Архив тегов | təbiət haqqında şeir

VOLQANIN O TAYINDA

30.01.2018.jpg

Hər gün, hər havada işə gedən tək,

Keçəm o tayına Volqanın gərək.

Ayağım altda buz, buz altdasa su,

Sınanıb, bu yolun yoxdu qorxusu.

Hərdən qarmaşınlar hay salıb keçir,
Görürəm şütüyən xizəkçiləri.

Hamı qıvraq gedir, hamı şən gedir,

Çatışmır deyəsən bircə zəngləri.

Fikirli və ciddi, işə gedən tək,

Mən də yol gedirəm piyada və tək.

Gedirik çevirib arxa şəhərə,

Qar təmiz, havasa saf olan yerə.

Burunları qızarıb, bədən tərlidir,

Ziyafət gözləyir bizi elə bil.

Şaxtalı havanı  ciyərimizə,

Çəkərik, güc gələr ürəyimizə.

Volqanın çölündə keçən saatlar,

Yəqin ömrümüzə illər artırar…

Bu da Volqa çölü, bu, seyək meşə,

İtburnu qızarır hər addım başı.

Bu qar  olmasaydı qurşağa qədər,
Oxşayardı Ərəbqardaşbəyliyə…

Birdən kövrəlirəm, darıxıram da,

Anamı görürəm qarlı cığırda…

Müharibə vaxtı, axıra yaxın,
Elə şaxta olub, Kür tamam donub.

Buzla at-araba keçib gedirmiş

Onda qış özü də müharibəymiş…

Anamı görürəm iyirmi yaşlı,

Ürəyi yaralı, gözləri yaşlı.

Qayanın altında yıxılır-durur,

Xırda əlləriylə buzu sındırır.

Yuyur paltarını ahıl ərinin,

İlki Süleymanın əskilərini…

 

30.01.2018

Samara

 

 

«SAHİLİ HAÇANDAN BAŞINA ALIB…»

23.11.17.jpg

Sahili haçandan başına alıb,

Uca qıyyaları qağayıların.

Məhəccər yanında dayanan ahıl,

Torbadan çıxarıb çörək doğrayır.

 

Beş deyil, on deyil, qoşundu quşlar,

Bu qədər qağayı Volqalıq deyil.

Bəlkə dənizlərdən uçub gələn var,

Gətirib onları çörəyin iyi.

 

Qoşulub xəlvətcə qağayılara,

Qara qarğalar da yeməyə cumur.

Xırda gilələri sərçələr yığır,
Təklifsiz gələnə qoca göz yumur…

 

Kəsib boğazından, pensiyasından,

Aldığı çörəyi verir quşlara…

Bir çörək doydurub beş min insanı,

Haçansa… Quşun da öz allahı var…

 

Quşlara, yiyəsiz itə, pişiyə,

Ağzından tikəni çıxarıb verən!

Haçansa bir çörək verib beş mini,

Doyduran o kəsə yaxındır yerin!

25.11.2017

Samara

SƏRÇƏLƏR

 Oğrun-oğrun dolaşır,

Oğrun-oğrun uçurlar.

Elə bil çağrılmamış,

Qonaqdılar sərçələr.

 

Başqa quşların səsi,

Tutub bağçanı-bağı.

Utanır sərçələrsə,

Elə bil oxumağa.

 

Yox gözəl avazları,

Rəngləri deyil qəşəng.

Bəzəmir ağacları,

Uçuşu-qaçışı ləng.

 

“Səsi qırılmışların,

Kəsiləydi!” deyən var.

Ancaq ötürüb qışı,

Yazı gətirib onlar.

 

Yağışlarda islanıb,

Küləklərə dözüblər.

Şaxtada daldalanıb,

Acqarına gəziblər.

 

 

Özlərini didiblər,

Sinə dağıdıb onlar,

Kim bilir nə qədərdi,

Bahara çıxmayanlar…

 

 

Bağlarda, bağçalarda,
Susmayıblar  bircə an.

Beş ay boz sərçələrdi,

Təbiəti yaşadan.

 

Sadə nəğmələrində,

Yer və göy danışırdı.

Bizə ümid verən də,
Bu xırda quşlarıydı…

 

 

 

14.04. 2014  Samara