Архив | Апрель 2023

DANTE. CƏHƏNNƏM. 11-Cİ NƏĞMƏ

CƏHƏNNƏM 11-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Bir uca sahilin  qırağında lap,

Nəhəng kəsəklərin topu üstünə,

Çıxdıq, altda isə qorxulu girdab.

 +

4 Və orda girdabdan göyə yüksələn,
Dəhşətli üfunət məcbur elədi,
Qapağı dalına keçib gizlənək.

 +

7 Böyük məqbərənin. Yazılı idi

Üstü: “Fotin doğru yoldan azdıran,
Papa Anastasi burdadır indi”.

 +

10 “Yavaş-yavaş düşək aşağı burdan,

Burnumuz tədricən alışar onda

Pis iyə, bilmərik onu sonradan”.

 +

13 Ustad belə didi. Mən cavabında:

Vaxtımız boş keçməz, məşğələ tapsaq”.

Və o: “Düşünürdüm bu haqda mən də”.

 +

16 “Oğlum, içəridən bu daşlığa bax, —

Dedi o, — Orda üç xırda çevrə var,

Silsilə tək, əvvəl gördüyün sayaq.

 +

19 Məlun ruhlar ilə doludur onlar;

Bircə baxışın da bəs elər yəqin,
Biləsən nə üçün cəzalanıblar.

 +

22 Göylərdə nifrətə layiq hər kinin

Sonu inciklikdir; və belə son ya,

Zorun nəticəsi, ya da kələyin.

 +

25 Kələk insana xas ayıbdır amma,

Tanrıya xoş deyil; lap dibə enər,
Kələkbaz, ağırdır əzabları da…

aprel 2023, Samara

«EŞŞƏKARISININ UÇUŞU»

(«POLYOT ŞMELYA»)

Qəribə rekordlar dünyada çoxdur,
Onların ayrıca bir kitabı var,

Nə vaxtdan Rimski-Korsakovu da,
Çalıb yeni-yeni rekord vururlar.

 + 

“Arı uçuşu”nu səkkiz ya doqquz,
Saniyəyə biri deyirlər çalıb.

2000 bhm olub tempi düz,
Birinci yerdədir amerikalı.

 +

Çalınır nonstop və antraktsız.

İndi Rusiyada xırda bu əsər,

Gecı-gündüz dinər, vaxtlı ya vaxtsız,
Əgər yata bilsən, yuxuna girər.

 +

Rimski-Korsakov sanki himn idi.

Putinin Kiyevə həmləsinə də,
Tempi bir neçə min bhm idi,
Rekordsuz, uğursuz qayıtdı hərçənd.

 +

Uçur qoşun-qoşun eşşəkarısı,
Tutur vızıltısı şəhəri, çölü,
Arzular ölkənin bəlkə yarısı,
Çalına tezliklə “Sonalar gölü”.

 +

Bu himnlə gedir cəbhəyə əsgər,

200 nömrəli yük olub dönür.

Yox ölənə yanıb ağı deyənlər,
Arı vızıltısı nonstop dinir.

 +

Tutub aparırlar gündüz, həm gecə,

Dolu avtozaklar anbaan gedir
İyirmi ildir ki, ölkədə təkcə,

Eşşəkarısının səsi leqaldır.

 

26. 04. 2023, Samara

DANTE CƏHƏNNƏMİ: TİBB PROFESSORU VƏ HAZIRIN NAZİRİ

“İlahi Komediya”nın ilk tam tərcüməsi Dmitri Yeqoroviç Minə məxsusdur. D. Y. Min peşəkar ədəbiyyatçı yox, tibb professoru olmuşdur.  Üzərində 40 il işlədiyi tərcümə tam halda ölümündən sonra çap olunmuş, 1907-ci ildə isə tərcümə müəllifiniə (ölümündən sonra) tam Puşkin mükafatı verilmişdir.

Sovet dövründə edilmiş, indi də mötəbər sayılan tərcümə Mixail Lozinskiyə (1886—1955) məxsusdur. Mütəxəssislərin hesablamalarına görə, Lozonskinin tərcüməsində artırılma sözlər cəmi 15 faiz təşkil edir.

Ancaq iki tərcüməni misra-misra tutuşdurduqca, Lozinskinin dönə-dönə Minin tərcüməsindən ayrı-ayrı misraları, ifadələri götürdüyünü görürük. Məsələn, 10-cu nəğmə, 112-114cü misralar.

Orijinal:

e s’i’ fui, dianzi, a la risposta muto,
fate i saper che ’l fei perché pensava
già ne l’error che m’avete soluto».

Minin tərcüməsi:

Я лишь затѣмъ не отвѣчалъ ему,

Что было мнѣ въ то время непонятно

То, что теперь ты разрѣшилъ уму.»

Lozinskinin tərcüməsi:

Я лишь затем не отвечал ему,
    Что размышлял, сомнением объятый,
    Над тем, что ныне явственно уму».


Orijinalda demir ki, “cavab vermirdim”, deyir ki, özümü lal kimi aparırdım (a la risposta muto), yəni bu, tamam cavab verməmək  deyil. İki tərcümənin sözbəsöz eyniliyi təsadüfi ola bilməz.  Qafiyələr də eynidir: уму, ему...Yəni Lozinski hazırın naziri olub…

Demk lazımdır ki, Quranın tərcümələri də belədir. İndi kim Quranı ruscaya çevirirsə, Sablukovun və Kraçkovskinin tərcümələrini qoyur qabağına, başlayır “çevirməyə”… Bu, Quranın azərbaycancaya tərcümələri üçün də xarakterikdir…

Ədəbiyyata və bütövlükdə sənətdə özgə malını yemək var və yeyənlərin heç birinin boğazında qalmır…

 

25. 04. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 10-CU NƏĞMƏ

)Без названия (10)

(fraqment)

1 İşgəncə yeriylə şəhər divarı,

Arasında xəlvət cığırla Ustad
Gedir, arxasınca məni aparır.

 +

4 “Ali qüvvə! Məni keçirən bu bəd

Çevrələrdən,- dedim, — istədiyi tək,

Cavab ver, arzuma həm də əməl et.

 +

7  İndi yatanlaırı olarmı görmək,

Bu məqbərələrdə? Bütün qapaqlar,

Artıq qaldırılıb, qorunmur da bərk”.

 +

10

Və o mənə: “ Bunlar qapanacaqlar,
Əvvəki bədənlə İosafatdan,
Haçan ki, buraya qayıdacaqlar.

 +

13 Ruhu da bədən tək öləri sayan,

Epikur və onun kimilərinə,

Ayrılıbdır burda bu qəbiristan.

 +

16 Ancaq bu sual ki, verirsən mənə,
Razı salınarsan cavabıyla sən,
Həm də gizli qalan arzun öədnər”.

 +

19  Və mən: “Nəcib ağa, sənə nəyisə,
Demirəm ki, artıq danışmayım mən.

Özünüz etmisiz mənə tövsiyə”.

 +

22  “Toskanlı! Diri od şəhəriylə sən,
Gedirsən, sözündə təvazö də var

 Bir az yavaş yri bu yerdə lütfən.

 +

25 Danışmaq üslubun  özü anladar,

Bu nəcib vətəndə doğlumusan sən

Məni indiyəcən yəqin ki, qınar.

 +

28 Bu səs eşidildi gözlənilmədən
Məzarın birindən;  qorxaraq,
Daha yaxın getdim Rəhbərimə mən

 +

31 O mənə: “ Nə oldu sənə? Ora bax,

Farinata qalxır, özün görərsən,
Necə durur orda döş qabardaraq”….

italyancadan tərcümə

Aprel 2023 Samara

CANTO 10

Ora sen va per un secreto calle,
tra ’l muro de la terra e li martìri,
lo mio maestro, e io dopo le spalle.
Читать далее

XRİSTOS DİRİLDİ!

U LENİ. KİNO

Pasxa təntənəsi. İnkivizitor,
Başdadır, əlində şam tutub durur.

FSB, FSO həndəvərində

Dayanıb, şamı var hər birinin də.

“Xristos dirilib!” deyilən anda.

Deyir “həqqətən dirilib!” o da.

Deyib xoflu baxır həndəvərinə,
Yoxdur şübhəlisi, yad görünəni.

“Xristos dirilib!”  — zilə çəkir xor,
İlhamla qoşulur inkivizitor.

Xorda oxuyan da özünkülərdir,
Ciddi yoxlanılıb hamısı bir-bir.

Burda keşişlər də poqonlulardır,
Hərbi rütbələri yəqin ki, vardır.

Yüz faiz əmindir inkivizitor,
Ona bu məbəddə təhlükə yoxdur.

Dirilib Xristos gəlsə də birdən,
Burda qamarlanar o, əlli yerdən.

Hər iki nəfərdən biri İuda,
Göstərib satarlar hələ qapıda.

Gedər məhkəməyə qolları bağlı,
Hökm çıxarılar təcili, ağır.

Kimliyi boynuna qoyular, yəni:

Xarici agent və vətən xaini…

Çarmıx etibarlı sayılmır indi,
Çəkərsən – çəkilər, dönər yenə də…

Ən etibarlı yer türmədir amcaq,
Müddətin üstünə müddət alacaq…

Gedir kilsədəsə hələ təntənə,
“Xristos dirildi!” – oxunur yenə.

Xiristos dirildi!” – zilə çəkir xor,
“Həqiqətən! – deyir inkivizitor.

 

18. 04. 2023 Samara

TANRI VERGİSİ

 Bağban tingi sancmır hara gəldisə,

Toxum əkən seçər torpağı əvvəl.

Eləcə verilər Tanrı vergisi,
Seçər Yaradan da, götür-qoy elər.

 +

Milyonun onundan, yüzündən biri
Seçilir, bilinmir amma niyəsi.

Səbəbi Yaradan tək özü bilir,

Yükü yüngül deyil seçiləninsə.

+
Hara toxum düşə, sancıla ya ting

Oranın torpağı yuxudan olar.

Bellə, yalın əllə bağban, əkinçi,
Onunla əlləşər yetirincə bar.

+

Seçilib Tanrıdan vergi alan da,
Elə toxum düşən torpağa bənzər.

Onu Yaradanın əli hər anda,
Silkələr, nə gecə, nə gündüz bilər.

 +

Tələb də çox olur çox veriləndən,

Tanrı tələsdirir səbri yox kimi.

On illər yaşanır bir ilə bəzən,
Yaşadı Mozart ya Şubert necə ki.

 

16. 04. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 9-CU NƏĞMƏ

Без названия (9)

(FRAQMENT)

1 Geri bələdçimi dönən görərək,

Elə rəngə düşdüm qorxudan ki, mən,
Silindi ustadın üzündəki rəng.

 +

4 Qulaq asır kimi durdu o bir an,
Baxışı getmrdi çünki çox uzaq,

Keçib qara hava, ağır dumandan.

 +

7 “Bizə yaxşı olar bu işi udsaq”, —

Başladı o, -“Yoxsa… Vəd eləyiblər,

Kaş o kömək indi gələydi ancaq!”,

 +

10 Görürdüm ki, bir fikri bitməmiş hələ,.

Yenisi üstünü alır, çataraq.

Və həm uzlaşmır o, birinci ilə.

 +

13 Qorxu yaradırdı sözləri ancaq,
Bəlkə də olmayan təhlükəni də,
Tapırdım, fikrini araşdıraraq.

 +

16 “Bu qəm çanağının dibinə gedən

Birinci pilləni olurmu enən,

Yeganə ağrıyla itmiş ümiddən?”

 +

19 Belə sual verdim, dedi: “Çox hərdən,

Keçdiyim yollarda qarşıma çıxan

Kimisə görərəm biz kimilərdən.

 +

22 Doğrudur, mən özüm burda bir zaman

Olmuşam; cadugər Erixto, zalım,

Təzədən verirdi kölgələrə can.

 

25 O zaman təzəcə bədənsizi idim.
Ruhu İudanın dairəsindən,

Zor etdi divarı keçib gətirim…

italyancadan tərcümə

aprel 2023, Samara

QOVQUNLAR

U LENİ. KİNO

 Qəriblər içində çoxdur eləsi:

Nə köçgün sayılar, nə də ki, qaçqın
Düşmən işğalında deyil ölkəsi,
Nə yanğın baş verib, nə də ki, daşqın.

 +

Süfrənin üstündən öz evindəcə,
Bəzən qaldırılıb qovulur insan.

Deyirlər baxışla, himlə, çox incə,

Ağrısa çox olur  ilan vurandan.

 +

Eləcə qovulur insan ölkədən;
Əyri baxışlardan kimsə yorulur,

Var himlə gedən də, təpiklənən də.
Kim nəyə layiqsə, o cür qovulur.

 +

Ağzından vururlar əgər dinərsə,

Susmağa tədricən insan alışır.
Danışmaq hüququ bir nəfərsinsə,
Səsindən bezilir, sərhəd aşılır.

 +

Ölkədə yanğın yox, sular da daşmır,
Çökür zəlzələdən başqa ölkələr.

Götürüb qaçan çox amma başını,
Var könüllü gedən, var təpiklənən.

 +

Çıxıb orbitindən evin və elin,
Gedir, sığınacaq verər yad ölkə.

Qatarın, uçarın, avtmobolin,
Yük yerində dönər haçansa bəlkə.

 +

Dinib-danışmağa yox daha şansın,

Ölkə əlindəsə uzurpatorun.

Nə qaçır, nə köçür — qovulur insan,

Qovulub gedənin var adı: qovqun!

 

11.04. 2023 Samara

DANTE. CƏHƏNNƏM. 8-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Sözə davam edib deyirəm: hələ,

Çatmağa çox qalmış uca qalaya,

Diqqət zirvəsinə onun yönəldi.

 +

4 İki məşəl gördük biz orda yanan,

Cavab tək uzaqda vardı yanan da.
Hərçənd gözlə seçmək deyildi asan.

 +

7 Ağıl dəryasına üz tutub onda,

Dedim: “O başqa od nədir? O nədən,
Xəbər verir? Kimdir onu yandıran?”

 +

10 O mənə: “Bu çirkin dalğalar üstdən,

Burda gözlənəni görə bilərsən,
Bataqlıq dumanı örtməsə birdən”.

 +

13 Yay ilə atılan ox indiyəcən,

Önümdə gördüyüm bu qayıq qədər,
Sürətlə uçmayıb, düşünürəm mən.

 +

16 Avarçısı vardı onun bir nəfər,
Qışqırdı yaxından məni görərkən:

“Azmış ruh, səndəmi elədin səfər?!”

 +

19 “Flegias, qışqırma  nahaq yerə sən,

Dedi mənim ağam. – Səninik ancaq,
Bataqlığı keçib biz gedənəcən”.

 +

22 Necə ki bir insan qulaq asaraq
Yekə bir yalana, sonra cinlənər,
Elə qəzəbləndi Fleqias da.

 +

25 Əvvəl enib mindi qayığa rəhbər,

Yalnız mən minəndə elə gəldi ki,

Qayıqda yük yoxmuş indiyə qədər…

italyancadan tərcümə

Aprel 2023, Samara

ŞEŞ-BEŞ

U LENİ. KİNO

Qəribədir bu torpaq.

Olmaz bu ərazidən
Çətin işdir ayırmaq

Farsları azəridən.

 +

Qonşudan da yaxınıq,
Müxaliflə hisar tək,
Mümkün deyil ayrılıq,
Lap ortadan hasar çək!

 +

Bura ərazi deyil,

Böyük bir nərdtaxtadır.

Tale atır zərləri,
Tarix də baxtabaxtdır.

 +

Bəzən biz  oturmuşuq,

Taxtda — tac başımızda.

Vuruşmuşuq, qurmuşuq,
Taxt sizdə, şahsa bizdə.

 +

Aramızda məsafə,

Beşdən şeşə qədərdir,
Düşəndə mübahisə,
Səbrə çağırır sə-bir!

 +

Diz üstdə tarı farsın,
Bizimki sinədədir.

Mizrab vuranlarınsa,

Eşqi, ehtirası bir…

 

08. 04. 2023 Samara