Архив тегов | qocalıq haqqında şeir

QOCA DONDURMA YEYİR…

Otuzu da keçib deyəsən isti,
Kölgəli yerlər də şəhərdə qızır.

Volqaya üz tutur sərin istəyən,
Çaydan uzaqdakı havalı gəzir.

 

Kvas içir ya da “pivələyirlər”,

Qızıb içkinin də alveri indi.

Gecə yarıyacan, boğaza qədər

İçəsən, susuzluq elə həmindir.

 

Yanını qumuna çayın basaraq,
Bir qoca oturub “plombir” yeyən.

Ucuzundan alıb, dondurma ancaq,
Nə qiymətə olsa, dadlıdır yenə…

 

Yemir dondurmanı, düzünü desək,
Sümürür, yalayır buzlu neməti,

Dilini çıxarır hərdən ilan tək,

Hərlədir, ucuyla dadır şərbəti.

 

Kiçilir, əriyib gedir plombir,
İnsan ömrü kimi əriyir elə.

Uşaqlıq, cavanlıq beləcə gedir,
Çökür xatirəsi damağa, dilə….

 

Bəlkə plombiri yeyir son dəfə,

Bəlkə sonuncudur aldığı bu həzz.

Bizə dondurma da kaş ki, vəd edə,
Xurma kölgəsini vəd eləyən kəs…

 

16. 06. 2026, Samara

LENİNQRADSKAYA KÜÇƏSİ

Bu küçə min yddi yüz doxsan ikinci ildə,

Xəritələrə düşüb, adı dəyişilibdir

O vaxtdan dönə-dönə, indiki ad yüz ildir
Qalır, Leninqradın öz adı dəyişsə də.

 

Elitar küçə olub – sübutdur tikililər,

Divarlarında keçmiş sahiblərin adı var,

Malı, mülkü olanlar, zənginlər, imkanlılar,
Xoş günlər keçiriblər bolşeviklərə qədər…

 

Burunlarından gəlib o xoş günlər onların,
Tikib yaratdıqları alınıb əllərindən.

Arxivlərdə məlumat tapılar hər birindən,
Bir-birinə bənzəyən faciədir sonları…

 

Həyatın hər gününü keflə keçirənlərə,
Burdan min dəfə gözəl yer çox olsa da indi,
Zəngini, imkanlını o da əyləndirəndi,

Ürəyi istəyəni tapar, pul olsa, hərə.

 

Piyada zonasıdır dörd kvartalı çoxdan,

Samaranın Arbatı, Nevskisidir ya da,

Elə ki axşam düşür həftənin sonlarında,
Yayda xüsusən, axır bura neçə min insan.

 

Barlar, qəhvəxanalar, kafelər, restoranlar
Dolur, boşalır, dolur gecə keçənə qədər.

Zənginlər kürsülərdə əyləşib dincəlirlər,

Elə ayaq üstdəcə yetib-içər qalanlar.

 

Cavanlardır oturan, cavanlardır gəzənlər,
Yeniyetmələrin də hərçənd az deyil sayı.

Har kəsə burda yer var qocalardan savayı,

Əlilsiz, qocasızdır elə bil ki, bu şəhər…

 

Piyada zonasının amma lap axırında,
Qızğın şahmat oynayır dörd-beş qoca yığılıb,

Atlar, fillər hücumda, piyadalar yıxılıb,
Qocaların zamanla gedir döyüşü burda…

 

Burdan mənim hücrəmə çox olsa – yüz metrədək,

Çalışıram həmişə uzaq keçəm bu yerdən.

Gizlədirəm üzümü keçməli olsam hərdən,

Burnumun ucunacan başılığı endirərək…

 

 08. 06. 2026, Samara

«AL SİQARETİNİ, QƏHVƏSİNİ AL…»

Səhərdir. Önündə qədim bir evin,

Bir qoca dayanıb göz dikir yola.

Dünən də durmuşdu. Əlində eyni

Stəkanda qəhvə, buğlanır hələ.

Elə tüstülədir tütünü qoca,

Çəkmir siqaretu, yeyir o sanki.

Siqaret ağzından aralanlnca,

Kofeni tüstü tək içəri çəkir.

 

Tüklü sifətində görünmür hərçənd,

Nəşə ya məmnunluq əlamətləri,

Tütün, qara qəhvə – səmavi nemət,
Beləcə açırsa qoca səhəri.

 

Yaşı nə qədərdir? – az deyil yəqin,
Gümrah, qıvraq deyil görünüşündən.

Bəlkə bu tünd qəhvə, bu acı tütün,
İlləri azaldır qalan yaşından.

 

Al siqaretini, qəhvəsini al,

And içsin bu işi tamam tərgidir.

Sonra bəs? Səkidə dayanaraq lal,

Qüssədən içini yeyər əlli il…

 

17. 04. 2026, Samara

«ÖMÜR ÇOX UZANDI, DİBİ YOX YAŞIN…»

Ömür çox uzandı… dibi yox yaşın,
Yoxdur yekununda təsəlli ancaq.

Bəlkə də qulpundan ayrı bir işin

Gərək yapışaydım… əlli il qabaq.

+

Bir vaxt keçməyəydim Kürü də gərək,
Təxmini biləydim nə var o tayda.

Bir parça torpağı çəpərləyərək,

Əkib-becərəydim qışda və yayda.

+

Səhər açılandan axşama qədər,

Narın  şumlayaydım, qazaydım dərin.

Çəpərdən boylanıb gəlib-gedənlər,
Deyib keçəydilər mənə “afərin!”.

+

Ekoloji sıyıq, ekoloji sup —

Bişirib yeyəydim becərdiyimi.

Xəstəliklərimi arxada qoyub,

Gecələr gəzəydim kənddə cin kimi.

+

Çıxaydı yadımdan yazmaq, oxumaq,
Nə kitab olaydı evdə, nə dəftər.

Köhnə telefona yazaydın ancaq,

Ayda xərc nə qədər, qazanc nə qədər.

+

…Hərdən qonşuluqda mərəkə qalxa:

Uşaq istəmir ki,  dərsinə  gedə.

“Hansı oxuyan var ağ günə çıxa?” —  

Deyib mənə baxa qırışmal gədə…

22. 11. 2025, Samara

«QEYRİ-ADEKVATLIQ VAR QOCALIQDA…»

Qeyri-adekvatlıq var qocalıqda:

Öz yaşın özünə yad kimi gəlir.

Özgə paltarları zorla elə bil

Sənə geydiriblər, ayaqqabı da.

 +

Örtür ayıbını geyindiklərin,
Küləkdən, yağışdan qoruyur hətta,
Amma görürsən ki, sənin bu halda,

Var nə çağıranın, nə gedən yerin.

 

Təzyiq, temeperatur deyil yaş axı,
Cihaz tətbiqiylə ölçülə bilə.

Çıxır yaşıdların elə ki, yola,
Bilirsən yığışmaq vaxtıdır artıq.

 +

Dörd yol ayrıcında gedib duraraq,

Vicdanı oyanmış bir bədəməl tək,

Hamıdan, hər kəsdən üzr istəmək

Fikri də dolaşır beynini ancaq.

 +

Borclar var, yadında olan, olmayan,

Artırır onları yaşanan hər il.

Ömrümüz qaydasız bir oyun deyil? —

Udub bu oyunda hansı oynayan?..

 18-19. 11. 2025, Samara

NOYABRDA GÜNƏŞ

Noyabr səhəri. Günəş səhərdən,
Gah buluda girir, gah çıxır hərdən.

Hərçənd isindirmir istisi indi,
İşığı gözlərə, qəlbə sevincdir.

Birdən yüngülləşir yaş ağırlığı,
Çıxır bədəndəki, başdakı ağrı.

Gün düşən tərəfi tutub gedirsən,
Gəncsən elə bil, qız təqib edirsən…

Elə bil ağrıyan dişin çəkilib,

Ya çoxdan gözlənən xoş xəbər gəlib…

Qabaqda uzun qış varsa da hələ,
Labüddür yazın da gəlməyi elə.

Hər səhər al günəş çıxar o zaman,
İşığı istisi xəstəyə dərman.

Yaza çıxarsanmı, qoca, özün bəs?

Noyabır günəşi batacaq, tələs…

17. 11. 2025, Samara

«KÖHNƏ ŞƏKİL VARDI… KÖHNƏ YOX, QƏDİM…»

Köhnə şəkil vardı… Köhnə yox, qədim…

Cırılar ya itər, qalar o, çətin.

Altı ya da yeddi yaşında idim

Şəkil çəkiləndə  — bilirəm yəqin.

 +

Salman qucağında oturub anam,

Qardaşımsa beş yaş kiçikdi məndən.

Yandan ayaq üstə mən dayanmışam,

Hamı var, lələmdən başqa, deyəsən.

 

Başımda kepka var alnımı örtən,
Yəqin iki ölçü böyük alıblar.

Uşaqlar sürətlə artır… adətən,
Mən elə artmadım… istisnalar var…

 +

Gözümün önünə gəlir o şəkil,
Anbaan. Qocalıq gerçək olandan.

Baxıram – indiki mənəm elə bil,

 Kepkalı, yöndəmsiz, eybəcər oğlan.

 +

Elə bil gedirəm geri haçandır,

Boy, bədən kiçilir, çəki azalır,

Qoysam şəkildəki kepkanı indi,

Dimdiyi çənəmə dəyər az qala.

 +

İndi birdən öləm…məni uçarla,

Aparmaq da olar əl baqajı tək.

Poçtla da göndərmək, yəqin ki, olar,

Bu yazıyla: “Tələb olunanadək…”

 

14. 11. 2025, Samara

«OYUNDANKƏNARSAN ELƏ BİL İNDİ…»

Orta statistik qocasan əgər,

Varın pensiyasa kiçik, gülməli,

Adın, çəkin yoxsa pula bərabər —

Qalmayıb heç kimin sənin, deməli.

 —

Nədən danışasan – yorur, əsnədir,

Sözün oyadırdı bir zaman ancaq.

Oyundankənarsan elə bil indi,

Səninlə qonuşan  cəzalanacaq…

 —

Demə cavanlıqmış eybini örtən,

İndi üzə çıxıb – yox say-hesabı.

Özünə “dostların” gözüylə hərdən

Baxırsan – özünü xəcalət basır…

Yox adam içində yerin də sənin,

Köhnə dost qarşına çıxsa, pərt olar.

Elə bil paltarsan, dəbdə deyilsən,

Nə geyilə bilir, nə də atıla…

 

11.11. 2025, Samara

«ÖZ QOCALIĞIMA MƏN DARIXMIRAM…»

Öz qocalmağıma mən darıxmıram,

Duyğusuz baxıram təzə şəklimə.

Saçın ağarmağı, can ağrıları,

Çoxdan adiləşib, öyrəşikliyəm.

 +

Elə bil keçmişi silib yaddaşım,

Elə bil nə uşaq, nə gənc olmuşam.

Sənəddəki deyil elə bil yaşım,

Elə bil  dünyaya qoca gəlmişəm.

 +

Sənsə gözəl idin, sənsə gənc idin,

Minlərin içində seçiləndin həm,

Əllərin, gözlərin gözəldi… indi,

Əllərin titrəyir, gözlərinsə nəm…

 +

Bəlkə gəncliyini, gözəlliyini,

Sən də unutmusan, səni ağrıdan,

Günlər, aylardır ki, öndə gözləyir.

Əllərinə baxır gözlərin hər an.

 +

Məyusam…Mən necə unudum axı,
Bir zaman gənc idin, həm də gözəldin…

Neyləyə bilərəm? Yolun axırı

Əgər yaxındırsa, qoy gedim öndə…

 07. 10. 2025, Samara

 

 

«QOCADAN «NECƏSƏN?» SORUŞAN İNSAN…»

Qocadan “necəsən” soruşan insan,

Qoca necə olar? Özün fikirləş…

Eynidir, həmindir haçan soruşsan,
Qar yağa ya göydən od tökə günəş…

+

Haldan-hala düşmək cavana xasdır,

Yasla toy arası məsafə — bir an.

Qanadı qırılmış indi quşsa da,
Ala buludlarda üzər bir azdan.

+

Özü necəlikdir qocalıq elə,

Gəlir fəsil kimi, dəyişmir ancaq.

Bax, quruyub durub necə qüssəli,

Əli baltalını gözləyən ağac…

17. 09. 2025, Samara