SEYRAN SƏXAVƏTLƏ ƏDƏBİYYAT İNSTİTUTUNUN YATAQXANASINDA GÖRÜŞ

Ədəbiyyat institutunun demokratik, yetim qarnı doyduran yeməkxanasına Seyran Səxavət gedə bilərdi, çünki Moskvaya gələndə institutun yataxanasında, azərbaycanlı tələbələrin otağında qalırdı…

Səhv etmirəmsə, 1982-ci ilin lap əvvəlində Seyran Səxavət Moskvaya gəlmişdi və yataqxanada qalırdı. Mən onu tanıdığım azərbaycanlı tələbələrin otağında gördüm və hələ Azərbaycanda olan vaxtlar “Ulduz”a göndərdiyim bir hekayəmi oxuyub-oxumadığını soruşdum. Seyran Səxavət o vaxt jurnalda nəsr şöbəsinin müdiriydi, dedi ki, hekayəni görüb, hətta oxumağa başlayıb (göndərdiym vaxtdan az qala altı ay keçmişdi), qayıdandan sonra oxuyub qurtaracaq, mən burdan zəng vurub yazım barədə jurnalın qərarını öyrənərəm…

Sonra S.B. adlı tələbə mənə yaxınlaşıb dedi ki, Seyran müəllim bir qadınla təklənmək istəyir, sənin otağın lazımdır (aspirantlar tək qalırdılar). Mən də S.B.-ya acıqlandım ki, bu adam indi mənim yatağımda ağnamaq istəyir? S.B. dinc adam idi, məni sakit elədi, dedi ki, başqa yer tapar…

Bildim ki, hekayəmin qərarını özüm çıxardım..

Ancaq bir müddətdən sonra özümü saxlamayıb “Ulduz”a zəng vurdum. S. Səxavət dedi ki, hələ oxuyub qurtarmayıb (əslində hekayəni on dəqiqəyə oxumaq olardı). Bir-iki həftədən sonra yenə zəng elədim. Daha bir dəfə… Seyran Səxat mənə dedi ki, hekayənin yarısına çatmışdı, birdən əlyazması itdi…

Hekayənin surəti mən də də qalmayıb. Adı qalıb: “Rayon qəzetinin müxbiri”…

Реклама

YUSİF SƏMƏDOĞLU HARDA YEYİB-İÇİRDİ?

Daha bir lətifədə deyilir ki, guya Seyran Səxavətlə Yusif Səmədoğlu Qorki adına ədəbiyyat institutunun restoranında təsadüfən görüşüblər…

Ədəbiyyat institutunun, əlbəttə, restoranı yox idi və ola bilməzdi. İnstitutun yeməkxanası vardı ki, bura qarnı şişirdən, ancaq doyurmayan ucuz xörəklər verilirdi. Yusif Səmədoğlu isə ЦДЛ (Центральный дом литераторов – mərkəzi ədəbiyyatçılar evi) restorannda yeyib-içərdi. Tez-tez Bakıdan uçub bahalı mehmanxanada qalmağa, bahalı restoranda yeyib-içməyə, arvadbazlığa “Ulduz” jurnalı redaktorunun maaşı və yazıçı qonorarı, əlbəttə, çatmazdı. Səmədoğlu heç məhsuldar yazıçı da deyildi. Sovet vaxtı mən onun cəmi bir neçə yöndəmsiz hekayəsini görmüşdüm…Məlumatlı bir adamdan o vaxt eşitmişdim ki, Yusif Səmədoğlu Bakı sexçiləri ilə (цеховики) şərikdir və pul da ordandır…

YUSİF SƏMƏDOĞLU GÜLLƏ ATACAQDI? NİYƏ SOVET VAXTI HEÇ KƏLLƏ DƏ ATMIRDI?

“Xalq yazıçısı” Yusif Səmədoğlu haqqında lətifələr çap olunub. Birində deyilir ki, guya “xalq yazıçısı” Yazıçılar İttifaqının binasını Türkiyə səfirliyinə vermək istəyən baş nazir Pənah Hüseyni tüfənglə vurmaq istəyirmiş…

Bu hadisə 1992-93-cü illərdə ola bilərdi. O vaxta qədər Yusif Səmədoğlunun gözü qabağında xalqın başına min oyun açıblar, məsələn, yüz minlərlə azyaşlı azərbaycanlı balası ilin dörd-beş ayını dərs oxumaq əvəzinə pambıq, tütün, üzüm tarlalarında köləlik eləyib. Niyə onda Yusif Səmədoğlu bir adama, güllə olmasın, heç olmasa, bir kəllə atmırdı?

O ki qaldı Yazıçılar İttifaqına və onun əmlakına, burda, əlbəttə, yumşaq desək, şəxsi maraq vardı. Yusif Səmədoğluna və elə onun atasına da qərb burjuyları kimi dəbdəbə ilə yaşamaq imkanını dövlət himayəli ədəbiyyat, ideoloji ədəbiyyat və onun Nazirliyi – Yazıçılar İttifaqı yaratmışdı…

Dünya nəsr sənətinin böyük ustaları səviyyəsində Azərbaycanın bircə nasiri var: Cəlil Məmmədquluzadə. O öz şedevrlərini, məsələn, “Kişmiş oyununu” yazanda, heç bir yazıçılar ittifaqı yox idi…