Müxtəlif adamlar həyatda gördüm,
Onların çox olub yaxşıları da.
Onlar olmasaydı, çoxdan ölərdim,
Ölərdim, yaddan da çıxarardılar.
Ürəyi yananlar, qəlbi incələr,
Sirri saxlayanlar partizan kimi.
Söhbəti sevənlər uzun gecələr,
Qulaq kəsilənlər danışan kimi…
Olublar, olublar… elə indi var,
Yaxşı adamların tumu kəsilmir.
Elə ki, ya ürək, ya baş ağrıyar,
Salırsan adbaad yadına, bir-bir…
Böyük adamlar var həyatda ancaq,
Nə yaxşı, nə pisdir, böyükdür onlar.
Onlar həm mayakdır, onlar həm dayaq,
Onlarda rəhbərlik cəsarəti var.
Yaralı olasan, azarlı ya da
Çəkər keşiyini, qaldırar hökmən.
Şir ürəyi olur böyük adamda,
Və sığır kiçik bir bədənə bəzən.
İşi bitirməyə həvəsləndirər,
İşi bitirdinsə — göyə qaldırar.
Əlindən yapışar, səninlə gedər,
Keçməli olanda sudan ya oddan.
Çəkidən ağırlar, boydan ucalar,
Qolu güclülər də dost olub mənə.
Onların içində yaxşısı da var,
Ancaq eləsi yox “böyük” adlana.
Onlar dayanıblar mən dayananda,
Odu söndürüblər, sudan qaçıblar.
Olub işdən-gücdən soyudanı da,
Yaxşı adamın da cürbəcürü var…
Yaxşını çox gördüm, böyük görmədim,
İşlərim dağınıq, həyatım viran.
Kim bilir, qabağa mən də gedərdim,
Rastıma çıxsaydı, böyük bir insan.
Dağı dağ üstünə bəlkə qoyardm,
Dönərdim millətin qəhrəmanına,
Bəlkə zirvələrə qonardı adım,
Gərək rast gələydim böyük insana…
Rastıma çıxsaydı böyük bir insan,
Onu ümid sanar, pənah sanardım.
Onun ətəyindən yapışıb hər an,
Bəlkə də Tanrıdan mən yayınardım.
Çəkilib gedərdi dadı zəhmətin,
Ürək sevinməzdi, gəlsə də uğur.
Böyük adamdısa verən neməti,
Aldığın pay olur, sədəqə olur.
Gedirəm, dalımda yüküm, durmadan,
Sadə sırasında qarındaşların.
Çıxmadı qarşıma heç Böyük adam,
Şükür sənə, Tanrım, belə yaxşıdır.
23-24. 04. 2019
Samara