SAXLAYIN, QÜRBƏTDƏ BASDIRIN MƏNİ…

 

Ölənə vətənin nəyi yaxşıdı? –

Tabutu göturüb ölüxanadan,

Maşına qoyarlar. Qarmı, yağışmı,

Bürkümü – fərqi yox, yola çıxarsan.

 

Sürücü gecəni gündüzə qatar,
Sərhədə yetişər. Yüksən indi sən

Ancaq nə dəyərin, nə qiymətin var,

Hərbini, gömrüyü sevindirəsən…

 

Türmə qapısı tək sərhəd açılar,
Torpaq… Doğma iyi duyulmaz indi
Ruhuna zindandı üstü haçansa,

Altına gömülər ölü bədənin…

 

…Uzaq məzarlıqda tikə yer alın,

Aparın, sakitcə basdırın məni.

Xaçlı qəbirlərdən xeyli aralı,

Abidəsiz məzar bəsimdir mənim.

 

Bir ağac parçası torpağa sancın,

Yazmayın üstünə nə tarix, nə ad.

Müsəlman adımı görən bir cənab,

Tüpürüb deməsin …tvoyu mat…

 

09. 10. 2013 Samara

 

 

YÜZ İLİN QIŞIDIR ELƏ BİL GEDƏN…

Yüz ilin qışıdır elə bil gedən,

Elə bil əriyir yüz ilin qarı.

Sanki fəsil deyil, əsrdir gedən,

Bədəndə yorğunluq, ürəkdə ağrı.

 

Yer çılpaq, səmada tanış boz örpək,

Yüz illik qatlardan cücərir çəmən.

Yarpağı, çiçəyi görməyə gərək,

Yüz ilin səbrini basıb dözəsən.

 

Oyatmır ürəkdə təntənə, bayram,

Qürbətin növbəti fəsildönümü.

Bu qara sulardır yalnız ayıran,

Keçən günlərimdən gələn günümü.

 

                                mart – 05 aprel 1997, Samara

 

GÜNDƏLİKLƏRİM

Bir dəftər, iki dəftər —
Naziyi, qalını var.

Biri mənimlə gəzər,

Vətəndə qalanı var.

 

Nə dostum, nə tanışım –

Adamlardan qaçıram.

Ürəyimi hər axşam,

Bu dəftərə açıram.

 

Burda əməl niyyəti,

Əməlsizlik ağrısı.

Ötən günün qiyməti,

İtən günün ağısı.

 

Burda yazlar, payızlar,

Qar-yağışı qürbətin.

Vaxtaşırı yazılar,

Müəllifin səhhəti.

 

Sətirlərdə qüssə var,

Sətirlər hönkürtülü.

Günahlarım yer alar,

Burda üstüörtülü.

 

Uzaq xatirələr də,

Vərəqlərə axar hey.

Min “olabilərdi”də,

Bir təsəlli yox, heyf!

 

Axşam olcaq qəlbimi,

Qayğı alır – nə yazım?

Etirafmı, tövbəmi,

Vədmi düşər kağıza?

 

Bu ağ vərəq, bu qələm,

Ruhy ikiləndirir.

Özümlə mübarizəm –

Mənim gündəliklərim.

 

21-27 mart 1993, Samara