BƏY HAMAMI

Ərəbqardaşbəyli, 1960-cı illər

 

Nə məscid, nə hamam, nə də ki, klub,

Bizim kəndimizdə vardı o vaxtlar.

Kefi cavanların kartdı, oturub,
Hərdənbir tuğayda oynayırdılar.

 

 

Kəndimiz kiçikdi, ildə bir neçə,

Toy vardı. Gözlərdi toyları hamı.

Səbir tükənirdi vaxt yetişincə,

Kəndin toylar idi əsil bayramı.

 

 

Yeddi-səkkiz cavan toy günü səhər

Salyana gedərdi bəyin başında.

Bayram paltarları geyinərdilər,
Kürü keçirdilər, sonra maşında,

 

 

Salyan şəhərinə yetişən kimi,

Nömrə hamamına üz qoyurdular.

Dəstə keçirdisə yanından kimin,
Baxıb gülürdülər işi duyaraq.

 

 

Başdan tük qapandı Salyan uşağı,
Qurdu ulayırdı kəndçi görən tək.

“Qorxuram hamamda bəy kirə çıxa”,
Deyirdi qırışmal baxıb gülərək.

 

 

Arvadlar keçəndə qımışırdılar,
Sataşan, söz atan bəzən olurdu.

Cavanlar elə bil vuruşdaydılar,

Hamama gedən yol cəbhə yoluydu.

 

 

Nömrə hamamına gəlib çatan tək,
Qarşılanırdılar sevinclə hökmən.

Hamamçı, kisəçi, süpürgəçi də,
Pul, xələt güdürdü həmişə bəydən.

 

 

 

 

Nömrə ayrılırdı tez cavanlara,
Ətirli sabun da, təzə qətfə də.

Kisəçi işləmir, kişi can qoyur,

Sürtülən az qalır özündən gedə…

 

 

Bitirdi, nəhayət, hamam dəsgahı,
Çıxırdı şəhərə yenə cavanlar.

Odekolon ətriylə basıb ətrafı,

Bəy qonaqlığına gedirdi onlar.

 

 

 

Girib yol üstündə yeməkxanaya,
Küftə yeyirdilər yüz-yüz araqla.

Üstündən içərək limonlu çayı,
Kəndə dönürdülər gülüşlə, lağla…

 

 

 

Zurna çalınırdı kənddə bu zaman,
Bir azdan gəlin də gətirilrdi.

“Ay aman, bəy gəlir, baxın, hamamdan!”

Deyib qaçırdılar uşaqlar indi…

 

 

Sonra toy… Çal-çağır səhərə qədər,
Sonra qovuşardı  təzətoylular.
Razıydı, xoşbəxtdi toya gələnlər,

Bəylə gəlin isə… Bunu bilən var?

 

 

Davam eləyirdi kəndin həyatı,

Başqa toyların da vaxtı gəlirdi.

Bəyə öz toyundan hamam dəsgahı,
Bəlkə də  ən şirin xatirə idi…

 

30-31.10. 2019, Samara

RÜFƏT MURADLI, SALYANIN «VAĞZAL UŞAĞI»

Rüfət_Muradlı.jpeg

Feysbukda Azərbaycanın az-çox tanınmış siyasətçilərindən yalnız bir nəfərlə “dost”luqda olmuşam. Bu dostluq da on beş dəqiqə əvvəl bitdi.

İki ya üç il bundan qabaq Rüfət Muradlı adlı bir nfər mənə dostluq göndərdi. Deməəliyəm ki, mən heç kimə “dostluq” təklif etmirəm, mənə isə az adam “dostluq” göndərir, hamısını qəbul edirəm, hərçənd bir çoxu müəyyən vaxtdan sonra silinirlər. Rüfət Muradlının Ümid partiyasından olduğunu bildim, ancaq məni hardan tanıdığını başa düşmədim. Azərbaycana gedəndə soruşdum, dedilər Rüfət mərhum Telmanın birinci arvadlının qardaşıdır.

Telman mənim Süleyman qardaşımın dostuydu. Birinci ailəsi dağılmışdı. Bu barədə yazmaq istəmirəm…

Cəlil Məmmədquluzadə yazırdı ki, çox burnu əyri gözəllər görüb, ancaq Xudayar bəyin burni ayrı cür əyri idi…

Mən də çox gözəgirən, abırsız, sırtıq insanlar görmüşım, ancaq Rüfət kimisini yox. Bu adam siyasi karyerası üçün, bir vaxt apardığı deputat kampaniyası üçün cənazələri soyumamış şəhidlərdən istifadə edir, onların qəbirləri üstündə fotosessiyalar keçirirdi. Doğrudan da “böyük” təyininə layiq olan, saflıqları, təmizlikləri zaman sınağından çıxmış azərbaycanlıların yubileyləri günlərində bu adam hökmən onların qəbirləri üstündə şəkil çəkdirir, çox hissəsi bığdan ibarət olan utanmaz sifətini adın da, yubileyin də fövqünə qaldırır. Bu adamın osmanlını səriştəsizliklə yamsılayan dilində bir kəlmə səmimi söz yoxdur və bu da onun əqidəsizliyini göstərir. Özünü qondarma “Borçalı”, “Kərkük”, «Urmiya» kimi avantürist, arxasında heç nə dayanmayan proyektlərlə sanballı göstərməyə çalışan, əlvan qalstuklarından başqa tanınılası bir şeyləri olmayan insanları daim başına yığıb iclas keçirən bu Rüfət Muradlı Azərbaycan siyasi həyatında ən vecsiz, ancaq bütün vecsizliyinə baxmayaraq özünü havayı yemləməyə bacarığı çatan bir şəxsdir.

(Ağdamın ya Füzulinin özünə də olmasa, heç yaxınlığına gedib ermənilərə “kiş” deməyə qeyrətləri çatmayan bu şələbığ, qarınlarınnın yekəliyindən pencəkləri düymələnməyən kişilər İraq türkmanlarını, “güneyli soydaşlarımızı” guya müdafiə edir, bu bəhanə ilə hansı “qazların” hesabınasa qurulan məclisərdə yeyib-içirlər).

O məndə onu İnternetdə tanıdığım dəqiqədən ikraf doğurub, ancaq mərhum Telmanın xatirəsinə hörmət kimi ona dəyməmişəm.

Salayn avtovağzalı ötən əsrin 70-ci illərinin əvvəllərində tikilib. O vaxt vağzalda və və vağzal ətrafında “uşaqlar” olurdu – “xoruz” satanlar, marşrutlara ucadan adam çağıranlar… Bu uşaqların tərbiyəsiz olduğunu demək istəmirəm. Ancaq onlar vağzal həyatı üçün zəruri olan üzlülükləri ilə fərqlənirdilər. Və “vağzal uşağı” ifadəsi Salyanda o vaxtlar bəzən ya zarafat, ya da söyüş kimi işlənirdi.

Bax, mənə elə gəlir ki, Rüfət Muradlıya ən çox uyğun gələn tərif “Salyanın vağzal uşağı” dır…

İndi bu adam mənə “tərbiyəsiz” deyir…

Mən bu adamı mərhum Telmana görə “dostluğ»a qəbul eləmişdim. Əslində gərək mərhim Telmana görə onin dostluğunu rədd edəydim.

Səhv eləmişəm…

04.10.17

ƏN LƏYAQƏTLİ NAMİZƏD

(Rüfət Muradlıya)

Adı siyahıya salınan kimi,

Çalışdı soydaşım qəhrəman kimi.

 

Qohumu, qonşunu görüşə yığdı,

Bir az guruldadı, bir az da yağdı.

 

Kasıb toylarına tamada getdi,

Köhnə şalvarını yamadı getdi.

 

Gəzdi ocaqları, nəzir apardı,

Aşura günündə başını yardı.

 

Getdi şəhidlərin qəbri üstünə,

Ağladı, islatdı qəbiristanı.

 

Qucaqlayıb öpdü neçə heykəli,

İtlə, pişiklə də çəkildi şəkli.

 

Ayaqsız əlili dalına aldı,

Dilənçi cibinə qəpik də saldı.

 

Dişsiz qarılarla qol-boyun oldu,

Öpüşdən dodağı, dili yoruldu.

 

Söz verdi deputat keçərsə əgər,

Quru çay üstündə körpü tikdirər.

 

Səs verin! Kim əgər səs verər ona.

Səsini verəcək Azərbaycana!

25.10. 2015 Samara

 

PREZİDENT SALYANDA KÜR ÇAYININ AÇILIŞINDA İŞTİRAK EDİB

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Salyanda olmuş və orda Kür çayının açılışında iştirak etmişdir. Salyanlılar Kür çayının açılışını böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Veteran ağsaqqal Yavər Cəbrayılov deyib ki, ölməyib Kürün açıldığını gördüyünə görə çox xoşbəxtdir.

Kürün açılmağı Salyanın mədəni-sosial həyatında böyük rol oynayacaq. Artıq minlərlə salyanlı gənc əvvəllər olduğu kimi tində durmur. Onlar Kür qırağına yığışıb pokemon tutmaqla məşğul olurlar. Qeyd etmək lazımdır ki, Kür açılandan bəri Salyanda bıçaqlanmaların sayı əlli faiz azalıb.

 

İKİ BACILAR YAN-YANA…

Lələm hələ əlli il bundan qabaq deyərdi ki, Salyanda köklü salyanlı qalmayıb, köklü salyanlılar çoxdan köçüb gediblər Bakıya.

Sonralar özüm də hansı salyanlıdan kökünü soruşurdum, məlum olurdu ki, Dayıkənddəndir, Quyuçudandır, Şorsuludandır,  Qızılağacdandır, Marışlıdandır…

Salyanın özündə də salyanlılıq az qalıb. İndi şəhərdə qədim heç nə yoxdur, bir hamam qalmışdı, onu da bir neçə il bundan əvvəl sökdülər. Salyan çoxdadır ki, salyanlıların deyil – gəlmə rəhbərləri Salyanın tarizi yox, burda yığacaqları sərvət maraqlandırır…

Hələ son əlli ildə şəhərin küçələrinin adları dönə-dönə dəyişdirilib. Lenin, Kalinin, Kirov – son illərəcən mərkəzdən günçıxana, Köhnə bərə ağzına gedən üç paralel küçə bu adları daşıyırdı. İndiki adlarını bilmirəm…

Salyan şəhəri var, salyanlılar yoxdurlar, əsil şəhərlilər, əsil salyanlılar şəhərlərinin başına bu oyunları gəririlməsinə yol verməzdilər.

Keçən əsrin 70-ci illərdində mən Salyan əfsanəsi doktor Şarovanın ailəsiylə dostluq edirdim. Doktor Şarovanın əməkdar həkim kimi imtiyazlarından biri limitli nəşrlərə abunə yazıla bilmək idi – “İnostrannaya literatura”, “Literaturnaya qazeta”, “Roman-qazeta”. Elə o vaxtdan mən də bu nəşrləri oxumağa başladım. Rus yazıçısı Çivilixinin “Roman-qazeta”da çap olunmuş böyük oçerki yadımdadır. Bu əsər yazıçının İsveçə səfərini təsvir edir. Mərhum Çivilixini Stokholmda gördüyü bir hadisə sarsıtmışdı. Şəhər parkındakı qoca bir palıdı şəhər rəhbərliyi kəsmək istəyəndə əhali ayağa qalxıb, paytaxt sakinləri parkda çadır qurub başlayıblar ağacın keşiyini çəkməyə — rəhbərlik qərarını dəyişməyə məcbur olub…

Salyanda bütöv bir tarixi  bağı məhv elədilər – heç kimin səsi çıxmadı…

İndi bir ayrı məsələ.

Vikipediyada Salyan haqqında məlumata baxdım. Əlbəttə, Vikipediya rəsmi mənbə deyil, ancaq bu tipli məlumatlar rəsmi statusa yaxın olur.

Milli tərkib
Etnik qruplar 2009 sa.[2]
Cəmi 121 871
türk 121 793
rus 5
kürd 4
tatar 2
ləzgi 2
Osetin 1

 

Bu cədvələ görə, şəhərdə azərbaycanlı yoxdur. Türklər var. Mən Salyanı babat tanıyıram, mən orda türk görməmişəm. 1918-ci ildə türk əsgərləri olublar, şücaətlə yerli əhalini erməni qırğınından qurtarıblar. Ancaq indi bu qədər türk hardan gəldi? Bəs azərbaycanlılar hara getdilər?

Bu cədvələ görə, Salyanda bir nəfər də talış yoxdur. Bir nəfər osetin var, talış yoxdur. Ancaq ən azı bir talışı mən özüm tanıyıram, avtovağzal bazarında meyvə-tərəvəz satır, bir neçə dəfə ondan kəklikotu almışam. Salyana son onilliklərdə onlarla talış qızı gəlin gəlib – onlar bəs hanı?

Rusların sayı bütün rayon üzrə cəmi beş nəfərdir. 1939-cu ilin məlumatına görə təkcə şəhərdə 1644 rus yaşayıb. Bu onu göstərmirmi ki, bizim “tolerantlığımız” əslində qondarma bir şeydir, biz istəyirik ki, Kamçatkadan tutmuş Kalininqarada qədfər hər yerdə özümüzü öz evimizdəki kimi aparaq. Gedirik də, aparırıq da. Əgər ruslar qaçıblarsa, deməli,onların rus kimi yaşaya bilməyinə şərait olmayıb. Bəlkə belə beyil?

 

Yenə talışlara qayıdıram. Salyanda talışların olduğunu gizlətməklə nə qazanırıq? Ümumiyyətlə, kim bu cədvəli tərtib edib və niyə azərbaycanlıları “türk” adlandırıb? Bu, azərbaycanlıların millət kimi mövcudluğunu danmaq deyilmi?

SALYAN ETNİK

Azərbaycanlılar, təəssüf ki, səhər yerdən durandan gecə yatana qədər yalan eşidirlər: qədim tarix – yalan, dünənimiz – yalan, bugünümüz – yalan… Uşaqlar yalan eşidə-eşidə böyüdürlər, qulaqları yalana öyrəşir, dilləri də yalan deməyə. Ətraf mühit insan xarakterinin formalaşmasında müfüm rol oynayır – arxitekrura, landşaft, hətta yer adları yazılmış lövhələr insan xasiyyətinə və hətta psixologiyasına, insanın öz ölkəsinə münasibətinə təsir edir. Bizi qondarma adlar, qondarma binalar, qondarma “rarixi” yerlər əhatə edir. Adamlar bilirlər ki, bunların hamısı əldəqayırmadır, saxtadır, qondarmadır, buna görə də bütün bu yalançı tarix, əlbəttə, hörmət doğurmür, gülüş doğurur, uşaqlar da öz tarixlərinə lağlağıyla yanaşmağa başlayırlar, şəhərin qondarma tarixi yöndəmsiz bir lətifəyə çevrilir…

 

24.08.2016

Samara

 

 

 

SALYANIN TARİXİ UŞAQ TOYLARIYLA BAŞLANIB…

Salyanın 2 800 illik tarixini sübut edən yazılı abidə Cındıra məhəllədə tapılmış bir dəvətnamədir. Bu qiymətli sənəd uşaq toyuna dəvətdir. Toy 2775 il bundan qabaq olub, ancaq məclisin başlanma vaxtı “gün batana yaxın” kimi göstərilib, çünki o vaxtlar saat olmayıb.

Qeyd edək ki, bu sənədin bu günə gəlib çıxması möcüzədir. Dörd nömrəli məktəbin bir şagirdi bu nadir yazılı abidəyə yaxşı ot büküb çıkmək istəyəndə, tarix müəllimi təsadüfən görüb ağzından alıb…

SALYAN — TARİXİ BIÇAQLA YAZILMIŞ NADİR ŞƏHƏRDİR

Salyanda indiyəcən tapılmış ən qədim maddi abidə yaşının 2 700-ə qədər olunduğu güman edilən bıçaqdır. Bıçağın dəstəyində “Qoçu” sözü aydın oxunur. Təəssüf ki, qoçunun adı silinmişdir. Hazırda Salyan xəstəxanasının alim həkimləri bıçaqda quruyub qalmış qanı öyrənirlər.