«— Давно не читал книги, — скажет он или иногда изменит фразу: — Дай-ка почитаю книгу, — скажет или просто мимоходом, случайно увидит доставшуюся ему после брата небольшую кучку книг и вынет, не выбирая, что попадется».

+++++++++++++++++++++++++
Bilnirəm, indi Azərbaycanda İlya Qonçarovun romanlarını oxuyan varmı. Mən özüm ilk gənclik illərində “Oblomov”u azərbaycanca oxumuşdum. Təsiri elə güclü olub ki, sonralar rusca oxusam da, bəzi epizodları indiyəcən elə azərbaycanca xatırlayıram. “Çoxdandır kitab oxumamışam”, — hərdənbir Oblomovun atası belə deyirdi, bəzən isə ifadəni dəyişirdi: “Götürüm bir kitab oxuyum”. Deyir və əlinə keçən hansı kitab keçsə, onu oxuyurdu…
Mənim də Azərbaycan mətbuatını oxumağım elə İlya İvanoviçin kitab oxumağı kimidir. Yəni hərdənbir və əlimə nə keçsə. Mühüm xəbərləri, yəni hava, avtomobil qəzaları, prezidentin kənd yollarına neçə manat ayırdığı və harda şor ya qatıq sexi açdığı barədə xəbərləri Eynula Fətullayevin (İblisin adını çəkdim, qulaqlara qurğuşun!) saytından rusca oxuyuram. Çünki rusca oxumaq mənə daha asandır, çünki rus dilində yazanların hamısı vahid rus dilində yazır, Azərbaycan dilində yazanların hər birinin öz dili var, yəni hər yazar (sözə bax – yazar!) mətbuata öz dili ilə çıxır. Və bu, dil fərdiliyi, yəni üslub fərdiliyi deyil, əməlli-başlı dil fərqliliyidir, yazılanı başa düşmək üçün gərək baş sındırasan, lüğətlərə baxasan, bəzən Sİ – də aciz qalır, dönə-dönə üzr istəyib deyir ki, başa düşmədi…
İndi Azərbaycanda hicabla bağlı hadisələr məni də (eycahanlıqdan, vallah eycahanlıqdan!) narahat etdiyinə görə bu barədə məlumatı azarbaycanca axtardım, çünki Eynulla Fətullayevin (qulaqlara qurğuşun) saytında hicab qiyamı işıqlandırılmır. Qabağıma “Bizim yol” saytında Bahəddin Həzinin məqaləsi çıxdı. Mənə bu müəllifinn adı tanışdır, çünki sıfırıncı illərdə “Azadlıq” qəzetini oxuyurdum, o qəzetdə özümün də bir neçə yazım o vaxtlar çap olunub. İnternetdə baxdım – Bahəddin Həzi indi yalnız elektron kimi çıxan “Bizim yol” qəzetinin təsisçisi və baş direktorudur. Hicab qiyamına həsr olunmuş yazısına belə ad qoyub: “Körpə gül balalarımızın xətrinə”.
Maraqlıdır ki, şairlərin dilində körpə balaların hamısı və həmişə güldür. Hərçənd bu gül balalarını kürəyinin ortasına çox ata-ana elə yumruq vurur ki, nəfəsləri bir neçə dəqiqəliyə kəsilir. Ancaq bu, ayrı məsələdir. Biz şairlərin işinə qarışmırıq…
Bahəddin Həzi yazır ki, başı bağlı məktəbə buraxılmayan gül balaların “…pilləkəndə oturub, açıq havada dərs hazırlaması… təsirli mənzərədir.”
“İnsanın içi titrəyir”.
Belə ifadə eşitmisiniz? “İçim əsir” – kimsə belə deyir? “Ürəyim əsdi” deyirik, “içim titrəyir” demirik.
Bahəddin Həzi sonra yazır:
“Təhsil könül işidir — ya elə, ya belə — hər cür məcburiyyətdən yüksəkdədir.”
Təhsiliə həvəs, hətta sevgi onu “könül işi” eləmir, təhsil məcburi yəni icbari olaraq qalır, bir vaxt onillik-onbirillik təhsil icbari idi, indi doqquzillik. Sabahdan təhsil “könül işi” elan olunsa, şagirdlərin yarısı məktəbdən çıxar, çünki uşaqların çox az hissəsi təhsilin vacibliyini başa düşmür, məktəbə nifrət edir, elə şagird-müəllim qarşıdürmalarının əsas səbəblərindən biri budur.
Bahəddin Həzi davam edir:
“Vahid forma geymədiyi üçün məktəbə buraxılmayan balaca qızlar üçün göz yaşı tökən məktəb yoldaşları! Bunlar da balaca tənlərdə böyük ürəklərin tablosudur.”
Gec də olsa, deməliyəm ki, Bahəddin Həzi jurnalist kimi yazmır, o, şair kimi yazmağa çalışır, Gülhüseyn Hüseyoğlu kimi mənsur şeir yazır. Yadınızdadır? – açıldl, mücrü, örtüldü mücrü…
Yuxarldakı fraqmentin ikinci cümləsini başa düşmədim. “balaca tənlərdə böyük tablolar”. Tən – yəni bədən?Yəni Bahəddin Həzi burda Gülhüseyn Hüsynoğludan da bir neçə əsr o yana gedir, Nəsimi kimi yazır: “…təndə canı neylərəm…”
“Balaca tənləri”, boynuma alım, əvvəl “balaca çənlərdə” kimi oxumuşdum…
Məndə yaşla əlaqəli göz zəifliyi var…
Görünür, indi Azərbaycanda “dal”, “qabaq” sözləri kimi “bədən” sözü də ayıb sayılır. İnsanları belə məsum, utancaq olan ölkədə uşaqlar necə dünyaya gəlirlər, ilahi?
Bahəddin Həzi yazır:
“Düşünürsən, bu millətin uşağı da… çox BÖYÜKDÜR!”
Burda təkcə “iç titrəmir”, burda başın tükləri də biz-biz durur. “Böyükdür” sözünün bütün hərfləri böyüklə yazılıb – ayrı necə ola bilər?
“Bu millətin” – hansı millətin? Bahəddin Həzi öz milləti haqqında “bu millətin” deyir? Yəni Bahəddin özünü Misir yürüşü zamanı əsgərlərinə müraciət edən Napoleon kimi hiss edir. “Bu millətin…”
Yeri gəlmişkən, Napoleon fransızlar haqqında belə deyə bilərdi, çünki özü korsikalı idi…
Bu millətin uşağı da böyükdür…
Əlbəttə, əlbəttə. Uşağı da, müəllimi də, şeyxülislamı da, prezidenti də, Paşa holdinqi də. Hər kəsi və hər şeyi böyükdür. Hətta adı çəkilməsi burda ayıb olan şeyləri də…
“…Mən azadlıq uğrunda mübarizə Meydanında…”
Meydanda azadlıq uğrunda mübarizə gedirdi? Nemət Pənahlı necə mübarizə aparırdı? Kiminlə? Meydanda güləş, boks yarışı təşkil olunsaydı, deyrdim hə, mübarizə olub. Məsələn, Nemət Pənahlı ilə Pənah Hüsey arasında…
Bahəddin Həzi cümləsini belə bitirir: “…tonqal başında atasının paltosuna bürünmüş, əl fənərinin solğun işığında dərs oxuyan 8-9 yaşlı qız uşağını xatırladım…”
Elə burdan da, sonrakı cümlədən də aydın olur ki, gecə imiş. Soruşuram: 8-9 yaşlı qızın gecə Meydanda nə işi vardı? Gecə Meydanda oturmaq 8-9 yaşlı qızın “könül işi” ola bilərdimi? Deyək ki, gündüz atası ilə gəlib. Bəs gecə? Atada insaf yoxdur ki, 8-9 yaşlı qızı evə aparmır? Gecə, tonqal başında 8-9 yaşında qız dərs oxuya bilər? Ay Bahəddin bəy, bu ağ oldu ki. 8-9 yaşında uşaq gecə tonqal başında ölü yuxusuna gedər, vallah, belədir.
Bahəddin Həzi davam edir: “Qanlı Yanvarda 9 yaşlı qız şəhid düşmüşdü. Bəlkə də o gecə dərs oxuyan o balaca qızcığa elə həmin bu Larisa imiş”.
Vallah, burda lap acığım tutdu, fikirləşdim ki, Bahəddin Həzi bunu yazanda yəqin sərxoş olub. İçkili yox, sərxoş! Ay cənab, sən bunu yazanda bir İnternetdə Larisa haqqında məlumata baxa bilmirdin? Larisa on üç yaşın içində olub! Atası ilə evinə gedəndə avtobusa açılan atəşdən ölüb. Bahəddin bəy, şair kimi yazmayın, Gülhüseyn Hüseynoğıu kimi yazmayın, Gülhüseyn Hüseynoğlu mənə dərs deyib, o, problemli adam idi, elələrinə “sekslə qayğılanmış” deyirlər…
“Biz bu dövləti qurmaq üçün nələrdən keçdik, atam-qardaşım!”
Siz dövlət qurmusunuz? Daha doğrusu, dövləti siz qurmusunuz? Dövlət Rusiya imperiyasının, sonra Sovet İttifaqının tərkibində necə formalaşmışdısa, elə də indiyəcən qalır.
Nələrdən keçdiniz? Meydandakı şoular erməni talanları ilə nəticələndi. 20 yanvarda isə tankların qabağına sadəlövh insanları göndərib qırdırdınız. O nitq deyənlərdən birinin burnu qanadı?
“Uşaqlı-böyüklü can qoyduq.”
Siz can qoydunuz? Rüstəmxanlı, Səmədoğlular, Anarlar can qoydular? Bəs necə oldu ki, özbəklər, türkmənlər, qazaxlar meydana yığılmadan, isgəndər həmidovlarsız dövlət aldılar?
“…elə anlar gəlir, əmr dəmiri kəsir…”
Yox, qafiyə ilə yazmağı hicabə bərabər tutub jurnalistlərə qətiyyətlə qadağan etmək lazımdır.
Bahəddin Həzi get-gedə siyasi-fəlsəfi nüansları gücləndirir.
“Heç bir milli dövlət — içində milli kimlik duyğusu olan heç kimsə istəməz azyaşlı qızlarımız, uşaqlarımız təhsilsiz, müəllim bacılarımız isə işsiz qalsın.”
Milli dövlət nədir? Milli olmayan dövlət nədir? Nümunələri var? Gürcüstan milli dövlətdir ya qeyri-milli? Suveren dövləti, müstəqil dövləti başa düşürük. Bəs milli dövlət nədir? Azərbaycan ləzgilərin də, talışların da dövlətidirmi? Hə ya yox?
Bahəddin Həzi dediyinin üstündə durub davam edir:
“…milli dövlət zəifləsə, sarsılsa, dini etiqadı da qoruyacaq kimsə qalmaz. Qorumaq istəyənin də dövlətsiz buna qüdrəti, qüvvəti çatmaz.”
Bunu başa düşdünüz? Ermənilərin əsrlərlə dövləti olmayıb. Dinlərini necə saxlayıblar? Daha yaxşı nümunə yəhudilərdir. İki min ildən çox dövlətsiz olublar. Dinlərini gör necə saxlayıblar!
Yəni açıq deməliyik ki, Bahəddin Həzi nə yazdığını özü də başa düşmür…
Və sonda milli dövləti saxlamaq üçün kompromis təklif edir: kəlağayı. Yazır ki, nənələrimizin başında həmişə kələğayı görmüşük.
Mənim kəndim yəqin çox kasıb kənd olub. Kəlağayı tək-tük arvadda olardı. Gündəliyə qaba çitdən olan, gülyaylıq deyilən bir ləçək bağlayırdılar, qiyməti bir manat on ya iyirmi qəpiyə idi, bizim mağazalarda bir əlliyə verirdilər. Təzəsi qıpqırmızı olurdu, yuyulduqca rəngi gedirdi.
Allahşükürün çalmasına və Paşa holdinqə and olsun!
16. 10. 2026, Samara