Архив | Январь 2023

PUANSETTİYA

20230116_155902

Bax bu gülə, gör nə gözəllikdədir,

Qırmızıdır, həm də yaşıl yarpağı.

Bitki deyil adi bu dibçəkdəki,

Pay onu vermiş bizə cənnət bağı.

 +

Ən böyük həngamə hələ öndədir! —

İncə çiçəklər açacaq xırdaca

Qəlb ovudan möcüzədir indi də,
Gözdə işıq var nə qədər bax, qoca…

 

28.01. 2023,Samara

 

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI — 14

İlham Əliyev 4

Uzatmışam ay yarınm da,
Bəxtiyarın həbsini.

Baden özü yalvara da,
Açmaram qapısını.

 +

Aclıq edib özünü lap
Acından öldürsə də,

Buraxmaram azadlığa,

Mənə aləm hürsə də.

Eyy! Uxx!

 +

Aclıq edir Yaqublu da,

Türmədə məzələnir.

Yeməsə də srok gedir,
Qanı da təmizlənir.

 +

Oğluna da, eşitdim ki,
Dəmir medal veriblər.

Onun oğlu iştirakçı,

Mənimkisə müzəffər.

 +

Naxçıvanı bəziləri,

Auşvitsə bənzədir.

Görərsiz səbr eləsəniz,
Əsl Auşvits nədir.

Eyy! Uxx!

+

Guya Yaqub Əyyubovun,

Pulu çoxdur milyarddan,

Deyirlər bu boynuyoğun,

Qazanıb bunu hardan?

 +

Otuz ildir tər axıdır,
Millətə xidmətdədir.

Milyard dollar nədir axı? —
Mən biləni, heç nədir.

Eyy! Uxx!

Çovdarovun əmlakını,
Özünə qaytarımışam.

Alqışlayır məni hamı,

Layiqəm mən alqışa.

 +

Dövlətimiz hüquqidir,

Ölkəmiz demokratik.

Vardanyan da bunu bilir,
Bilir bunu Araik.

 +

Bu mövzuda şeir yazıb
Leyla urus dilində.

Ramiz Rövşən azəriyə,
Çevirir onu indi.

Eyy! Uxx!

21.01. 2023, Samara

NƏNƏMİN SANDIĞI

                 

  Püstəxanım nənəmin xatirəsinə

Xırda bir otaqda olurdu nənəm,
On ki metrdən deyildi artıq,

İki şey var idi gözə görünən:

Bir dəmir çarpayı və köhnə sandıq.

 +

Üstündə yatacaq vardı sandığın,
Nadir təsadüfi qonaqlar üçün.

Qıfıllı saxlardı nənəm ağzını,

Sirr idi çoxuna sandığın içi.

 +

Yığıb saxlayırdı nənəm haçandan
Sandıqda dəfninə nə lazımdısa.

Kəfənlik ağından qəndə, çayacan —

Məəttəl qalmasın gələnlər yasa.

 +

Nənəmə yadsa da ölüm söhbəti,
Ölümü gözlərdi qəfil qonaq tək.

Əmanət sayırdı sanki həyatı,

Hazırdı qaytara yıyəsi gəlcək.

 +

Namaza durmazdı, qaçardı dindən,

Tanrıdan bir uzaq məsafədəydi.

Həyat eyiblidir – sonu xüsusən! —

Bunu yaradana necə deyəydi…

20.01. 2023. Samara

“FƏLAKƏT, QƏZADIR – BİR İNSAN ÖLSƏ..”

“Fəlakət, qəzadır  bir insan ölsə,

Statistikadır – ölürsə yüz min”.

Bir vaxt bunu deyən Kurt Tuxolski,

Özü dəhşətini yaşayıb hərbin.

 + 

Qovğası hələ də rusun tükənmir,

On minlər, yüz minlər qırılıb gedir.

Sayını boş yerə can verənlərin,
Bəlkə bilənlər var, millətə sirdir.

+

İndi statistik rəqəm qədər də,
Hərbi ölümlərdə sanki yox dəyər.

Qapıya vurulan, ya da səbətə,
Salınan hər topu qeyd edir bəşər.

 +

İndi “layk”lardır statistika,
Sevinc də, qüssə də bəyənmələrdə.

Uzağı sayırıq topu ya tankı,
Əsgərdə dəyər yox mərmi qədər də…

 +

“Bir insan ölümü – fəlakət, qəza”,
Deyirdi  bir zaman Kurt Tuxolski.

İndi sosşəbəkə yas tutur bizə,
Görən layklayıb keçir tələsik…

!5. 01. 2023, Samara

NAXÇIVAN

U LENİ. KİNO

Burda hər şey tanışdır, heç nə burda yox yeni,

Çox olubdur tarixin belə həngamələri.

Oruell romanının sanki fraqmentini,

Burda səhnələşdirib Hiçkok dühalı biri.

 +

Sulardan uzaqsa da, əsl adadır ancaq,

Qanun-qayda bilməyən bu yer eksklavdır.

Bassaydı təsadüfən Robinzon bura ayaq,

Qarşısına Cümə yox, poqonlular çıxardı.

 + 

Tarixi qondarmadır, qəlpdir abidələri,

Bu gün tərsə yozurlar baş verənləri dünən.

Çoxdan gədə-güdələr mətbuatı hərlədir,
Yoxdur ədəbiyyatı Mirzə Cəlil öləndən.

 +

Torpaq zəngin olsa da duzla – havası şitdir,

Qorxudan və təlaşdan burda vərəmləyirlər.

Həyat var, əlbəttə ki, yox həyat şəraiti,
Şübhəsiz ki, adına “türmə” deyilə bilər.

 +

Firondur burda rəhbər, hampazor və qudurğan,
Əhali zülmə məruz qalan yəhudilərdir.

Musa yetişmir ancaq bu yerdə doğulandan,

O da başqalarına başqa yerdə zülm edir.

13. 01. 2023, Samara

«PARKDA VƏ BULVARDA BƏZƏYİ ƏLVAN…»

Parkda ya bulvarda bəzəyi əlvan

Uşaq elektrik qatarları var.

Gəzər həndəvəri, dairə vurar,
Mahnılar ucalar vaqonlarından.

 +

Uşaqlar şənlənir, qışqırışırlar,
Şənlənir uşaqla valideyn də.

Uğunub gedən var, nəğmə deyən də,
Beləcə gəzişər, gəzdirər qatar.

 +

Yeni il belə bir qatara bənzər.
Uşaqlı-böyüklü vaqonlarına

Doluruq. Tezliklə yetsə də sona,

Bu şən səyahətdən hamı bəxtəvər.

 +

Köhnə il…Köhnə il bəs nəyə bənzər? —

O sanki ritual avtomobilidir,

Sənə əzizləri aparıb gedir.
Bu maşın sənin də dalınca gələr…

05.01. 2023, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-13

İlham Əliyev 4

Ötən ili yola verdim,

Uğurlu və möhtəşəm.

Evləndirib Heydəri də,
Toyunu eləmişəm.

 +

Dəyişmişəm statusu,

Gəlini gətirəndən.

Millətin həm atasıyam,

Qaynatasıyam həm mən.

 +

Vasif Talıbovu qovdum,
Olsa da o öz itim.

Təzə naxçıvanlı qoydum,
Çox razıdır millətim.

 Eyy! Uff!

Oğulları, özü həm də,

Yemişdilər o qədər,

Çıxmışdılar tamam həddən,

Dəbərə bilmirdilər.

 +

Mən yeyəndə az yeyirəm,
Canı salmıram gücə,

Mehriban heç yeyən deyil,

İncədir görün necə.

 +

Yaxşı iş, vəzifə hanı,

Heydərə layiq ola?

Bəlkə verim Naxçıvanı,
Hərləyə bala-bala?

Eyy! Uxx!

 +

Bəxtiyardan məlumat var:

Dayandırıb aclığı.

Başa düşüb ziyanı var,
Cana, başa acığın.
+

Deyirlər ki, həbs edilib,

Yenə Tofiq Yaqublu.

Kəllələyib polisləri,

Koroğludur, Koroğlu!

 +

Dosent Əli  Əliyevsə,
Şuluq salır türmədə.

Deyir “İlham bura gəlsin!”

Heç mən ora gedərəm?…

Eyy! Uxx!

 +

Leyla Laçın dəhlizinə,
Həsr eləyib bir şeir.

Ramiz Rövşən onu yenə,
Azəriyə çevirir.

 +

Qəşş eləyər oxusa xalq,
Və zövq alar estetik.

Əziz millət, vidalaşaq,

Poka, poka, hələlik!

Eyy! Uxx!

 

01.01. 2023 Samara