Архив | Июнь 2021

TƏKİN SÜFRƏSİ

Kec ya məzə deyil süfrəsi təkin,

Mükəlləfiyyətdir boynuna düşən.

Tikə boğazından sovuşur çətin,
Dadı duyulmadan yeyilir bişən.

—

Neçə göz  izləyir onu elə bil,

Görürlər çənəsi necə işləyir,

Görürlər hülqumu əsir, tərpənir,

Sayılır ağzında bəlkə dişləri.

—

Quş payı olsa da qabağındakı,

Ona elə gəlir yeyir mal kimi,
Tıxır, gövşəmir də, içəri basır,

Ötürür diliylə ya da yal kimi.

—

Hərdən elə gəlir süfrəsindəki,

Oğurluq matahdır, haramdır yəqin,

Ağzından yetimin tikəni çəkib,

Ya da çantasından yatan əsgərin.

—

Görüünr gözünə bəzən anası,
Bəzən atası da baxır dumandan.

Qalıb boğazında boğur tikəsi,

Borcludur onlara boğazınacan.

—

Qardaşı, bacısı yığılıb gələr,
Süfrəyə baxmazlar, ona baxarlar.

Eə bil deyərlər “yeyirsən hələ,

Tamamla, qabaqda səyahətin var…”

—

Ölümə məhkuma edam qabağı,
Açılan süfrədir təkin süfrəsi,
Hamının axırı eynidir axı,
Qurulub həngamə, yeyən tələsir…

—

Dadı duyulmadan yeyilir bişən,
Nə şoruna baxır, nə də şitinə.

Yeyib şükr deyir Tanrıya bəzən — 
Bəlkə işgəncəni bitirdiyinə…

24. 06. 2021, Samara

AYAĞIM

Sözümə baxmır daha.

Dönük çıxdı ayağım.

Pis uşaqdır, ağlağan,
Mən də onun dustağı.

—

Ağrıyır yeriyəndə.

Ağrıyır dayananda.

Əcəb gedirəm əldən,
Bir ayağın hayında.

—

Həvəs nədənsə gedib,

Oxuyam ya da yazam.
Qoymur ayaq şoğərib,
Əlim cibimdə gəzəm.

—

Otaq dustağı olsam.

Maraqlısı öndədir,

Tapılmaz ki, bir adam,
Bazarlığa göndərim.

—

Pəncərə dumanından,

Baxaram nə görünsə,

Tanış gələr hər adam,

Sevinərəm hər səsə.

—

Baxaram səhər, axşam,
Baxaram bütün gecə.

Üzülüncə baxaram,

Gözlərim yumulunca.

—

Yavaş-yavaş üzülüb,
Ürək də tapar azar.

Ritualçılar gəlib,
Tabutda çıxararlar.

06.06. 21, Samara