Архив тегов | sənət haqqında şeir

ŞİR ÜRƏYİ OLA GƏRƏK YAZANDA…

SONY DSC

Yazdığı nə olar qorxaq insanın? —

Şir ürəyi ola gərək yazanda.

Mətn başlayanda qaynaya qanı,
Sonacan közərə alov gözündə.

 

 

Dilə həmlə edə bank yaran kimi,
Bilə ki, sözlərin qiyməti nədir.

Məhv edə amansız artıq-əskiyi,
Nəzərə almadan nəticələri.

 

 

Döyüşə girən tək yazıb-yarada,
Sözləri sursat tək gərək işlədə.

Sanca bıçaq kimi, güllə tək ata,
Gərək yayınmaya gözündən hədəf.

 

 

 

Tində pusqu quran quldura dönə,
Güdə saatlarla qafiyələri.

Girə xəzinənin dərinlərinə,
Misrada bir sözün boşdusa yeri.

 

 

Sözü işlədəndə qorxu bilməyə,
Bilə yaradandır verən mandatı.

Oxuyan, eşidən ona nə deyər –

Almaya eyninə bunu bir an da.

 

 

Ruhən azad ola gərək yazan kəs,
Nə kütlədən qorxa nə iqtidardan.

Heç ölüm özü də də qorxuda bilməz,
Tanrı mandatıyla yazırsa insan.

 

21.07. 2020, Samara

ALEKSANDR PUŞKİN. ŞAİR

ПУШКИН.jpg                                                         

ALEKSANDR PUŞKİN

                      ŞAİR

                  Поэт! Не дорожи любовию народной…

 

Şair, xalq məhəbbəti, qoy səni aldatmasın,

Ötər ani hay-küyü alovlu təriflərin.

Sənə gülər kütlə də, sarsaq da qınar səni,

Halını pozma sənsə, möhkəm ol, həm kədərli.

 

 

Sən sultansan, tək yaşa. Azadlığa addım at,

Get, azad ağıl hara çəkib aparsa səni.

Əziz düşüncələrin meyvəsini yetir sən,

Nəcib şücaətinə diləmədən mükafat.

 

Özündədir mükafat. Sənsən özünə hakim.

Səndən də ciddi qiymət verməz işinə heç kim

Ey tələbkar sənətkar: işinlə razısanmı?

 

Razısan? Qoy üstünə onda kütlə  yürüsün,

Sənin odun qızaran mehraba da tüpürsün.

Necə uşaq çalışar  laxlada qurbangahı.

 

7 iyul 1830

ruscadan tərcümə

02.10.17

Samara

QƏFİL QARA XƏBƏR GƏLİB QADINA…

Qəfil qara xəbər gəlib qadına,

Bir anda əyilir gözəl gənc üzü.

Qolları boşalıb düşür yanına,

Başını qoymağa bir çiyin gəzir…

 

 

Otuzca saniyə çəkən bu kadr,

Bəlkə çəkilibdir otuz-qırx dəfə.

Rejissor mərəkə bəlkə qaldırıb,

Çəkiliş uzanıb bəlkə bir həftə.

 

Söyülüb anası operatorun,

Söyülüb aktyor, aktrisa da.

Çəkiliş qrupu üzülü, yorğun,

Şedevr yaranıb ancaq axırda.

 

İndi milyonları sarsıdır kadr,

Gözləri yaşarır kişilərin də.

İllər öütb gedər, yenə ağrıdar,

Baxanı oynanan faciə indi.

 

Xəbərlər alırıq – qəfil həm qara

Nə üz əyilməyi –sınır belimiz…

Hamı ötüb keçir, yox məhəl qoyan,

Nədir çatışmayan? – rejissor əli…

 

24-25.08. 2016

Samara