“ŞAİRLİK YARAŞMIR MƏNİM ADIMA…”  

AĞAC.jpg

       Rasim Şəmiyevə

Dedin yazdığımı yığım bir yerə,
Kitab çıxartdıraq, xərci sənindir.

Səmimi deyirsən, bunu bilirəm,

Ancaq nəyi yığım? Yazdığım nədir?

 

 

Şairlik yaraşmır mənim adıma,

Şeir də deyildir qoşub-yazdığım.

Miskin, iddiasız, həqir adamam,

Axı nəyim var ki, nəyi də yığım…

 

 

Salyan şoranında bitən ağacam,
Yarpaqdır tökürəm mən düz əlli il.

Qaldırıb birini dəftərə sancan,
Hərdən baxan da var bəlkə, kim bilir.

 

 

Çoxunu sovurar, qovar küləklər,
YerdƏ qalanları yağış çürüdər.

Təzə yarpaqlarım dünyaya gələr,

Onlar da tökülər – həyat belədir…

 

 

Bir ağac taleyi yaşayaraq mən,
Quruyar, yanaram, izim də qalmaz.

Dəftərə sancılmış yarpağa hərdən,
Baxarlar, ağacı anansa olmaz…

 

24. 11. 2019

Samara