Архивы

DƏLİ DOMRULUN TANRIYA ÜZ TUTUB DEDİYİ

(Duxa qoca oğlu Dəli Domrul)

Ucalardan ucasan,
Kimsə bilməz necəsən!

Gözəl Tanrı, səni cahil adamlar,

Yer üzündə istər, göydə axtarar,

Möminin könlüdür yerin səninsə.

Bütün yaranışın hakimi sənsən,
Sirlərin əbədi sahibi sənsən.

Alırsan, özün al canımı, Tanrı!

Əzrayıl almasın canımı, Tanrı!

 

24.03. 2021, Samara

QARACA ÇOBANIN ŞÖKLÜ MƏLİKƏ DEDİYİ

Kafər! Ağlın, dinin yox!

Fikrin, düşüncən pozuq!

Qarşı yatan qarlı dağ,
Ot bitirməz, qarıyıb.

Qanlı-qanlı irmaqlar,

Suyu gəlməz quruyub.

Şahanə-şahbaz atlar,
Qulun verməz, qaruyıb.

Qızıl-qızıl dəvələr,
Köşək verməz, qarıyıb.

Kafər, Qazan anası,

Oğul verməz, qarıyıb.

 

14.03. 2021, Samara

ARUZDAN QILINC YARASI ALAN BEYRƏYİN DEDİYİ

İç Oğuza Daş Oğuz asi olub Beyrək öldüyü boy

Qalxıb yerinizdən durun, igidlər,
Kəsin quyruğunu ağ-boz atımın.

Qalxın, Ala dağın belindən aşın

Axıntılı gözəl çay üstdən keçin,
Çapıb divanına Qazanın gedin,
Çıxarın ağ donu, qaranı geyin,
“Sən sağ ol, Beyrəksə ölübdür”, — deyin.

DAHA SONRA DEDİYİ

Ərlər, Aruz oğlu Basat gəlməmiş,
Elim-günüm hələ yağmalanmamış,
Qızıl dəvələrim bağırdılmamış,
Qoçaq Qazlıq atım kişnədilməmiş,
Ağüz qız-gəlinə əl dəyilməmiş,
Ağüz arvadımı Basat almamış,
Mənim yurdum, elim viran qalmamış,
Qazan xan yetirsin bura özünü,
Qoymasın Aruzda mənim qanəmı.

Gözəl arvadımı oğluna alsın,
Axirət haqqını halal eləsin.

Bəlli eləyin ki, Qazana, Beyrək,
Öldü, şahlar şahı Həqqə yetərək.

30.04. 2021, Samara

ARUZUN QƏZƏBLƏNDİYİNİ BİLƏNDƏ BEYRƏYİN DEDİYİ

İç oğuza Daş oğuz asi olub Beyrək öldüyü boy

Aruz, mənə işin biləydim nədir,

Qaracıqda Qazlıq atı minərdim,

Dağılmaz, deşilməz donu geyərdim,
Polad üz qılıncı belimə bağlar,
Başımı, alnımı zirehləyərdim.
Süngü götürərdim altmış tutam.

Alagöz igidlər həm də yanımda.

Bədəməl olsaydım, boşmu gələrdim?

İgidi hiyləylə tutan nə ərdir?

Sənin öyrədənin övrətinmidir?

29.04. 04. 2021, Samara

QILBAŞIN ARUZA DEDİYİ

İç Oğuza Daş oğuz asi olub Beyrək öldüyü boy

 

Qulaq as, yaramaz!

Qalxaraq yerindən gəldi Qazan xan,
Qurdu Ala dağda çadırı al ban.

Üç yüz altmış altı ərən yığıldı

Anıldın bəylərin qonaqlığında.

Demə üstümüzə gələn yağıdır.
Gəldim biləm dostsan, ya da ki, düşmən.

Öyrəndim Qazana düşmən imişsən.

 

27.04. 2021

ATASININ BAYINDIR YOX, QAZAN XAN OLDUĞUNU BİLƏNDƏ URUZUN ANASINA DEDİYİ

Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boyu

Atam, zalım ana, Qazan xan imiş,

Bayındır xan mənim atam deyilmiş!
Niyə, rəzil qızı, mənə demirdin?

Haqqın Tanrı haqqı olmasaydı, bil,

Qara üz qılıncı çəkərdim qəfil,

Bu gözəl başını kəsib atardım,

Yerə al qanını şoruldadardım.

URUZ QAZAN XANI YARALAYIB BİR DƏ VURMAQ İSTƏYƏNDƏ ATASININ DEDİYİ:

Dumanlı dağımın zirvəsi oğul,
Gözlərimdə günəş zərrəsi oğul!

Ər igidim Uruz, aslanım Uruz!

Axıtma atanın qanını, Uruz!

27. 04 2021, Samara

ƏGRƏGLƏ SƏGRƏGİN BİR-BİRİNİ TANIYIB DEDİKLƏRİ

Uşun qoca oğlu Səgərin boyu

 

Səhər çağı durdum qardaş üçün mnən,

Ağ-boz atlar yordum qardaş üçün mən,

Kafər, qalanızda, de, varmı dustaq,
Qurban qara başım sana, de ancaq!

BÖYÜK QARDAŞI ƏGRƏGİN DEDİYİ:

 

Ağzın qadasını alım, a qardaş!
Şirin dilin üçün ölüm, a qardaş!

Yurdunu soruşsam, haradı o yer?

Dövran azdırarsa, ümidin nədir?

Bayraqdar sayılan bəs hansı xandır?

Yağıyla qovğada kim vurur öndə?

İgid, atan kimdir? Bizdə eyibdir,
Ərdən ad gizləmək, de, adın nədir?

DAHA SONRA DEDİYİ:

Bəlkə sarvanısan dəvələrimin?

Bəlkə çobanısan qoyunlarımın?

Bəlkə atlarımın ilxıçısan sən?

Bəlkə qulluğumda həqir nökərsən?

Mən gedən gün körpə qardaşımmısan?

DeŞ igit,qurbandır bu başım sənə!

SƏGRƏGİN BÖYÜK QARDAŞINA DEDİYİ:


Qara bəxt azdırsa – ümid – Tanrıdır,
Bayraqdar xanınsa adı Bayındr.

Öndə Salur Qazan gedər qovğada,
Adı atamınsa Uşun qacadır.

Mənim öz adımı soryuşsan – Səgrək,

Bir qardaşım varmış, adısa Əgrəg.

DAHA SONRA DEDİYİ:


İlxıçın olaram ilxını güdəm,

Dəvəni tapşırsan, sarvanınam həm.

Körpəcə gördüyün qardaşınam mən.

BÖYÜK QARDAŞ ƏGRƏGİN DEDİYİ:

Ağzın qadasını alım, a qardaş!

Şirin dilin üçün ölüm, a qardaş!

Qardaş sər ər oldun, sən igid oldun!

Qərib qardaşının dalınca gəldin!

 

24-25. 04. 2021, Samara

ƏGRƏGİN SƏGRƏGİ YATAN YERDƏ GÖRÜB DEDİYİ

Uşun qoca oğlu Səgrəgin boyu

Yerindən əzmlə duran bəy igid!
Qarayallı Qazlıq atını minən,
Aşıb Ala dağın belindən, enən!

Gözəl axınların üstdən adlayan!
Nədir qərib yerdə yatmağın, oğlan!

İndi sarınsınmı ağca əlləri?

Donuz damı olsun yatdığı yeri?
Ağsaqqal atası, qarı anası,
Batsınmı, xəbəri eşidib, yasa?

Nə belə qayğısız yatırsan, oğlan?

Qalxsın gözəl başın, yuxudan oyan!

Qadir verən canın yuxuda indi,
Bağlatma əlini-qolunu, igid!

Atanı, ananı ağlar qoyma sən,
Nə igidsən Qalın Oğuz elindən?

Yaradan haqqına, igid, oyan, gəl,
Bil ki, dörd yanını bağladı kafər!

23. 04. 2021, Samara

SƏGRƏGİ YOLDAN SAXLAMAQ İSTƏYƏNDƏ GƏLİNİN DEDİYİ

Uşun qoca oğlu Səgrəgin boyu

İgidim,  mən səni bir il gözlərəm,

İki il gəlməsən, yenə dözərəm.

Üç-dörd il baxaram yoluna hətta,

Ötərsə lap beş il, altı il ya da,
Çadır qurub altı yol ayrıcında,
Səni soraqlaram gəlib-keçəndən.

Xeir xəbərliyə at bağışlaram,
Onu təzə donla mən alqışlaram.

Başını kəsərəm şər xəbərlinin,
İgid, muradlanaq, sevinsin elin,

Gedirsən, sonra get, açılsın yolun!

SƏGRƏG DÖNMƏYƏNDƏ GƏLİNİN QAYINATASINA VƏ QAYINANASINA DEDİYİ

Atamdan yaxşısan, qayın atam, sən,
Anamdan yaxınsan, qayın anam, sən!

Dəvənin buğrası ürkdü, dayanmır,
Sarvan önün aldı, yenə də dönmür.

Ürkdü qara ayğır, yollanıb gedir,
Saymır ilxıçını, tullanıb gedir.

Yaylağın qoçları ürkdü, yürüdü,

Çoban önün aldı, getdi yenə də.

Qardaş ayrılığı bağrını dəlir,
Bilin, gəlininiz döndərə bilmir.

22-23.04. 2021

ATASI ONU YOLDAN ÇƏKİNDİRƏNDƏ SƏGRƏGİN DEDİYİ

Uşun qoca oğlu Səgrəg boyu

Üç yüz altmış altı ər ova çıxsa,
Qanlı keyik üstdə çəkişmə qalxsa,

Qardaşlı igidlər durar ürəklə,

Vurular qardaşsız igid, təklənər,

Onda dörd yanına baxıb ağlayar,

Ala gözlərindən acı yaş axar,

Gedir, xanım ana, alagöz balan,
Bəy ata, gedirəm, salamat qalın.

21.04. 2021, Samara