UİLYAM ŞEKSPİR. 21-Cİ SONET

shakespear

                                         UİLYAM ŞEKSPİR

        21-Cİ SONET

                              So is it not with me as with that muse

Xeyir, mən deyiləm ilhama gəlib,

Süni gözəllikdən şeirlər yazan.

Səmanı da naxış bilir eləsi,

Sayır-sadalayır gözəl nə varsa.

 

Əl atır görkəmli müqayisələrə:

Yer, dəniz incisi, günəş və ay da.

İlk aprel çiçəy və nadir hər nə,

Gizlənər göylərin yeddi qatında.

 

Sevgim həqiqətdir, yazılarım da.

Anadan doğulan hər bir uşaq tək,

Sevdiyim də gözəl, parlamır amma,

Səmanı bəzəyən qızııl çıraq tək.

   

          Belə təşbehlərə, yox, əl atmaram,
          Niyə tərifləyim, mən ki satmıram.

 

İngiliscədən tərcümə

08.01.2018

Реклама

UİLYAM ŞEKSPİR. 9-CU SONET

     UİLYAM ŞEKSPİR

 

      9-CU SONET

         Is it for fear to wet a widow’s eye

        That thou consum’st thyself in single life?

 

Qorxaraq bəlkə dul qəmindən sən,

Yaşayırsan hələ də tək-tənha.

Ah, həyatdan belə sonsuz getsən,

Dul qalar dünya özü, yas saxlar.

 

Dul qalıb dünya özü  yaş axıdar,

Qalmadı səndən olan çünki ona.

Ər gedərsə, onu uşaqlardır,

Xatırladan həmişə dul qadına.

 

Dağıdan, xərcləyən israfçı ki var,

Yenə dünyada qalır xərclədiy.

Ömür gedirsə, gözəllik də solar,

Heç kəsə qıymadınsa – məhv elədin.

 

Özünə kim belə düşmənsə əgər,

Bağlıdır qəlbi onun sevgilərə.
İngilis dilindən tərcümə

17-18.07.17

Samara

 

UİLYAM ŞEKSPİR. 123-CÜ SONET

     UİLYAM ŞEKSPİR

 

        123-CÜ SONET

                   No! Time, thou shalt not boast that I do change.

                   Thy pyramids built up with newer might

 

Mənim dəyişməyimlə heç də sən öyünmə, Zaman!

Yeni cəlalla sənin tikdiyin ehraramlarda,

Görmürəm heç nə yeni, heç nə təəccüblü olan,

Əski görüntüdür onlar təzə paltarlarda.

Gətirər vəcdə hər insanı qədim varsa nəyin,

Çünki insanın öz ömrü qısadır dünyada.

Zövqə, istəklərə uyğun sayırıq köhnəliyi,

Köhnə təsvirlərisə onların çıxır yaddan.

Nə indidə, nə də keçmişdə var maraqlı olan.

Yox, məni qorxuda bilməz sənin yazın-hesabın

Yazılanlar da yalandır və nə görsək də yalan,

Tələsən, titrəyən əlinlə, bil, onlar yaranıb.

 

      Mənsə and içmişəm və pozmaram öz andımı mən,

      Nə qədər, hər necə sən dünyanı alt-üst edəsən.

 

İngiliscədən tərcümə

06.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 89-CU SONET

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                          Say that thou didst forsake me for some fault,
                          And I will comment upon that offence…
 

Məni atdın sən hansı eybə görə? —

Söylə, gizlətmə, bilim eybimi mən.

Desən ki, axsağam, inan, əyərəm,

Yerişimi, sözündən incimədən.

Məni atsan da sən, çalışma, yarım,

Məni indən belə gözdən salasan.

Özümü mən elə gözdən salaram,

Məni görüb tanımaz bir insan

Çıxmaram bir də mən sənin yoluna

Şirin adınsa dilimdən silinər,

Yığıb içimdə saxlaram olanı,

Görməz heç kəs də sevgimizdən əsər.

 

        Özümlə indi çəkişməm, hərbim,

        Sən atan insanı sevməz qəlbim.

 

İngiliscədən tərcümə

04.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 35-Cİ SONET

UİLYAM ŞEKSPİR

               35-Cİ  SONET

                     No more be griev’d at that which thou hast done:
Roses have thorns, and silver fountains mud… 

 

Qəlbini üzmə daha etdiyin günahlarla,
Gümüş bulaqda çirk olur və qızılgüldə tikan.

Tutulmalarla, buludlarla günəş, ay qaralar,

Zərif, sevimli qönçələrdə qurd salar məskən.

Hamı günahkar həyatda, günahkaram mən özüm,

Səni bənzətmələrlə səy edirəm doğruldam.

Sənin xilasın üçün mən hələ qanun da pozub,

Bütün xətalarına istərəm bəraət alam.

Sanki rəqib tərəfə keçmişəm çəkişmədə mən.

Gəlir incitdiyin insan sənin müdafiənə.

Özümə qarşı yazımışam mən öz şikayətimi,

Sevgi və nifrətin gedir vətəndaş hərbi yenə.

 

      Talasan da məni çoxdan, ey əli əyri ağa,

       Şərikəm  hər nə törətsən də və alsan nə cəza.

 

İngiliscədən tərcümə

01.10.2016

Samara

 

 

UİLYAM ŞEKSPİR. 130-CU SONET

                                      UİLYAM ŞEKSPİR

        130-CU SONET

              My mistress’ eyes are nothing like the sun;
Coral is far more red than her lips’ red…

 

Bənzəri gözlərinin yox günəşə,

Daha aldır dodağından mərcan
Qar kimi ağ deyil əsmər sinəsi,

Saçı məftil kimi qara, burulan.

 

Dəməşq qızılgülü var qırmzı, ağ,

Bənzəməz onlara yanaqları da.

Daha gözəl və xoş ətirlər var,

Nəfəsindən onun gələn qoxudan.

 

Necə sevsəm də yarın nitqini mən,

Daha xoşdur, bilirəm, nəğmə səsi.

Necə gəzir ilahə, görməmişəm,

Mənim yarımsa torpaq üstdə gəzir.

 

Bilirəm mən, yenə çatmaz amma,

         Saxta tərifli gözəllər yarıma.

    

 

İngiliscədən tərcümə

29.09.16

Samara

UİLYAM ŞEKSPİR. 154-CÜ SONET

UİLYAM ŞEKSPİR

    154-CÜ SONET

                      The little love-god lying once asleep

                     Laid by his side his heart-inflaming brand…          

 

 

Kiçik Eşq Tanrısı qəlb odladığı məşəli də,

Qoyub yanında uzandı və şirin mürgülədi.

Onu yatmış görərək astaca yaxınlaşdı,

Bir bölük huri ki, bakir subaydı hər biri də.

Subaylıq əhdinə ən sadiq olan aldı ələ,

Neçə milyon ürəyə od salıb yaxan kösövü.

İndi dünyada odlu ehtirasa hökm eləyən,

Ali sərkərdə silahsızlanıb, xəbərsiz özü.

Bulaq axırdı yaxında, yanan bu məşəli qız,

Suya atdı, həmin an yandı eşq oduyla sular.

Oldu dərman kimi, kim gəldisə, sağaldı təmiz.

Mən də getdim sağala candakı bu zalım azar.

 

           Orda bildim  alışar ehtiras  odundan su,

           Yox suyun qüdrəti eşq atəşini söndürsün.

 

İngiliscədən tərcümə

28.09.16

Samara