Архив | Январь 2020

ON ALTI YAŞLI GƏLİNİN QƏTLİNƏ

U LENİ. KİNO

Ölkənin hər yerinə,
Güzgü yollar çəkilə.

Hamıya qaz verilə,

Uca evlər tikilə,

 

 

Gecəni gündüz edə,
Hər kənddə kilovatlar,

Nə qədər artıb gedə,
Gün-gündən qiqabaytlar,

 

 

İldırım sürətiylə
Gedə avtomobillər.
Dönə qatarlar yelə,
Məzə ola hər səfər.

 

 

Hər gün inkişaf edə,

Müasirləşə daim.

Birinci yerdə gedə.
Cavan ola, həm qədim,

 

 

Xırdaca qızlar ancaq,

Yaşa dolmadan yenə,

Alınıb-satılacaq,

Töküləcək qan yenə.

 

 

Quzunu qəssablara
Kəsməyə verən sayaq,

Xırda qızlar satılar,

Üstündə cehiz bıçaq.

 

 

Cəlladla bir yastığa,
Baş qoyur körpə qızlar.

Oyaqlığın, yatmağın,

Cəhənnəm əzabı var.

 

 

Rəhmsizdir atalar,
Ciyərparalarıına.

Alan pullusa, satar,

Heyvərəyə, harına.

 

 

Döyülüb öldürülən,
Bıçaqlananlar da var.

Xırda qızlar zülmdən,

Bezib özünü asar…

 

 

Təyyarələr şığıyar,

Ölkənin göylərində,

Dənizə baş vuran var,

Kosmosu öyrənən də.

 

 

Çoxalır qiqabaytlar,
Dünya ovcun içində.

Ancaq alıb-satırlar,

Uşaqları yenə də.

 

 

Onlar yaş axıdırlar,
Onların axır qanı.

Bü dünyada, bilən var,

Ölkənin yeri hanı?

 

30. 01. 2020, Samara

“QIŞDA NƏ ARZULAR CƏNUBLAR AXI…”

2

Qışda nə arzular cənublar axı?

Parlament? Mətbuat? Demokratiya?

Müstəqil məhkəmə? Azad seçki ya?

Rüşvətsiz səhiyyə? Söz azadlığı?

 

 

Təzə prezident? Lap təzə bəlkə?

Dədəsi-babası yada gəlməyə,

Korrupsiya nədir, yazıq bilməyə,

İşləyə mal kimi, xalqa nökər tək?

 

 

Yaxşı uşaq pulu, ucuz kredit?

Bəlkə yaxşı maaş, yaxşı pensiya?

Ucuz qaz, kəsilən günü olmaya?

Bəlkə birdəfəlik ləğv ola limit?..

 

 

Tamam ayrı şeydir arzusu qışda,

Cənub ölkəsinin, əzizim, ancaq.
Qar həsrətindədir böyük həm uşaq,

Beziblər yanvarda yağan yağışdan.

 

 

Pəncərə açasan – aləm ağappaq,
Baxasan gözlərin qamaşanacan.

Bunun möhtacıdır, ilahi, insan,

Özü qalanını düzüb-quracaq…

 

28.01. 2020, Samara

MƏSUMLAR

2

Onlardan ölkənin hər yerində var,
Kənddə uzaqdan da tanımaq olur.

Nabələd görəndə yerə baxırlar,

Bir söz soruşanda gözləri dolur.

 

 

Dindirən olmasa, susub durarlar,

Oğrun yeriyirlər kənd yolunda da.

Sanki yad ölkədən gəliblər onlar,
Muzdla işləməyə, kənizliyə ya.

 

 

Heyvan altı atır, mal ötürürlər,
Kürdən, ya da arxdan su daşıyırlar.

Çalışır, əlləşir, söz götürürlər,
Bacının, qardaşın uşaqlarıyla.

 

 

Yerləri süfrənin qıraq yerində,
Dadını bilməzlər yediklərinin.

Nəsə desələr də astaca hərdən,

Məhəl qoyan olmaz dediklərinə.

 

 

Onların qisməti özgə toyları,
Özgə sevinciylə sevinəndilər.

Öğul toyu edir indi tayları,

Qızları böyüyüb gəlin gedirlər.

 

 

Onlarsa qarıyır, subay qalırlar,
Qardaş bucağında, ya da ki, tənha.

Bədəni iş üzür, qəlbi qayğılar,
Acı xatirədir cavanlıq daha.

 

 

Çəpərdən qıraqda başqa dünya var,

Bəlkə onların da bəxti ordadı.

Çəpərdən qırağa ayaq qoymağa,
Ancaq iradə və əzm hardadı?

 

 

Kim bilir ölkədə indi neçə min,
Qarıyır, qocalır qız uşaqları.

Kişisi kef çəkib gəzən millətin,
Qadını qeyrətə keşişkçi qalır…

 

 

Onların hər biri tanınar asan,
Məsum baxışlarla üzünə baxcaq.

Məryəm surətini xatırlayarsan

Görsən – körpəsizdir qucağı ancaq…

 

26. 01. 2020, Samara

QİYAMƏT

2

Kitaba hörmətim fövqəladədir,
Şübhə doğursa da Kitabdakılar.

Məndə Qiyamətə nəsə inam var,

Səbəbi özüm də bilmirəm nədir.

 

 

Hamı tək durmaram bəlkə Hüzurda,
Ləyaqətim də yox görəm Çöhrəni,

Duraram önündə sadə lövhənin —

Beləsinin üstdə yazıb-pozardıq.

 

 

Sinif otağana bənzəyir bura,
Uşaq da oturub on beş-iyirmi –

Bir vaxt dərs dediyim uşaqlar kimi,

Onlardır, ya da ki, oxşar onlara.

 

 

Görürəm gileyli baxışlarını,
Məni qınayırlar, dinməsələr də.

Mən də dayanmışam nəfəs dərmədən,

Sanki boğazıma qurğuşun axır…

 

 

Lövhə önündədir yerim nə vaxtdan,

Çəkər bu qiyamət Qiyamətəcən,
Çətin dərsə dönür bəzən hər gecəm,
Qabaqda gözləyir ağır imtahan…

 

24.01. 2020, Samara

KLASSİK MUSİQİ

2

Bilmirəm, bu, şeytan işi idimi,

Yoxsa ki, Tanrının – kənddə qəfildən,

Keçəl şah qızına vurulan kimi,
Vuruldum klassik musiqiyə mən.

 

 

Qoşub fəsillərə  “Fəsillər”ini,
Gəldi kəndimizə bəlkə Vivaldi.

Mozartla açıldı günəşin eyni,

Sızdı buludlardan, Şopen də gəldi.

 

 

Mən də oğurluqca, xəlvəti, mən də,
Lüdviq Bethovenə qulaq asardım.

Bu işi bir adam biləndə kənddə,

Deyərdi yəqin ki, başım xarabdır…

 

 

Ciddi gizlədərdim mən bu həvəsi,
Yəni anaşa-zad çəkən adam tək.

Yuxuma klassik musiqi səsi,
Gələrdi, elə bil layla deyərək.

 

 

Kənddəsə o vaxtlar radiolarda,
Özünü yırtırdı muğamatçılar.

Qan-yaş axıdılar, yas qurulardı:
Aman, yenə yarı aparıb əğyar…

 

 

Qırx ilə yaxındır mən ordan gedən,
Kənddə nə çalınır bilmirəm indi.

Ancaq Bethoven də, Şopen də hökmən,

Dinən tək gözümün kənd önündədir.

 

 

Bəlkə də hər gecə, bəlkə mən indi,

Burda dinləyərkən Sebastyan Baxı,

Ayın işığıyla sızıb buluddan,
Ata yurdumuza musiqi axır…

 

22.01. 2020, Samara

YAXŞI YER HARADIR? – SƏN, MƏN OLMAYAN…

26 SENT 2019. 2           

Aytəkin Axundzadəyə

Sərnişin qatarı keçəndə bəzən,
Sahildən gəmiyə baxırsan ya da.

Adamlar görürsən pəncərələrdən,

Açıq göyərtədən – yazda və yayda.

 

 

Baxırsan naməlum sərnişinlərə,
Həsəd ürəyini nədənsə didir.

Elə bilirsən ki, hamısı şən və,
Dünyanın ən yaxşı yerinə gedir..

 

 

Mən də vaqonlarda getmişəm axı,
Qol-qıç uzatmışam göyərtələrdə.

Bəlkə kimsə mənə kənardan baxıb,
Məni xoşbəxt sayıb, duyub həsəd də.

 

 

Mənsə yas içində bəlkə həmin an,
Axar qara qanım, çırtmaya bəndəm.

Yaxşı yer haradır? – sən, mən olmayan,

Sən, mən hardayıqsa – ora cəhənnəm…

 

 

Bəlkə bəxtəvərlik bizə  verilir,
Görmürük, duymuruq, ötüşür zaman…

Xoşbəxtdir — özündən kim çıxa bilir,

Dayanıb özünə baxır uzaqdan…

 

20. 01. 2020, Samara

 

           PUTİN

2

Qandi ilə söhbət? Yəqin haçansa,
Keçib ürəyimdən belə bir istək,

İndisə…onunla üz-üzə gəlsək,

Bəlkə də bilməzdim nə danışasan…

 

 

Zorsuz müqavimət şərə? Şər nədir?
Qətl ya oğurluq deyil bu məncə,
Föhş, şərəfsizlik, yalan eləcə.

Xeyir tərəf də var şər dediyində.

 

 

Əsil şər, mütləq şər, məncə, Ölümdür.

Onda xeyir tərəf görən var insan?

Sokrat? O deyirdi “bəlkə”…Vəssəlam…

İradə sarsılır…Hamleti götür…

 

 

Dirilib görsəydi mən yaradanı
“Bravo!” deyərdi Makiavelli.

Görərdi köhnəlib siyasi elmi,
Mənəm müəllifi yeni qaydanın.

 

 

Ovcumun içində ölkə haçandan,
Milyonlar bir himin idarəsində.

Necə tətənəylə gedirəmsə də,

Əfsus, mənə qarşı yürüyür zaman.

 

 

Rəqabət qalmamış, yox rəqiblərim.

Kimsə dünyasını dəyişib gedib,

Vaxtında ölkəni kimsə tərk edib,
Burda kim qalıbsa, yerini bilir.

 

 

Ölkə, hakimiyyət, dünyada təsir —
Məndən çəkinirlər sevməsələr də.

Barmağım da nüvə düyməsi üstdə,

Bassam, alt-üst olar bu yer kürəsi.

 

 

Mənəsə Ölümdür rəqib və düşmən,
O nə aman bilir, nə də mərhəmət.

Bu ali vəzifə, bu hakimiyyət,

Ölkə — nəyə lazım, gedirəmsə mən?

 

 

Ölüm, cənab Qandi, şərdisə mütləq,
Şərlə qarşısına gərək çıxasan,

Qonub pəncərəmə bir quş oxusa,

Tutdurub boynunu üzdürəm gərək.

 

 

Mənim əlimdədir dünya deyirdim,

Gedərəm, o qalar — barışım niyə?

İstərdim son anda əl atam göyə,
Ayı, ulduzları söndürüb gedim….

 

19. 01. 2020, Samara

DAŞ TÖKÜB CİBİNƏ YOLDA DURAN VAR…

U LENİ

Altından, çürümüş böyürlərindən,
Su sızan kolazda Kürü adladım.

Gördüm şəhərlərin böyüyünü də,
Tanıdım bir neçə böyük adamı.

+

Tanıdım qüdrətli dilləri də mən,
Onlarda sehr və musiqi duydum.

Ancaq buraxmadı cazibəsindən,
Məni ana dilim və doğma yurdum.

+

Bəzən düşünsəm də mən özgə dildə,
Nə yazsam, öz ana dilimdə yazdım.

Keçmədi, aşmadı səsim sərhədi,
Vətənim – nə vaxtdan dil fəzasıdır.

+

O çay hardan axır? Hanı o kolaz?
Hardadır yolların qayıdanbaşı?

Özüm də getməsəm, söz də yollasam,
Kəsir qabağını elə bil qoşun…

+

Vətən göylərində xırda bir çıraq
Olsam, vurub salar batareyalar.

Quşa çevrilərdim, uçardım, ancaq,
Daş töküb cibinə yolda duran var…

17. 01. 2020, Samara

YANĞIN

2

Şiddətli yanmışam körpəliymdə:

Bələyib qoyublar evdə, gediblər,

Kerosin lampası aşıb üstümə,
Alışıb bələyim, od alıb kilim,

Haçandan haçana görüb tüstünü,
Həyətdən yüyürüb gəlib anamgil.

 

 

Yarıcan Salyana aparılmışam,

Keşiyimi çəkib neçə ay anam.

Yata bilməmişəm – o da yatmayıb,
Dəmir çarpayını yırğalayaraq.

Elə ki, əliylə gücü çatmayıb,

Dırmaşıb yelləyib ayaqlarıyla…

 

 

Ölmədim, sağaldım, böyüdüm, ancaq,
Bəxtimə düşmədi uğur və qazanc.

Ana sevindirən işim olmadı,
Dərd qoydum dərdinin üstünə hələ.

Açıq deyinsə də, ya dodaqaltı,

Demədi “yanaydın kaş o vaxt, bala…”

 
Qalır bədənimdə yanğın izləri.

Anam gözlərimin önünə gəlir,

Baxıram, görürəm onları haçan.

Neçə ay palata cəhənnəmində,
Məni, üzülsə də, yelləyən insan! —

Xəcalət yandırır məni indi də…

 

14-15. 01. 2020, Samara

QONŞUMUZ ƏRƏSTUN MƏMMƏDOVUN ÖLÜMÜNƏ

 

ƏRƏSTUN.jpg

Çox uzun ömür sürən,
Çox işlər görən insan!

Sənə rəhmət deyirəm,

Cənnət əhli olasan!

 

 

Yoxdu elə bir iş ki,

Əlindən gəlməyəydi.

Çevik, səriştəliydi,

Hər alətə bələddi.

 

 

Barı da götürərdi,
Yaxşı suvaq vurardı.

Qapı, pəncərə nədir —

Kolaz da qayırardı!

 

 

Telikdən, radiodan,
Yaxşı biliyi vardı.

Amerikanı tutan,
Antennalar yığardı.

 

 

Ərəstun neçə kəndin,
İlk işıq çəkəniydi.

Qapısına ki, gəldin,
Malından keçəniydi.

 

 

 

Toylar da, vaxt varıydı,
O kişisiz keçməyib,

Hər toyu aparırdı,
Mahir dirijor kimi.

 

 

Nə döyəndi  arvadı.

Nə uşaq incidəndi.

Ümmanca səbri vardı,
Keçəcəkli, keçəndi.

 

 

Uşaq vaxtı üzümə,

Qapısı açıq idi.

Elə bil öz evimə,
Hər gün gedib-gələrdim.

 

 

Çoxdu yaxşılıqların,
Dünya dəyişən insan!

Olsa da günahların,

Yəqin bağışlanarsan.

 

13.01. 2020, Samara