Архив тегов | vətən haqqında şeir

YÜZ İLDİR BAXMIRAM XƏRİTƏLƏRƏ…

cropped-u-lenc4b0.jpg

Yaxşı yadımdadır, dərs otağında
Mismara taxılan xəritələrdə,
Mənə ayrı ölkə kimi gələrdi,
Yaşadığım ölkə, haçan baxardım.

Rəngi solğun idi xəritələrin,
Qat kəsiyi vardı neçə yerində,
Ancaq gözü-könlü sevindirərdi,
Ölkələr içində ölkəmin yeri.

Gözəl ölkələrdən onu çox olsa,
Santimetrlərdi yalnız ayıran.

Barmağı sürüşdür bir az o yana,

Britaniyadır, ya da Fransa…

Çubuğun ucunda dəryanı adla,
Los Ancelesdəsən, Nyu Yorkdasan.

Xalqında tərpəniş, yüksəliş olsa,
Çatar öndəkinə, bəlkə qabaqlar…

Yüz ildir baxmıram xəritələrə,

Ölkəmin yerini bilirəm əzbər.
Aşılmır, keçilmir santimetrlər,
Yerimiz-yurdumuz həmindir hələ…

01. 04. 2021, Samara

ADIN ÇƏKİLMİRSƏ, DEMƏLİ, SAĞSAN…

27

Fərdi kompüterdə, bloknotda ya,
Yazdığın, qoşduğun yığılıb qalır,

Nə bir soruşan var, nə də ad tutan,
Nə ölkən tanıyır, nə də ki, xalqın.

 

Bəlkə də bu, pisdir (harası axı?),
Yaxşı tərəfləri daha çox ancaq.

(Elə hər tərəfdən deyilmi yaxşı?)

Demək, ölməmisən, hələ başın sağ!

 

Ritual xidmətin ən gözəlini,
Ölsəydin, bəlkə də, göstərərdilər.

Korteji gələrdi limuzinəlrin,

Morqa, adamlar da dəstələnərdi.

 

Bəlkə AZTV-də küyə düşərək,
Sənin ölümündən xəbər verərdi,
Ancaq təəssüf ki, həmişəki tək,
Çoxu yalan bilib şübhələnərdi…

 

Nəinki adını çəkərdi hamı,

“Mərhum” deyərdilər hələ önündə.

Dəfn bitər-bitməz  “irsi mərhumun”,
Ciddi ədəbiyyat sayılar indi…

 

Bioqrafiya da düzüb-qoşarlar,

Uğursuz məhəbbət, daşürək gözəl…

Guya neçə yerdə neçə uşaq var,

Beş-altı şəhərdə…mənə bənzəyən…

 

Hələ yazardılar dissertasiya…

Dissertasiyalar… yazdırardılar…

İrəli gedərdi filologya,
Kimsə akademik adı alardı…

 

Deyərdilər «mərhum», «mərhumun» irsi…

Deyərdilər yalan, deyərdilər gop.

Sənin o dünyada turardı hirsin,
Çığırıb deyərdin “yalançının lap…”

 

Axtarıb-tapan yox – fikir eləmə,

Heç yerdə çəkilmir adın – darıxma.

Cahangirin oğlu, sevin, qəm yemə,

Adın çəkilmirsə, deməli, sağsan…

 

27.06. 2018

Samara

VOLQANIN O TAYINDA

30.01.2018.jpg

Hər gün, hər havada işə gedən tək,

Keçəm o tayına Volqanın gərək.

Ayağım altda buz, buz altdasa su,

Sınanıb, bu yolun yoxdu qorxusu.

Hərdən qarmaşınlar hay salıb keçir,
Görürəm şütüyən xizəkçiləri.

Hamı qıvraq gedir, hamı şən gedir,

Çatışmır deyəsən bircə zəngləri.

Fikirli və ciddi, işə gedən tək,

Mən də yol gedirəm piyada və tək.

Gedirik çevirib arxa şəhərə,

Qar təmiz, havasa saf olan yerə.

Burunları qızarıb, bədən tərlidir,

Ziyafət gözləyir bizi elə bil.

Şaxtalı havanı  ciyərimizə,

Çəkərik, güc gələr ürəyimizə.

Volqanın çölündə keçən saatlar,

Yəqin ömrümüzə illər artırar…

Bu da Volqa çölü, bu, seyək meşə,

İtburnu qızarır hər addım başı.

Bu qar  olmasaydı qurşağa qədər,
Oxşayardı Ərəbqardaşbəyliyə…

Birdən kövrəlirəm, darıxıram da,

Anamı görürəm qarlı cığırda…

Müharibə vaxtı, axıra yaxın,
Elə şaxta olub, Kür tamam donub.

Buzla at-araba keçib gedirmiş

Onda qış özü də müharibəymiş…

Anamı görürəm iyirmi yaşlı,

Ürəyi yaralı, gözləri yaşlı.

Qayanın altında yıxılır-durur,

Xırda əlləriylə buzu sındırır.

Yuyur paltarını ahıl ərinin,

İlki Süleymanın əskilərini…

 

30.01.2018

Samara

 

 

UZAQ ULDUZLAR KİMİ…

   anamın xatirəsinə             

Uzaq ulduzlar kimi,

Sozalıb sönən vətən.

Dünya ölkələrinin,

Birinə dönən vətən!

 

Gözlərim yollarına,

Haçandır ki dikilmir.

Ağrıtmır, yaralamır,

Ürəyimi nisgilin.

 

Kəsildi gediş-gəliş,

Unudulur yurd, ocaq.

Vətən – ana deyilmiş,
Ana – vətənmiş ancaq…

 

28.08.2016

Samara

RUSİYA

Yurdun peyğəmbəri qıraqdan gələr,
Bilinmədi yurdda, qədrim, Rusiya!
Rus atar vətəni, qərbə köç elər,
Mən atdım vətəni, qərbim — Rusiya.

Onillərlə hədər getdi əməyim,
Çığıra düşmüşdüm, yolumu əydim.
Dayazlarda üzən xırda gəmiydim,
Qoynunda yetişər qərqim, Rusiya!

Yorur ayağımı yolların buzu,
Gedərəm – dalımca silinər izim.
Baharların qısa, qışların uzun,
Dözmürəm, tükənir səbrim, Rusiya!

Elə ki görünür günəşin üzü,
Gülür kilsələrin qızıl günbəzi.
Sən həm qəribliyim, sən həm əzizim,
İkiyə bölünüb qəlbim, Rusiya.

Günahlarmı belə canımda coşan,
Vicdanı göynədən, ürəyi düşən?
Özüməm özümə ən qatı düşmən,
Yalnz özümlədir hərbim, Rusiya.

Ayrıldım yurdumdan, yaman ayrıldım,
Hanı haraylayan, dönəm, qayıdam?
Nə qədər ürəkdə sevgim soyudu,
Nə qədər ürəkdə qəbrim, Rusiya!

Doğma dil eşqiylə yanar dodağım,
Mən kimə dərdimi deyim-dağıdım?
Burda bir ölkəyəm sərhədi bağlı,
Dolu ürəyimdir gerbim, Rusiya!
fevral 1987, Samara