İSGƏNDƏR HƏMİDOVUN ATOM BOMBASI VƏ ZAKİR HƏSƏNOVUN «İSGƏNDƏR»VURAN SİLAHI

Mənim keçmiş şagirdim Azərbaycan Politexnik İnstitutunda oxuyan vaxtlar daxili işlər naziri İsgəndər Həmidov tələbələr qarşısında çıxış edib demişdi ki, “məmin atom bombam var, atacağam ermənilərinb üstünə”.

Tələbələr də qorxularından deyə bilmirlər ki, ay oğr…, varsa, niyə atmırsan, bu millət qırıldı axı…

İndi də nazir Zakir Həsənov deyir ki, Azərbaycanda “İskəndər” raketlərini vuran silah var. Buna deyən yoxdur ki, ay… ay filankəs, belə silahların varsa, niyə bəs arvad-uşaq qırılır? Nazirin qarnı gün-gündən yekəlir, ordenlərinin sayı artır, millət də qırılmaqda.

Kefli İsgəndər demişkən, olasan Rüstəm-zal, çıxasan bu nazirin qabağına…

13.07.17

ZAKİR HƏSƏNOV İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏKİNDƏN ÇOX İTKİ VERİR…

Böyük Vətən müharibəsində — ikinci dünya müharibəsi – 58 400 etnik azərbaycanlı həlak olub. Ancaq dörd ildə azərbaycanlılar Mozdokdan Berlinəcən gedib çıxıblar.

Zakir Həsənov müdafiə naziri olandan Azərbaycan ordusu yüzlərlə itki verib. Rəsmi statistika yoxdur, müdafiə nazirliyi itkiləri gizlədir, erməni tərəfi bizim şəhidlərin adıı yayandan sonra boynuna alır. Bu itkilərin niyə verildiyi məlum deyil,  çünki silahda və canlı qüvvədə erməni ordusunu dəfələrlə üstələyən ordumuz iyirmi beş ildə nəinki bir rayonu, heç bir kəndi də azad edə bilməyib.

Götürək sonuncu itkiləri. Yeddi nəfərin adı yayılıb. Guya onlar düşmən hücumunu dəf edərkən həlak olublar. Ancaq yaxşı məlumdur ki, hücum edən tərəf həmişə daha çox itki verir. Hanı erməniləri itkiləri? Bizim hərbçilərin ölümündə məsul olan yüksək rütbəli generlların adı niyə çəkilmir? Niyə orduya belə vecsiz rəhbərlik edən, əsgər və zabitlərimiz belə rüsvaylıqla qırdıran müdafiə naziri istefa vermir?

Mən bir dəfə yazmışdım, təkrar edirəm: Zakir Həsənovun adı müdafiə naziridir, əslində o, Azərbaycana hücum naziridir…

ZAKİR HƏSƏNOV İKİ MEYİD QOYUB GƏLİB?

ZAKİR HƏSƏNOV.jpg

Zakir Həsənov dünən gecə Talış kəndi istiqamətində döyüşə şəxsən komandanlıq edib.

Azərbaycanın əsas dezinformasiya və böhtan resursu virtualaz.org fevralın 24-də xəbər verirdi ki, “Zakir Həsənov dünən gecə Talış kəndi istiqamətində döyüşə şəxsən komandanlıq edib”. ( http://virtualaz.org/bugun/90272)

 . Eynulla Fətullayev bu xəbəri müdafiə nazirliyinin saytına istinadla verirdi. Ancaq nazirliyin saytında Zakir Həsənovun şəxsən döyüşə girməyi haqqında heç nə yoxdur. Ancaq cənab Həsənov əsgərləri döyüşə şəxsən aparıbsa, bu, fəlakətlə nəticələnib: iki Azərbaycan əsgərinin meyidi döyüş meydanında qalıb…

 

AZƏRBAYCAN ORDUSU YA KƏNDLİ ORDUSU?

Azərbaycan əhalisinin tərkibi haqqında İnternetdəki son dolğun məlumat 2013-cü ilin iyul ayına aiddir. Beləliklə, bu məlumata inansaq, iki il yarım əvvəl Azərbaycanda şəhər əhalisi 53, 1%, kənd əhalisi 46, 9 % təşkil edib. Yəqin ki, ötən müddət ərzində bu nisbət çox dəyişməz, dəyişiklik də şəhər əhalisinin xeyrinə olar.

Göründüyü kimi, şəhər əhalisi kənd əhalisindən xeyli çoxdur. Orduya çağırış Konsitusiya norması olduğuna görə, suravi heyətdə də nisbət təxminən belə olmalıdır. Ancaq itkilərə baxsaq, görərik ki, cəbhədə ölənlərin az qala yüz faizi kənlilərdir.

Bu vəziyyət necə yaranıb? Bu vəziyyəti kim yaradıb? Mən mütəxəssis deyiləm, öz mülahizəmi deyirəm: belə vəziyyəti ancaq korrupsiya yarada bilər, başqa heç nə yox.

Müdafiə nazirindən çox yaxşı sözlər yazırlar. Ancaq Zakir Həsənovun vaxtında bu məsələdə heç nə dəyişməyib. Yenə səngərlərə kənd uşaqlarını yığırlar.

İndi müasir silahlardan istifadə, müsir döyüş taktikaları əsgərdən yüksək hazırlıq tələb edir, yüksək vətənpərvərlik, qeyrət kifayət deyil. Dövlət rəhbərliyi özü etiraf edir ki, kənd məktəblərinin məzunlarının mühüm hissəsinin bilik səviyyəsi aşağıdır. Onda bəs necə olur ki, məktəbi “üç”lə qurtarmış kənd uşaqlarının əlinə  iki-üçü ay hazırlıqdan sonra müasir silah verib qoyurlar düşmənlə üz-üzə?

Hanı İnternetdə “bla-bla-bla” eləyən rusdilli zirək oğlanlar?

Əgər ordunun əsas komplektləşdirmə prinsipi korrupsiyadırsa, onun lap xırda qələbəsi çox böyük itkilər bahasına başa gələcək. Biz kənd uşaqlarının meyitlərini ayaq altına döşəıyib yüksəkliyi yalnız adında olan təpəyə dırmanırıq. Bu, düzdürmü?

Niyə şəhər uşaqları əsgərlikdən qaçırlar? Niyə pulu olan əsgərlikdən qaça bilr? Niyə nəinki ölkə, hətta rayon səviyyəsində rəhbərlərin uşaqları cəbhədə deyillər? Cəbhədə deyillərsə, bəs hardadırlar?

Yaxşı, ölkə uğrunda döyüşmək kəndli balalarının alnına yazılıbsa, niyə heç olmasa rayon mərkəzlərində Rusiyadakı kadet məktəbləri kimi hərbi məktəblər açılmır? Axı kənd uşaqlarının orduya hazırlıqlı gəlməsi onların ilk döyüşdəcə tələf olmaq ehtimalını azaldardı.

Mən istərdim ki, mənim həmvətənlərim Qarabağ ətrafındkı döyüşləri futbol oyunu kimi izləməsinlər. Uşaqlarımız qırılırlar…

Mən məktəbli olanda, bəlkə 11-12 yaşım olardı, Ukrayna yazıçısı Oles Qonçarın “İnsan və silah” romanını azərbaycanca oxumuşam. İlk döyüşdəcə öldürülmüş on səkkiz yaşlı əsgərin cəsədinə, yanına düşmüş əlinə baxan müəllif “bu  əlin heç vaxt qadın sinəsinə dəymədiyini” düşünür… (mən yaddaşla yazıram).

Bax, belə.

Və fikirləşməyin ki, iqtisadiyyatda, maarifdə, səhiyyədə yarıtmayan rəhbərlik müdafiədə yarıda bilər.

Bilməz!

“Əli heç vaxt qadın sinəsinə dəyməmiş” qanına qəltan olan gənclərimizi düşünün!

05.04.2016

Samara

 

 

 

SÜTÜL UŞAQLAR QIRILIRLAR, NAZİR BODRUMDA BƏDƏNİNİ SÜRTDÜRÜR

Neçə aydır sərhəddə atışma gedir, əsgərlər ölürlər. Belə gərgin vaxtda Azərbaycan zabiti, generalı ölkədən çıxırsa, ya danışıq üçün, ya hərbi yardım üçün gedə bilər. Azərbaycanın hərbi naziri isə Bodruma incə bədənini massaj elətdirməyə gedib…Əgər onun özünün on doqquz yaşlı uşağı sərhəddə dayansaydı, onda da Bodruma kefə gedərdi? Və haçan bu sərhədlərin qorunmağına ölkə sərvətlərinə sahib olmuş beş-on ailənin də uşaqları cəlb olunacaqlar? Və cəmi on doqquz yaşı olan ana uşaqlarını güllə qabağına vermək cinayət deyilmi?

MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOVDAN BAYATILAR

 

Cənnətə dönə yurdum,

Gözdə, könüldə Bodrum.

Qoymadılar doyunca,

Xanımlarla oturum.

 

Bodruma gəldim qonaq,

Yaddan çıxdı Qarabağ.

Erməni hücumundan,

Kefim pozuldu ancaq.

 

Xəbər gəldi Bodruma,

Hücum olub orduma.

Çilpaq çıxıb hamamdan,

Tələsirəm yardıma.

ZAKİR HƏSƏNOVUN CASUS TUTMAĞI

Azərbaycan müdafiə nazirliyi erməni casusu tutub. Casusun yetmiş yeddi yaşı var, bu casus dünyada indiyəcən tutulmuş casusların ən qocasıdır. Tutulan şəxs Ermənistanın əməkdar və xalq casusu adlarına layiq görülüb. Azərbaycan müdafiə nazirliyi iyirmi ildən bəri bu casusun dalına düşübmüş, ancaq casus həmişə burcudurmuş, əl vermirmiş. Axırda müdafiə naziri Zakir Həsənov özü bu qoca casusun dalınca düşüb, o qədər qovub ki, casus yorulub, Zakir Həsənov yorulmuş casusu xamlayıb, daldan çatıb ona elə təpik vurub ki, casus özündən gedib, ayılan kimi təmiz Azərbaycan dilində deyib: “General, başına dönüm, Qarabağ sizindir, ancaq xayama vurma, arvad cavandır…”

BU MEDAL GƏRƏK NAZİRİN GÖZÜNƏ SOXULA…

Cəbhədə həlak olmuş Səbuhi Əzizov  müdafiə nazirinin əmiri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Bu nə medaldır görəsən? Cəbhədə həyatını itirmək nə vaxtdan “fərqlənmək” olub? Azərbaycanda hər cür binamusluq eləyən adamlara “Şərəf” ordeni verilir, həyatını itirənlərə üçüncü dərəcəli medal…

Və Bakıda naz-nemət içində yaşayıb min cür binamusluq edən harınlardan ötrü fəhlə-kəndli balaları niyə ölməlidirlər?

HÜQUQ QEYRƏTDƏN DƏ VACİBDİR…

nar

Təzə müdafiə naziri Zakir Həsənov deyib ki, «Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır». Bunu eşidənlər Zakir Həsənovun ölənlərinə min rəhmət deyiblər, çünki millət elə bilirdi ki, bu hüquq çoxdan it-bata düşüb, ya da antimilli insanlar satıb-yeyiblər. Şükür allaha ki, hüquq yerindədir, hüququmuz olan yerdə də bizə zaval yoxdur, ermənilər lap Azərbaycanın qalan yarısını alsalar da…