Архив тегов | gülməli şeirlər

ZAHİD XƏLİL PROFESSOR VƏSİQƏSİNİN ARASINDA DƏLİLİK KAĞIZI GƏZDİRİR?

Filologiya elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir, Oskar və Qremmi nominantı Zahid Xəlilin Şuşa haqqında daha bir şeirinə baxaq.” ŞUŞA YENƏ NAZLANIR”

Şuşam, təzə gəlin tək
Geyinmisən darçını!

Darçını geyinmək nədir, bilən var? Adam olsaydı, deyərdik ki, paltarı darçın rəngdədir. Şəhər bu darçın rənginə necə boyanıb?

İkinci beytdən başı düşürük ki, “darçın” sözünü əməkdar müğənni Zahid Xəlil “qırçın” sözünə qafiyə kimi işlədir, yəni bu adam, moltanılar demişkən, qafiyə xatirinə … Dalını demirəm, çünki dalı (türkün məsəli) ayıbdır…
Yavaş tərpən, əzilər
Paltarının qırçını.

Şuşa tərpənirmiş? Necə, niyə? Şuşanın əynnindəki darçını paltarı, onun qırçınını yazıq oxucu necə təsəvvür eləsin? Əməkdar professor iyirmi universitetdə şeirlərini oxuyur, indi təsəvvür edin ki, 20 universitetin tələbələri bu bəndin üstündə baş sındırırlar, psixi gərginlik keçirirlər, dəlixanaya düşənlər var…

Var!

Şair isə özünə qoyulmur, yenə şəhərin orasına-burasına əl atır. Qoca vaxtında əməlli-başlı qızışıb. Daha doğrusu, qızıb.

Yenə nazlı qız kimi
Nə özünü dartmısan?!

Mən fikirləşirəm ki, Zahid Xəlil bu şeirdə Şuşanı bəhanə edərək bəlkə də şeiri gözü düşdüyü bir arvada yazıb, yəqin Şuşada arvadlar var. Bəlkə də xarici arvad olub.

“Nə özünü dartmısan!”

Yox, yüz əlli faiz, bu şeir arvada yazılıb. Şəhər özünü dartar?


“Bu ədayla çoxunun
Gözünü çıxartmısan.”

Arvad yəqin tanınmış arvad imiş, bir görkəmli insan demişkən, “ves Bakı tanıyırmış”, çox şor gözləri çıxarıbmış…

Çoxunun gözünü çıxartmısan!

Vətəndaşlar! Bircə saniyəliyə də olsa, yaddan çıxarmayın ki, əməkdar akrobat Zahid Xəlil Şuşadadır, o Şuşa ki, minlərlə gəncin qanı, canı bahasına alınıb, mənim igid kəndçim, xüsusi təyinaatlı əsgər Şahlar Məmmədov Şuşa alınan gün həlak olub! İndi zahidxəlillər onların qanı hopmuş torpaqda mayallaq aşırlar. Bu, mətn şeir deyil, təhqirdir! Niyə buna Azərbaycanda “dur” deyən yoxdur?

Gözlərdən yuxu qaçıb
Sən mürgüdə, xumarda.

Yadınızdadırsa, yuxarıda deyirdi ki, şəhər darçını paltar geyib dingildəyir. İndi deyir şəhər “xumardadır”.
Səndən ötrü çoxunun
Qanı coşur damarda.

A kişi, o qanı coşan Azərbaycan əsgəri idi ki, sən onun xatirəsini tapdalayırsan…

Kimsədən bir qorxun yox,
Səni ərlər qoruyur.
Yumruğu dağ oynadan
Sərkərdələr qoruyur.

Burda Zahid Xəlil siyasi səhvə yol verib. “Sərkərdə” sözünü cəm halda işlədib. Azərbaycanda yumruğu dağ oynadan sərkərdə bir nəfərdir, və hər kəs bilir ki, kimdir… Eybi yox, onun səhvini bağışlayarlar, yəqin dəlilik kağızını da professor vəsiqəsinin arasında gəzdirir…

Günəşin şöləsində
Parılda şüşə kimi
Qoy desinlər dünyada
Gözəl yox Şuşa kimi!

Əynində darçını paltar… şüşə kimi parılda… Darçını paltarda necə parıldamaq olar?

Azərbaycanda hamı belə yazır. Ayrı cür yazan yoxdur. Ayrı cür yazan olsa, basarlar dəlixanaya. Çünki dəlilərin içində ağıllı özü dəli kimi görünür…

 25. 10. 2026. Samara

PROFESSOR (!) ZAHİD XƏLİL: «SONRA GEDİB DÜŞMƏNİN TUTDULAR BOĞAZINDAN…»

Bu yaxınlarda Zahid Xəlilin bir müsahibəsini oxudum, deyir ki, az vvaxtda Azərbaycanın iyirmi universitetində tələbələr qarısında çıxış edib. Çox maraqlandım. İnternetdə şeirlərini tapdım. İşğaldan azad olunmuş ərazilərə yazdığı şeirləri oxuyub Şuşaya həsr etdiyi mətnin üstündə dayanmağı lazım bildim.

Zahid XƏLİL
Filologiya elmləri doktoru, professor, Sovet İttifaqı Qəhrəmanı, SSRİ-nin əməkdar idman ustası və məşqçisi

ŞEİRİMƏ GƏLDİ BAHAR NƏFƏSİ

Otuz ildi bulaqlar
Dərd-kədər çağlayırdı.

Lüğətdə “çağlamaq” sözünün iki mənasınəı görürəm. 1. Şırıltı ilə axmaq, 2. Hasar çəkmək.  Baxın: “bulaqlar dərd-kədər çağlayırdı”. İndi “çağlayırdı”nın yerinə “şırıltı ilə axırdı”nı qoyaq. Bu alınır: “bulaqlar dərd-kədər şırıltı ilə axırdı”.

Bir şey başa düşdünüz? Mən – yox.
Yolları ot basmışdı
Dərələr ağlayırdı.

Dərələr necə ağlayırmış? Yəni dərələrin ağlamığına sübut kimi hər hansı bir əlaməti şair müşahidə edibmi? Şuşada ermənilər yaşayırdılarsa və ora Artsax parlamentini köçürməyə hazırlaşırdılarsa, yolları ot necə basardı?

Manqalların başında
Araq vururdu yağı!

Yəni bunu Zahid Xəlil Bakıdan görürmüş ya Starlinklə məlumat alırmış? Niyə çaxır yox, araq?
“Ürəyimdə yanırdı
Yüz bayatı, min ağı.”

Maraqlıdır, Zahid Xəlilin ürəyində yanan bayatların və ağıların sayı yuvarlaqdır, ağılar on dəfə çoxdur. Görəsən bayatı necə yanır? Bəs ağı? Bayatının yanması üçün gərək erməni manqal başında araq vura, hə?

Həsrətlə inləyirdi
Şuşanın dağı, daşı.
Süzülüb qurumuşdu
Qaçqınların göz yaşı.

Dağ, daş necə inləyirmiş? Zahid Xəlil özü eşidib? Ay professor, ay xalq artisti, sözü belə havaya atmaq olmaz. Qaçqınların göz yaşı nə vaxt, neçə ildən sonra qurumuşdu? Bütün qaçqınların və yni vaxtda? Nə bilirdin quruyub? AzTv məlumat vermişdi?

Birdən dünya diksindi
Haqqın qəfil səsindən.
«Dəmir yumruq» yarandı
Allahın sevgisindən.

Buranın təhlilə ehtiyacı yoxdur. Bu, prezident təqaüdü üçün ərizədir. Allah indiyəcən çox şeylər, çox möcüzələr yaratmışdı, ancaq birinci dəfə idi ki, dəmir yumruq yaradırdı. Ruslar deyirlər ki, “pervıy blin vıxodit komom”, bizim dilə çevirsək, təxminən belə olar: “birinci kündə həmişə kütə gedər”. Ancaq bu, Allahın yaradıcılığına aid deyil. Gördüyümüz kimi, Dəmir yumruq özünü çox yaxşı və etibarlı silah kimi göstərdi, xarici düşmənlərin başını əzəndən sonra indi daxili düşmənlərin də başını uğurla əzir… Yəni Çin mallarının tayı deyil…

Durub bir nərə çəkdi
Hay verdi xalq, səsinə.

Burda dolaşıqlıq var. Bilmək olmur nərə çəkən yumruqdur ya İlham Əliyev özü.
Sanki dünya oyandı
Bir qəfil haqq səsinə.

Burda professor və əməkdar rəqqas Zahid Xəlil təkrara yol verir. İki bənd yuxarıda demişdi ki, “birdən dünya diksindi”. İndi deyir oyandı…Adətən diksinən kimi oyanırıq. Bəzən oyananda diksinirik, çünki başımızın üstündə dayanaanı görürük…

Komandanın səsindən
Qalxdı, dağ-daş oyandı.

Yenə deyir oyandı… Yatmışdılar? Bəs demirdin “inləyirdilər”?
Yataqda xallı pələng,
Budaqda quş oyandı.

Pələng divanda ya çarpauıda yatıbmış. Belə çıxır. Quş budaqda — başa düşdük. Pələng yataqda…

İgidlər güc aldılar
O İgidin səsindən,
Daha qorxu qalmadı
Düşmənin hiyləsindən.

İgid böyük hərflədir, yəni bu igid adi igid deyil, əlahəzrət prezidentdir. “Düşmənin hiyləsindən qorxu qalmadı” – bunun gərək tərcüməsi ola…

Qalxdı, ayağa qalxdı
Boz qayalar yerindən!

Boz qayalar qalxıb!
Elə bil Yer kürəsi
Ayrıldı məhvərindən!

Vaveyla! Ya Hüseyn, sən özün Zahid Xəlilin ilhamına güc ver!

Titrətdi bu dağları
İgidlər — ildırımlar!
Kirs kükrədi yerindən,
Hayqırdı sıldırımlar.

Gərək Zahid Xəlil bu Kirsi bura soxmayaydı, bilinir ki, bu söz ya farslarındır, ya da ermənilərin. Hərdən məndə elə təsəvvür yaranır ki, Zahid Xəlil qismən erməni tərəfə işləyir…

Qopub öz kamanından
Hər igid bir ox oldu.

“öz kamanından” – bu necə olur? Desəydi ki, kamanda  qopan ox kimi, dərd yarı idi. Bu olardı metafora. “Öz kamanından” — belə çıxır ki, qol, qıç kimi kaman da adamın bir üzvüdür…

Qan qaynadı damarda,
Dağdan-daşdan aşdılar,
Qorxunc dərədən keçib
Qayaya dırmaşdılar

Dağ olan yerdə hökmən dərə olmalıdır, bu, Azərbaycan sovet poeziyasının qanunudur və bu qanunu kommunist partiyasının ölməz şairi Səməd Vurğun qoyub gedib. Sovet İttifaqı ölüb, Azərbaycan sovet poeziyası isə yaşayır!

Sonra gedib düşmənin
Tutdular boğazından.

Burası yumordur. O qədər gülmüşəm ki… “Boğazından…”
Aldılar göyərçini
Şahin-şonqar ağzından.

Bu da gülməlidir…

Qayıtdı sarı bülbül,
Sevincindən ağladı.

Sarı bülbül hardaymış? Binəqədidə ya Masazırda? Yataqxanada olurmuş?

Yenə də Həkərinin,
Tərtərin səsi gəldi.
Şeirimə təbiətin
Bahar nəfəsi gəldi.

Nə deyim, vallah, deyəsən bu Zahid Xəlil çox arsız adamdır. Utanmaz-utanmaz “şeirim” də deyir… Minlərlə gənc qızıl qanlarını axıdıb, həyatlarını itirib, bu da ağsaqqal vaxtında arsız-arsız bu cəfəngiyatı qondarıb əslində onların xatirəsini təhqir edir.

Vallah, belədir…

Kül olsun o iyirmi universitetin başına ki, tələbələrinə mühazirəni Zahid Xəlil oxuyur…

 24. 10. 2026, Samara

GÜLMƏLİ ŞEİRLƏR. «AZƏRBAYCAN» ŞEİRİNİ MİSRA-MİSRA OXUYAQ… III

“Bu yerlərdə limon sarı”

Başqa yerlərdə limon sarı olmur? Buranın mağazalarında müxtəlif ölkələrdən gətirilmiş limon satılır. Sarıdan başqa ayrı rəngdə olanını görməmişəm…
“Əyir, salır budaqları”

Limon tək halda işlədilib, tək limon isə budaqları əyib sala bilməz. Əgər limon, salyanlıların dediyi kimi, pıtraq kimi gətiribsə, hə, onda əyər…
“Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan”

Başa düşdünüz? Bunu “dahi” adlandırılan adam yazır. “Dümağ qar qarlı qışdan yaranıb”… Bu misraları oxuyanda azərbaycanlı gərək başına ikiəlli qapaz sala, çünki biz öz dilimizi belə cəfəng nümunələrlə öyrənirik.
“Bir səngərdir yaranışdan.”

“Dümağ qar” səngərdir? Əsgər qarı eşələyib girir yaranan deşiyə?

“Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.”

Güllər təkcə Lənkəranda “rəng-rəng” olur? Bəs qızlar necə “rəng-rəng” olurlar? Yəni qızların ağı, qarası olur? Bu nə bənzətmədir?
“Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!”

Bir misra əvvəl Lənkəranın gülünü tərənnüm edirdi, indi çay gətizdirir. Beşinci misra isə, bazar dili ilə, yəni Səməd Vurğunun öz dili ilə desək, bombadır:
“Yadlara açma əlini.”

Bu misrların beşliyin əvvəki dörd misrası ilə hər hansı əlaqəsi var? Azəaycanlını bu misraların ritmi  aldadır: “anamın dilbər gəlini, dammadurum, dammadurum…”

Aşağıdakı beşlik indinin naviqatoru kimi səslənir, Qazaxdan Kəpəzə atlı marşrutdur.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx…

Yaylağın beli? Mən yaylaq görməmişəm, Salyanda yay olur, yaylaq olmur. Ona görə “yaylağın beli” ifadəsi mənə qəribə gəlir.
Kəpəz dağdan Göy gölə bax!..
Belə çıxır ki, müəllif “Yaylağın belinə” desə də, turisti dağın başına qaldırır.

Yazıq at…


“Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!

Bu şeir 1936-cı ildə yazılıb, yəni Azərbaycanda, bütün Sovet İttiqfaqında olduğu kimi ya da daha güclü irtica tüğyan edirdi, çünki Stalinin Azərbaycanda özündən də qəddar adamyeyən valisi vardı – Bağırov! Rəhmətliyin oğlu, bir qram vicdanın olaydı, sən azad insanı harda görürdün?
Bizim xalı-xalçalardan
Sal çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Doyunca yavan çörəyə tamarzı insanlar “çinar kölgəsinə xalı-xalça” salsınlar? Ən yaxşı adamlarının güllələndiyi, uzaq sürgünlərə, gedər-gəlməzə göndərildiyi ölkəni “günəş ölkəsi” adlandırmağa necə dilin gəlib? Orden, şöhrət, firavan həyat sənə insanlığı tamam unutdurub…

“Bir dön bizım Bakıya bax”

Bunu kimə deyir? Turistə? Hardan dönməlidir?
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə.

Buyruq hayqırmaz! Və sən Bakı buruqlarını deyirsənsə, onlar “boz çöllərə” necə “nərə salar”? Nərə salınır ya çəkilir?  Bakı buruqlarının hayqırmağı ilə “hər dağ-dərə” necə işıqlanır?
“Nazlandıqca sərin külək
Sahillərə sinə gərək”

Sahillərə necə sinə gərmək olar? Sinəni üstünə gələn şeyə gərərsən. Sahilə necə?
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Başa düşdünüz? “işıqdadır qüvvət sözü” – işıq qüvvədir ya qüvvə sözüdür? İşıq səhərlərin “ulduz gözü” olur? Axşamların desəydi, dərd yarı idi. Axı səhərlər işıqları söndürürlər, səhərə nə göz…
“Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.”

Bu misra da dolaşıqdır. Sovet Azərbaycanı Rusiyanın 11-ci ordusu 19120-ci ilin aprelində al bayraqlarla Bakıya girib milli hökuməti devirəndə yaranıb. Səməd Vurğun isə 1906-cı ildə yaranıb. Həm də Vətən al bayraqdan ilham alanda yox, dədəsi anasını zad eləyəndə…

Ya ayrı cür olub? Bəlkə Şaumyan da bu işə qarışıb?
Mən məktəbdə oxuyanda şeir belə bitirdi: “Partiynın eşqilə sən, Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan!”. Orijinalda isə “Stalinin eşqilə sən” olub. Təəssüf ki, məndə orijinal yoxdur. Ancaq 1939-cu ildə Moskvada çıxmış “Azərbaycan poeziyasının antologiyası”nda bu şeir Adelina Adalisin ttərcüməsində var.

Можно ли гордость у мира украсть? — Никогда!
Здесь дыханье мое, здесь мой хлеб и вода!

Предо мной распахнуты все города…

Сталин-джан. Навсегда в сыновья тебе дан,

Азербайджан, Азербайджан!

Kumirlərini mənə göstər, sənin necə millət olduğunu deyim…

Belə atalar sözü, aforizim yoxdur. Mənim improvuzəmdir. Azərbaycan xalqının kumirlərini mən tanıyıram, çünki mən özüm də bu xalqdanam. Kumirlər: Lenin, Stalin, Bağırov, Heydər Əliyev, Səddam Hüseyn, İmam Əli və bütün başqa imamlar, Ərdoğan, Xomeyni və başqa yüz əlli-iki yüz ayatolla..

Və, əlbəttə, Səməd Vurqun…

 

09. 08. 2026, Samara

GÜLMƏLİ ŞEİRLƏR. «AZƏRBAYCAN» ŞEİRİNİ MİSRA-MİSRA OXUYAQ… I

Mən Azərbaycan dilini ana dili sayan, Azərbaycan dilində təhsil almış ya alan və Azərbaycan dilini kamil bildiklərinə əmin olan hər kəsə təklif edirəm ki, Səməd Vurğunun “Azərbaycan” şeirini asudə vaxtlarında dönö-dönə və fövqəladə diqqətlə oxusunlar. Əvvəl bütöv şeiri, sonra hər misranı ayrıca.

 

“Çox keçmişəm bu dağlardan”

Siz məktəbdə bu şeiri keçəndə, sonralar oxuyanda ya eşidəndə fikirləşmisinizmi şair hansı dağları deyir? “Bu” – işarə əvəzliyidir. Bu kitab, bu ev, bu qız, bu şəhər. ”Bu” əvəzliyi tələb edir ki, şair əvvəlcədən obyektin ya predmetin adını çəksin, ya da sonradan. Səməd Vurğun demir ki, hansı dağlardan keçib, Azərbaycanda isə dağ bir deyil, iki deyil…

“Dağlardan keçmişəm” azərbaycancadır? Azərbaycan dilində dağ aşılır. Çay keçilir.

“Durna gözlü bulaqlardan”. “Keçmişəm” feli bu misraya da aiddir. Dağdan keçmişəm, bulaqlardan keçmişəm. Necə? Bulaqdan necə keçmək olar? Harasından? Bəlkə hoppanıb üstündən aşıb?

Eşitmişəm uzaqlardan
Sakit axan arazları.

Uzaqlardn – yəni hardan? Azərbaycan çaylarını şair hansı uzaqlardan eşidib? Sibir sürgünündən? Kremldən? Moskvanın elit Metropol mehmanxanasından? Birinci iki misra ilə birlikdə bu iki misra Azərbaycan haqqında nə isə deyirmi? Yəni siz burda Azərbaycanı görürsünüzmü?

“Sınamışam dostu, yarı”.

Şeir beşliklərlə yazılıb. Baxın, bu beşliyin misraları arasında üzvi əlaqə varmı? Çayların səsinə qulaq asıb, dostu-yarı sınayıb… Yaxşı, deyək ki, dostu sınayıb. Bəs yarı necə? Yarına deyib ki, Moskvaya ezamiyyətə gedirəm, getməyib, gecə yarısı öz açarları ilə qapını açıb girb evə ki, yarını oynaşı ilə tutsun?

Bunun “dağlardan keçməyə nə dəxli var”?

2-ci bənd

“El bilir ki, sən mənimsən”

Bu misra tam absurddur. “El” – bu elə Azərbaycan deyilmi? “El”siz ölkə ola bilərmi? Yox, ola bilməz. Əslində şair deyir: “Azərbaycan bilir ki, Azərbaycan mənimdir”. “El bilir ki, sən mənimsən” yalnız bir nəfərin dilində rasional səslənər və reallığı əks etdirər, o insan İlham Əliyevdir. Yəni İlham Əliyev desə ki, “El bilir ki, sən mənimsən”, oxucu üçün hər şey aydın olacaq, Əliyevin dilində “el” – ölkə deyil, “el” – kütlədir və kütlə bilir ki, Azərbaycan kimindir…

“Yurdum, yuvam, məskənimsən”

Şeirdə sadalanan sözlər ən azı nüanslarla fərqlənməlidir, yoxsa bir söz yerinə üç sözün işlənməyi ancaq misra doldurmaq kimi başa düşülür. Yurdumsan, məskənimsən? Yurd elə məskən deyil?

“Anam, doğma vətənimsən”.

“Doğma vətən” – absurd ifadədir, vətənin ögeyi olur? Rusca “rodnaya rodina” deyənə gülərlər. Ölkəyə doğma demək olar. Vətən – elə doğma ölkə deməkdir. Və Səməd Vurğunun felinə uyan azərbaycanlılar az qala yüz ildir ki, bu absurd “doğma vətən” ifadəsini saqqız kimi çeynəyirlər…

“Ayrılarmı könül candan”

İndi gəlin görək kim (ya nə) könüldür, kim (ya nə) candır. Səməd Vurğun könüldür ya can? Bəlkə Azərbaycan könüldür? Hə? Baş tapdınız?

Molla sarsaqladığını başa düşəndə tez fatihə verdiyi ki, Səməd Vurğun da bu absur bəndi “Azərbaycan, Azərbaycan” deməklə bitirir…

 

(ardı var)

07. 08. 2026, Samara

SƏMƏD VURĞUNUN GÜLMƏLİ ŞEİRLƏRİ. «AY DA, ULDUZ DA, GÜNƏŞ DƏ YERƏ HƏSRƏTLƏ BAXIR…» YALANÇININ…

Səməd Vurğunun daha bir qəzəli “var” rədifli şeirdir, qafiyələr “ət”lə bitən sözlərdir ki, bunlar qəzəl yazan, meyxana qoşan “şair”lərin əsas yemidir, hərçənd belə sözlərin demək olar ki, hamısı ərəbcədən ya farscadan alınmadır.

Birinci misrada Səməd Vurğun oxucusunu seyrə dəvət edir.

“Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var”
Yəni oxucu işini-gücünü buraxıb “aləmin seyrinə” dalmalıdır. Əslində akademik şair çox mürəkkəb bir tapşırıq  verir. Aləm – dünyadır, bütün dünya.Özü də deyir “gəl”. Necə gələk, hara gələk?  Dünyanın serinə necə çıxmaq olar? Hərə öz yaşadığı yeri, uzağı, gedib gəzdiyi yeri seyr edə bilər. Səməd Vurğun özü Azərbaycanın bütün qoruqlarında kef çəkmiş, ceyran, turac ovlamış, üstəlik az qala bütün dünyanı gəzmişdi. Biz yazıqlar haranı  gəzmişik, haranı görmüşük? Salyanda, məsələn, ürəyindən keçir ki, dörd yol ayrıcında durub ətrafı seyr eləyəsən, bir də görürsən külək əsdi, şor torpağı qaldırıb gözlərini elə doldurdu ki, heç ayağının altını görmədin…

Dalına (şeirin) baxaq.

Hər gülün, hər çiçəyin öz adı var, surəti var.

Səməd Vurğun, deyəsən, oxucusunu nəinki avam, hətta debil sayırmış. Guya oxucu bilmirmiş ki, hər gülün, hər çiçəyin adı olur? Bunu bilmək üçün “aləmi seyr eləməyə” ehtiyac var? Və güllə çiçəyin fərqi nədir?

“Qulaq as bülbülün avazına, sevda dəmidir”

Kimin sevda dəmidir? Seyrə çıxanın? Bülbülün? Bu hansı dəmdir ki? Konkret mart ayı olsaydı, deyərdik ki, pişiklərin eşqbazlıq eləyən vaxtıdır. “Qəzəldən” hansı mövsümün olduğu məlum deyil…
“O çəmən güllərinin bir-birinə ülfəti var.”

O çəmən – hansı çəmən? Çəməni konkretləşdirən “o” artıqdır, misranı düzəltmək üçün işlədilib, ancaq haqlı sual doğurur: o – hansı? Deməli, “sevda dəmi” adamlara və pişiklərə aid deyil, sevişən yalnız güllərdir? Yadınızdadırsa, yuxarıda akademik şair “güllər, çiçəklər” deyir, indi “çiçəkləri” misraya sığışdıra bilmədi…

“Sığmaz idraka bu dünya evinin sirrləri”

“Dünya evi” nədir, bilən var? Səməd Vurğun yəqin ki, özü də bu ifadənin cəfəngliyini bilib, misranı doldurmaq üçün işlədib, çünki arxayındır ki, onun qələmindən çıxana heç kim cürət eləyib sorğu-sual eləməyəcək.
“Varlığın hüsni-əzəldən nə böyük qüdrəti var.”

Bunu başa düşmədim. “Hüsni-əzəl” – Molla Nəsrəddin demişkən, bunu anlamaq üçün gərək Bağdada gedəsən. Orda da heç baş açmazlar… Bir də “aləmi seyr eləməklə” varlığın “əzəldən” qüdrətli olduğunu necə bilmək olar? Bizim zaman maşınımız var?
“Dolaşıb aləmi Loğman kimi məna gəzirəm”

Səməd Vurğun doğrudan da aləmi dolaşıb, ancaq Loğman kimi yox də… Məsələn, Səməd Vurğun Londona gedib, qayıdandan sonra ya elə orda “Mənim babam olmuş 26-lar” şeirini yazıb. Yəni deyib ki, başda Stepan Şaumyan olmaqla 26 komissar onun nənənəsini zad eləyib…

“Çünki mənalı keçən günlərin ülviyyəti var.”

“Ülviyyət” sözü oxucuya xoş gələ bilər, ancaq misra tam cəfəngiyatdır. Səməd Vurğunun aləmi dolaşmağının nəticəsi Şaumyan haqqında şeirdirsə, burda nə ülvilik ola bilər?
Cəfəngiyyat bitmək bilmir:
“Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır”

Mən, əlbəttə, Səməd Vurğuna yox, 99 faizi Səməd Vurğuna pərəstiş edən azərbaycanlılardan soruşuram: ay, ulduz, günəş niyə yerə həsrətlə baxmalıdır? İnsanların müsibəti, aclıqlar, xəstəliklər, müharibələr, dünya müharibələri qalsın, az qala hər iki evin birində gedən müharibələr  səma cisimlərində niyə həsəd və ya həsrət doğurmalıdır? Bu şeirin yazıldığı vaxtlar azərbaycanlıların əksəriyyəti doyunca yavan çörək də yeyə bilmirdi…
“Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.”

Bu adama dahi deyən millətin səviyyəsi kimdəsə şübhə doğura bilərmi? Bu misradakı mədəniyyətsizlik, yəni hər hansı poetik, filoloji mədəniyyətin, hətta səriştəninin olmadığını bizim millətdə görən yoxdur! Necə yəni “bəşər qəlbinin məclisi var?”
Burda bitirsəydi, dərd yarı idi. Yox, gərək klassik əsərini “mohür beyt”lə bitirə
“Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var…”

O hansı heyvan idi ki, özünü köpürdüb  filə oxatmaq istəyirdi?

Mirzə Ələkbər Sabur:

“Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim –
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!”

Yaxşı ki, sən olmusan, ustdad!

Sən indi də varsan!

03.08 2026, Samara

SEYİD ƏZİM ŞİRVANİNİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «HANI O MAH İLƏ MƏN İŞRƏT ETDİYİM GECƏLƏR…»

Vikipediyada muğam haqqında “Muğam ensiklopediyası”ndan götürülmüş iri məqalə var. Belə başlanır: “Muğam, muğamat (ər. məqam – yəni vəziyyət, mövqe)
– mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur.”

Elə birinci cümləni oxuyan kimi “yalançının lap…” deyərək  dayanırsan və dalını (türkün məsəli – məqalənin dalını) oxumursan. Çünki Azərbaycan xanəndələrinin muğamlarla oxuduqları qəzəlləri qulaqucu da dinləyən adam bilir ki, “bədii həyəcan”, “dərin və bitkin təfəkkür” kimi ifadələr qondarmadır və ağ yalandır.

Yeri gəlmişkən: bu məqaləni tərtib edən insan bilirmi ki, “bitkin təfəkkür” nədir? Olasan, Kefli İsgəndər demişkən, Rüstəm-zal, yıxasan bunu yazanı yerə, çıxasan qarnının üsünə, deyəsən ki, yazdığını indi mənə izah elə, lütfən…

Muğamlar, əlbəttə oxunduğu kimi, çalınır da. Çalınan, yəni instrumental musiqidə çox şey görmək, daha doğrusu, çox şey eşitmək olar. Bu, dinləyənin hazırlığından asılıdır. Ancaq xanəndə ifasında muğamın interpretasiyasını oxunan sözlər müəyyən edir. “Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım” – bu misra ilə oxunan qəzəli eşidəndə hansı “bədii həyəcan yarana bilər”? Kişi açıq mətnlə deyir ki, sevgilisi gəzəyəndir, nə qədər yalvar-yaxar edirsə, elə gəzir… Burda nə “emosional məna”? Orta statistik soydaşım gərək bunu eşidəndə deyə “kül sənin kişi başına”. Ancaq demir. Soydaşım bunu demir, əksinə, bu xoşqeyrtəlilik manifestini yazan Əliağa Vahidi dahi sayır…

İndi Seyid Əzim Şirvaninin “Gecələr” rədifli qəzəlinə baxaq. Bu qəzəli arvadlı-kişili çox xanəndə oxuyub və hə oxunanda minlərlə soydaşım “bədii həyəcanın” təlatümündən qəşş edib.

“Hanı o mah ilə mən işrət etdigim gecələr,
Tülui-sübhə kimi söhbət etdigim gecələr.”

Yəni Seyid Əzim və ya onun lirik qəhrəmanı bir xanımla gecələr “işrət edirmiş”, indi ortaya ayrılıq düşüb, Seyid və ya onun qəhrəmanı stress keçirir. Birinci beytdən onu başa düşürük ki, Seyid gecələr “işrət edəndən”sonra səhər açılana kimi xanımla söhbət edirmiş. Yəqin xanım gözəl olduğu kimi həm də “bitkin təfəkkürlü” imiş.

“Gedəndə yar, durub naz ilə kənarından
Alıb ələ ətəgin, minnət etdigim gecələr.”

Gecə seyidə bəs eləmirmiş. Yar səhərə yaxın durub gedəndə Seyid onun ətəyindən tutub minnət edirmiş ki, getməsin. Burdan həm də onu başa düşmək olar ki, xanım Seyidin yanına gizli gəlib-gedir, yəqin əri var.
“Düşəndə xatirimə göglərə çıxır ahım,
O mahparə ilə xəlvət etdigim gecələr.”

Birinci beytdə xanım “mah”, yəni “ay”idi, ind oldu “mahparə”, yəni ay parası…
“Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,
Təvafi-kuyi üçün niyyət etdigim gecələr.”

Yəqin xanımn əri duyuq düşüb, Məşədi İbad kimi bir yekə qıfıl alıb qapını qıfıllayıb, Seyid də ayaqyalın, başaçıq göz yaşı tökür…

Yaxşı ki, Məcnun kimi tamam soyunmayıb…

“Gəlib nihani dəri-yarə, üz qoyub xakə,
Qübarın öpməgə ol cürət etdigim gecələr.”

Aha! Gecələr xəlvət gəlir xanımın evinin qabağına, özünü yıxır yerə, xanımın ayağının tozunu öpür…

İndi xanımın əri onun hənirini duya, üş-dörd heybətli iti açıb buraxa… Şamaxıda da itlər olur ha…

“Deyəndə yar mənə dərd, mən deyərdim can,
Məzaqə təlx sözün şərbət etdigim gecələr.”

Belə çıxır ki,  Seyiddə və ya onun qəhrəmanında özünü aşağılatmaq, incidilməyə və hətta təhqirə məruz qoymaq meylliyu var. Xanım ona “dərd” deyir, o, xanıma “can”…Belə özünüaşağılatmağın elmi adı da var. Bəziləri özlərini döydürürlər də…

Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,
Özüm-özümə dönüb ləzzət etdigim gecələr.

Və yəqin Seyid xanmdan o qədər təhqirlər görüb ki, uzun müddət dönə-dönə xatırlaylb “ləzzət etməyə” kifayətdir…

Soruşula bilər: niyə muğam sevənlər oxunulan sözlərə fikir vermirlər? Bu sualın cavablarından biri “Məşədi İbad”filmindədir. Ortastatistik azərbaycanlı muğama toylarda və başqa şənliklərdə yediyini gövşəyə-gövşəyə qulaq asır. Yəni nəinki sözlər, hətta musiqinin özü də qulaqlarından yan keçir. Oxunan şeirlərə qalanda, indi Azərbaycanda yaxşı şeiri pis şeirdən, əslində şeir olanı şeir olmayandan ayıra bilən çoxmu adam var?

 

03. 06. 2026, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «SOVET HÖKUMƏTİDİR RƏHNÜMASI ÖLKƏMİZİN…»

Əliağa Vahidin gülməli şeirlərindən biri “Ölkəmizin”dir. Əruzla yazılmış bu şeir çox uzundur, şərti olaraq iki hissəyə bölmək olar. Əvvəlki dörd-beş bənd lirikadır, yəni Əliağa Vahid ölkənin gözəlliklərini tərənnüm edir.

“Süzər gölündə gözəl dumalar, gözəl qazlar”

Durnaların göldə üzüb-üzmədiyini bilmirəm, ancaq qazlar doğrudan da üzürlər.

“Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.”

Bu şeir yəqin ki keçən əsrin 30-cu illərində yazılıb. Kolxozda işləyən qızlar ancaq yamaqlı paltarla bəzənə bilərdilər.

“Bir özgə ləzzət alırlar hünərli kolxozlar”

Kolxoz necə ləzzət alar? Kolxozun sədri, partkomu, hesabdarı, ambardarı  ləzzət ala bilərdi və alırdılar da, çünki kolxozu, yəni o yamqalı paltarla bəzənən qızların əməyini yeyirdilər. Kolxoz sədrləri hər il Soçiyə, Kislovodcka dincəlməyə gedrdilər, orda çesunça kostyumda, ağ şlyapada şəkil çəkdirirdilər…

Sonra şair keçir ictimai-siyasi hissəyə.

Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır

Vahid bir neçə dəfə “vətənimiz” sözünü işlədir, hər dəfə birinci “i”ni buraxır ki, vəzn pozulmasın: vətənmizə.

“Yeni binaları, məktəbləri qədərdən aşır.”

Məktəblər nəinki 30-cu illərdə, hətta mənim müəllim işlədiyim 70-ci illərdə də “qədərini aşmırdı”, əksinə, Azəebaycan məktələrinin mühüm hissəsi uçuq-sökük binalarda yerləşirdi. Şair burda cuşa gəlib və şişirdib. Yəni özü dediyi kimi qədərini aşıb.

“Traktoru, maşını hər yeri gəzib dolaşır”

Maşın, əlbəttə, gəzib-dolaşar, ancaq traktor niyə gəzib-dolaşsın?

“Var indi texnikada ixtisası ölkəmizin”

Bunu başa düşmədim.

“Daşı, duzu, mazutu, torpağı cavahirdir”

Deyək ki, torpağı cəvahirə bənzətmək olar. Ancaq mazuta cəvahir demək heç yaxşı deyil…

“Xəzinələr elimin hər yerində zahirdir”

Bunu düz deyib. Elin hər yerində sərvət var, ancaq yiyəsi el deyil…

“Bax indi gör yeni nəsli ədibü şairdir”

Bunu da başa düşmədim.

“Füzulilər yetiribdir ziyası ölkəmizin.”

Azərbaycanda neçə Füzuli yetişib? Yəni Füzuli miqyaslı ikinci şair varmı? Həm də Füzulini “ölkəmiz” yetirməyib, Füzuli Kərbəlada yetişib…

Sonra Əliağa müəllim keçir ya dialektik materializmə ya da Sov. İKP-nin tarixinə.

“Yüz illər ilə bizi bəy, xan işlədib yordu”

Yəni xan işlədəndə qədərini aşırmış, yorurrmuş. Özü də “bizi”. Vahid ömründə əlini ağdan qaraya vurub? Tağıyevin mədənlərində çalışıb?

“Şərəfli xalqımızı incidib, qanın sordu.”

Xalq, əlbəttə, həmişə şərəflidir, xan, bəy şərəfsiz. Şərəf indiki ağalardadır…

“Vətənmiz indi deyil zülm edənlərin yurdu”

Yadınızdan çıxarmayın ki, şeir Stalinin, Bağırovun vaxtında yazılıb…

“Sovet hökumətidir rəhnüması ölkəmizin.”

Sonra Vahid keçir beynəlxalq siyasətə.

“Bizə yaxın gələ bilmək kimin cəsarətidir?!”

Heç kimin! Kim yaxın gələ  bilər!

“Vətənmiz indi azad xalqlar vilayətidir.”

Vətənmiz indi də azad xalqlar vilayətidir. Kürdəxanı türməsinə əl basaram!

“Leninə — partiyaya ellərin məhəbbətidir

Qızıl çiçəklər açıbdır fəzası ölkəmizin.”

Burda şair ictimai-siyasi mövzuya lirizm verməyi bacarıb… Ölkəmizin fəzası Leninin məhəbbətindən çiçəklər açıb. Yəni açırmış. Yaxşı ki, Leninin yeri boş deyil, yoxsa ölkəmizin fəzasında qanqal bitərdi…

 

11. 01. 2026, Samara

GÜLMƏLİ ŞEİRLƏR. BƏXTİYAR VAHABZADƏ İDDİA EDİR Kİ, AZƏRBAYCANLI (ERKƏYİ) BAKTERİYA KİMİ QƏDİMDİR…

1966-ci ildə Bəxtiyar Vahabzadə “Azərbaycan oğluyam” adlı şşeir yazıb. Bu şeiri akademik şairin öz adından və ya bütün azərəbaycanlı erkəklərin adından yazdığını yüz faiz əminliklə demək olmaz. Əminliklə onu demək olar ki, bu şeir qadınlara aid deyil.

Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam.

Üçüncü misrada deyir ki, anası torpaqdır, bir misra sonra deyir “oddan yaranmışam”. Bu eklektika, hərcmərclik və həftəbecərlik əslində ömrü boyu universitet müəllimi olmuş müəllifin bütün şeirlərinə xasdır.

“Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.”

Burda məhz “Azərbayca oğluna”, yəni azərbaycanlı erkəyə məxsus xarakteristika var? Yapışa biləydin o vaxt yaxasından, deyəydin sənin nəyin dəiqanlıdır? Dəliqanlı ingilisdir, sən bu şeiri qondaranda futbol üzrə dünya çempionu oldu. Dəliqanlı almandır ki, sənin soydaşın Tofiq Bəhrəmovun əslində səhv rəyi nəticəsində dünya çempionatının gümüş medalını aldı. Şeir noyabrda yazılıb. Noyabrın on beşinə qədər yağışdan iliklərinə qədər islana azərbaycanlı məktəblilər pammıq tarlalarında əsir-yesir idilər. Hrdaydı sənin dəliqanlılığın, niyə durub etiraz eləmirdin?
“Həyat qədər qədiməm”.

Bu cəfəng misranın mənası nədir? Yer üzündə həyat dörd milyard il əvvəl yaranıb. Yəni o vaxt “azərbaycanlı erkək” bakteriya şəklində mövcud olub? Dişisiz?
“Od kimi yandıranam.”

Yaxşı, canımızı dişimizə tutub bu misranı udduq. Dalına (şeirin) baxaq:
“Su kimi söndürənəm”

Bəs bu nədir? Azərbaycan oğlu su kimi nəyi söndürür?
“Məni yandırsalar da”

Yuxarıda demişdi ki, oddur. Odun nəyini yandırırlar?
“Suda batırsalar da,
Yenə mənəm, mən mənəm!”

Azərbaycanlı erkəyini niyə suda batırırlar? Suda batırılandan sonra bu erkək necə “mən mənəm” olur?

“Köküm üstdə bitmişəm”

Bəxtiyar Vahabzadənin köklərini bilən var?
Şöhrətim var,
Şanım var.”

Şöhrətlə şanı akademik ayırıb. Çünki şan sözünə ayrı misra kimi qonorar alacaq. Bir kilo mal ətinin pulunu

“Azərbaycan oğluyam,
At belində doğuldum”.

Bəlkə eşşək belində? Danabaş kəndində gözümzə at dəyir?
“Zamanın qazanında
Neçə dəfə dağ oldum.”

Qazanda necə dağ ollaq olar? Bəlkə ocaqda, şişdə?

“Mənim damarlarımda
Gur sellər çağlamışdır.”

Yuxarıda demişdi ki, sellər kimi dəliqanlıdır. Çevir tatı, vur tatı: pul tələsidir.
“Anam cəngilər üstə
Məni qundaqlamışdır.”

Bəxtiyar Vahabzadənin atası yqin evində zurnaçılar ansamblı saxlayırmış  körpə şair hər bələnəndə cəngi çalınırmış.

“Azərbaycan oğluyam,
Min ildir,
öz adımın
Keşiyində durmuşam”.

Necə dayanmısan? Sənin heç düz-əməlli adın olub ki, keşiyində dayanasan?

“Silahım olmayanda

Nifrətimi barıttək
Qəlbimə doldurmuşam…”

Bəh-bəh! Millətin bundan xəbərim olmayıb! Silah gəzdirirmiş! “Leninlə söhbət” poemasını yazanda yəqin ki, özünü müvəqqəti tərksiah edib…

“Azərbaycan oğluyam,
Yaşım adımdan qədim.
Heç kəsin toyuğuna
Ömrümdə “kiş” demədim.”

Bu, ağ yalandır. Özgə toyuğuna nəinki kiş demək, hətta özgə toyuğunun başını üzüb qazana basmaq da azərbaycanlı erkəklərdə zirəklik sayılıb…

“Adım doğdu hünərdən
Hünərim, adım oldu”.

Bilmək olmur bu erkək hansı hünəri göstərib və ona hansı adı veriblər. 1966-cı ildir, bir neçə aydan sonra Heydər Əliyev KGB-nin sədri təyin ediləcək…

“Azərbaycan bayrağı
Başımın üstündədir!..

Əqidəmin, eşqimin,
Qanımın rəngi bayraq”

Bu, əlbəttə, sovet Azərbaycanının qırmızı bayrağıdır…

“Ucalsam da günbəgün,
Dünənki son zirvəmə
Bu gün yenə “az” dedim.”

1966-cı ildə azərbaycanlı erkək hara ucalmışdı? Əhalinin çoxu ifrat kasıb vəziyyətdə idi. Bəli, “Neftçi” komandası birinci və sonuncu dəfə SSRİ çempionatında bürünc medal qazanmışdı, ancaq o komandada bir azərbaycanlı oynayırdı: Yaşar Babayev…

Belə cəfəng şeirlər kimdəsə vətənpərvərliyi, vətənə sevgini artıra bilər? Vətənə sevgini heç yaxşı şeirlər də yarada ya artıra bilməz. Əgər Vətən – yəni ölkə, dövlət yoxdursa. Yəni insan özünü doğrudan özünü doğulduğu yerin tamhüquqlu vətəndaşı hiss edə bilmirsə…

Belə cəfəng şeirlər lotuluğu, konformizmi, prinsipsizliyi pərdələmək üçündür. Bəxtiyar Vahabzadənin öz oğluna baxın…

06. 01. 2026, Samara

RAMİZ RÖVŞƏN. «SƏKSƏN YAŞIN ŞEİRİ» (NƏZİRƏ)

Demək, uzun ömür bu imiş, balam,

Bizdə çıxan azdır səksənə axı.

Ramiz Mehdiyev tək doxsana qalan,

DTX önündə səksənir axı.

 +

Eh, bu səksən ildə nələr görmədim,

Gah ona, gah buna dedim mən “öndər”,

Çıxar Mehdiyevin məktubu indi,

Yaxşı axtarsalar evi bir qədər.

 +

Ah, bu nə hədiyyə, ah, bu nə bəxşiş,
Verildi bu gecə mənə yuxuda!!

Yəqin ki, üçüncü pulsuz ev imiş,
Verər prezident onu axırda.

 +

Qazancdır, gəlirdir saydığım ancaq,

Özümü yormuram  illəri sayıb,

Jurnalist, demokrat türmədə dustaq,

Susub durmağımı bilmirəm ayıb.
+

Qızıl qələmim var —  qızıldan əsa,

Gələcək möhtərəm prezidentdən.

Ağlım yerindədir, dilimsə qısa,
Dalıma soxaraq yaşayıram mən.

17. 12. 2025, Samara

RAMİZ RÖVŞƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: «TƏPƏDƏN DIRNAĞA HİRS İÇİNDƏYƏM…»

Mən bu şeirin birinci misrasını əvvəl belə oxumuşdum: “Təpədən dırnağa his içindəyəm, Dönmüşəm dustağa hirs içindəyəm”. Və fikir məni götürmüşdü ki, yəqin Azərbaycanın canlı klassiki haçansa kömür çıxarırmış ya Bakının köhnə məhəllələrində buxarıları təmizləyirmiş. Elə işlərdə Ramiz Rövşən kimi mötəbər şəxs, əlbəttə, özünü dustaq hiss edər. Ancaq dalını (şeirin) oxuyub gördüm məsələ ayı cürdür. Şairəşşüəra his içində deyil, hirs içindədir.
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz

Bilmək olmur ki, hasar nə hasardır. Hasarın içi olmur, hasarın dalı, qabağı, və enlisə, üstü olur.

Ramiz Rövşən öz ali statusundan xəbərdardır, İsa Tanrının oğlu olduğuna inandığı kimi. Ramiz Rözşən bilir ki, xalq on milyondur, o isə təkdir. Və hərdən xalqı qorxudur ki, baxıb görsün bu gedəndən sora bu miskin kütlə başına nə daş salacaq. Gah bir də şeir yazmayacağını, gah da gözəllərin sevgisinə cavab verməyəcəyini elan edir.

Xalqın da halı, Məşədi ibad demişkən, pərişan olur.

“Səpdim mən öz yarama mən öz külümü”

Burdan nə başa düşmək olar? Şairin yarası var. Və öz külünü səpib yaraya. Öz külüdürsə, yəni Ramiz Rövşən yanıb, ancaq tamam yanmayıb, bir hissəsi yanıb. Bir hissəsi, yaralı olan yer salamatdır. Və Ramiz Rövşən yanan yerinin külünü tökür yarasına. Sonra deyir:

“Adam öz külünə bulunur belə”.

Belə — yəni necə?

Ramiz Rövşənin tonu get-gedə sərtləşir, Ramiz Rövşən xalqla polis kimi, məhkəmə kimi danışır, yəni hədə-qorxu ilə.
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim

“Mən belə adamam” – sən necə adamsan? Yaxşı, yarana özü külünü tökdün, sonra?
“Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın”

Bir vaxt deyərdilər ki, Sovet İttifaqının bütün qadınları Müslüm Maqomayevə vurulublar. Mən əminəm ki, Ramiz Rözşən bütün Azərbaycan qadınlarının ona vurulduğuna və ondan ötrü göz yaşı tökdüklərinə şübhə eləmir… İndi əvvəl Müslüm Maqomayevi gözünüzün qabağına gətirin, sonra Ramiz Rövşəni… Müslüm Maqomayevə qulaq asın, sonra bu cəfəngiyatı oxuyun…Mən bizim qadınları elə də yüngülağıl saymıram…
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam

Ramiz Rövşən ömrü boyu daşlanıb? Sabir kimi? Qoşa-qoşa mənzili xalqın hesabına havayı alan adam nədən narazıdır?

Sonra maraqlı iki misra gəlir ki, bunun məğzi Ryazanovun “Slujebnı roman” filmindən oğurlanıb. Novoseltsev soruşur: Siz giləmeyvə sevirsiniz? Lyudmila Prokofyevnanın cavabı güllə kimi açılır:  “Bəli, ancaq mürəbbə halında…” Ramiz Rövşən bir azərbaycanlı kimi kabab əlavə edir…
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam

Sonra Ramiz Rövşən xalqa xəbərdarlıq edir ki, onun heykəlini Füzulinin yanında qoymasınlar, ya ayrı yerdə qoysunlar, ya da Füzulini götürüb ayrı yerə aparsınlar. Məsələn, Füzuli rayonuna..
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim

Nə gizlədim, bu şeirdən baş çıxamağa, onu, necə deyərlər, yozmağa çalışsam da, bir şey başa düşə bilmirəm. Axı cəfəngiyatı başa düşmək mümkün deyil. Belə yaradıcılığa pul tələsi deyirlər. Üç-dörd yüz belə şeirdən yazıb kitab düzəldəcək, kitabı da xalq gözünə təpəcək…

Sonda maraqlı bir şey baş verir. Şair bir dilənçi qarıya müraciət edir. Bütün böyük klassiklər dilənçilərə müraciət ediblər. Kalassiklərin özlərindən də dilənənlər çox olub. Sabir sabun bişirib satıb…

Hə Ramiz Rövşən üzünü tutur qarıya.

Mən sənin yanında dururam sənin
Küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı

Fikirləşirsən ki, nəhayət, şairəşşüəranın vicdanı oyandı. Sadə xalqın, əzilən, sürünən və hətta dilənən xalqının tərəfinə keçdi. Bundan sonra prezidentlə tutacaq davanı, aldıqlarını qaytaracaq, deyəcək tutulanları burax…

Heyf, yanılmışıq…
“Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin”

Demə Ramiz Rövşən dilənçi qarını dolayıbmiş. Deyir qorxma, ovcuna pul qoymuram… A kişi, dilənçi onun ovcuna pul qoyandan niyə qorxmalıdır? Sən xalqı bağlamısan təsərrüfatına.  “Əlindən öpürəm”… Bəs dilənçi qarı qayıdıb deməz ki, ay vələdəzzina, get filankəsin filan yerini öp?

 

  1. 12. 2025, Samara