SEVMİR TƏKRARI VƏ EYNİNİ İNSAN…

U LENİ. KİNO

Qürub yaxınlaşır, çayın sinəsi,
Yenə al boyanar – ayrı cür ancaq.

Yerin yaradanı, göyün yiyəsi,
Həmişə təkrardan, eynidən uzaq.

 

 

Yamacda tikilən təzə kilsədən.

Zəng səsi sahilə axır yenə də.

Gedib-gələnlərin içində birdən,
Tapılır xaç çəkən, səcdəyə gedən.

 

 

Çalınan zənglərin ciddi kanonla,
Bilən var adı və təyini nədir.

Ancaq elə çalır indi zəngçalan,
Ölüm ya axirət yadına gəlmir.

 

 

Roka açııq-aşkar bənzəyir hərdən,
Ritmi dəyişdirir, hip-hopa keçir,

Qayıdır lap ağır metala birdən,

Gah da ki Bitlzdan tanış hit seçir.

 

 

Kilsə çaxırından xəlvətə salıb,
Bəlkə işqabağı vurub zəngçalan.

“Momento mori” yox, ayrı şey çalır,

Kilsə kanonları çıxıb yadından.

 

 

Qatıb bir-birinə yüz əlli janrı,
Düşür sümüyünə nə çalsa ancaq.

Sularda qürubun alovu yanır,

Axirət də uzaq, ölüm də uzaq.

 

 

Kukla tək qızcığaz, beş-altı yaşlı,
Tutub ritmləri rəqs edir indi.

Ananın gülməkdən gözü yaşarıb,
Düşünmür çalınan nəyin zəngidir…

 

 

Batır bu qızcığaz  bəlkə günaha,
Ciddi kanonları pozur zəngçalan.

Tanrı bənzəri tək yaranıb axı –

Sevmir təkrarı və eynini  insan.

 

31.07. 2020, Samara

“DƏRS BİTİB, SÖZ BİTİB, GETMİRƏM ANCAQ…”

U LENİ. KİNO

İyirmi birinci əsrdə sanki
Qonağam. Gəlmişəm keçən əsrdən,
Yubanıb qalmışam indiyə kimi,
Bilmirəm yığışıb necə gedim mən.

 

 

Hara yollanıram —  ayaq səsləri
Daldan eşidirəm. Məndən uşaqlar,
Tamam getməyimə bəlkə tələsir,
Qalıram – kiminsə bəlkə yeri dar…

 

 

Şagirdlər  önümdə lal oturublar,
Dərs bitib, söz bitib, getmirəm ancaq.

Biri əldə silgi farağat durar,

Yazımı, izimi silər dalımca…

 

26.04. 2020, Samara

           PUTİN

2

Qandi ilə söhbət? Yəqin haçansa,
Keçib ürəyimdən belə bir istək,

İndisə…onunla üz-üzə gəlsək,

Bəlkə də bilməzdim nə danışasan…

 

 

Zorsuz müqavimət şərə? Şər nədir?
Qətl ya oğurluq deyil bu məncə,
Föhş, şərəfsizlik, yalan eləcə.

Xeyir tərəf də var şər dediyində.

 

 

Əsil şər, mütləq şər, məncə, Ölümdür.

Onda xeyir tərəf görən var insan?

Sokrat? O deyirdi “bəlkə”…Vəssəlam…

İradə sarsılır…Hamleti götür…

 

 

Dirilib görsəydi mən yaradanı
“Bravo!” deyərdi Makiavelli.

Görərdi köhnəlib siyasi elmi,
Mənəm müəllifi yeni qaydanın.

 

 

Ovcumun içində ölkə haçandan,
Milyonlar bir himin idarəsində.

Necə tətənəylə gedirəmsə də,

Əfsus, mənə qarşı yürüyür zaman.

 

 

Rəqabət qalmamış, yox rəqiblərim.

Kimsə dünyasını dəyişib gedib,

Vaxtında ölkəni kimsə tərk edib,
Burda kim qalıbsa, yerini bilir.

 

 

Ölkə, hakimiyyət, dünyada təsir —
Məndən çəkinirlər sevməsələr də.

Barmağım da nüvə düyməsi üstdə,

Bassam, alt-üst olar bu yer kürəsi.

 

 

Mənəsə Ölümdür rəqib və düşmən,
O nə aman bilir, nə də mərhəmət.

Bu ali vəzifə, bu hakimiyyət,

Ölkə — nəyə lazım, gedirəmsə mən?

 

 

Ölüm, cənab Qandi, şərdisə mütləq,
Şərlə qarşısına gərək çıxasan,

Qonub pəncərəmə bir quş oxusa,

Tutdurub boynunu üzdürəm gərək.

 

 

Mənim əlimdədir dünya deyirdim,

Gedərəm, o qalar — barışım niyə?

İstərdim son anda əl atam göyə,
Ayı, ulduzları söndürüb gedim….

 

19. 01. 2020, Samara

KREMATORİ

Tək adamın sonu

Tək insan, əgər xəstəlik ya qəza sarsıtmayıbsa, özgə yardımı olmadan keçinə bilər. Tək adamın ən ciddi problemi, əgər bütün ömrü boyu yatağa düşməyibsə də, öləndə, daha dəqiq deyilsə, ölən kimi yaranır. Yəni tək adam çox şey ya hər şey edə bilər, bir şeydən başqa: tək adam öz-özünü dəfn edə bilməz…

Mən tək adamam və haçansa məni cansız, daha nəinki başqalarına, heç özümə də lazım olmayan bədənimin kimin üçünsə başaağrısı yaradacağını düşünəndə pərt oluram. Əlbəttə, mən vətənə aparılıb basdırılmaq, qəbrimin göz titəsinə çevrilməyini istəmirəm. Elə burda… Yerli qəbiristanlıqların müsəlmanlar basdırılan hissəsinin ucqarında, hasar dibində… Nişansız…Belə qəbir Rusiyanın iqlim şəraitində bir neçə aya da itə bilər…

Son vaxtlar krematori haqqında çox fikirləşirdim. Bir burum tüstü, bir ovuc kül…Külü bir yer tapıb sovursunlar… Və heç kim də sənin günahkar bədəninin torpaqda çürüdüyünü düşünməsin… Elə bil bu dünyaya gəlməmisən…

Ancaq indi İnternetdə baxıb görürtəm ki, Samarada krematori yoxdur! Yandırılacaq meyitləri Moskvaya aparırlar! Buna da bir ətək pul lazımdır… Yəni başa düşdüm ki, krematori mənlik deyil. Çünki Samarada krematorinin tikilməyi də planlaşdırılmır…

Ancaq yaxşı olardı…Bir ovuc kül…Sonra da verələr yelə…

Düzü, mən az qala əlli il ərzində bütün yazdıqlarımı da yandırmaq istərdim. Yazdıqlarımın çoxunun əlyazması da yoxdur. Kompütürdə, İnternetdə. Kompüteri şifrələmək, İnternetdə olanları silmək, kiminsə bəlkə yığıb saxladıqlarından istifadəyə isə vəsiyyət yazıb qadağa qoymaq. Sağkən bir qara qəpik qiymət verilməyən işlərin birdən «irsə», «mərhumun irsinə» çevriləcəyi perspektivi məni açmır… Mən haqqımda “mərhum belə yazıb, mərhum belə tərcümə edib” yazacaq həmvətənimi gözümün qabağına gətirirəm və qadın ya kişiliyindən asılı olmayaraq gözünün içinə tüpürürəm. Çünki bu həmvətən üçün vacib ədəbiyyat, sənət deyil, bu adam üçün vacib mənim ölməyimdir. Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında saxtakarlıqdan, əqidəsizlikdən,  qarınotaranlıqdan, peşə səviyyəsizliyindən başqa, nekrofillik, ölüsevərlik də var, ki, bu da qarğa-quzğunun leşə sevgisi kimidir.

Mən həmvətənlərimin mənim ölümə sevgisini sağkən rədd edirəm və məndən “mərhum filankəs” kimi yazacaq hər kəsin gözünün içinə tüpürürəm…

Kim bilir, mənim indi permanent maliyyə böhranında olan samaralı  tanışlarımın vəziyyəti birdən yaxşılşar və mənim ölümü Moskvaya yandırmağa apararlar. Bir Samara müəssisəsi reklamında Moskvaya yaxşı səyahət vəd edir: 14 yerlik rahat maşın və s. Ye, iç, danış, gül… Hər mövzuda. Kəlməbaşı da mənə müraciət lazım olmayacaq: “Ağsaqqal  bizi bağışlasın…”

05. 06. 2019

Samara

YENİ İL

Ura, on ikini vurdu saatlar,
Dindi şampanların yaylım atəşi.

Raket buraxırlar, tüfəng atırlar,
Ura! Əjdahanın kəslib başı!

 

On iki ay idi qanlar axırdı,

Sayı-hesabı yox faciələrin.

Həyat savaş idi, savaş ağırdı,

İndisə sarsıdır nəticələri.

 

Deyirdi ver gəlsin, yesə nə qədər

Doyub-dolanmırdı Əjdaha ancaq,

Sularda çevrilib batır gəmilər,
Quruda vururdu, yıxırdı xərçəng.

 

Gah orda, gah burda müharibəydi,

Öldü əsgər olan əsgər olmayan.

Yer ən təhlükəli bizə yeriydi,

Qaçmağa, köçməyə, heyf, yox imkan…

 

 

Soyuq qədəhləri qaldırıb için,

Başı Əjdahanın kəsilmiş, ura!

Qapılar döyülür, tələsin, açın,

Gözləyir Əjdaha təzə başıyla…

 

01.01.2018

Samara