RÜSTƏM İBRAHİMBƏYOVUN MUSİQİSİZ KOMEDİYASI

 

Azərbaycanda müxalif fikrə və müxalifət hərəkatına Rüstəm İbrahimbəyovun vurduğu ziyanı hakimiyyət özü də vura bilməzdi. R. İbrahimbəyovun gözlənilmədən müxalifətə qoşulub onun başında durmağı bütün etiraz hərəkatını hörmətdən saldı və onu məzhəkəyə çevirdi – yəni belə çıxdı ki, xalqın mövcud hakimiyyətdən heç bir narazılığı yoxdur, hakimiyyətdən şəxsi incikliyi olan adamlar, xüsusən R. İbrahimbəyov, öz məqsədləri üçün xalqda bu narazılığı yaratmağa çalışırlar.

Əslində belə impulsiv çarpışmalar R. İbrahimbəyov üçün təzə deyil. Bir neçə il əvvəl o, Moskvada keçmiş dostu Nikita Mixalkovla mülk mübarizəsi apardı, məğlubuyyətə uğradı, bundan sonra fəaliyyətinin çoxunu Azərbaycana keçirdi. İndiki komik mübarizədən və komik məğlubiyyətdən sonra da yəqin Rustam bek özünə fəaliyyət meydanı tapacaq.

Müxalifin bioqrafiyası olmalıdır, müxalifin hakimiyyətlə qarşıdurması şəxsi incikliklərə ya antipatiyalara dayaqlana bilməz, müxaliflə rejim arasındakı qarşıdurma ciddi siyasi, sosial və hətta estetik baxışlar sisteminin tam ya qismən əksliyi üzərində qurulur, Rüstəm İbrahimbəyovun isə indiki rejimlə heç bir barışmaz ziddiyyəti yoxdur, Rustam bek mərhum Heydər Əliyevin Azərbaycan xalqının başında turp (pambıq, tütün, barama….) əkdiyi vaxtlar fövqəladə vicdan sakitliyi ilə yaşayıb. Razılaşaq ki, indiki rejimdə demokratik ünsürlər sovetlər vaxtından qat-qat çoxdur. Yəni söz yenə ora dirənir ki, Rustam bek bütövlükdə rejimdən yox, rejimin şəxsən ona münasibətindən narazıdır.

İndiki müxalifət rəhbərləri isə (onlara lider demək olmaz, lider-zad deyillər) onlara olan az-çox etimadı R. İbrahimbəyova həvalə etməklə özlərini tamamilə hörmətdən saldılar və yaxşı olar ki, bundan sonra siyasətdən çəkilələr…

RÜSTƏM İBRAHİMBƏYOV SURİYADA

nar

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınmamış Rüstəm İbrahimbəyov siyasi mübarizəni dayanıdırmayıb. Hazırda Rüstəm bəy Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edir, çünki onun Rusiya vətəndaşlığı Suriya qanunvericiliyinə zidd deyil. Jurnalist Eynulla Fətullayevin yazdığına görə, İsa Qəmbər,Bəxtiyar Hacıyev, Emin Milli, Gözəl Bayramlı  və başqa görkəmli xadimlər  Suriya müxalifətinə qoşulublar. Əli Kərimli də xarici pasport alan kimi Suriyaya yollanacağını deyib.

VAHİDLƏR VƏ NAMİZƏDLƏR ÖLKƏSİ

Azərbaycan xalqında müxalifətin vahid namizədinə sevgi o qədər böyükdür ki, indi ölkədə doğulan oğlan uşaqlarının əksəriyyətinə “Vahid”, qız uşaqlarına isə “Namizəd” adı qoyurlar. “İlham” və “Mehriban” adlarını indi tək-tük yapçılar qoyurlar.

YERİ, YERİ, BİZ DƏ GƏLƏK DALINCA…

Sosial sorğulara görə, Azərbaycan xalqı  demokratik qüvvələrin vahid namizədi Rüstəm İbrahimbəyova səs verməyə hazırdır. Sorğu göstərir ki, xalq R. İbrahimbəyovun Avrodan Azərbaycana qayıtmasını istəmir, əksinə, xalq özü Avropaya, R. İbrahimbəyovun yanına getmək istəyir. 

KOMEDİYANI QURTARIN, CƏNABLAR!

Azərbaycanda son 20-25 ilin demookratik hərəkat tarixi dramatik-qanlı olduğu qədər komikdir də, məzhəkəlidir də.

Demokratik hərəkatın lideri naxçıvanlıdır, familiyası Əliyevdir – elə bunun özündə məzhəkə elementi var. Lider təxəllüs götürür- Elçibəy – bununla komizm daha da artır – Elçı – yəni “Rəsul”? yəni peyğəmbər? yəni Məsiha? Həm də adına “bəy” qoşmaqla Əbülfəz Əliyev Xudayar bəylə analogiya yaratdı, Xudayar bəy də günlərin bir günü adına “bəy” sözünü qoşmuşdu, haçan, hansı şərairdə qoşduğunu Mirzə Cəlil izah edir…

Mərhum Əbülfəz Əliyev (Elçibəy) kəndə qaçmaqla Azərbaycan demokratik hərəkatına ona verdiyi xeyirdən çox ziyan vurdu. Yəni Əbülfəz Əliyev azərbaycanlıların zehnində əksinqilab elədi, insanlarda on illərin təzyiqinə davam gətirə biləcək davamlı inam yaratdı kı, ölkəni Heydər Əliyev və onun ailəsindən başqa heç kim idarə edə bilməz.

Nə qədər ki, Əbülfəz Əliyevin Kələkiyə qaçmağına faciə donu geydiriləcək, tarixi faktın da, indiki sitüasiyanın da komizmi artacaq. Kələkiyə qaçış səhv deyildi, Kələkiyə qaçış gözlənilən hərəkət idi, çünki nə götürdüyü ad, nə götürdüyü missiya yöndəmsiz tarixi pyesin baş qəhrəmanının əzm və intellektual imkanlarına uyğun deyildi. Bu uyğunsuzluq ən azından traqikomik sitüasiya yaradırdı, Kələkiyə qaçış komediyanın sonuydu.

Və Azərbaycanda demokratik hərəkatın indiki liderləri komik janrı faciə janrı kimi qələmə verməyi davam etdirməklə özlərini də məzhəkə personajlarına çevirirlər. Həmişə Heydər Əliyevin saray yazıçısı və kinoçusu olmuş Rüstəm İbrahimbəyovun namizədliyi sübutdur ki, Azərbaycanın yaşlı nəsil demokratları oynadqları təlxək roluna və əyinlərindəki təlxək paltarına elə alışıblar ki, elə bu cür də qəbrə getməyə hazırdırlar…

Azərbaycanda əsil demokratik hərəkat gənclərin bu hırraxanadan aralanacağı gündən başlanacaq…

 

TORPAQ QOVĞASI

Jurnalist: Rüstəm müəllim, prezident seçilsəniz, fəaliyyyətinizi nədən başlayaaqsız?

R. İbrahimbəyov: Fəalliyətimi başlayacam torpaqları qaytarmaqdan.

Jurnalist: Qarabağı, ya Qarabağ ətrafındakı rayonları?

R. İbrahimbəyov: A bala, nə Qarabağ, nə ətrafı? Mən öz torpaqlarımı deyirəm, Bakıda əlimdən alınan torpaqları deyirəm!…