UİLYAM ŞEKSPİR. 139-CU SONET

sonnet 139.jpg
O call not me to justify the wrong

Sənin qərəzinlə qəlbimi alan,
Bu şərə bəraət məndən istəmə.

Sən məni gözlə yox, dillə yarala,
Hiyləsiz, güc ilə yeri üstümə.

 

Əgər başqasını sevsən, əzizim,

Söylə, kənarasa baxma yanımda.

Məni incitməyə fitnə nə lazım,
Gücüm yox gücünə qarşı canımda.

 

Üzrünsə belədir: Sevgilim bilir,
Şirin baxışları yağıdır mənə.

Məndən düşmənləri o da çevirir,
Ki, yara vursunlar başqa birinə.

 

                      Rəhm eləmə, yaram elə ağırdır,
                      Öldür baxışınla, qurtar ağrıdan.

İngiliscədən tərcümə

03-04.2018

Samara

Реклама

UİLYAM ŞEKSPİR. 134-CÜ SONET

Sonnet_134_1609.jpg

                            So now I have confessed that he is thine…

Etiraf etdim ki, daha o sənin,

Mənsə istəyinə girovam indi.

Mən heç, ancaq onu, ikinci məni,
Qaytar ki, könlümə o, təsəllidir.

 

Ancaq buraxmazsan onu sən, o da gəlməz,

Çünki sən acgözsən, osa xeyirxah.

Zəmanət imzası o mənə əvəz,

Ataraq, öhdəlik bağlamış daha.

 

Hüsnünə verilən bu veksellə sən,
Sələmçilər kimi alarsan gəlir.

Dostu məhkəməyə hələ çəkərsən,

Onu itirməkdə günah məndədir.

 

                                Dost, nə borcluyuqsa, ödəyib sənə,
                                Sənin əsirinəm mən ancaq yenə.

İngiliscədən tərcümə

30.04.2018

Samara

QEYD: 133-cü sonetin davamıdır; hüquqi tetrminlərlə doludur: “mortgage”, “bail”, “forfeit”, “bond”. “Will” (birinci dördlüyün ikinci misrası) sözü həm istək, həm şəhvət mənasında işlənilir, şərhçilər bu sözün Şekspir dövründə qadın ya kişi cinsiyyət orqanı mənası verdiyini də bildirirlər.

UİLYAM ŞEKSPİR. 81-Cİ SONET

Sonnet_81_1609.jpg

                                     Or I shall live, your epitaph to make…

Sənin daşyazını ya mən yazaram,
Ya gəlib görərsən daşyazımı sən.

Saxlar xatirəni mənim məzarım,

Tamam unudarlar özümü hərçənd.

 

Adın indən belə əbədi yaşar,

Bütün dünya üçün mənsə ölərəm.

Yerim bu torpaqda sadə bir məzar,

Ölüb gömülərsən sənsə gözlərə.

 

İncə şerim olar sənə abidə,

Doymaz oxumaqdan gələn nəsillər.

Həyatın onların dinər dilində,

Dünyadan gedəndə indikilərsə.
                     Şerimin qüdrəti səni yaşadar

                     Harda nəfəs varsa – ağızlarda da.

 

İngiliscədən tərcümə

7-8.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 72-Cİ SONET

 

72 sonnet.jpg

     O lest the world should task you to recite…

 Nəyimi sevirdin soruşan insan,

Yəqin çox olacaq, onları sənsə,
Susdura bilərsən, məni unutsan,

Çünki yada düşməz yaxşı nəyimsə.

 

Ya gərək deyəsən elə bir yalan,

Çoxala, yüksələ ləyaqətlərim.

Ölənə təriflər uydurasan ya,

Uyğun olmasa da həqiqətlərə.

 

Doğru məhəbbətin sayılar yalan,

Məni tərifləsən mənə sevgidən.

Adım da özümlə gedə dünyadan,

Xəcalət olmaya ikimizə də.

 

               Mənə xəcalətsə öz əsərlərim,

              Səninki – sevərək dəyər verməyin. 

 

İngiliscədən tərcümə

28.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 62-Cİ SONET  

sonnet-62.jpg

                                      Sin of self-love possesseth all mine eye…

 

Özünüsevərlik əsiriyəm mən,

Təpədən dırnağa, ruhuma qədər.

Yox belə günaha bir əlac bilən,

İçimdə, qəlbimdə kök atıb gedər.

 

Üzüm tək füsunkar üz tanımıram,

Yox bədənim kimi mükəmməl bədən.

Bilməz dəyərimi mənim bir adam,
Hamıdan üstünəm çünki dəyərdə.

 

Ancaq olduğum tək  ayna göstərir —

Döyənək dəridə dərin qırışlar.

Dəyişir özümə münasibətim;

Özünəsevgidə günah və şər var.

 

                Yaşımı gəncliyin, gözəlliyinlə,

               Bəzəyib səni vəsf edirəm elə.

 

İngiliscədən tərcümə

19.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 58-Cİ SONET

 

Sonnet_58_1609.jpg

That god forbid, that made me first your slave…

Məni kölən edən Tanrı saxlasın,

Səni izləməkdən, xəyalən belə.

Soruşa bilmərəm kimlə, hardasan,

Sultanı lal-dinməz gözləyər kölə.

 
Himini gözləyib çəkim iztirab,

Haçan sən azadsan, həbsdəyəm mən.

Əzabım arttıqca səbrim artacaq,

Səni qınamaram, hər nə törətsən.

 

Get hara istəsən, sənindir qərar,

Özün sahibisən sən öz vaxtının,

Necə keçirməyə ixtiyarın var,

Özün bağışlarsan cinayətini,
 

                       Çəksəm də cəhənnəm zülmü, gözlərəm,

                       Necə əylənəsən, susub dözərəm.

 

İngiliscədən tərcümə

15.02.2018

Samara

 

QEYDLƏR

  1. 57-ci sonetin davamıdır.

Şekspir tədqiqatçıları 1-126-cı sonetlərin kişiyə, kübar gəncə həsr olunduğunu təsdiq etsələr də, bu sonetin rus tərcümələrində şair qadına müraciət edir. Marşakda: “Сама ты гоcпожа своей судьбе”. (Orijinalda: “That you yourself may privilege your time”.)

  1. Üçüncü şəxs əvəzliyinin təki işlənəndə, “dost”un (sevgilinin) kişi olduğuna şübhə qalmır. 58-ci sonetdə bu əvəzlik yoxdur. Güman etmək olar ki, rus tərcüməçiləri ikimənalılıqda çəkinib kişini qadına çeviriblər.

UİLYAM ŞEKSPİR. 22-Cİ SONET

shakespear

                                       My glass shall not persuade me I am old

 

Ayna yalan deyir – deyiləm qoca,

Cavanlıq özüsən sən ki nə qədər.

Salarsa üzünə zaman iz ancaq,

Ölüm həyatımı götürüb gedər.

 

Sənin büründüyün gözəllik ki var,

Mənim qəlbimə də  bəzəkdir elə.

Bizim sinəmizdə bir ürək vurar,

Necə səndən yaşlı ola bilərəm?

 

Bax belə, sevgilin, gözlə özünü,

Mənim xətrimə yox, özündən ötrü.

Sənin ürəyinin mənsə nazını,

Çəkirəm, elə bil əziz körpədir.

         

                           Ölər səninki də, ölsə ürəyim,

                           Necə qaytararam onu geriyə?

 

İngiliscədən tərcümə

09.01.2018

UİLYAM ŞEKSPİR. 19-CU SONET

shakespear

 

                           Devouring Time, blunt thou the lion’s paws…

 

Şirin caynağını, Zaman, küt elə,

Öz yetirdiyiniu yedirt torpağa.

Çevir öz qanında Simürğü külə,

İti dişlərini  pələngin çıxar.

 

Gah yasa, gah toya həyatı döndər,

Yeyinayaq Zaman, et nə istəsən,

Dünyaya, dünyanın nemətinə də.

Törətmə ən rəzil cinayətisə.

 

Dəymə çöhrəsinə sevdiyimin sən,

Qırışlar çəkməsin incə qələmin.

Səndən surətinə xətər dəyməsə,

Yaşayar gözəllik örnəyi kimi.

 

           Nə ziyan vursan da sevgimə, Zaman,

           Şerimdə qalacaq əbədi cavan! 

 

İngiliscədən tərcümə

02.01.2018

Samara 

         UİLYAM ŞEKSPİR. 12-Cİ SONET

shakespear

 

                            When I do count the clock that tells the time…

 

Saatdan eşidib necə gedir vaxt,

Görürəm gündüzü məhv edir gecə.

Qıvrim xurmayı saç olur ağappaq,

Solur bənövşələr göz önündəcə.

 

Altında sürülər kölgəlik tapan,

Ağacları indi lüt görürəm mən.

Dərzlər, tayalardır bahardan qalan,

Qış gəlib, onları örtüb ağ kəfən.

 

Məni fikrə salan gözəlliyindir,

Zaman yaradanı zaman dağıdır.

Bil ki, gözəllik də dünyadan gedir,

Görüb yeniərin yarandığını.

 

        Qanlı dəryazıyla gələndə əcəl,

       Dalında tək övlad dayana bilər.

 

İngiliscədən tərcümə

21-22.12.2017

Samara

  UİLYAM ŞEKSPİR. 10-CU SONET

shakespear

For shame deny that thou bear’st love to any…

Demə ki, kimisə vurulmusan sən,

Axı qayğısızsan öz həyatına.

Səni, ola bilsin, az deyil sevən,

Sən özün sevmirsən heç kimi ancaq.

 

Dağıdıcı kinə elə əsirsən,

Özün toxuyursan özünə fitnə.

Ocağı qorumaq əvəzinəsə,

Özün çalışırsan onun məhvinə.

 

Fikirim dəyişərdi, dəyişsə fikrim
Kin tutan yeri sən ver məhəbbətə.

İçin də xoş olsun görkəmin kimi,

Azındam özünlə kəs ədavəti.

 

               Özündən başqanı yarat, amandır,

               Sənin gözəlliyin yaşasın onda.

 

   İngiliscədən tərcümə

19.12.2017

Samara