Архив | 24.08.2023

«NƏSİMİ» KİNOKOMEDİYASI. «Ə, BİR DƏNƏ «YANIQ KƏRƏMİ ÇAL»! ÖZÜ DƏ İTİ!..»

Без имени-1

“Nəsimi” filmini görəndən sonra Azərbaycan xalqı üç il əvvəl “Yeddi oğul istərəm” filmindən sonra “Yanıq kərəmi”ni necə sevmişdisə, Nəsimi yaradıcılığını da elə başa düşüb sevdi. Bir vaxt Səməd Vurğun Azərbaycan kəndlilrinin başına müsiibət gətirmiş gənc bolşevikləri xalq qəhrəmanlarına çevirən “Komsomol poeması”nı yazmışdı. Oğlu Yusif bu yeddi “bolşvik samurayı”n tərifini daha da artıran ssenari yazmış, Tofiq Tağızadə film çəkmişdi. Babaları, bəzilərininsə lap ataları bolşevik irticasının qurbanı olmuş insanlar ekran qarşısında xalq xeyirxahları cildinə girmiş bolşeviklərin hər sözünü, hər hərəkətini nəfəs dərmədən izləyir, gah gülür, gah göz yaşı tökürdülər. Deyən yox idi ki, Həsən Məmmədovun, Şahmar Ələkbərovun oynadığı “qırmızılar” on minlərlə Azərbaycan kəndlisinin həyatını məhv ediblər: güllələnənlər, Sibirə, Qazaxstana sürgünə göndərilənlər… Bir parça torpağı, iki atı olanlar qolçomaq, xalq düşməni elan edilir, Dostoyevskinin ddiyi kimi, bir cüt yarımdan ibarət məhkəmə  hökm çıxarırdı. Minlərlə uşağı valideyinlərindən ayırıb yetim qoyublar… Səməd Vuurğun da, oğlu Yusif də bunları gözəl bilirdilər. Pul isə şirin şeydir. Yusif Səmədoğlu gözəl həyatı sevirdi, deyilənlərə görə, Bakı sexçilərilə əlaqəliydi, vaxtının çoxunu Moskvada Mərkəzi Ədəbiyyatçılar evinin restoranında keçirirdi…

Ancaq o film müəlliflərindən çox “Yanıq kərəmi”yə şöhrət qazandırdı. Ruslar buna “durnaya slava” deyirlər. Filmdən sonra kənd toylarında dalbadal bu saz havasını sifariş verir, tempi dəyişdirilmiş, Mersedes sürəti almış “Yanıq Kərəmi” çalınan kimi toyxanada zəncirini qırmış dəli kimi götürülür, toyxanada tozanaq qoparırdılar…

Maraqlıdır ki, Aşıq Ədalət o havanı yazdıranda xaric çalmışdı. Aşıq ortada keçid eləyəndə barmağı xaric pərdəyə düşmüşdü. Studiyada səhlənkarlıqdan ya ayrı səbəbdən elə də yazmışdılar. Bəlkə 20 il ya daha çox “Yanıq kərəmi” radioda elə xaric yeriylə də səslənirdi. Bu da bir komediya idi…

“Nəsimi” kinokomediyası xalqın həyatına bir qədər ayrı cür və həm də geniş və dərin nüfuz elədi. “Nəsimi” sözü ölkədə bir növ korrupsiya vahidi kimi səslənirdi və həm də respublika həyatının bütün sahələrindəki total və daim artan korrupsiyanı bütövlükdə xarakterizə edirdi. “Əməlli-başlı Nəsimi kimi soyuluruq!” – bu ümumxalq şikayətini arşın hərflərlə yazıb ən uca yerlərdən asmaq olardı. Ancaq 70-ci illərdə Azərbaycanın ən uca və ən görkəmli yerlərinə Brejnevin, çənəsini marçıldada-marçıldada dediyi sözlər yazlmışdı:”Широко шагает Азербайджан!». Yəni Azərbaycan geniş addımlarla irəliləyir. Deyilənlərə görə, bir xuliqan Bakıda belə bannerlərin birinin altında əlavə eləmişdi: «По магазинам Грузии». Yəni Azərbaycan geniş addımlayır, ancaq Gürcüstanın mağazalarında. Məsələ burasındadır ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda hər şey qıt olmuşdu, corabdan tutmuş çaya, yağa qədər hər şey üçün soydaşlarımız Gürcüstana gedirdilər. Gürcülər geniş addımlamırdılar, Azərbaycan kimi hər il Moskvadan Qırmızı bayraq almırdılar, ancaq mağazalarında hər şey tapılırdı…

(ardı var)

24. 08. 2023, Samara