Архив | Август 2023

AŞIQ PƏNAH KAZUSU. KAŞ 1 SAYLI MƏKTƏBƏ QOÇU SƏMİDİN ADI VERİLƏYDİ…

aşıq pənah

Bir nömrəli (saylı) məktəbdə Salyan şəhərinin özündə, Dəmiryol qəsəbəsində, Kürkənddə (Salyanstroy), Çuxanlıda yaşayan,çoxu hərbçi olan  rusların uşaqları, qismən də yerlilər oxuyurdular. 60-ci illərin əvvəlindən sovet dağılana qədər ikinci kosmonavt German Titovun adını daşıyırdı. Hamının “rus məktəbi” dediyi bu məktəbin Azərbaycan məktəblərdən bir danılmaz üstünlüyü vardı: rus məktəbini pambığa aparmırdılar. Hər gün Salyan şəhərindən pambıq yığımı vaxtı şagirdlərlə dolu 30 və daha çox avtobus çıxır, müxtəlif kolxoz və sovxozlara yollanırdı. Pambıq yığımı oktyabırın axırınacan, bəzən noyabrin 15-ə qədər davam edirdi. Birinci rüb dərs keçilmirdi. On illərlə cəmi ilin beş ayını – tətilləri, bayram günləriini çıxmaqla – oxuyan şagirdlərin səviyyəsini təsəvvür etmək olar. Bu, Azərbaycan xalqınının kəmsavadlığının səbəblərindən biridir… Rus məktəbi isə pambıq vaxtı öz kefində olurdu. Rus məktəbinin kefini Qorbaçov pozdu. Onun demokratiya, aşkarlıq barədə yorulmadan söylədiyi nitqlər Azərbaycanda məmurları ürəkləndirdi, içərilərində millətə ürəyi yananlar tapıldı. Onlar rus məktəbini də basdılar pambığa. Bu jest onu göstərirdi ki, Azərbaycanda demokratiyanı —  hətta Qorbaçov çərçivəsində — mənim millətim düz başa düşmür. Düz başa düşsəydi, Azərbaycan məktəblərini də pambığa getməyə qoymazdı. Bizim məmur isə bərabərliyi özü qandğı kimi, yəni Bulqakovun Şarikovu kimi icra elədi: bizimkilər pambıq yığır, sizinkilər də yığacaq, bizdən artıq deyilsiniz…

Ruslar nə qədər pambıq yığdılar, bilmirəm, yəqin çox az. Tezliklə Bakıda millət (bizim millət)yığışdı meydana, rayonlarda ruslara qarşı təzyiqlər başladı, ruslar şələ-şüləsini yığışdırıb başladılar qaçmağa. Bir-iki ilin içində Salyandan “rus ruhu” çəkildi…

Çox gec, lap bu yaxınlarda bildim ki, 1 saylı məktəbə Aşıq Pənahın adı verilib. Salyandan hər cür xəbərə gərək hazır olasan, qarışıq yerdir. Ancaq bu xəbərdən, LafTV xanımları demişkən, şok keçirdim…

Kaş bu məktəbə salyanlı qoçulardan birinin: qoçu Səmidin, qoçu Ərəstunun, Yusif  Eloğlunun adı veriləydi… Mən qoçu Səmidi “istefa” vaxtında görmüşdüm, çörək dükanında işləyirdi, bəstəboy, ancaq geniş çiyinli, meydan pəhləvanları kimi tökmə bədənli kişi idi. Deyirdilər ki, əlində bıçaq  dalını divara dayayıb beş-altı adamla vuruşurmuş…

Yusif Eloğlu ilə bir dəfə çay içmişəm. Bu görüşdən şeir də yazmışam. Yenə deyilənlərə görə, iyirmi ildən çox oturmuşdu…

Vallah, bu salyanlılar nə elədiklərini bilmirlər. Həmişə abırdan, namusdan demaqoqluq edirlər, bıçaq da vururlar. Ancaq başa düşmürlər ki, uşağın Aşıq Pənah adına məktəbdə oxumağı abırsızlıqdır. Çünki uşaq 6 yaşında o məktəbin qapısından girəndən qar kimi ağ köynəyi çirkaba bulaşacaq – yalan çirkabına. Şübhəm yoxdur ki, indi o məktəb üçün yalan tarix düzəldiiblər, rusların Salyandan getməyi barədə də eləcə. Uşağn başına ilk gündən aşıq Pənəh nağılı yeridilir. Uşaq, ömründə bir misra yazmamş Pənahn “şeirlərini” öyrənir, sazı ancaq dınqıldada bilən aşığın şəklini hər gün görür…

Avropa məktəbləri haqqında məlumatım səthidir, bilirəm ki, icma, dövlət nəktəblərinə ad verilmir, kilsələrin açdığı məktəblər müxtəlivf xristian müqəddəslərinin adını daşıyır. Bizdə az qalıb ki, pardon, ayaqyollarına da ad versinlər…Ad yiyələri də, valllah… Salyanın qədim Qələbə bağınıı yerlə -yeksan edib yerində bir başqa bağ qondarıb Heydər Əliyevin adını verdilər. Orda da Heydər Əliyev mərkəzi, Heydər Əliyevin heykəli… Bir az aralıda Zərifə Əliyeva adına bağ…

Bu biqeyrət, çox vaxt yadelli məmurların üzünə, əlbəttə, tüpürürəm. Bəs salyanlı hara baxır? Doğulduğu şəhər onun qeyrəti, namusu deyilmi?

İngilis məktəbə ad versə, kimin adını verər? Məsələn, Şekspirin, Bayronun, Dikkensin… Nyutonun, Rezerfordun… Fransız – Paskalın, Viyyonun, Kürilərin, general de Qollun, Bodlerin, Balzakın, Hüqonun… İngilis, fransız uşağı, hər gün Şekspirn şəklini görər, onun şeirlərini əzbərləyər, faciələrini oxuyar, Nyutonun adı onu elmi axtarışlara həvəsləndirər və ruhlandırar…

1 saylı Salyan məktəbində qondarma aşıq, yalançı şair kimi nəyə ruhlandırar?

“Gedir kommunizmə Azərbaycanım…”

Bəlkə Pəhahın varisləri notariusla təsdiq olunmuş arayış versinlər ki, Azərbaycan daha kommunizmə getmir. Paşa Holdinqə gedir…”?

Estetik tərbiyəni Aşıq Pənahın adından yazılmış cəfəng şeirlərlə alan insan başlı-qulaqlı vəhşidir. Onun ağzı, bir azərbaycanlı xanım demişkən, gərək həmişə «tikili qala»…

Yalan ayaq tutar, yeriməz? Kim deyir yeriməz? Elə yeriyər ki. Azərbaycanda yalan cıdıra çıxır, yol  hərəkəti qaydası-zadı da bilmir. Aşıq Pənah adına 1 saylı məktəbin şagirdləri də yalan üstündə yeriyirlər…

Yəqin onlar haçansa məktəbin kosmonavt Titovun adını daşıdığını da bilmirlər. Bilmirlər ki, şəhərdə rus icması olub, rus dilini ruslar tədris ediblər. Ya da yəhudilər. Məsələn, Qriqori Vaysfeld. Rus bölməsi, görünür, indi də var. Ancaq rusca dərsləri rus dilində ləhcə ilə və tutula-tutula danışan azərbaycanlılar tədris edirlər. Məsələn, onlar «только» sözünü «myaqki znak»sız tələffüz edirlər. Uşaqlar da müəlliməri kimi.

Tolko!

(ardı var)

31. 08. 2023, Samara

AŞIQ PƏNAH KAZUSU. «İSTƏRƏM ÜZÜNDƏN PAY, BU YANDA DUR…»

aşıq pənah

Aşıq Pənah əynində Stalin kostyumu və Stalin çəkmələri, başında Allaşükür papağı çıxır tribunaya və başlayır Kislovodsk xanımlarından öyrəndiyi rus dilində “Lenininana” üzərində necə işlədiyindən və dünya proletariatının ölməz rəhbəri Leninə olan məhəbbətindən danışmağa. Leninin yerliləri isə fikirlərşirlər ki, stalinsayağı geyinmiş, ancaq nədənsə molla papağı qoymuş Azərbaycan sənətkarı öz dilində danışır. Birinci katibin yanında oturan adam, yəqin əmək qəhrəmanı, onun qulağına pıçıldayır: “Azərbaycadn dili bizim rus dilimizə çox oxşayır, qulağım bir neçə tanış söz çaldı…”

Bu cür lətifələrin elə aşıq Pənahın sağlığında yaranması aydın göstərir ki, xalq arasında bu “syasi aşığa” yumorla yanaşanlar çox olub. Toylara od qiymətinə gedən, şax qırmızı onluqları dəstələyib cibinə basan, kurortlar gəzən bu qalınqaş aşığın kommunizmdən, halal əməkdən oxumağı elə o vaxt sağlam düşüncəli adamlarda gülüş doğururdu.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bolşeviklər savadsızlığın ləğv edilməsi proyektini həyata keçiriblər, ibtidai təhsil (birinci mərhələdə) icbari olub. Azərbaycan artıq otuzuncu illərdə hamının yazıb-oxuya bildiyi məkana çevrilib. Ancaq yazıb-oxuya bilmək savad sayılsa da, təhsil deyil. Azərbaycanda təhsil, xüsusən humanitar təhsil çox aşağı səviyyədə olub və belə olaraq qalır. Qüdrətli farsdilli şairlər Xaqanini, Nizamni özününkü sayan xalqın poetik zövqünü qafiyəbazlar, qrafomanlar, Aşıq Pənah kimi qondarma aşıqlar üçün pulla şeir yazan aferistlər formalaşdırırdı. Aşıq Pənahın öz adından oxuduğu bir şeirə baxın.

Bəstə boylu, məstə yeri,

Yerişinə vurulmuşam.

Bunu bəlkə də Pənah üçün dostu Əliağa Kürçaylı yazıb. Və yəqin ki, birinci misrada “asta yeri” olub, Pənah Kürçaylının xəttini başa düşməyib, “məstə oxuyub”. İnanmayanlar qulaq assınlar:

https://www.youtube.com/watch?v=5KZ2OYwhWII

(Bir dəfə, 1976-cı ildə, Aşıq Pənahla Salyanda biir tədbir də olmuşam. Yaxında oturmuşdu. Dəftərini açıç çxışına hazırlaşırdı. Mənə elə gəldi ki, o iri-iri çap hərfləri ilə yazırdı…)

Sonra:

Səhər-səhər bizə sarı,
Gəlişinə vurulmuşam.

Gözünüzə köhnə Salyan küçəsini gətirin. Bəstə boylu qız “məstə” yeriyə-yeriyə gedir Aşıq Pənahgil sarı.

Yanağında dağ laləsi,

Baxışında gün şöləsi…

“Yanağında dağ laləsi”. Bu necə yanaqdır? Dağ laləsinin aran aləsindən fərqi nədir? Bu heç, dalı çox maraqlıdır.

Əlində eşq piyaləsi,
Görüşünə vurulmuşam
. (Görüşə nə vurulmaq? Görüşə sevinmək ya sevinməmək olar…)

Təsəvvür edirsiniz? 1940-cı ya 50-ci illər. Salyan. Qız əlində piyalə gedir. “Bizə sarı”. Yəni Pənahgil sarı. Əlində də piyalə. Salyanda. Gənc Pənah gecə xirtdəyəcən vurub. İndi başı ağrıyır. Qızı əlində piyalə gələn görəndə kefi kökəlir, çünki içməkdən ötrü ölür, çünki, ruslar demişkən, “trubı qoryat…”

Pənah deyər xoş iqbalın,
Nə şən keçir  cah-cəlalın..

Cah-cəlalın «şən keçmək» xassəsi var?

Şeir belə bitir:

Başındakı güllü şalın,
Naxışına vurulmuşam… (Şalda gül özü naxışdır, ona görə iki sözdən biri artıqdır)

Şübhə yoxdur ki, bu cəfəngiyatı Əliağa Kürçaylı yazıb. Mərhum cəfəngiyyat ustası idi.

Mən sənin yanına qışda gəlirdim,
Bir əlimdə bahar, bir əlimdə yaz…

Buna deyən olmayıb ki, çöl də bayır kimidir…

İndi buna baxın:

Amandır, rəhm eylə, bir xayşım da var,
İstərəm üzündən pay, bu yanda dur.

“Üzündən pay istərəm” – bu nə dildir? Bunu Qurbani kimi, Vaqif kimi şairləri olan azərbaycanlı yazır?

Bu «şeiri» çox güman ki, Ağacavad Əlizadə yazıb. Yəqin tələsib, pul lazım olanda mərhum yerlim mübtəda-xəbər tanımırdı. .. Mən onun qardaşı mərhum Bahadırla tanış idim. Bir dəfə məmin yanımda Salyan bazarında qoz alırdı… Yox, bu ayrı söhbətdir…

Piar, dövlət səviyyəsində dövlət resursları ilə işlədilən piar möcüzələr yaradır. Orta səsli, hətta primitiv vokal texnikasına düz-əməlli yiyələnməmiş Pənahı böyük sənətkara dövlət piarı çevirib. Sovet dövrünün aşıqlıq sənəti – mən saz ifaçılarını demirəm. mən qalife, frenç geyib Allahşükür papağı qoyaraq pənahi oxuyanları deyirəm – təbliğaqt və təəşviqat proyekti olub. Və yaxşı heç nə yaratmayıb. Bəylər kimi çox istedadlı, nadir səsli müğənniyə isə ziyan vurub, onu da kolxozdan, sağıcıdan, kommunizmin qələbəsindən oxumağa vadar edib.

(60-cı illərdə buraxılmış «Aşıqlar» məcmuəsindəki şeirlərindən bir «aşıq» sağıcıya təlim veiridi ki, malın əmcəyini necə vaxtlı-vaxtənda yumaq lazımdır…)

Salyanda 1 nomrəli məktəb var. Sovet vaxtı, o. beynəlmiləl statusli idi, bu məktəbdəki siniflərin əksəriyətində təhsil rus dilində idi..

 (ardı var)

30. 08. 2023, Samara

AŞIQ PƏNAH KAZUSU. «İNQİLAB OĞLU İNQİLABAM MƏN…»

aşıq pənah

You Tybe-da Aşıq Pənahla Aşıq Bəylərin “De gəlsin” adlı deyişməsi var. Bu deyişmə çox gülməlidir. Salyanlılar əslində, tərif olmasın, yer üzünün ən gülməli tayfasıdır. Çox təəssüf ki, indi Salyanda əsl salyanlı tapmaq təmiz araq, təmiz yağ tapmaq kimi bir şeydir, əsl salyanlılar çoxdan köçüb gediblər Bakıya və daha uzaq yerlərə, ancaq bu ayrı söhbətdir, həm də qəmli söhbətdir. Biz gülməli şeylərdən danışmalıyıq. Keçək deyişməyə. Təzədən dönə-dönə qulaq asıb sözlərini yazdım. Kim mənim kimi bu işi görərsə, biləcək ki, du deyişməni bir adam, yəni eyni adam yazıb. Yox, yox, nahaq düşünürsünüz ki, bunu ya Bəylər, ya Pənah yazıb. Heç biri yazmayıb. Çünki heç biri yazan olmayıb. Bu deyişməni, çox güman ki, Ağacavad Əlizadə yazıb. Ya da ayrı adam.

Deyişməni Bəylər başlayır:

“Aşıq Pənah, sən də köklə sazını”.

Bu misra çox informativdir. Burdan biz başa düşürük ki, Bəylər artıq özü  sazını kökləyib. Bəylər doğrudan da sazı nəinki kökləyirdi, Aşıq Bəylər gözəl saz çalırdı. Onun çalğısını 1976-cı ldə Salyanda gənc aşıqların Respublika festivalı keçiriləndə mədəniyyət evinin həyətində eşitmişəm. Azərbaycanın hər yerindən gəlmiş gənc sazçılar ustadın başına yığılıb xahiş etdilər ki, saz çalsın. Aşıq Bəylər də sazı alıb çox gözəl “gəzişdi”. Aşıq Pənah isə sazı yalnız kökləyə və akkord tuta bilirdi. Çalmağı bimlirdi. Lent yazılarına qulaq asın – melodiyanı balaban çalır, saz isə ancaq dınqıldayır. Mənə elə gəlir ki, Salyan aşıqları içində Aşıq Bəylərdən başqa saz çalan olmayıb. Qalanları ancaq dınqıldadırdı.

Aşıq Bəylər sonra deyir:

“Tərif elə bu ölkənin yazıını,
Göy çəməndən, göy bağlardan de gəlsin”.

Deyəcəksiniz ki, yenə yaz! Yazıq Aşıq Bəylər neyləsin (Əslində onun yerinə bu şeiri yazan). “Yaz” sözü “saz” sözünə qafiyədir, bu hələ akademik şair Səməd Vurğunun vaxtında məlumdur.

İnвi görün aşıq Pənah nə deyir:

“Kəmənd atıb Kür çaylara, sellərə,

Alqış onu cilovlayan əllərə”.

Bu şeiri Pənah üçün yazan, şübhə yoxdur ki, “gur çaylara” yazıbmış, Pənah ya səhv oxuyub, ya da fikirləşib ki, bir salyanlı kimi “Kür” desə daha yaxşı olar, savadı olmadığından bilməyib ki, bu halda Azərbaycan dilinin qanunları pozulur və cəfəngiyat alınır…

Sonra Bəylər deyir:

“Köç edəndə dağa ellər, obalar,

Səsli-küylü yaylaqlardan de gəlsin”.

Salyanın ətrafında dağ yoxdur, əhalinin “dağ” adlandırdığı təpəliklər var ki, yayda cəhənnəm kimi yanır…

Sonra Pənah (yəni Pənahın yerinə bu şeiri yazan, deyək ki, Ağacavad Əlizadə) söhbətin səviyyəsini kosmosa qaldırır:

“Biz birinci fəth elədik fəzanı,

Ölkəmizə bu dünyada tay hanı.

Xalqımızın qorxu bilməz tərlanı,
Qaqarin tək qoçaqalardan de gəlsin”.

Doğrudan da kosmosa uçmuş ilk insan rus Qaqarindir, ancaq Ameruka ilə kosmos yarışı aparan SSRi-də əhali çox kaslb yaşayırda, Salyan kəndlərinin xeyli hissəsində işıq yox idi, qaz yalnız şəhərə çəkilmişdi, yamaqlı paltar geymək ayıb sayılmırdı, bəzi ailələr üçün qənd, çay özü dəbdəbə idi, üstəlik 1961-ci ildə çörək qıtlığı başladı, Salyanın özündə un, çörək növbəsində baş yarırdılar…

 Pənah (bu şeiri kim yazıbsa, o) sonra öz sevimli inqilab mövzusuna keçir. Süleyman Rüstəm deyirdi: “İnqilab oğlu inqilabam mən”. Pənah da inqilab oğlu inqilab idi. Yəni Süyelman Rüstəin salyanlı qardaşı.

Vuruşlarda qanımızdan rəng alan

İnqilabdan bizə yadigar qalan….

Burda aşıq Pənah şikəsteyi-fars üstündə haşiyə çıxır:

“Ay sənə nənəm qurban,   ay sənə nənəm qurban, ey…”

Bilmək olmur ki, Pənah nənəsini kimə qurban eləyir: Aşıq Bəylərə, yoldaş Leninə, yoldaş Stalinə, yoldaş Şaumyana və ya o vaxt Azərbaycana rəhbərlik eləyən Vəli Axundova.

İnqilabçı aşıq deyişməni belə bitirir:

Pənah deyər aya, günə ucalan,

Yenilməyən bayraqlardan de gəlsin”.

Mən yuxarıda aşıq Pənahın adından Lenin haqqında bir kirtablıq şeir yazıldığını, aşığın bu şerləri aşıq mahnısı kimi nəinki Azərbaycanda, hətta Moskva və SSRİ-nin başqa şəhərlərində də oxuduğunu demişdim. Azərbaycan televiziyasında Aşıq Pənah  Şövkət Ələkbərovadan da çox görünürdü, mən hələ Tükəzban İsmayılovanı, Fatma Mehralıyevanı demirəm. Onlara aylarla növbə çatrmırdı…

Və, nəhayət, Leninin yüzillik yubileyi gəlib çatır. Bakıda böyük şənliklər keçirilir Hydər Əliyevə qədər Lenin azərbaycanlıların babası idi. Heydər Əliyev gələndən sonra Lenin oldu həm babamız, həm atamız…Elə o vaxtlar müxtəlif yerlərdə müxtəlif cür danışılan bir lətifə yaranmışdı. Bir uşaq atasından soruşur: Ata, niyə görə Lenin bizim babamızdır? Atası deyir: Bala, çünki o bizim hamımızın nənəsini zad eləyib…

Yekun yubiley tədbirləri Leninin vətəni Ulyaniovsk  (keçmiş Simbirsk) şəhərində və Moskvada oldu. Ulyanovska Azərbaycandan böyük bir mümayəndə heyəti getdi, əlbəttə, aşıq Pənah da daxil olmaqla. Tədbirin rəsmi hissəsində Ulyanovskun rəhbəri, yəni oranın birinci katibi elan edir ki, dünya proletariatının rəhbəri Leninin yez illik yubileyində  Azərbaycandan gəlmiş böyük sənətkar aşıq Pənah iştirak edir. Və deyir ki, bu sənətkar “Leniniana” yaradıb, yəni Leninə bir kitablıq şeir həsr edib. Və sözü aşıq Pənaha verir…

Aşıq Pənah rusca azdan-çoxdan bilməliydi, çünki tez-tez  Şimali Qafqaz kurortlarına gedirdi. Orda, əlbəttə, rus xanımları ilə ünsiyyətdə olurdu. Yəni mədəni ünsiyyətdə. Yəqin ki, aşıq Pənah rus xanımlarına Heydər Əliyevin Azərbaycanda korrupsiyaya qarşı necə amansız mübarizə apardığından danışırmış. Bəlkə  ayrı şeylərdən də. Ulyanosk rəhbəri isə düşünür ki, bu xalq sənətkarı rusca bilməz, elə öz tatarski dilində danışacaq.  Aşıq Pənah qalxır tribunaya…

  1. 08. 2013, Samara

«GEDİR KOMMUNİZMƏ AZƏRBAYCANIM». AŞIQ PƏNAH KAZUSU

aşıq pənah

«Səadət eşqiylə qaynayır qanım,
Çalır, nəğmə deyir, gülür dörd yanım,

Gedir kommunizmə Azərbaycanım,

Gələcək yolunun düzü məndədir».

Bunu salyanı aşıq Pənah oxuyub. Videosu da qalıb. Yəqin ki, 60-cı illərin əvvəllərində studiyada çəkilib. Üçüncü misranı oxuyanda aşıq sağ əlini sazdan çəkib göyə qaldırır, yəni əslində deyir ki, Azərbaycan göyə necə çıxa bilirsə, kommunizmə də elə gedib çıxacaq…

Bu mahnının son bəndi lap maraqlıdır.

“Məndədir azadlıq, məndədir əmək”

Yəni azadlıq, əmək aşıq Pənahdadır.

“Dostluq, bərabərlik, halal duz-çörək”. Bu lap fransız burjua inqilabının şüarlarına bənzəyir.  “Liberté, égalité, fraternité” – azadlıq, bərabərlik, qardaşlıq. Halal duz-çörək Azərbaycan əlavəsidir. Bizim millət anaq halal yeyər, halal olmasa, acından ölər, yeməz…. Aşıq Pənah həmişə halal çörək yeyib. Təkcə “Leniniana”dan bəlkə tonlarla “halal” çörək qazanıb. Toylara da müqavilə ilə gedib. Qonorarının vergisini qəpiyinəcə ödəyib.

İnandınız?

Sonra:

“Pənaham, məndədir alovlu ürək”.

Bu heç, bu, anatomiya məsələsidir.

İllərin pozulmaz yazı məndədir”.

İllərin pozulmaz yazı ancaq Azərbaycanda olur, bunu ilk dəfə ədəbiyyata akademik şair Səməd Vurğun gətirib. Bizdə adamların günü qara olsa da, payızda dizəcən palçığa batsalar da, qışda ayaqları qaz pəncələri kimi qızarsa da, “illərin yazı” pozulmur”. Səməd Vurğundan sonra onun şagirdləri “illərin pozulmaz yazını” öz ölməz əsərlərində yaşadrlar.

Deyilənlər aşıq Pənaha aid deyil, çünki Pənah öz adıyla oxuduğu qoşmaların, gəraylıların heç birini yazmayıb. Aşıq Pənah ümuiyyətlə şeir yazmayıb. Bunu köhnə salyanlılar yaxşı bilirdilər…

Şirvan və Salyan aşıqları – bu, əslində sovet Azərbaycanında yaranmış fenomendir. Köhnə videolarda, köhnə şəkillərdə aşıqların paltarlarına fikir verin – bu, musiqiçi, xüsusən xalq musiqiçisi paltarı deyil. Bu, bolşevik inqilabından sonra komissarların, orqan işçilərinin geydiyi kostyum və uzunboğaz çəkmədir. Elə Stalin də belə geyinirdi. Niyə Şura hökuməti gələndən sonra aşıqlara bu paltarı geydiriblər – bilmirəm.  Ancaq Aşıq Pənahın, aşıq Şakirin, Aşıq Bəylərin paltarı qırmızı zabitlərin, komissarların paltarıdır. Aşıq Pənahın bir mauzeri çatışmırdı. Bəlkə də pistoleti olub, anca belində yox, cibində, ya sazının futlyarında gəzdirirmiş…

Aşıqların paltarı cəhənnəm, elə özləri də bir bolşevik proyekti kimi ortaya çıxıb. Aşıq – Qurbanidir, Ələsgərdir, bunlar söz yazıblar, yəni xalq şairi olublar. Ancaq sovet vaxtı populyarlıq qazanmış aşıqların heç biri şeir yazmırdı, onların adına şeir yazırdılar. Hər aşığın müəllifləri olub, pul verib şeir yazdırıblar. Aşıq Pənahın öz adına oxuduğu şeirlərin əsas müəlliflərindən biri uzun illər “Azərbaycan” jurnalında məsul katib işləmiş salyanlı Ağacavad Əlizadədir.  Əliağa Kürçaylı da Aşıq Pənah üçün şeirlər yazıb. Mənim mərhum dayım Arbatanlı Sabir də Salyan aşıqları üçün şeirlər yazıb, ancaq əlyazmaları qalmadığı üçün hansı şeirlərin ona məxsus olduğunu deyə bilmərəm.

Lenin deyib ki, incəsənətlərdən xalqa ən yaxını kinodur. Və düz deyib. Min adamı yığ bir yerə, heç klub da lazım deyil, mal damının divarından ağ mələəfə as və kolxozu, bolşevikləri, sovet quruluşunu mədh edən bir film göstər – bir saatın içində gör nə qədər adamda yoldaş Leninə, yoldaş Stalinə, yoldaş Şaumyana, Kirova məhəbbət yaranırdı! Gör nə qədər adam beş-altı ilə kommunizmin qurululacağına, doyunca yeyi-içə biləcəklərinə inanırdı!

Aşıqlıq da, xüsusən sovetin uydurduğu aşıqlıqda da belə bir təbliğat və təşviqat resursu var idi. Bəzi toylara minəcən adam yığılırdı. Və xalqın sevilmlisi Aşıq Pənah onlara Azərbaycanın kommunizmə getdiyini elan edirdi. Pənahdan fərqli olaraq doyunca nə halal, nə haram çörək yeyə bilən kənd adamlarında ruh yüksəkliyi yaranırdı, onlarda hətta kolxoz sədrinə, raykom katibinə də məhəbbət yaranırdı. Hərçənd əksəriyyəti bilirdi ki, kolxoz sədri də, raykom katibi də oğrudur, rüşvətxordur, bir sözlə hər ikisi oğraşın yekəsidir…

Mən 60-cı illərin əvvəllərindən xanəndələri aşıqları tanımışam. O vaxt Aşıq Pənahın plyus-minus qırx yaşı vardı və radiodan lent yazıları səslənirdi: “Gedir kommunizmə Azərbaycanım”. Onun necə populyarlaşdığını, sontra niyə və necə  əsl siyasi aşığa çevrildiyini bilmirəm. Artıq 60-cı illərin axırına yaxın Aşıq Pənah  Leninə “həsr etdiyi” qoşmaları lentə yazdırmağa başladı. Leninin yüz illik yubileyinə hazırlıq bir neçə il qabaqcadan başlanmışdı. Yubiley ərəfəsində Pənah Leninə bir kitablıq şeiur həsr etmişdi və bu məcmuə rəsmi şəkildə “Aşıq Pənah Lninianası “ adlanırdı. Şübhəsiz ki, bu şeirləri də yuxarıda adlarını çəkdiyim müəlliflər yazmışdılar. Leninçi şeirlərin böyük hissəsi, yəqin ki, Ağacavad Əlizaədə tərəfindən yazılıb, bunu Ağacavadla yaxın ünsyyətdə olmuş adamdan da eşitmişəm.

28.08. 2023, Samara

BİZİ BİRLƏŞDİRİRLƏR! MÜŞFİQ ÖZBƏKCƏ:»OLDİMDA NOZ-KARAŞMA QİLİB, YANA KULASİZ…»

ümumi türk dili 1.psd

Şavkat Mirziyoyev bir il əvvəl İlham Əliyevin Özbəkistana səfəri zamanı deidiyi sözləri təkrar edərək deyib ki, guya “qardaşı İlham Əliyevlə bir dildə danışıblar”.

“Ümumi dildə”? Mən bu “ümumi dili” Samarada özbək qastarbaytelərlə azərbaycanlılar danışanda eşitmişəm – danışanlar sözdən çox göz-qaş, əl-ayaq hərəkətləri edirlər ki, fikirlərini – fikir çox böyük söz oldu – nə demək istədiklərini bir-birlərinə çatdırsınlar.

İlham Əliyevlə Şavkar Mirziyoyev “ümumi dil”də ancaq bir-birlərinin kefini soruşa bilərdilər. “Sən ayda nə qədər qazanırsan?! “Allah bərəkət versin, azdan-çoxdan qazanıram. Arvad da işləyir”. “Harda işləyir, soruşmaq ayıb olmasın?” “Elə öz yanımda, birinci müavinimdir…” və s.

Dilləri çox yaxın olan şimali Avropa xalqları, məsələn, norveçlilər, isveçlilər heç vaxt “ümumi dil” söhbəti eləmirlər, görüşəndə rahatca ingiliscə danışırlar, çünki bu ölkələrin əhalisi ingilisi də yaxşı bilir, çünki təhsil səviyyəsi yüksəkdir, həyat səbiyyəsi yükəskir, insanlar istədikləri yerə gedirlər, istədkləri yerdə işləyirlər. Bizim sərhədlərimiz bağlıdırsa, bizə heç dil lazım deyil, evin içində dilsiz-ağızsız da oturmaq olar.. Necə ki, mal kimi oturmuşuq…

Finlərlə estonlar da dillərini birləşdirməkdən danışmırlar, hərçənd yaxın qohumdurlar. Roman xalqıları da elə.

Azərbaycanlıları isə daim bu “ümumi dil”, türkçülük, qondarma “turançılıq” söhbətinə çəkirlər. BMT-də özbəkcə çıxış edən Mirziyoyev heç vaxt dilini başqa dillə birləşdirməz, diktator üçün dil monarxların taxt-tacı kimi vacib atributdur. Ümumi dil söhbəti “qara caamaat” üçündür. Öz dilində inturist kimi danışan İıham Əliyev özbək dilinin Azərbaycan dilinə çox oxşadığını necə bildi. Bunu oxusa başa düşərmi; “Mamlakatimiz yetakchisi Fuzuliyda hayot barqaror holatga qaytayotganidan mamnunligini bildirdi, Prezident Ilhom Aliyev rahbarligida Qorabog‘ni qayta tiklash va rivojlantirish, aholining farovon turmushi uchun qulay sharoitlar yaratish bo‘yicha olib borilayotgan bunyodkorlik ishlarini yuksak baholadi. Ozarbayjon xalqiga tinchlik, osoyishtalik va ravnaq tilaklari bildirildi”

Diktatorların məramı aydındır. Bəs niyə siyasətçilər, xüsusən özünü demokrat elan edənlər “ümumi türk dili” arzusundadırlar?

Dil – millətin marksist tərifini qəbul etsək, ərazi büyövlüyü ilə bərabər millətin ən vacib atributudur, yəni vahid dil – xalqın miillət olması üçün zəruri atributdur. “Ümumi dil” söhbəti onu göstərmirmi ki, biz millət deyilik? 20-ci əsrn əvvəllərində də biz millət deyildik. Ona görə Türkiyəyə ziyalıların gediş-gəlişi, ünsiyyəti başlanan kimi Hüseyn Cavid başına osmanlı papağı qoyub başladı osmanlıca yazmağa: “evət, anne, yavrum, iyi, kötü” və s. bu cür hoqqalar.

Bizim millət olduğumuza erməni, gürcü şübhə edəndə inciyirik. Niyə inciyirik? Erməni dilini kimin diliyləsə birləşdirir? Gürcü öz dilini calamağa dil axtarır? Gürcünün qarmonu səslənən kimi bilirsən bu, gürcü musiqisidir. Bizimkilər qarmon çalanda ərəb, balkan, osmanlı qarışığından bir həftəbecər eşidirik. İndi kim millətdir, kim yox?

Böyük türkoloq və şərşünas Xalıq Koroğlu özbəkləri astadan, pıçıltı ilə “отуреченные монголы» adlandırırdı. Yəni “türkləşmiş monqollar”. Yəni “kökümüz birdir” deyənlər gərək danışmamışdan qabaq yaxşı filirləşsinlər. Bizim kökümüz tıvalılarla, çuvaşlarla birdirsə, Albaniya, ümumiran irsinə iddiamız tamamilə əsassıs və gülünc olur. Biz kimik – qədim albanlar ya “türkləşmiş monqollar” ya tərəkəmə tayfaları?

Mirziyoyevin bütün bu qardaşlıq, dostluq ritorikasının qiyməti eə də böyük deyil. Azərbaycan ərazisi işğalda olanda Özbəkistan Ermənistanla bir hərbi və siyasi blokun üzvü idi. Özbəkistan indiyəcən mehseti türklərinə qarşı 1989-cu ildə törədilən soyqırıma görə üzr istəməyib. Sıravi özbəklərlə bu haqda danışın, deyəcəklər ki, yaxşı eləmiişik. Mən danışmışam, mənə beə deyiblər…Qırğızlar özbəklərə nifrət edirlər, özbəklər qırğızlara, hər biri özünü daha yüksək statuslu millət sayır. Rusiya şəhərlərində daim bir-birlərinin ənginə qoyurlar, hətta bıçaqlaşırlar da. Taciklər isə heç birini sevmirlər, onlar qondarma xalq sayırlar…

Turan – daha çox mifdir, həm də türklərə aid olmayan mif. Turan – şərqi İran xalqlarının tarixi və mifologiyasıdır, haqqında Avestada danışılan şeyin türklərə nə aidliyi ola bilər?

Ukraynanın Rusiya ilə müharibəsi mühüm dərəcədə dil müharibəsidir, Ukraynalıları Rusiyanın onların danışdığı dili “yoxdil”, «qeyridil” adlandırması, onlara zorla rus dilini sırıması souqırım siyasəti və planıdır. Və buna görə dilləri rus dilinə çox yaxın olan ukraynalılar on minlərlə qurban verərək ölüm-dilim mübarizəsi aparırlar.

Bizə isə dilimiz ağırlıq edir. İyirminci əsrin əvvəllərində Əli bəy Hüseynzadə və Hüseyn Cavid kimi xadimlər dilimizin ölüm aktını yazıb imzalamışdılar. Qismən bolşeviklərin sayəsində Molla Pənahın, Cəlil Məmmədquluzadənin dili yaşadı və yaşayır.

Maraqlıdır, görəsən “ümumi dil” deyənlər  onu necə görürlər? Onu necə qayıracaqlar? Hər dildən o dildə danışanların sayına görə söz götürüləcək? Yəni kvotla?  Vallah, az qalmışdı deyəm ki, bizim millət dəlidir, yadıma düşdü ki, biz millət deyilik… Rəhbərlərimiz isə  birləşəndə ancaq “diktatorlar klubu” yarada bilərlər.

Mən dilimizdə incilər yaratmış tat oğlu Mikayıl Müşfiqin bir misrasını Quqlla çevirdim.

Orijinal:

Qarşımda nazlanıb yenə gülürsən…

Özbəkcə:

Oldimda noz-karashma qilib, yana kulasiz..

Oxuyub o qədər güldüm ki, gözlərimdən yaş gəldi… Rəhmətlik nənəm deyərdi ki, gülməyin axırı ağlamaq olur…

27. 08. 2023, Samara

SOS! BİZİ ƏKƏLƏRLƏ BİRLƏŞDİRİRLƏR!..

ümumi türk dili 1.psd

Uşaq vaxtı qonşunun televizorunda musiqili komediya teatrının tamaşalarına çox baxmışam. 60-cı illərdə televiziya verilişləri canlı idi və tamaşalar da birbaşa teatrdan transliysia edlirdi. Bu tamaşalardan çoxunun musiqisini Süleyman Ələsgərov yazmışdı. Süleyman Ələsgərovun musiqisi, açığını desəm, fəlakət idi. Operettalardan başqa, o, mahnəlar da yazırdı. Bir əmək qəhrəmanı çıxan kimi Süleyman Ələsgərov mahnısını yazırdı. Bir mahnı Tubuya həsr olunmuşdu. Yadımda deyil ki, Tubu hansı əməyin qəhrəmanı idi. Ancaq qəhrəman adı vermişdilər. Və o mahnı iki gündən bir (br həftə tək günlər, sonra cüt günlər…) bu mahnı radioda səslənirdi. Diktor səsinə güc verib elan edirdi: Süleyman Ələsgərov. “Ay Tubu!” Mahnının sözləri (yadımda deyil). İfa edir Naxçıvan MSSR-inin əməkdar artisti Yaşar Səfərov.

Yaşar Səfər oxuyanda, gizlətmirəm, adam istəyirdi ki, başını divarın tininə vursun ya bədəninə ayrı xəsarət yetirsin. Çünki bu naxçıvanılnın səsi elə bil Heydər Əliyev qiyamətinin şeypuru idi və yada salırdı ki, biz hansı cəhənnəmdəyik…

Hə, Naxçıvan MSSR-nin əməkdar artisti Yaşar Səfərov başlayırdı:

“Sənə yazdım bu məktubu, ay Tubu, oxusun hamı!”

“Qönçələnsin  yaşıl  pambıq kolları…”

Aha! Tubu pambıqçı imiş…

İndi keçək musiqili komediyaya. Musiqili komediyada musiqi mətnlə eyni dərəcədə vacibdir. Musiqi ön plana çıxanda əsər olur operetta. “Arşın mal alan” kimi. Süleyman Ələsgərov  Şıxəli Qurbanovun komediyalarına da misiqi yazmışdı və kənddə cəmi bir neçə evdə olan televizorun başına  Süleyman Ələsgərova görə yox, Şıxəli Qurbanovun yumoruna görə yığılırdılar. Uvertura səsləndə və komediya personajları oxumağa başlayanda çox adam televizorun səsini alırdı. Onu deyim ki, Musiqili komediya teatrının orkestri elə çalırdı ki, elə biil ki, çalınan incə Avropa alətləri yox, pərdi çırpılan ləyəndir, ya da çömçəylə, qaşıqla döyəclənən tavadır, qazandır. Hay-küy götürürdü televizoru başına. “Məmmədhüseyn, sən dədənin goru, onun səsini al, qulağımız getdi”, — deyib ev sahibinə yalvarardılar.

Ancaq komediyaların mətnində gülməli yerlər var idi və Şıxali Qurbanovun talantlı komedioqraf olduğuna şübhə yoxdur. Təəssüf ki, partiya və hökumətin təklif etdiyi mövzularda yazırdı, məsələn, bürokratları tənqid edirdi. Bu komediyalardan birinidə iki zavodu birləşdirirdilər. Təəssüf ki, yüzlərlə ermənidən, hətta Kardaşyandan məqaləsi olan Azərbaycan Vikipediyasında Şıxəli Qurbanov haqqında cəmi bir neçə sətir qoyulub. Şərəfsiz soydaşlarıma ar olsun…

Hə, o komediyada  yaxın profilli iki zavodu birləşdirirdilər. Zavodun birinin, pis işləyənin, direktoru (onu, deyəsən, Lütvəli Abdullayev oynayırdı) LAF TV-nin diliylə desək, şoka düşmüşdü, “Bizi birləşdirirlər”, deyə qışqıraraq ora-bura qaçır, özünü xəstəliyə vururdu və çoxlu komik səhnələr yaradırdı. Ağıldan yüngül arvadına elə gəlirdi ki, ər sayıqlayır, deyirdi ki, əzizm, biz məgər ayrılmışıq ki, bizi birləşdirsinlər və s…

İndi özbək diktatorunun Bakıya səfəri zamanı “ümumi dil” barədə dediyi sözləri, yəni sayıqlamasını eşidəndə bu komediya  yadıma düşdü və  yenə LAF-çı xanmların dediyi kimi, şok keçirdim…

26. 08. 2023, Samara

(ardı var)

«NƏSİMİ» KİNOKOMEDİYASI. QURBANOVUN YUMRUQ-QAPAZ İDARƏÇİLİYİ… YAZIQ MİRANŞAH…

Без имени-1

Neftçala indi yəqin xeyli böyüyər, o vaxt elə adı şəhər idi, ərazisi baş yaylığı boyda… O vaxtlar Neftçalada xeyli rus yaşayırdı, bunların bir hissəsi bir vaxt Rusiyadan köçürülmüş molokanlardan törəyənlər idi. Rus kontingentinin olmağı Neftçalanı Salyandan fərqləndirirdi, Salyandan fərqli olaraq burda rusların qorxusundan mağazalarda pulun qalığını qaytarırdılar, 14 qəpiklik limonadı və ya 14 qəpilkik “Avrora” siqaretini Salyanda olduğu kimi 20 qəpiyə yox, uzağı 15 qəpityə satırdılar. Satıcılar cızığından çıxanda ruslar qorxudurdular: “Yazarıq Moskvaya”…

İbrahim Qurbanov Neftçalaya gələn kimi şəhərin yeganə küçəsinin ortasında beş-altı ağacı və kolu qırdırıb oranı “park” adlandırdı və dairəsi “park”da geniş olan yekə bir şeytan çar  qurdurdu. Elə açılış günü bir cavan oğlan həlak oldu. Çarx elə birinci dövrəsini vuranda cərəyan kəsilmiş, həmin oğlan qalmışdı göyün üzündə. Cərayanın bərpasını gözləməkdən  bezib özü çarxdan enmək istəyəndə kəllə-mayalaq yerə gəlmiş və keçinmişdi…

İbraim Qurbanov, əsl feodal kimi, töycü, biyar, açıq kötəkləmə institutlarını bərpa elədi.  Kolxoz, sovxoz, zavod, neft-kəşfiyyat idarəsi, tikinti trüsti, ticarət, maarif, səhiyyə — bunların hər birinin boynuna maliyyə öhdəliyi qoyulurdu. Büdcə pulları, o cümlədən sosial proqramlara ayrılan pullar Bakı ilə birlikdə mənimsənilir, bunun yeri qismən dövlət müəssilərindən oğurluqluqla və əhalini, xüsusən büdcə işçilərini soymaqla doldurulurdu. Töycünü vaxtında və artıqlaması ilə ödəyə bilməyən məmurları İbrahim Qurbanov döyürdü… Döyülmə idarənin içində ya qabağında, iclas zalında, tarlada arvad-uşağın gözü qabağında oluru.

Arvad-uşaq da döyülürdü. Arvad-uşağı koşxoz sədrləri, təhkimçilər, briqadirlər döyürdülər…

Yazıq Miranşah… Miranşah neyləmişdi ki… İndi Azərbaycanda biri durub başlaya hürufilik kimi bir cəfəngiyat yaymağa və deyə ki, Allah da mənəm, prezident də… Onun dərisini İlham Əliyev soydurmazmı? Polis onun cibindən bir neçə kilo ağ və qara çıxarmazmı? O adam  Azərbaycan türməsindən sağ çıxarmı? Çıxmaz…

Yazıq Miranşah…

Mən təsadüfən 1976-cı ya 78ci ildə Salyanda və Neftçalada keçirilən Sabir poeziya günlərində iştirak elədim. Neftçala mədəniyyət evində keçirilən tədbirin rəyasət heyətində Qurbanovla yanaşı oturmuş fəxri qonaq Əliağa Kürçaylı mənə də söz verdi. Mən də “Gəl, ey kədər” şeirini oxudum. Fasilə elan edilən kimi bir neçə zirpı kişi başımın üstünü aldı və  çəkə-çəkə apardı ikinci katib Nəsibə Abbasovanın yanına. Nəsibə xanımın bilmirəm qəzəbdən ya ayrı şeydən çal saçları elə pərişan omuşdu ki, gümüşü tellərinin bir hissəsi dik durmuşdu. Mən o vaxtacan nəinki ikinci, heç üçüncü katibin qabağında dayanmamışdım və çaşdığımdan yaxşı başa düşmürdüm ki, bu arvad niyə qəzəblənib. Çətinliklə anladım ki, arvad İbrahim Qurbanov qəzəbləndiyinə görə qəzəblənib, İbrahim Qurbanov isə ona görə qəzəblənib ki, o, Neftçalada kommunizm qurduğu halda, mən kədər arzulayıram…

Düşünürəm ki, kimsə məni Qurbanova çuğullamışdı. Qurbanov özü azırbaycanca yaxşı başa düşmürdü, adamlarla elə yumruq, qapaz vasitəsiylə ünsiyyət saxlaıyrdı…

Yazıq Miranşah…

İkinci katibin əlindən qurtarıb mədəniyyət evinndən güclə çıxa bildim, çünki qapını zırpı-zırpı cavanlar bloklamışdılar ki, heç kim tədbiri yarımçıq qoyub getməsin…

“Mən bu rayona sığmazam…”

Bir müddət sonra Heydər Əliyev İbrahim Qurbanovu üzümçülüyün avanqardına  çevrilməkdə olan Cəlilabada birinci katib təyin elədilər. Bir az “işləyəndən” sonra ona Sosialist Əməyi Qəhrəmanı adı verildi…

Bəzi qoyunbaşlar iddia edirlər ki, SSRİ-ni Qorbaçov dağıtdı. Yox, SSRİ-ni Qurbanovlar dağıtdılar. Əlbəttə, Əliyevin müdrik rəhbərliyi ilə…

Stalinə aid edilən ifadə var: “Sosializm Polşaya, inəyə yəhər yaraşan kimi yaraşır”.

Polşanı bilimirəm, ancaq Azərbaycanda sosializm inək üstündə yəhər kimiydi. Hərə bir yandan daraşıb “ictimai” mülkiyyəti yeyir, yumruq-qapaz idarəçiliyi hökm sürür, yalan ayaq tutub yeriyir, əxlaqlı adam dəli sayılır…

 

26.08. 2023, Samara

«NƏSİMİ» KİNOKOMEDİYASI. SALYANIIN SOYULMAĞI VƏ ŞAQQALANMAĞI

Без имени-1

Nəsiminin 600 illik yubileyinin keçirildiyi 1973-cü ildə Salyan rayonunun başına əsl Nəsimi müsibəti gətirdilər: Salyanı nəinki soydular, Salyanı şaqqaladılar da…

1973-cü ildə Salyan ərazisinn bir hissəsində Neftçala rayonu yaradıldı. Əgər Nəsimi yubileyinə hazırlıq bir neçə il ərtzində aparılmışdısa, Neftçala rayonunu yaradılması barədə qabaqcadan əhaliyə heç bir məlumat verilməmişdi. Günlərin bir günü on minərlə insan xəbər tutdu ki, onları çar  Rusiyasının təhkimli kəndliləri kimi yeni yaranmış rayona veriblər. Polyaklar üçün 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya girməyi necə şok idisə, Salyan əhalisinin yarısı üçün bu gözlənilməz qərar da elə bir şok idi.

Məsələ burasındadır ki, yeni yaranan rayona Kürün sol sahilində yaşayan bütün yaşayış məntəqələri verilmişdi. İndi  Salyan şəhəri ilə arasında yalın ensiz Kür çayı olan Şorkənd ya Şirvan Qaraqaşlı kəndinin adamları bir arayış üçün əvvəl Kürdən kolazla ya körpüdən keçib Salyana gəlməli, burda avtobusa minib Neftçalaya getməliydilər. Xalq arasında “alabaş” adlanan avtobuslar bu yolu bir saat yarıma gedirdilər. Neftçalada idarəyə gedib qəbula düşməliydin, məlum deyildi ki, arayışı ala biləcəksən ya yox, məmur yerində olmaya da bilərdi ya da pul üçün get-gedə salardı, beləliklə, bir arayış üçün adam bir həftə və xeyli pul itirirdi.

Mən felləri keşmiş zamanda işlədirəm. İndi də elədir. Şorkənd, eləcə də Xəlil Rzanın vətəni Pürəbbəyə qədər – Pürəbbə də daxil olmaqla – Neftçalaya “baxır”.

Xəlil Rza 1973-cü ildən salyanlı deyil, neftçalalıdır!

Kürün sol sahilini qoyaq bir yana. Salyan-Astara yolunda, cənub istiqamətində olan kəndlər də Neftçalaya verildi. O kəndlərin əhalisi Neftçalaya getmək üçün 30-40 kilometrlik yol gedib Salyana gəlirdi, sonra saat yarıma 45 kilometr yol gedib Neftçalaya çatırdı ki, bir arayış alsın və ya, məsələn, rentgendən keçsin…

Məsələ burasındadır ki, Neftçala rayonu 1940-cı ildıən 1959-cu ilə qədər də mövcud olmuşdu, ancaq haqqında danışdığım yaşayış məntəqələri həmişə Salyanın tərkibində olub.

Lap Afrikada da əhalinin başına belə müsibət gətirsəydilər, hökmən etiraz aksiyaları olardı. Bəlkə də beş-on nəfər ölərdi, 30-qırx adam yaralanardı, ancaq yəqin nəticə əldə edərdilər. Zorlanan, şaqqalanan, alçaldılan, incidilən sovet azərbaycanlısı elə sızıldaya-sızıldaya Heydər Əliyevin onların başına gətirdiyi bu müsibətə dözdü və dözür. Əslində 1992-ci ildə yaranan demokratik hökumət ilk novbədə bu rüsvayçılığa son qoymalıydı. Ancaq o vaxt kim idi adamları fikirləşən? Bilirəm ki, 1992-1993-cü illərdə Miranşah əsirləri kimi uzaq Neftçalaya verilmiş kəndləri hərbi polislər gəzir, caynaqlarına  keçən yeniyetmələri maşına basıb aparır, az vaxtdan sonra basırdılar cəbhəyə. Əbülfəz vaxtında da elə idi, sonra da…

Yeni rayonun niyə yaradıldığı, onun ərazisinin və əhali kontingentinin necə formalaşdığı barədə əhaliyə heç vaxt izahat verillmədi. Xalq arasında şayiələr gəzirdi. Deyirilər ki, yeni rayonu Hydər Əliyev yerlisi və hətta qohumu olan İbrahim Qurbanov üçün yaradıb. İbrahim Qurbanov əvvəllər salyanda ən böyük təsərrüfatlardan olan 1 nömrəli sovxozun direktoru idi. Onun qəddarlığından çox danışırdılar. Yenə deyilənlərə görə, bir gün pambıq tarlasının qırağından ot biçib eşşəklə evinə aparan kəndlini saxlamış, eşşəyə ot qarışıq od vurdurub yandırmışdı… Sonra Heydər Əliyev onu rayon icraiyyə komitəsinin sədri qoydu (rayispolkom)… Onun Salyandakı fəaliyyətini, xüsusən nitqini təsvir edən çoxlu lətifələr yaranmışdı ki, onları gərək ikilikdə danışasan… “Çexoslavakiya, Yuqoslavakiya…”- bunu da onun nitqindən eşitmişdilər.

Təzə rayon yarandı, ancaq rayona ermənistanlı İbrahim Qurbanov yox, yerli Təvəkkül Sultanov təyin olundu. Deyirdilər ki, Mərkəzi Komitədə Qurbanovun namizədliyini Moskvanı təmsil edən ikinci katib Kozlov bəyənməyib. Kozlov onunla rusca danışıb, məlum olub ki, müştəri rusca bilmir. Kozlov tərcüməçinin köməyi ilə keçib azərbaycancaya, məlum olub ki, Qurbanov azərbaycanca da düz-əməlli qanmır, gərək onun yanında savadlı bir “yeraz” ola, tərcümə edə…

İki il keçməmiş Qurbanov axır ki, Neftçalaya brinci katib təyini olundu. İki səbəb vardı: həm Kozlovun yerinə başqa rus gəlmişdi, həm də Neftçalanın birinci katibi Təvəkkül Sultanov indiyəcən məlum olmayan səbəblərdən özünü ov tüfəngi ilə güllələmişdi…

(ardı var)

25. 08. 2023, Samara

 

«NƏSİMİ» KİNOKOMEDİYASI. «Ə, BİR DƏNƏ «YANIQ KƏRƏMİ ÇAL»! ÖZÜ DƏ İTİ!..»

Без имени-1

“Nəsimi” filmini görəndən sonra Azərbaycan xalqı üç il əvvəl “Yeddi oğul istərəm” filmindən sonra “Yanıq kərəmi”ni necə sevmişdisə, Nəsimi yaradıcılığını da elə başa düşüb sevdi. Bir vaxt Səməd Vurğun Azərbaycan kəndlilrinin başına müsiibət gətirmiş gənc bolşevikləri xalq qəhrəmanlarına çevirən “Komsomol poeması”nı yazmışdı. Oğlu Yusif bu yeddi “bolşvik samurayı”n tərifini daha da artıran ssenari yazmış, Tofiq Tağızadə film çəkmişdi. Babaları, bəzilərininsə lap ataları bolşevik irticasının qurbanı olmuş insanlar ekran qarşısında xalq xeyirxahları cildinə girmiş bolşeviklərin hər sözünü, hər hərəkətini nəfəs dərmədən izləyir, gah gülür, gah göz yaşı tökürdülər. Deyən yox idi ki, Həsən Məmmədovun, Şahmar Ələkbərovun oynadığı “qırmızılar” on minlərlə Azərbaycan kəndlisinin həyatını məhv ediblər: güllələnənlər, Sibirə, Qazaxstana sürgünə göndərilənlər… Bir parça torpağı, iki atı olanlar qolçomaq, xalq düşməni elan edilir, Dostoyevskinin ddiyi kimi, bir cüt yarımdan ibarət məhkəmə  hökm çıxarırdı. Minlərlə uşağı valideyinlərindən ayırıb yetim qoyublar… Səməd Vuurğun da, oğlu Yusif də bunları gözəl bilirdilər. Pul isə şirin şeydir. Yusif Səmədoğlu gözəl həyatı sevirdi, deyilənlərə görə, Bakı sexçilərilə əlaqəliydi, vaxtının çoxunu Moskvada Mərkəzi Ədəbiyyatçılar evinin restoranında keçirirdi…

Ancaq o film müəlliflərindən çox “Yanıq kərəmi”yə şöhrət qazandırdı. Ruslar buna “durnaya slava” deyirlər. Filmdən sonra kənd toylarında dalbadal bu saz havasını sifariş verir, tempi dəyişdirilmiş, Mersedes sürəti almış “Yanıq Kərəmi” çalınan kimi toyxanada zəncirini qırmış dəli kimi götürülür, toyxanada tozanaq qoparırdılar…

Maraqlıdır ki, Aşıq Ədalət o havanı yazdıranda xaric çalmışdı. Aşıq ortada keçid eləyəndə barmağı xaric pərdəyə düşmüşdü. Studiyada səhlənkarlıqdan ya ayrı səbəbdən elə də yazmışdılar. Bəlkə 20 il ya daha çox “Yanıq kərəmi” radioda elə xaric yeriylə də səslənirdi. Bu da bir komediya idi…

“Nəsimi” kinokomediyası xalqın həyatına bir qədər ayrı cür və həm də geniş və dərin nüfuz elədi. “Nəsimi” sözü ölkədə bir növ korrupsiya vahidi kimi səslənirdi və həm də respublika həyatının bütün sahələrindəki total və daim artan korrupsiyanı bütövlükdə xarakterizə edirdi. “Əməlli-başlı Nəsimi kimi soyuluruq!” – bu ümumxalq şikayətini arşın hərflərlə yazıb ən uca yerlərdən asmaq olardı. Ancaq 70-ci illərdə Azərbaycanın ən uca və ən görkəmli yerlərinə Brejnevin, çənəsini marçıldada-marçıldada dediyi sözlər yazlmışdı:”Широко шагает Азербайджан!». Yəni Azərbaycan geniş addımlarla irəliləyir. Deyilənlərə görə, bir xuliqan Bakıda belə bannerlərin birinin altında əlavə eləmişdi: «По магазинам Грузии». Yəni Azərbaycan geniş addımlayır, ancaq Gürcüstanın mağazalarında. Məsələ burasındadır ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda hər şey qıt olmuşdu, corabdan tutmuş çaya, yağa qədər hər şey üçün soydaşlarımız Gürcüstana gedirdilər. Gürcülər geniş addımlamırdılar, Azərbaycan kimi hər il Moskvadan Qırmızı bayraq almırdılar, ancaq mağazalarında hər şey tapılırdı…

(ardı var)

24. 08. 2023, Samara

FAZİL MUSTAFANIN PREZİDENTƏ ƏLİLLİK ƏRİZƏSİ

Fazil Mustafa 1

Sənə, əlahəzrət, salamlarım var,

Nökəruin Fazildir məktubu yazan.

Millət vəkiliyəm, yadında olar,
Həm də əsgərinəm, ali komandan!

 +

Gecəm-gündüzüm yox, böyük rəhbərim,
Canımı qoyuram sənin yolunda,

Nə qədər silsə də katibələrim,
Qurumur alnımda tərim bir an da.

 +

Əziz prezident! Böyüyüm, atam,
Var bundan, əlbəttə sənin xəbərin,
Ağır və şiddətli terror aktına,
Məruz qalıb həqir kölən, nökərin.

 +

Mənə hücum etdi xomeyniçilər,
Topdan, avtomatdan atəş açdılar
Sağalmır, düzəlmr qıçlarım hələ,
Beş-altı qəlpə də dal tərəfdə var.

 +

Səndən nə gizlədim, dalım dağılıb,

Yaramır, doğrusu, istifadəyə.

Neçə professor baxıb mat qalıb,
Nə vaxrdan həsrətəm yeyib-içməyə.

 +

Canı, əlahəzrət, sözümün budur:

Sənəd ustəyirəm əlilliyimə.

Mən kimi bir terror qurbanı yoxdur,
Göstərsəm ağlayır yaramı kimə.

 +

Pis olmaz  təzə bir maşın da versən,
Cızıb maşınımı İran gülləsi.

Ver lap yaxşısından, zirehlisindən,
Xomeyni gülləsi deşə bilməsin.

 +

Yaxşı pensiya ver, əlahəzrətim,
Yeyib yaxşılaşım, cana gəlim mən.
Yaman bahalanıb indi mal əti,
Doğrusu, bezmişəm ceyran ətindən…

 

Mirzə TƏBİL
23. 08.2023, Samara