ƏYYUBUN SƏBRİ

 

Sevinc balanın valideynlərinə

 

Dünyada torpaq çox, dünyada kül çox –

Başa sovuranlar ovunmur ancaq.

Dünyada yarpaq çox, dünyada gül çox,

Çələng toxuyanlar ovunmaz ancaq.

Bütün dərdlilərin təsəlli yeri –

Əyyubun səbri.

 

Dünyadan köçdüyü neçə min ildir,

Səbrini irs qoyub Əyyub elə bil.

 

Əyyubun səbri

Çoxdur varlıların səxavətindən,

Çoxdur kasıbların əziyyətindən.

 

Torpaqdan cücərər, günəşdən doğar,

Buludlarda yaşar, yağışla yağar.

Üşüyənə isti, yanana sərin –

Əyyubun səbri.

 

Düzləri dolaşar, zirvədə yatar,

Meşələrdə gəzər, sularda batar.

Sönər susuzluğu bircə damladan,

Beş çörəklə doyan beş min adamın…

 

Şeytan hiyləsiylə, şeytan şəriylə,

Döşləşər, bacarar Əyyubun səbri.

Allah qəzəbinin özündən belə,

Böyükdür, ucadır Əyyubun səbri.

Yaxşı ki…

 

16-18 fevral 2007-ci il, Samara