ola, bizim həlləm-qəlləm, başıpozuq şairlərimizintutuquşu kimi  “türk dünyası, türk milləti” ifadələrini təkrarlamağıyla Azərbaycanda nə qədər ləzgi, nə qədər talış seperatçıya çevrilib. Belə şairlər gecələr arvadlarıyla ya oynaşlarıyla mazaqlaşanda, ləzgi, talış balaları səngərlərdə vuruşublar, ölüblər…

Suallar bitmir.

“Tanrıyla öyünən körpə su?”

Bayaq Tanrı özü vətən idi, indi “körpə su” vəətən oldu.

“Körpə su” nədir?

Heç nə!

Ancaq arxayıınam ki, nəinki, Vqifin nəinki bu şeirinə, hətta bu “körpə su” ifadəsinə dissertasiya yazıla bilər və həmin dissertasiya müəllifi “ədəbiyyat üzrə fəlsəfə doktoru” adını daşıya-daşıya qürürla gəzər. Azərbaycanda daşı atsan “ədəbiyyat üzrə fəlsəfə” doktoruna dəyər.

Heç fikir vermisiniz, milli alademiyada bir nəfər də rus yoxdur! Akademiyanı ruslar, yəhudilər yaradıblar..

Bu ayrı söhbətdir…

“Hamını hamıya sevdirdiyini düşünən körpə dualar?”

Başa düşdünüz?

Belə hallarda ruslar deyirlər ki, bir stəkan araq gillətməmiş belə şeyləri başa düşmək olmaz. Ancaq tərslikdən mən içən deyiləm. Ayıq başla çox çətin oldu.

Yəni burda Vaqif Bayatlı (Crakanlı) “körpə duaları” vətənə bənzədir. “Körpə dualar” nə olan şeyir və onlar adi dualardan nə ilə fərqlənir. Başa düşə bilmədim.

Bez stakana ne razberyoşsya!

Bu hələ hamısı deyil. Körpə dualar nə olan şeydirsə, onlar düşünürlər! Dualar düşünürlər!

İndi Əkrəm Əylisli özünü öyür ki, belə redaktor olub, elə redaktor olub. Bax, belə cəfəngiyatı, şizofrenik sayıqlamaları həmin Əkrəm Əylisli şələ-şələ çap edirdi. Redaktorluq müəllifə vurllmaq deyil, redaktorluq odur ki, müəllifi çağırasan kabinetinə, deyəsən ki, qurumsaq, “məni başa sal ki, “körpə duaıar” nədir və onlar necə düşünürlər!

Mən hələ Vaqif Bayatlının səngərə, əsgərə müraciətlə yazdıqlarından uzun yazmaq istəmirəm. Onlar heç gülməli də deyil, onlar iyrəncdir

“Əsir torpaqları alıb durmasaq,

Heç bir Türkün gözü bağlana bilməz”.

“Türk” – böyük hərflə…

“Əsir torpaqları almasaq…”
A kişi, vətənin Cəbrayıl tutulandan gedib erməniyə uzaqdan bir daş ataydın… Ya qardaşların ataydı… Sən əsir arvadları qaytara bilmirsən, torpaqdan dəm vurursan. Nə “türk-türk” salmısan, sən bilirsən Qarabağda, ondan sonra nə qədər talış ölüb, nə qədər ləzgi ölüb. İki il qabaq ləzgi balasının meyidini beynəlxalq təşkilatlar vasitəsiylə aldılar…

Vallah, heç gülmıli olmadı. Adam oxuduqca tüpürmək istəyir…

Millətin poeziyası budursa, kül millətin başına…

15.01. 2019

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: GÜL KİMİ TORPAĞI VERİB ERMƏNİYƏ, ŞƏHƏRİN NATƏMİZ KÜÇƏLƏRİNİ ÖPÜR…

VAQİF bAYATLI 4.bmp.jpg

Vaqif Bayatlı hələ Cəbrayılzadə olan vaxtdan əyilib “yerüzünü” öpməyə adət edib. Bakıda, məluldur ki, öpməli yer tapmaq asan deyil. Birincisi, gərək az-çox təmiz yer ola. Ancaq Azərbaycanın paytaxtında  indi natəmiz torpaq tapmaq da çətindir, bütün torpağı basıblar asfalta, mərmərə, qranitə bənd ediblər…

Qəribədir ki, Vaqif Bayatlı Cəbrayılda yaşayan vaxtlar niyə oranın gözəl torpağını öpmürmüş. İndi ürəyin istəsə də, öpə bilməzsən – ermənilər səni hara qoyar…

Vaqif Bayatlı belə hesab edir ki, yerüzünü öpən adam göyüzünü də öpür, Tanrının ətətyni də öpür, çünki Tanrının ətəyi (!) yerüzünə sallanıb.

Pardon, uzanıb…

Bəzi şeirlərində Vaqif Bayatlı torpağı öpməklə qalmır, şair üzünü torpağa sürtür. Bu prosedur ciddi kosmetik  və fizioloji nəticələr verir.

“Sürtdüm ağ üzümü
qara torpağa
Qalxdım təzə adamtək…”

Belə çıxır ki, torpağa sürtüləndən sonra şairin ağ (?!- X.X.) üzü qaralıb – təzə adam olduğunu ayrı necə başa düşmək olar?

Şair bəzən üzünü torpağa qoymaqla alın yazısına and içir:

“Qoyub alın yazımı
qara torpağa
and içdim alın yazıma”.

Başa düşmək olmur ki, şair alın yazısına niyə ayaq üstdə and içmir. Bunu güzgü qabağmda durub eləmək daha münasib olmazdımı?

Şairin yaradıcılığıyla geniş tanış olduqca görürsən ki, torpaq öpən bircə Vaqif Bayatlı deyil, torpaq öpən çoxdur, yəni torpaq öpənlərAzərbaycanda bir sektadır və bu sektanın rəhbəri də Vaqif Bayatlı. O, öz ardıcıllarını, torpaq öpənləri,  şeirində alqışlayır:

“Tanrı ətəyini yerüzündən diz çöküb

göyüzündə öpənlərin həmişə, hər an,

hamısının bir-bir, tək-tək

balaca günəşlərtək qalxan,

balaca günəşlərtək öpən alınları, öpən gözləri,

balaca günəş budaqlarıtək qatlanıb öpən,

qatlanıb günəş açan dizləri mübarək”.

Bir az mürəkkəbdir, sektaların dili həmişə mürəkkəb olur, mənası budur ki, Vaqif Bayatlı bütün diz qatlayıb torpağı öpənlərin dizlərinə “mübarək” deyir…

Pek iyi!

Yox, lənət şeytana! Çox yaxşı!

Ancaq sual çıxır: niyə Vaqif Bayatlı Cəbrayılın cənnət torpağını öpmürdü, gəlib Bakının natəmiz küçələrini öpür?

Niyə azərbaycanlılar torpağı öpməlidirlər? Torpaq öpmək elə bizə qalıb? Niyə norveçli, fin, isveçrəli torpağı öpmür? Torpağı əkərlər, becərərlər, torpaqda industrya yaradarlar, məbəd tikərlər, torpağı qoruyarlar! Torpağı verib ermənilərə, gəlib oturub Bakıda, şəhərin işəməkli küçələrini öpür…

Allahı da belə bayağı söhbətlərə qatmaq yaxşı deyil, Allahın ətəyi yerə sallanmır, çünki Allahın ətəyi yeri yoxdur, Allahın yerdə evi var, bu evinn necə adlandığı, ordan necə və nəyə təzim olunduğu, nəyin öpüldüyü də məlumdur…

Vallah, bu adam ya özünü lağa qoyub, ya bizi…

Adamın gülməyi gəlir, ancaq gülə bilmirsən…

27.12. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ. «YUPYUMURU EŞQ» — YƏİNİ DIĞIRLANMA SEKSİ?

 

Vaqif Bayatlı 3.jpeg

Qürbətdə beş il yaşayırsan, on beş il…otuz il yaşayırsan, bir də görürsən doğma vətənindən elə yadırğamısan ki, hətta öz ana dilini düz-əməlli başa düşmürsən. İndi bizim şairlərin şeirlərini oxuyanda çox vaxt girinc olub qalıram. Götürək Vaqif Bayatlının “Yupyumuru eşq ilə” şeirini. Şeirin adına baxanda mənə elə gəldi ki, mənim öz başım “yupyumuru” deyil, kvadratdır, çünki bir şey başa düşmədim: eşqin də yumrusu olar? Eşqin alovlusu, qızğını, əbədisi olur, bunu bilirik. Ancaq yumru eşq – bu necə olar?

Mənim burda çox savadlı bir rus tanışım var, ondan soruşdum ki, yumru eşq nə olan şeydir, yəni “kruqlı lyubov”. Rus alim dedi ki, söhbət seksdən gedirsə, seks üfqi ola bilər, şaquli ola bilər, missioner var, süvari var… Dedim professor, saxla, söhbət seksdən getmir, Azərbaycan abırlı bir ölkədir, Azərbaycanda seks yoxdur, Azərbaycanda eşq var. Alim dedi ki, Azərbaycanda seks yoxdursa, mənim də sözüm yoxdur…

Deməliyəm ki, başa düşmədiyim təkcə şeirin adı deyil. Düzünü desəm, şeirin əvvəlindən axırınacan bir misrasını da başa düşmədim.

“Sevir kimsə kimsəni, 
Bir kimsənin üstünə…”

Kimsə kimsəni, əlbəttə, sevər, belə şeylər olur, ancaq necə yeni “bir kimsənin üstünə”? Yəni acığına? Kimin? Qayınatanın? Qonşunun? Ermənilərin?
“Gör, ikiqat eşqdən,

Eşq eşqdən baş alan kimi…”

Yox, başa düşmək qalsın, buna heç mənim dilim də gəlmir tələffüz eləməyə…

Bunlar cəhənnəm. Məni “yupyumuru eşq” maraqlandırır. Bəlkə indi Azərbaycanda da seks var? Regional liderdir, hər şeyi var, seks niyə olmasın… “Yupyumuru eşq” bəlkə dünya xalqlarının heç birində görünməmiş bir pozadır və bunu Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri icad ediblər?

Ah, kaş bunu biləydim… Kimdən soruşasan?

“Qəmi dəmin üstünə,
dəmi qəmin üstünə…”

Mən başa düşəni, burda söhbət eşqdən yox, narkomanlardan gedir, yəni dağsu eləyib tiryək qaynadırlar…

Ah, cavan olaydım…

Ah, yenə eşqə düşəydim..

Yupyumuru eşqə…

26.12. 2018

Samara

 

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: ALAÇIQDA NƏ QAPI, NƏ PƏNCƏRƏ…

Vaqif.Bayatlı 2.jpeg

Vaqif Bayatlının “Hamıdan çox” şeirini oxudum, mərhum Vidadi Məmmədov yadıma düşdü. Tanışlığımız vaxtı Vidadi Məmmədov “Ulduz” jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinni müdiriydi, Vaqif Cəbrayılzadə isə təzəcə poeziya şöbəsinə müdir təyin olunmuşdu. Vidadin Məmmədovun tənqid və ədəbiyyatşünaslıqla şəxsi əlaqəsi dumanlı idi, mətbuatda mən onun birc məqaləsini də oxumamışdım, deyirdilər ki, haçansa bir neçə hekayə yazıb. Vaqif Cəbrayılzadə isə inşaat institutunu, səhv etmirəmsə, qiyabi qurtarmışdı. “Ulduz” jurnalının baş redaktoru Yusif Səmədoğlu, deyilənlərə görə, vaxtınnı çoxunu Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evinin (ЦДЛ) restoranında keçirirdi. Jurnal necə hazırlanırdı, kim onu hazırlayırdı, bilmirəm. Mən ora gəlib-getdiyim vaxtlar Vidadi Məmmədovla Vaqif Cəbrayılzadınin hansı müəllifləsə işlədiyini görmədim. Vaqif Cəbrayılzadə gələni acılayıb qovurdu…

Bu iki nəfərin öz aralarındakı münasibətdəsə kənardan baxan hər kəsi pərt edə biləcək eybəcərlik vardı. Vaqif Cəbrayılzadə özü adam içinə təzə çıxdığına baxmayaraq dişinə fənd hər kəsi alçaltmağa çalışırdı. Açıq şizofrenik əlamətləri olan bu adamda uzun illər sayılmamış, mərhumiyyətlərə məhkum edilmiş insanın kompleksləri vardı. O, yığdığı kini özündən zəif gördüyü hər adama qarşı yönəltməyə fürsət axtarırdı…

Vidadi Məmmədov, mənim təəccübümə rəğmən, onun açıq təhqirlərinə cavab vermirdi. Səbəbi mənə aydın deyil…

Vidadi Məmmədov mənə danışırdı ki, o vaxt Yazıçılar İttifaqının sədri olan Mirzə İbrahimovu Vaqif Cəbrayılzadə təngə gətirib. Vaqif Cəbrayılzadə İttifaqdan ev istəyirdi. Almadığına görə hər yerdə Mirzə İbrahimovu söyürmüş. (Vaqif Cəbrayılzadənin necə söyüş söydüyünün şahidiyəm: “s….m Azərbaycanımın…  a….ı” və s.)

“Məni söyür!” – deyə Mirzə İbrahimov şikayətlənirmiş…

Nahayət, Yazıçılar İttifaqı Vaqif Cəbrayılzadəyə (Bayatlı) ev verir…

“Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı, pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!”

A kişi, alaçıq bəsindisə, niyə o kişini, ağsaqqal yazıçını, Azərbaycan ədəbiyyatı qarşısında olmasa da, Azərbaycan dili qarşısında şücaəti olan adamı söyürdün?

Alaçıq…

Alaçıqda nə qapı, nə pəncərə… Alaçıq elə Afrikada da alaçıqdır…

Özü də inşaatçı mühəndis…
İosif Brodski bir söhbətində özü haqqında deyir: “Я подлец и подонок…»

Bizm yazıçı, bizim şair deyir ki, məndən qeyrətlisi yoxdur, mənim atamdan nəcibi yoxdur, mənim anamdan gözəli və şərəflisi yoxdur…

Vaşu mat…

25.12. 2018

Samara

SƏMƏD VURĞUNUN «AZƏRBAYCAN»I: CƏFƏNGİYYATLA YALANIN QARIŞIĞI

samed-stalin

 

Müəllimliyimin çoxu aşağı siniflərdə keçib. Bu siniflərdə isə “Azərbaycan” şeiri ixtisarla salınırdı. Bu şeiri mən sevmirdim. Ancaq o, geri, zəif şagirdlərin də dadına çatırdı – şeir onlar da pis-yaxşı əzbərləyirdilər. Və deyəndə sevindiklərindən elə həyəcanlanıb coşurdular ki, ən azı bir yerdə çaşırdılar:

“Sən bir uşaq, mən bir ana…”

 

Ədəbiyyatda qulağa xoş gələn çox az cəfəngiyyat “Azərbaycan” şeiri ilə rəqabətə girə bilər. Ondan başlayaq ki, bu şeirdə Azərbaycan sözü, Azərbaycana aud toponimlər dönə-dönə xatırlansa da, Azərbaycanı tanımaq mümkün deyil, müqayisə üçün deyim ki, Cəfər Cabbarlının “Ölkəm” şeirində Azərbaycanın adı çəkilməsə də, şeirin ruhundan, dilindən Azərbaycan tanınır.

 Səməd Vurğunun şeiri böyük mistifikasiya, gözübağlıcafır ki, çox adam indiyəcən onun əsarətindən çıxa bilmir. Şeir isə əvvəldən axıra qədər cəfəngiyyat və xeyli yalanın qarışığıdır.

“Çox keçmişəm bu dağlardan…”.

Buna elə iradım yoxdur. Ancaq əslində dağlardan keçmirlər, dağları aşırlar, dağlara qalxırlar…

“Durna gözlü bulaqlardan…”

Bulaqlardan keçmək – bu nədir?

 

“Eşitmişəm uzaqlardan 
Sakit axan arazları; 
Sınamışam dostu, yarı…»

Son iki misraya baxaq – çayların sakit axmağıyla dost sınamağın nə əlaqəsi var? Və sakit axan çayları müəllif hansı uzaqlıqdan eşidib və bununla nə demək istəyir? Əslində Azərbaycandan axan çaylar sakit axarlı deyil, məsələn, Volqadan fərqli olaraq. Mənim doğuduğum evi Kür aparıb – güclü axarına görə məcrasını dəyişir…

“Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır…

Hansı dağın başı qar deyil? Və Azərbaycanın üstündəki buludlar həmişə ağ olur? Və niyə ağ örpək? Ermənilərə təslim olmağa?

 

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin…”

Burda Azərbaycan tarixçiləri üçün əsil meydan açılır: Azərbaycana elə keçmiş düzəldərlər ki, elə yaş qayırarlar ki… Səməd Vurğun özü “Vaqif”də tarixi mələdib…

 

“Nəsillərdən-nəsillərə 
Keçən bir şöhrətin vardır; 
Oğlun, qızın bəxtiyardır…»

 

1933-cü ildə! Azərbaycanın oğulları, qızları bəxtiyardır! Şəhərlərdə casus, təxribatçı axtarışları, tuthatut, kənddə ziyanverici, qolçomaq axtarışları, tuthatut, güllələnənlər, Sibirə, Qazaxıstana sürgün olunanlar…
“Sıra dağlar, gen dərələr…”

Gen dərələr… Bu, ancaq Azərbaycanda olur…Başqa ölkələrdə dar dərələr olur…

 

“Bu yerlərdə limon sarı, 
Əyir, salır budaqları; 
Dağlarının dümağ qarı 
Yaranmışdır qarlı qışdan..”

 

Bəs başqa yerlərdə limon nə rəngdə olur? Qırmızı? Qara?

Dağların qarı qarlıa qışdan yaranıb – burda tavtalogiya var, qar qardan yaranıb… Bəs nədən yaranmalıydı?

 

Qafiyə xatirinə Səməd Vurğun hər cür basməmmədiyə hazırdır.

Aşıq deyər sərin-sərin, 
Sən günəşin qucağısan…”

“İsti-isti deməyin” nə olduğunu bilirik, “sərin-sərin demək” necə olur?
“Bir dön bizim Bakıya bax, 
Sahilləri çıraq-çıraq, 
Buruqları hayqıraraq 
Nərə salır boz çöllərə, 
İşıqlanır hər dağ, dərə!”

 

Buruqlar hayqırmır. Və nərə sala bilməz. Deyək ki, hayqırır və nərə salır çöllərə. Əgər nərəni çöllərə salırsa, dağ, dərə hardan işıqlandı?

«Azərbaycan” şeirinin son bəndləri Ostap Benderin kombinasiyalarını xarırladır.

“Gözəl vətən! O gün ki sən 
Al bayraqlı bir səhərdən 
İlham aldın… yarandım mən. 
Gülür torpaq, gülür insan, 
Qoca Şərqin qapısısan!”

 

Maraqlıdır, bu bəndi şeirin çap edildiyi vaxtdan keçən səksən dörd il ərzində müəllimlər şagirdlərinə necə izah ediblər? Azərbaycan “al bayraqlı bir səhərdən” nə vaxt “ilham alıb”? Bolşeviklər gələndə? Deyək ki, doğrudan da Azərbaycan bolşevik səhərindən ilham alıb. Ancaq bunun Səməd Vurğunun yaranmasına nə dəxli var? Səməd Vurğun 1906-cı ildə yaranıb. Onun yaranmasına 1905-ci ilin çar Manifesti təsir edə bilərdi. Yəni valideynləri Manifestlə tanış olub yeni bir övlad təşkil eləmək qərarına gələ bilərdilər. 1905-ci ildə Manifest, 1906-cı ildə Səməd Vurğun. Düz gəlir… Bolşevik ilhamıyla düz gəlmir…

Ancaq Səməd Vurğuna kim deyə bilərdi ki, düz gəlmir. Dalına qulaq as:

“Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan…”

Desəm ki. 1933-cü ildə insanların üzü elə də gülmürdü, deyəcəklər ki, Səməd Vurğun gələcəyi nəzərdə tutub. Bəlkə də elədir. Ancaq axı insan Azərbaycanda indi də elə gülmür…Yəni çox insanın gülməli halı yoxdur…

“Stalinin eşqiylə sən…”

“Rəhbərimin eşqiylə sən…”

“Partiyanın eşqiylə sən…”

Müxtəlif zamanlarda Azərbaycan müxtəlif eşqlərlə gülüb. İndi İnternetdə bu variantı tapdım:

“Azadlığın eşqiylə sən…”

Azərbaycan və azadlıq!

Bu, doğrudan da gülməlidir…

Bu şeiri nəsil-nəsil azərbaycanlı uşaqların iliyinə yeridirlər. Və uşaqlar şeirin içini, daha doğrusu, içsizliyini görə bilmirlərsə, bu o deməkdir ki, şeiri yazan da, onu psixoloji təmrinə çevirənlər də məqsədlərinə nail olublar – yəni ictimai-siyasi apatiya, əqidəsizlik, prinsipsizlik oynaq ritmlər altınta qana hopdurulur

Köləliyi damla-damla sıxıb özündən kənar elədiyi barədə Çexovun dediyini təkrar eləmək istəməzdim, ancaq lazımdır. Estetik zövqü və əqidəni  belə şeirlərin əsarətindən qurtarmaq vacibdir…

Dekabr 2017

Samara

AZƏRBAYCAN DEYİLƏNDƏ AYAĞA DUR… TƏKQIÇLI…

 

Mənə elə gəlir ki, Azərbaycanda Azərbaycan haqqında şeir yazmağı qadağan eləmək lazımdır. Əvvəl yazılanlardan  bir-ikisini saxlamaq olar. Məsələn, Cəfər Cabbarlının “Ölkəm” şeirini. Çünki Azərbaycanda yaşayıb Azərbaycana tərifli şeirlər yazan adamın şairliyi də, vətənpərvərliyi də şübhəlidir.

Azərbaycan şairi həmişə zarıyır ki, “ay vətən, ölsəm, torpağın olum”. Özü də öz kəndinin torpağına çevrilmək istəmir, Fəxri Xiyabanı istəyir…

Məmməd Araz qayada mamır olmaq istəyirdi. O da yəqin Fəxri Xiyabandadır. Yəqin kürəkəni Aqil Abbası da onun yanına qoyacaqlar. Üzürlü səbəbi var. Vətənini ermənilər alıblar, özü oturub məclisdə, vətən fikrini çəkməkdən başı soğan bitirib…

Qayıdaq Məmməd Araza. Onun “Azərbaycan” şeirinə.

Bu şeirdə Azərbaycan – həm qayada bitən çiçəkdir (əslində mamır olmalıdır, çünki Məmməd Araz özü qayada mamır olmaq istəyirdi), həm çiçəklər arasında qayadır…

Bu bənzətmələrdə Azərbaycan haqqında nəsə var? Bu, tamada çıxışıdır ya şeir?

“Oğulları Kür gəzdirər biləklərində…”

Kürü biləkdə necə gəzdirmək olar? Biləyin Kür gəzdirməyi onun hansı keyfiyyətini açır?

“Oğulların göz atəşi gözəl əridir…”

Bəlkə bişirir? O nə gözəldir ki, oğlanın baxmağıyla “əriyir”? Oğlan nə qədər və hansı bucaq altından baxmalıdır ki, qız ərisin? Birdən qardaşı çıxdı tindən? Özü də Kür biləkli…

«İllər olub – kürələrdə dəmir olmuşuq…»

Haçan? Pambıq, tütün, üzüm olmuşuq – bunu bilirik. Haçan dəmir olmuşuq?

“Sərhədlərdə dayanmışıq küləkdən ayıq”.

Haçan? Hansı sərhədlərdə? Bu şeir yazılan vaxtlar azərbaycanlılar Çin sərhəddində sovet sərhədini qoruyurdular. Azərbaycanın sərhədfi yox idi. Əslində Azərbaycan da müstəqil dövlət kimi yox idi…

“Od gölündə, buz çölündə gəmi olmuşuq”…

“Buz çölündə gəmi…”

“Biz Bakının ilk səadət caqrçılarıyıq”…

Biz – kim? Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi? Axı bu şeir yazılanda səadət carçısı bu orqan idi. Birinci katib də Heydər Əliyev.

Yadınızdadırsa, bəndin əvvəlində sərhəddən danışılırdı, şair sərhəddə durmuşdu, Çitada ya Xabarovsk vilayətində. İndi Bakının səadət carçısıdır. Bəndin daxilindəki misralar arasında təxmini də əlaqə yoxdur. Ya da varsa, bu, cəfəngin cəfənglə təbii yaxınlığıdır…

“Min illərlə zülmətlərə yollar açıqdı…”

Hansı zülmətlərə? Zülmətə açıq yol –  bu necə olur? Yol açıqsa da, fikir qaranlıqdır…

“Dalğalandı Sabirlərin ümman dünyası….”

Sabirlər…Dahi cəm halda…. Məmməd Arazlar ola bilər və var da. Ancaq Sabirlər… “Sabirin ümman dünyası” – bu nədir? Deyək ki, özümüzü gücə salıb bir şey təsəvvür elədik. Bəs dalğalanmağını?

Sonra şair təntənəli şəkildə məlumat verir ki, “qoca şərqin duman dünyası dağılıb” və “Azərbaycan qatarı da yollara çıxıb…”.

Niyə çıxmasın, əgər “zülmətə gedən yollar açıqsa…”

“Azərbaycan deyiləndə ayağa dur ki…”

Mənə elə gəlir ki, şair burda sözünü tam deməyib. Yəni deməliydi ki, ayağa dur, özü də təkqıçlı. Bir yarım saat. Bəlkə də çox. Azərbaycan qatarı zülmət yollarından qayıdanacan…

Vay bizim uşaqlarımızın halına…

06.03.2018

CORAB

vodevil

Yeri: dükan

İştirakçılar: dükançı və alıcı, hər ikisi ahıl

 

Alıcı.(içəri girib öskürür) Sakaməleykim!

Dükançı. Ay salaməkeykim! Xoş görmüşük səni, qağa, qulluğunda olum!

Alıcı. Qulluq sahibi olasan. Corabın var?

Dükançı. Bu nə sözdür, ə? Necə yəni corabın var? Bu ayaqqabıları görürsən?

Alıcı. Görürəm, ay qağa, niyə görmürəm, kor deyiləm ha. Mən corab soruşdum.

Dükançı. Ə, corab nə sovxadır ki, o məndə tapılmaya?

Alıcı. Ə, sovxa niyə deyirsən coraba mən almamış…

Dükançı. Qağa, sənin şübhə etməyin məni yandırır ey! Başın haqqı, əgər bir gün eşidəsən ki, bazara qılça çəxıb, bil ki, mənim dükanımdadır. Gələrsən, peşkəş elərəm.

Alıcı. Ə, qılçanı neynirəm? Allaha şükür, özümünkülərə nə gəlib?

Dükançı. Allah qılçalarına qüvvət versin, qağa! Mən demədim ki, elə indi gəl al. Şeydir də, bilmirsən haçan gərək olur.

Alıcı. Qağa, sən məni lap dolaşdırdın. Mən səndən corab istədim…

Dükançı. Ə, corab nə matahdır ki, sən onu məndən istəyəsən. Götür ürəyin nə qədər istəyir. Qızırqanan kişi deyil.

Alıcı. Qağa, sənin bir çöpün də mənə lazım deyil.

Dükançı. Nə çöp, ə? Dükan sənə peşkəşdir, başın haqqı!

Alıcı. Ə, mənim alacağım bir cüt corabdır. Bu şoğərib üçün başa and içərlər?

Dükançı. Ə, istədiyimdən içirəm dana! Millətimsən, can-ciyərimsən. Səni görəndən ürəyim şan-şan olub ey!

Alıcı. Hörmətin artıq olsun!

Dükançı. Ə, bə nə bilmisən? İndi olmazdan bura bir erməni dığası gəlib çıxa, heç mən onun başına and içərəmmi?

Alıcı. Ə, ermənini niyə gətirib bura soxursan?

Dükançı. Ə, məsəl üçün deyirəm dana! Erməni burda nə qələt eləyir? İndi qəzadır, gəlib dükanıma baş soxsa, bilirsən mən ona neynərəm?

Alıcı. Neynərsən?

Dükançı. Ə, ecə neynərəm? O burdan sağ çıxmaz ki!

Alıcı. Yəni öldürərsən ermənini?

Dükançı. Necə öldürərsən, ə? Canını alaram!

Alıcı. Ağ eləmə, qağa, erməni öldürmək qoz qırmaq deyil.

Dükançı. Qağa, öldürməsəm də, ağzını cıraram. Buna yüz faiz arxayın ol.

Alıcı. Necə cırarsan, ey?

Dükançı. Kağız kimi, qağa. Gətirib qoyaram qulağının dibində.

Alıcı. Qağa, cırmağına bəlkə cırarsan, ey, ancaq sənə məlum olsun ki, Əlyof belə şeylərə protifdi.

Dükançı. Əlyof kimdi, ə? Mən Əlyof-zad tanımıram!

Alıcı. Necə Əlyofu tanımıram, ə? Heydər Əlyofu tanımırsan?

Dükançı. A kişi, əvvəldən adıynan deyəydin də. Əlyof nə çox. Neynək, qoy gəlsin o erməni bura. Başın haqqı, sağ çıxsa da, umsuq gedəcək mənim mağazamdan.

Alıcı. Qanmadım, qağa.

Dükançı. Yəni ki, mən mal satmayacam erməniyə. Çöpün özünü də.

Alıcı. Ə, pulunu verəcək dana. Niyə satmırsan?

Dükançı. Belə satmıram da, qağa! Bə qeyrətim yoxdu? Bə mən oğraşam? Bəlkə mən başıma şal bağlamışam? Başın haqqı, gətirib bütün erməni banglərinin pulunu, qızılını tökə bu dükana, bir ispiçkə də satmaram dığaya. Ə, nə şübhəli-şübhəli baxırsan? Bə inanmırsan?

Alıcı. Ə, niyə inanmıram, ə, kafir deyiləm ha.

Dükançı. Vallah, bu dükanın bi qara qəpik qiyməti yoxdu gözümdə. Həzrət Abbas haqqı, od vurub yandıram, ürəyim “uf” deməz.

Alıcı. Dükanı niyə yandırırsan, ə?

Dükançı. Ə, dükan mənimki deyil? İstərəm, yandıraram. İndi day Əliyof buna da protif çıxmayacaq ha!

Alıcı. Ə, Əlyofluq deyil ey. Hayıfdır dana. Min adamın bu dükandan ehtiyacı keçir. Biri elə mən. Bir cüt corabın məəttəliyəm.

Dükançı. Məəttəl niyə olursan, ə? Məttəl düşmənin olsun. Gör nə deyir ey…

Alıcı. Qağa, iş elə gətirib ki, bu gün ayaqqabıları yalın geymişəm. Ayaqlarım yaman narahatdır.

Dükançı. Ə, narahat niyə olursan? Otur dana! Otur bax burda. Otur ə, səndən artığı oturmayacaq ha.

Alıcı. Qağa, bir cüt corab…

Dükançı. Ə, corab nə zibildir onunçun qan qaraldasan. Dükan sənə peşkəşdir.

Alıcı. Qağa…

Dükançı. Ə, canım sənə qurbandı ey! Başın haqqı!

 

Mirzə ƏLİL

17. 09. 2001 Samara

TÜRK ƏSGƏRİ AFRİNDƏ VƏ YA BİZ TÜRK DEYİLİK!

afrin 1.jpg

Türk əsgəri Afrindədir.

Azərbaycanlıların axırıncı müharibəsi 2016-cı ilin aprelində olub. Bakıda hay-küy saldılar ki, 1(bir!) kənd (!) azad olunub, Cocuq Mərcanlı kəndi. Sonra məlum oldu ki, heç bu kənd ermənilərdə deyilmiş…

Yüzlərlə əsgər və zabit itkisi, ərazi qacancı – sıfır…

Azərbaycan əsgər və zabitlərindən meyitləri həftələrlə düşmən tərəfdə qalanlar oldu. Düşmən tərəfdə — yəni Azərbaycanın öz ərazisində. Azərbaycan ordusu öz əsgərinin ya zabitinin meyitini öz ərazisindən də götürə bilmirdi. Beynəlxalq təşkilatlar olmasaydı, o meyitlər indi də qayıtmamışdı…

Türk əsgəri Afrindədir.

Ağızlarını əyib dillərini türkə oxşadanlar, özlərinə türk deyənlər, türk təxəllüsü götürənlər, uşaqlarına osmalı adları qoyanlar – utanırsınız? Sizin haranız türkdür?

Siz heç vaxt türk olmamısınız! Osmanlılar Konstantinopolu alanda hardaydınız?

Babalarınıızın, ulu babalarınızın hərbi paltarda çəkilmiş şəkilləri varmı? Bizim evlərin tək-tükündə ulu baba, baba şəkilləri tapılar. İki yüz ilin, üç yüz ilin şəkilləri qalsaydı, görərdik ki, bizim babalarımız ya əsgər olmayıblar, olsalar da, İran ordusunda osmanlılarla vuruşublar, çar ordusunda iranlılarla və osmanlılarla vuruşublar, indiki nəslin ata-babası sovet əsgəri olub.

Sizin haranız türkdür?

Özünüzə türk deməklə türkün şanlı hərbi tarixinə şərik olmaq istəyirsiniz? Özgə malına? Çünki öz hərbi tarixinizi yaratmağa çoxunuzun qeyrəti çatmır, uşaqlarınıza şanlı osmanlı adları qoyursunuz, ancaq pul verib əsgərlikdən saxlayırsınız. Səngərlərdə özlərinə türk deməyən, Əhməd, Məhəmməd, Cəfər kimi müsəLman adları daşıyan kənd uşaqları ölürlər.

Sizin haranız türkdür?

Millətin dörddən biri özünə “rusdilli” deyir ki, biqeyrət olduğuna, millət  qeyrəti çəkmədiyinə haqq qazandırısın. Özlərinə türk deyənlər öz AZƏRBAYCANLI tarixlərini öz zəhmətləriylə, öz qan-tərləriylə, məhrumiyyətlərlə, qurbanlarla yaratmağa əzmi və qeyrəti olmayanlardır.

Türk əsgəri Afrindədir. Bəs siz hardasınız?

Deyirdiniz Ağdamacan getməyə sizi rus qoymur, Amerika qoymur. Niyə rus ya Amerika türk əsgərinin qabağını kəsə bilmədi?

Siz türk deyilsiniz!

Afrində dalğalanan türk bayraqlarına baxın. Baxdınız? Sizin bayraqlarınız harda dalğalanır? Bayraq meydanlarında?

İndi bildiniz ki, türk deyillsiniz?

29.03. 2018

Samara

 

«AĞLADIQCA KİŞİ QEYRƏTSİZ OLUR…»

Erməni atəşindən ölən körpənin şəklinin sosial şəbəkələrdə yayıması, yayanların başqalarından da paylaşma tələbləri Sabirin bir misrasını xatırlatdı:

“Ağladıqca kişi qeyrətsiz olur…”

Bu körpə Sudanın ya Ruandanın qaçqın düşərgələrində öldürülməyib. Bu uşaq suveren dövlətin ərazisində öldürülüb. Bu dövlətin sayca düşmən ordusundan qat-qat üstün ordusu var, bu ordu rəqib ordusundan qat-qat yaxşı silahlanıb, bu orduda sayı dünyanın böyük ordularında olan gerellardan çox generalları var. Cəmi bir neçə gün bundan qabaq dörd nəfər də general oldu, o cümlədən nazir Usubovun  kabinetdən kabinetə keçməkdən başqa ayrı şücaəti olmayan oğlu.  Belə isə biz niyə ağlayırıq, kimə üzümüzü tuturuq, kimdən rəhm və imdad istəyirik? Azərbaycanlı kişilərin sosial şəbəkədə yas qurub zar-zar ağlamaqları faciədən çox farsa bənzəyir və bu, uşağın xatirəsinə təhqirdir!

Özünüzü yığışdırın, cənablar, ayıbdır…

DABAN ƏLLİ ALTI?

Bakıda marafon yürüşü keçirilib. Bu nə işdir?

Məlumdur ki, bakılılar müharibədə iştirak etmirlər. Bakı Azərbaycanın içində olub İsveçrə kimi bir yer, yəni neytraldır, döyüşə əsgər-zad vermir.  Müharibə Azərbaycan kəndinə aiddir. Onda müharibənin qızğın vaxtı bakılıların kütləvi qaçmaqda məqsədləri nədir?

Bəlkə “internasional” Bakıdan ötrü ürəkləri yanan bakılılar ermənilərin qabağına qaçmağa hazırlaşırlar?

ÜRƏYİ YARALI ŞƏHİD ANASI…

Ürəyi yaralı şəhid anası,

Adamla dolacaq indi yan-yörən.

Yaxının, uzağın gələcək yasa,

Bir aləm olacaq təsəlli verən.

 

Bəlkə saraya da çağırılarsan,
Səni dəvət edər bəlkə də Başçı.

Getmə, anam, bacım, de ağrıyırsan,

Saray məclisindən özünü qaçır.

 

Saray süfrəsində yemə tikə də,

Yansa da ciyərin, içmə suyundan.

Burda vur-çatlasın olub bəlkə də,

Güllə qabağına gedəndə balan.

 

Şampan partladıblar gecə yarısı,

Balan yağılarla çarpışan zaman,

İnanma yaş töküb ağlayan olsa,

Ürəkdən ağlamır burda ağlayan.

 

Hansı kefdə olub gül balaları,

Güllə qabağına balan gedəndə?

Sütül uşaqları qurban aparıb,

Yığışıb ehsanı yeyirlər indi…

 

08-09.04.16

Samara

KƏND UŞAQLARI “CƏRİMƏ BATALYONU”NA ÇEVRİLİBLƏR?

Əgər itkilərin İnternetdə yayılan siyahısı doğrudursa, Azərbaycan ordusunun komplektşdirilmə prinsipləri ciddi suallar doğurmalıdır.

Siyahııya baxanda məlum oluur ki, şəhidlərin böyük əksəriiyəti kənd rayonlarındandır. Rayon mərkəzlərindən də yox, rayonların kəndlərindən.

Salyandan iki şəhid var. İkisi də kənddəndir: Xalac və Kürqaraqaşlı.

Lənkərandan da eləcə. Neftçaladan da. Bu, təəccüblü deyil? Niyə ancaq kənd uşaqları?

Başqa bir məsələ. 2015-ci ilin məlumatına görə Bakının əhalisi 2 204 200 nəfərdir. Salyanın əhalisi isə  124 900 nəfər. Deməli, Bakının əhalisi Salyanın əhalisindən təxminən 20 dəfə çoxdur. Elə isə, niyə Bakınin itkiləri Salyanın itkiləri qədərdir? Özü də Xocahəsən qəsəbəsini ancaq şərti olaraq şəhər saymaq olar.

Kim ordunu belə komplektləşdirir? Kim əsgərləri “kədli-şəhərli” prinsipi ilə yerləşdirir? Belə çıxır ki, kənd uşaqlarından “cərimə batalyonu” kimi istifadə edib verirlər qabağa. Bu, cinayət deyilmi?

Elə çıxmasın ki, mən guya bakılılara ölüm arzulayıram. Yox, bunalrı yazmaqda məqsədim odur ki, mən heç kimin ölMəyini istəmirəm…

 

“DURMUŞUQ DALDADA, GEDİN QABAĞA!”

 

İnsan rəzilliyinin həddi yoxdur!

1992-ci ildə Azərbaycandan “daban əlli altı» deyib qaçmış insanların indi Rusiyada və başqa ölkələrdə necə vətənpərvərlik şivəni qopardığını görəndə əlim-qolum düşür yanıma. Kefli İsgəndər demişkən, olasan Rüstəm-zal, tutasan bu adamları, bir-bir şillələyəsən… Yaxşı, deyək ki, sizin keçmişinizi burda bilən yoxdur. Özünüz ki özünüzü tanıyırsınız! Bəs öz vicdanınınz? Özünüz dərə-təpəylə sərhədi keçib çıxmısınız aradan, indi ağızlarından süd iyi gələn uşaqları haylayırsınız ki, gedib qırılsınlar. Şərəfli mübarizədən, şərəfli ölümdən danışırsınız. Mübarizə belə şərəfliydisə, ölüm belə şərəfliydisə, bəs niyə min fırıldaqla aradan çıxırdınız? Yaxşı, qaçmısınız, heç olmasa, susun. Qorxmursunuz  eybiniz açılar? Əslində içərisində, ürəyinin başıda fərarilik damğası daşıyan hər bir azərbaycanlı gedib o şəhidlərin qəbri üstündə diz çöçməli, onların xatirəsinə baş əyməli və üzr istəməlidir. “Durmuşuq daldada, gedin qabağa!” deməklə siz müharibə qurbanlarını söyür, təhqir edrsiniz. Özünüzü yığıdırın, yoxsa sizi yaxşı tanıyanlardan biri bütün bioqrafiyanızı yazar qoyar İnternetə, arvad-uşaq yannında da xəcalətli olarsıniz…

ÖLÜR ARA YERDƏ KƏND UŞAQLARI…

Doyunca gəzməmiş, şirin yeməmiş,

Bahalı paltarlar alıb geyməmiş.

Sevgili əlinə əli dəyməmiş,

Ölür cəbhələrdə kənd uşaqları.

 

Yığırlar bığ yeri qaralan kimi,

Quzunu anadan qoparan kimi,

Qurbanlıq yerinə aparan kimi –

Ölür cəbhələrdə kənd uşaqları.

 

Gəzir harınların harın balası,

Nə pula pul deyir, nə insan sayır.

Kasıbın boynunda vətən qovğası, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Qapalı tabutda qayıdıb gələr,

Üçüncü dərəcə medallı əsgər.

İndi məzarıdır əbədi səngər, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Milləti talayıb satan kefində,

İsti ağuşlarda yatan kefində.

Nə öıkə? Nə Vətən? Vətən kefində!

Ölür ara yerdə kənd uşaqları…

 

07.04. 2016

Samara