Архив тегов | Qarabağ şəhidləri

RAMİZ RÖVŞƏN: “QOŞUN GETDİ QARABAĞA, KASIBI VERDİK QABAĞA…”

Mən nə edim, nə qayırım?-

Ayağım, əlim darıxır.

Qaydasındadır bayırım,
Nədənsə çölüm darıxır.

Mən şairəşşüarayam,
Qızıldan olsun sarayım!

Yazım, cızmaqaralayım,
Yazmasam, elim darıxır.

Sevir məni prezident
İlbəil verir prezent.

Verərdi Qarabağda kənd –

Həkim, müəllim darıxır.

Bir ev verdi, dedim azdı,

Bir fərman da imzaladı.

Üçüncü də pis olmazdı,
Əhli-əyalım darııxır.

Mindən çox oduma yanan,
İşvə satan, mamlımatan.

Hər saatda mesaj atan

Neçə sevgilim darıxır.

Qoşun getdi Qarabağa,

Kasıbı verdik qabağa.

Mənsə restorana, bağa,

Getməsəm yolum darıxır.

Lotularıq, manıslarıq,
Qaçıb küncə qısılarıq.

Ölüm sevir kasıbları,
Kasıbçın ölüm darıxır…

20. 05. 2021, Samara

KƏNDİMİZİN İGİD ƏSGƏRİ ŞAHLAR MƏMMƏDOVUN XATİRƏSİNƏ

Şahlar

Adəmi cənnətdən qovanda Tanrı,

Dedi: “ömür boyu qəm yeyəcəksən.

Çörəyin olacaq çölün otları,

Tərlə yumşalacaq sənin hər tikən.

=

Daddığın olacaq zəhrmar kimi,
Tikanlar qanadar, hara əl atsan.

Torpaqdan yaratdım səni necə ki,

Torpağa dönərsən çatanda zaman”.

=

Adəmlə Həvvadan nəsil törəndi,
Tər tökür hər yerdə Adəm övladı.

Öz dili, öz rəngi var hərənin də,

Ayrıdır hərənin görkəmi, adı.

=

Ölkələr yaranır müxtəlif adda,
Hərənin ayrıdır gerbi, byrağı,

İndi hünərin var sərhədi adla,

Hər qarışdan ötrü indi qan axır.

=

Zəfər sevdasıyla savaşlar qızır,
Torpağa baş qoyur insan övladı.

Əldə ələ keçən əraziləri,

Milyonlar qanıyla suvarıb gedir.

=

Hər yerdə bayraqlar dalğalanmada,
Söyləyir növbəti nitqini rəhbər.
Ad alır qaçanlar, daldalananlar,
Yatır məzarında sıravi əsgər.

=

İndi ata, ana hara üz tuta —
Tikanlar dalayan bir ərazidir.

Ən əziz, xoş torpaq indi dünyada,

İgid oğul yatan təzə məzardır…

25.11. 2020, Samara

GƏNC ƏSGƏRİN  ÖLÜMÜNƏ

08.06 2020

Əlbəttə, bir məna yoxdur həyatda:

İstər Platon ol, istər Arximed,
Dünyanın üstünü, altını kəşf et –

Məna çıxarmazsan, çıxarsan ad da.

=

İstər Aleksandr Makedonski,
İstər Çingiz xan ol, ya da ki, Sokrat.

Ən uca zurvəyə çıxara həyat,
Məna çıxmayacaq, yoxdur o çünki.

=

Məna əlaməti yox ölümdə də,

Ölümdə həyatın mücərrədliyi.

Ölümlə yaranır dəyər dediyin,
Qiymətə mindirir ölüm ömrü də.

=

Həyatda məna yox, hər kim olasan,
Toza, külə dönür Napoleonlar.

Nə fəth, nə kəşf ilə o, mənalanar.
Hardandır? Niyədir – anlamır insan…

=

Həyatda məna yox. Sevinc var ancaq,
Dərd də var. Həyatda sevgilər də var.

Bir gözümüz gülər, birisə ağlar,

Şirindir ilahi neməti duymaq.

=

Şəhid gənc! Bığ yerin tərləməmişdən,
Dağıtdı sinəni yağı gülləsi.

Daha sən nə sevinc, nə dərd bilərsən,
Dodağın dodağa dəyməmiş öldün.

=

Həyatda məna yox, dərd isə ümman.
Atanı, ananı yasın sarsıdar.

Üzülər, bükülər, bacın da varsa,
Dərd və ağrı tapır məna axtaran…

09. 11. 2020, Samara