ONKOLOJİ ŞÖBƏ

               xərçəngdən ölmüş əzizlərimin

                          xatirəsinə

 

Kim deyib oyundur həyat? Şekspir?

Mahirdi, əlbəttə söz oynatmağa,

İngilis dühası. Hansı oyun? Sirk?

Teatr? Serial – baş aldatmağa?

 

Bəlkə adi qumar ya bəlkə şahmat?

Depüt, mittelşpil və endşpil?

Hansı oyuna da bənzəsə həyat,

Əslində o heç də oyun deyildir…

 

Hanı qaydaları, oyunsa əgər? 

Əgər teatrsa,  rejissoru kim?

Kimdi ağ xalatda gedib-gələnlər?

Onlar həkimdilər? Yoxsa ki, hakim?

 

Dünya teatrdlr — ingilis deyib —

Guya aktyoruq hər birimiz də.

Səhnəyə buranın nəyi bənzəyir?

Oyundur? Axı yox rəqibimiz də…

 

Əgər faciəsə, kimdi yazanı?

Hanı qaydaları, oyunsa əgər?

Əgər teatrsa, rejissor hanı?

Və kimdir ağ xalat geyib gəzənlər…

 

05.11.16

Samara

 

 

 

 

XƏRÇƏNG

 

Süleymanın ölümünün ildönümünə

Ucalır hər yerdə sənin adınla,

Möhtəşəm binalar. Sayları adlar

Bəlkə məbədlərin sayını belə.

Gələr boynu bükük, gələr hüznlə,

Gələr qaşqabaqlı, canı ağrılı,

Xaça, ayparaya, bütə bağlılar.

Xəstəlik olsa da adın, özünsə,

Bəlkə də talesən, yazısan bizə.

Ya bəlkə taleyə hökm verənsən,
Ya bəlkə yazının müəllifisən.

Bu hospitalları, bu hospisləri,

Bürüyən ağrıyla dolu səslərin,

Nə gündüz, nə gecə kəsilməyi var –

Sənin qüdrətinlə ucalar onlar.

Həm ağrının özü, həm ağrıdansan,

Sən həm yaranışsan, həm yaradansan.

Varsan! – şübhəsi yox buna kiminsə,

Tanrı deylsən də, tanrı kimisən.

Açılar-örtülər qəm qapıları,

Gecəli-gündüzlü hospitalların.

Məgər onlar ağrı məbədi deyil?

Tanrının evi tək əbədi deyil?

…Həmişə, hər yerdə səcdədəyik biz,

Ya boynumuz bükük, ya da dizimiz.

 

                                          8 yanvar-11 fevral 2012 Samara