Архив тегов | Qazılıq qoca oğlu Yegnəg

DUSTAQLIQDAN ÇIXANDA QAZILIQ QOCANIN DEDİYİ VƏ YEGNƏGİN CAVABI

(Qazılıq qoca oğlu Yegnəg boyu)

Gərək bir dəvəmdən bala alaydım,
Doğulan nərdimi, bilim, ya maya?

Qoyunum yüklüydü qara ağılda,

Dişi bala doğdu ya erkək bala?

Alagöz arvadım hamilə qaldı,
Qızmı ya oğlanmı, bilim, doğulan.

Verin, mərd igidlər, bir xəbər mənə,
Sizi and verirəm Tanrı eşqinə!

YEGNƏGİN CAVABINDA DEDİYİ

Bala gözləyirdin dəvəndən, ata,

Balası nər oldu, gözlərin aydın!

Qoyunun yüklüydü qara ağılda,

Erkək bala doğdu, gözlərin aydın!

Yükü ağır idi arvadının da,
Balan şir oğuldur, gözlərin aydın!

07. 04. 2021, Samara

YEGNƏGİN TANRIYA DEDİYİ

 (Qazılıq qoca oğlu Yegnəg boyu)

Bütün ucalardan, Tanrım, ucasan!
Bilmir indiyəcən kimsə necəsən!

Atadan gəlmədin, ana doğmadı,
Heç kimin malında gözün olmadı,

Heç kəsə dünyada güc etmədin sən,
Əhədsən, Allahu səmədsən həm sən.
Adəmə tac qoyub səndin ucaldan,

Sənin lənətinə uğradı şeytan.

Günahı qovdurdu onu qapından.
Nimrod təkəbbürlə göyə ox atdı,
Onun qarşısına balığı tutdun.
Tanrım, ululuqda yox sənin həddin,
Nə boyun, bədənin var, nə də cəddin.

Tanrım, vurduğunu ulatmayansan,
Basdığını açıb-ağartmayansan

Götürdüklərini göyə çəkirsən,
Qəzəbə gələni asıb-kəsirsən.

Tanrım, birliyinə sığınmışam mən,
Yardım et, kafirlə savaşa girsəm.

06. 04. 2021, Samara

YEGNƏGİN YUXUDA DAYISINA DEDİYİ

(Qazılıq qoca oğlu Yegnəg boyu)

Niyə ala gözlü bəy igidləri,
Yanına salmadın durub gedəndə?

Saymadın ad-sanlı bəyləri nədən?

Getdi beş axçaya qulluq edənlər,
Ot-ələf yığanlar getdi səninlə.

Bununçun almadın qalanı elə.

Yenə dedi:

Əti tikə-tikə yemək yaxşıdır,
Yorğunun əlacı bulaq başıdır.

Var, dövlət həmişə gələ, yaxşıdır,
Bildiyin beynində qala, yaxşıdır,

İgid çəkilməsə dala, yaxşıdır.

   06.04. 2021, Samara

DAYISININ YUXUDA YEGNƏGƏ DEDİYİ

(Qazılıq qoca oğlu Yegnəg boyu)

Yel özü yetməzdi mən yetən yerə.

Yeddi dəstədıki igidlərimin,

Bayırın qurduna bənzəri vardı,
Yayımı düz yeddi kişi qurardı.

Qayın budağından oxum düzəli,
Oxumun üstdəki  nişanım qızıl.

Yağdı, külək əsdi, gurladı aləm,
Yeddi dəfə getdim, boş oldu həmləm,
Qala alınmadı, dönüb qayıtdım,

Sən də dön, boş yerə sınama baxtı.

04. 04. 2021, Samara

ATASININ DUSTAQ OLDUĞUNU BİLƏNDƏ YEGNƏGİN BAYANDIR XANA DEDİYİ

(Qazılıq qoca oğlu Yegnəg boyu)

Yolun qırağında, sökülməmiş dan,

Gözəl ağban evi dikəldilən xan!

Atlasa bükülü göy çadırlı xan!

Neçə tövlə dolu şahbaz atlı xan,

Çavuş çağıranda yola, hay verən!

Axıb bol neməti yağ kimi gedən!

Bütün igidlərə sənsən arxa, xan!

Miskinlər ümidlə sənə baxar xan!

Türküstan elinin dirəyisən, xan!

Doğulub-törədin Tulu quşundan!
Amit tayfasına, soyuna aslan!

Mənə mədəd elə, dövləti bol xan!

03. 04. 2021, Samara