Архивы

KOROĞLU

U LENİ. KİNO

Qəhrəman Koroğlu başına yığıb,
Harda ki, dəlisov ya dəli varsa.

Uca Çənlibelin başına çıxıb,

Ordan həmlə edir Bağdada, Qarsa.

 

 

Yüz deyil, min deyil dəlinin sayı,

Yeddi min yeddi yüz yetmiş yeddidir.

Hələ əl-ayaqda işləyən ayrı,

Mehtərlər, nökərlər neçə min edir.

 

 

 

Hər dəli yanında gözəl xanım var,

Hər xanım yanında – tumar verəni.

Hər gün ziyafətdir, ya toy qurular,

Yox ancaq buranın bir iş görəni.

 

 

 

Yoxdur işləyəni, hamısı yeyən,

Dəli ya vuruşur, ya yeyib-yatır.

Nə bir tikinti var, nə də sənaye,

Nə alver, nə də kənd təsərrüfatı.

 

 

 

Tacir karvanları gündə çapılır,

Xanımlar oğurluq malı geyirlər.

Sarsılır əsası sahibkarlığın,

Azad ticarət də sarsılır belə.

 

 

Dəlilər çıxırlar ceyran ovuna,

Sayı cəmdəklərin çatır əlliyə.
Yoxdu dəlilərdə elm-zad qanan,
Ya qırmızı kitab, ekologiya.

 

 

Xanımlar elə ki, harınlığından,
“Gəlsin durna teli deyirlər bura!”.

Durub bambılı tək gedir Bağdada,

Üç dəli, orda da qarışır ara…

 

 

Aşıq paltarını geyib Koroğlu,
Gedir kəşfiyyata Ştirlis kimi.

İki batman düyü, bir yekə toğlu,
Yeyərək qarnını yaxşı bərkidir.

 

 

 

Yeyib-yatan zaman Koroğıu Qarsda,
Çənlibel Nigarın öhdəsindədir.

Elə bil Raisa Qorbaçovadır,

Zəhmini hiss edən özündən gedir.

 

 

Yırtır  Ərzrumda özünü Cünun,

Paşa dəvət edib korporotivə.

Boşalıb, görünür, aşığın cibi,
Yoxdu Çənlibeldə axı pul verən…

 

 

Belə qəhrəmandı bizim Koroğlu,

Söküb talayırdı, yeyib gəzirdi.

Neçə min dəliylə mehtərin oğlu,
Basırdı, kəsirdi, vurub əzirdi…

 

 

Bəzi ölkələrdə var heykəlləri,
Qıratın belində, qılınc əlində.

Biri bir söz deyə indikilərin,
Zindana gedəcək əli dalında…

 

01. 01. 2020, Samara

“MƏNİ BƏNZƏDİRLƏR ƏRƏBƏ, HİNDƏ…”

2

Çoxdan ağarsa da saqqalım, saçım.
Dərim həminkidir – qarabuğdayı.

Baxan qaşqabaqlı elə bil keçir,

Yüz ildir burdayam – yenə də yadam.

 

 

Məni oxşadırlar ərəbə, hində,
Nəsə inanmırlar deyəndə kiməm.

Qırx ildir qəribəm. Özüm də indi
Çaşıram: haradır bəs mənim ölkəm?

 

 

Hardasa ölkə var, mənə bənzəyən
İnsanlar yaşarlar orda yəqin ki.

Rəngi kül kimilər, qarabənizlər –

Kimi zülm görür, kimi kef çəkir…

 

 

Qonurgözlülər var mənim tək elə,
Qarabuğdayılar – nə qədər desən,

Mənim düşündüyüm, yazdığım dilə,

Doğma deməz amma orda bir insan…

 

 

Səhradan fəryad tək səsim çatarsa,
Duruxar, qaşqabaq tökər eşidən.

Dərimin rəngiylə burda yadamsa,

Səsimlə, sözümlə yadam orda mən.

 

31. 12. 2019, Samara

ŞORSULU

U LENİ

         doktor Əli (Oleq) Talışinskinin xatirəsinə

 

Ruhi xəstəliklər xəstəxanası,
Var idi Salyanda, bilmirəm indi.

Ciddi statuslu, rayonarası –

Xəstə neçə yerdən gətirilirdi.

 

 

 

Şəhərdən aralı, Şorsuludaydı,
Beləcə çıxmışdı kəndin adı da.

Haçan, harda əgər soruşsaydılar,
Hökmən dəlixana xatırlanardı…

 

 

Sözü çəp gələndə iki arvadın,

“Yerin Şorsuludur!” biri deyərdi.

“Sən ordan çıxandan o yer boşaldı?” –

Deyib o birisi ala verərdi.

 

 

 

Müəllim uşağı hədələyərdi,
Uşaq müəllmi müəssisəylə.

Kişi arvadında, arvadı ərdə,

Xəstəlik görürdü – döyülsə belə.

 

 

Şəhərdən uzaqdı xəstəxanasa,
Onu öz gözüylə görən də azdı.

Ağıllı-kamallı sayır hər insan,
Təbbii, özünü, əgər azaddı.

 

 

 

Ağlı başındaydı bıçaq da vuran,
Ağlı başındaydı kəllə atan da.

Soyub soydaşını ziyafət quran,
Azdıran, aldadan, alıb-satan da.

 

 

Şorsulu zamindi sanki hər kəsə,

Yəni dəli varsa, o, başqasıydı.

Şorsulu kəndinin müəssisəsi,

Salyanın sağlamlıq arayışıydı.

 

 

 

Kənddəsə, o qərib müəssisədə,
Bədbəxt gah uğunur, gah da hönkürür.

Gecələr göylərə baxsa kimsə də,
Onu hədələyən Tanrını görür…

 

29. 12. 2019, Samara

TƏZƏ EV

U LENİ. KİNO

keç günahımdan, lələ…

O ev tikilmişdi üç ya dörd ilə,
Tikinti üstündə Kişi əsirdi,
Ömrünün sonuncu layihəsiydi,

Nə olub əvvəlsə, çevrilib külə…

 

 

Özülə alındı Qaradağ daşı,

Salyandan sementi, qumu daşındı.

Biçdilər damının qamışını da,
Saman gətirildi bir neçə maşın.

 

 

Dərələr qazıldı boy bərabəri,
Suvağa, kərpicə tutuldu palçıq.

İki kərpickəsən – peşəkar, qoçaq,
Qəlib oynadırdı mahir əlləri.

 

 

Taxta işində də qoşaydı usta,
Biri Tapdıq idi, biri də Eldar.

Çığırtma plovu yeyib hər nahar,

Baltanı, çəkici vurdular asta.

 

 

Kişi də yolunda girinc Salyanın.
Taxta gah çatışmır, gah da ki, mismar.

Yaxşı ki, şəhərdə adamları var,
Var hörmət qoyanı, var tanıyanı.

 

 

Gah işinə gedir, gah da vaxt tapır,
Ustanı fəhləni yoxlayır hərdən.
Hesabat istəyir evdəkilərdən,

Yarı eşitməmiş söyür, qarğıyır…

 

 

Sona yetişmədə ev tikintisi,
Təzə sütunlardan xələt asılır.

Xələfə vurulur, banı da hazır,
Qızarır qırmızı kirəmit üstü.

 

 

Hər gün əllərində yekə vedrələr,
Dikin torpağını daşıyır Kişi.

Görür əjdahalar görməyən işi:

Dolur zəhmətiylə dərin dərələr…

 

 

Payızda, heyvalar  yayanda ətir,
Narlar partlayanda ehtirasından,
Köçü durnaların başlayan zaman,

Köçüb təzə evə ailə gedir…

 

 

Gedir xalça-palaz, gedir qab-qacaq,
Gedir yorğan-döşək, paltar – hər nədir,
Gedir uşaqların kitab-dəftəri,

Uşağa da nə var – sevinir uşaq…

 

 

Canının ağrısı çıxır Kişinin,

Ocaq qırağında canı-qızınır.

Gözaltı seyr edir  oğul-qızını,
Sevinc əvəzinə oyanır kini…

 

 

Ev təzə, havası həmin yenə də.
Narahat gülürlər dodaq qaçanda.

Yenə qapı örtən, qapı açan da,
“Xaraba qalasan!” deyir ürəkdən.

 

 

 

Yenə künc-bucaqda var ağlayanlar,
Böyüklər kiçiyin içir qanını.

İnciyir, incidir Kişi hamını,
Ürəyi yaradır, əlləri qabar…

 

 

 

Qalxır ibadətə beş dəfə gündə,
Diz çökür, başını yerə endirir.

Yeyib çay-çörəyi işinə gedir,
İnanır var onu işə göndərən…

 

28. 12. 2019, Samara

NAR

U LENİ. KİNO

Şəhər bazarlarında,

Mağaza zallarında,

Ehram tək qalaqlanan,

Alov dili tək yanan,

Ətrafa yaraşıq nar,
Danış, nəsən, nəyin var?

Şirinmi gilələrin,
Turşməzədir turş ya da?

Harda dəriblər səni,
Yetişdin hansı yurdda?

Kəndimin bağlarından,
Bəlkə gətirilmisən?
Ələ alıb baxanda,
Tanıya bilərəm mən.

Ərəstunun bağından?

Bəlkə Məmmədhüseynin?

Şiralı sağlığında,
Bəlkə bəsləyib səni?

Bəlkə Əvəz kişinin,
Becərildin əliylə?
Sərhabın ya Dadaşın,
Yarandın zəhmətiylə?

Daşqınla Seyfullanın

Viran qalan bağında,
Yenəmi nar barlanır –

Necə ki, sağlığında?

Bəsləmiş Xası bəlkə,

Şirməmməd ya da Yavər?

Sübhan olub naz çəkən?

Ya tər töküb Ələkbər?..

Hüzuruna Tanrının,

Yığılsa hər kəs əgər.
Kəndçilərim narını,
Götürüb  gedə bilər…

Tanısalar da dini,

Min cür hoqqaları var.

Tanrı möcüzəsəni
Yaşadır ancaq onlar.

 

27. 12. 2019, Samara

MİLAD

U LENİ. KİNO

Gəzir planeti Milad sevinci,
Milyonlar öpüşür dodaq-dodağa.

Hazırdır, təntənə ötüb keçincə,

Düşmən düşmənini bağışlamağa.

 

 

İkinci gəlişi İsa Məsihin,
Aktual deyildir, görünür, daha.

Dünya alt-üst olar, yenə də gəlsə,
Çıxar əlimizdən olanımız da.

 

 

Məryəm körpəsi tək, iki min ildir,

Dünyaya gəlməyib bir uşaq hələ.

Yəqin elə bətn tapılmır indi,

Saf ola, ruhunu Tanrı üfürə…

26. 12. 219, Samara

“QOCALDIN — ÖLÜVAY ÖLKƏ KİMİSƏN…”

26.10. 18

Qocaldın – ölüvay ölkə kimisən,
Üstünə yüz yerdən yağı yeriyir.

Kəsilmir həmlələr, ha çəkilirsən,
Bir deyil, beş deyil ağrıyan yerin.

 

 

 

İndi qabaqkı tək yox müdafiə,

Atıblar dostların-müttəfiqlərin.

Xətti sərhədinin keçilmiş daha,
Tutulub atəşə süvər yerlərin.

 

 

Raket qiymətinə iynənin biri,
Dərmanın ucuzu – bombadan baha.

Bir deyil, beş deyil ağrıyan yerin,
Qabağı saxladın, dağırlır arxa…

 

 

 

Daha əsrlərdən qalan qalasan,

Çatlayır divarın, damın dağılır.

Bərkidib qapını əgər bağlasan,
Girər pəncərədən xəstəlik, ağrı.

 

 
Hərbdir, davadır bütün qocalıq,

Çevrilir yatağın, evin səngərə.

Döyüşüb ölərik, təslim olmarıq,
Bənzərik basılmaz, cəsur əsgərə.

 

25.12. 2019, Samara

KƏNDİMDƏN ALLAHIN QAÇAQ DÜŞMƏYİ

2

        1960-cı illər

Kəndimin adında “ərəb” olsa da,

Bəlkə də ərəblər onu salsa da,
Çoxdan getmişdilər din gətirənlər,
İndi ləğv olmuşdu yazıları da,

Quran tək-tük evdə vardısa əgər,
Oxuya bilənlər lap az qalırdı.

 

 

Traktor yeridib, evini yıxıb,

Qaçaq salmışdılar kənddən Allahı.
Məktəb direktoru gülüb deyərdi:
“Allah qalığıdır keçmişin ancaq.

Dünən ağac əkdim, bu gün göyərdi –

Hanı burda Allah? Mən varam və bağ!

 

 

 

İbtidai insan mağaralarda,
Qorxub qaranlıqdan, deyib “Ya Allah!”

Ərəb işğalçısı gətirib bura,
Allahı, Quranı baş aldatmağa.
Gözəl kommunizmi xalqımız qurar,

Ehtiyac ödənər ətə və yağa…”

 

 
Kəndimə haçansa din gətirənlər,
Çoxdan getmişdilər. Millətə rəhbər,

Tanrı deyənlərdi indi özünə.
Müəllim miskindi, azdı savad da,

Xəlvəti “Ya Allah” deyirdik yenə,
Çünki yaşayırdıq mağaralarda…

 

23. 12. 2019, Samara

SABİR ARBATANLI

Arbatanlı Sabir.jpg

Baba böyülk molla, Nəcəf məzunu,
Ata müəllimdi Şura gələndən.

Özüsə az sürən ömrü uzunu,
Meydən əl üzmədi. Bir də qələmdən.

Bilmirəm ki, necə yazarmış dayım,

Adam içindəmi, ya da xəlvəti.

Əvvəl eynəyini axtarıb yəqin,

Tapanda görərmiş  dəftəri itib…

Yazılıb yarıya qəzəl çatanda,

Düşüb arvadıyla davası bəlkə.

Hikkə soyuyanda, dava yatanda,

Yarı yazılanı cırıb körpələr…

Bəlkə də yazarmış çayxanalarda,
İlhamı daşanda samovar sayaq.

İçib yavan çayı tər axıdanlar,
Baxıblar dayıma, göz-qaş ataraq.

Nə qovluğu vardı, nə də çantası,
Taxçada, boxçada, cibdə — yazdığı.

Yazıb – bağışlayıb, itirib, satıb,
Arxiv səliqəsi baş ağrısıydı.

Nə döşünə döyən, nə  “mənəm” deyən”,
Ad iddiasında deyildi nə də.

Həqirdi, əsiri olsa da meyin,

Meyxana desə də böyük səhnədən.

Varı – yazdığıydı, o da dağıldı,
Yanlış, yarımçıqdır yadda qalanlar.

Hələ ki, yurdunda yaşayır adı,

Nəcib yaddaşlarda yaxşı ki, yer  var…

21.12. 2019, Samara

“ALLAHU ƏKBƏR!”

U LENİ

Görsə evdə nizam pozulur əgər,
Lələm namazı da kəsə bilərdi.

Qəzəblə deyərdi “Allahu əkbər!”,

Şuluqçu özünü ələ alardı.

 

 

 

Çəkidə, ölçüdə aldadılan vaxt,
Kimdənsə ağ yalan eşitsə əgər,
Sözündən çıxanda uşaqlar, arvad,

Qəzəblə deyərdi: “Allahu əkbər!”

 

 

 

Beləcə itirib hövsələsini,

İnsan baltaya da əl ata bilər.

Elə ki,  cinayət məcəlləsini,
Xatırlar – soyuyar, özünə gələr…

 

 

Bomba yaranmışdı içində kindən,
Partlasa, yayardı qurğuşun, zəhər.

Özünü, ətrafı məhv eləməkdən,

Lələmi saxlardı “Allahu əkbər!”

 

 

“Allahu əkbər”lə alardı ələ,
Özünü, haçan ki, qanı qaynadı.

Razıydı Allahın böyüklüyüylə,
İradı dünyanın nizamınaydı.

19. 12. 2019, Samara