Архив | Август 2018

ŞARL BODLER.   LƏNƏTLƏNMİŞ QADINLAR (DELFİN VƏ HİPPOLİT)

бодлер

Femmes Damnées (Delphine et Hippolyte)

 

Ağımtıl işığında xumarlanan çırağın

Başını ətir hopmuş balınclarda qərq edən,
Hippolit xəyallanır gənclik açılığının,

Pərdəsini qaldıran sevgi məzələrindən,

 

Qasırğadan təlaşlı gözləriylə  axtarır,

Saflığının elə bil uzaq səmalarını.

Səyahətçi necə ki, qanrılır geri, baxır,

Səhər açalan zaman mavi üfüqlər sarı.
Yaş axıdan gözləri ifadəsiz və donuq,
Çaşqın, pərt görünüşlü, qüssə doğuran məzə,
Gərəksiz silah kimi yanında əli-qolu,

Hər şey uyuşur, hər şey onu göstərir gözəl.

 

Uzanıb ayaqları alrtda şən və mehriban,
Alovlu gözlərini Delfin ona zilləyib,
Şikarını izləyir necə yırtıcı heyvan,

Yaxşıca nişanlayıb iti dişiylə əvvəl.

 

Güclü gözəl diz çöküb zərifin qabağında,
Möhtşəmdir içərkən öz zəfər şərabını

Ehtirasla və sanki almağa cavabında,

Şirin təşəkkürləri ona sarı uzanır.

 

Rəngi qaçmış qurbanın gözlərində axtarır,

Görsün onlarda həzzin oxuduğu lal himni.

Görsün onlarda incə, ali minnətdarlığı,

Ki, göz bəbəklərindən çıxar uzun ah kimi.

 

“Bu işlərdən, Hippolit, canım, nə düşünürsən?

İndi anlayırmsan qönçələrinin əgər
Müqəddəs ocağını vəhşi, qızğın nəfəsə,
Yaxın versən, çiçəklər solub gedə bilərlər?

 

İncədir öpüşlərim axşam böyük göllərin,
Ayna suları üstdə pərvazlanan böcək tək.

Oynaş öpüşlərisə səndə iz salar dərin,
Ataba kimi ya da kotan tək şırım çəkər.

 

İri sürüsü kimi atların, öküzlərin

Üstündən keçər onlar, rəhm eləməz, tapdalar…
İppolit, bacım mənim, mənə çevir üzünü,
Mənim canım, ürəyim, yarım və mənim tamam,

 

Göylə, ulduzla dolu gözünlə  mənə bax sən,
Nazlı bir baxışına sənin, ilahi balzam,

Qaldıraram pərdəni ən incə nəşələrdən,
Tükənməz bir yuxuda mən səni yırğalaram.

 

Fəqət İppolit bu vaxt gənc başını qaldırır:

“Yox, peşman deyiləm mən, məni nankor da sayma,

Delfinim, qəlbim üzgün, məni əzab ağrıdır,
Müdhiş gecə kefləri ağrıdar necə sonra.

 

Duyiram ki, bürüyür məni ağır qorxular
Qara kabus alayı alır həndəvərimi

İstəyirlər dəyişən bir yola çıxaralar,
Qanlı üfüq qapayır yolun hər tərəfini.

 

De, bizim hərəkətdə varmı qəribə nəsə?

İzah elə, bacarsan, bu qorxu, təlaş nədir:

Titrəyirəm, elə ki,  “Gəl, mələyim! deyirsən,
Duyuram sənə doğru dodağım ancaq gedir.

 

Gəl mənə belə baxma, mənim fikrim, düşüncəm,
Seçib sevdiyim bacı, əbədi məhəbətim.

Tələyə də çevrilsən mənə bir gün əgər sən,

Başlansa da səninlə qaçılmaz fəlakətim.

 

Delfinsə faciəvi yalını silkələyir,

Sanki naxış basaraq dəmir üçayaq üstdə
Göz fatal, amiranə səsiylə cavab verir:

— “Məhəbbətin önündə nə cəhənnəm söhbəti?

 

O vecsiz xəyalpərpər həmişə lənətlənə,
Kütlüyündən girişdi  kim ki, birinci  dəfə,

Həlledilməz, steril məsələnin həllinə,
Məhəbbət işlərinin qarışdırdı şərəfə.

 

 

Get, əgər istəyirsən, axtar küt bir adaxlı;
Məsum qəlbi təslim et heyvərə öpüşlərə;

Peşman və qorxu dolu, meyit kimi ağarıb,

Qayıdarsan yanıma təhqir olmuş döşünlə…

 

Bir ağa burda ancaq hökm edə bilər yəqin!”

Uşağınsa qəlbini qüssə durmadan didir,

Ağlayır: “Nəsə mənim içimdə genişlənir,

Bu, girdabdır işaran, bu girdab ürəyimdir.

 

Vulkan kimi qaynayır, boşluq kimi dərindir,
İnildəyən monstru doyura bilməz heç nə,
Təşnəsini yatırmaz heç nə Emenidlərim,
Əlini yandırırsa, yandırar iliyəcən.

 

Ayrılaq bu dünyadan qapalı pərdələrlə
Qoy bu yorğunluq bizə dinclik həm də gətirsin.
Döşlərin arasında mən yox olub gedərəm,
Sinən üstdə soyudar məni məzar sərini.

 

Enin, enin, zavallı qurbanlar, siz, nəhayət,
Yürüyün cəhənnəmin əbədi yollarında!

Ən dərin uçuruma gömülün, hər cinayət,
Göydən əsməyən külək çırpıb əzəcək orda,

 

Haray salıb qaynaşın, bənzəyin qasırğaya,
Dəli kölgə tək qaçın ehtirasın dalınca.

Söndürə bilməzsiniz candakı odu heç vaxt,
Öz ehtirasınızdan cəzanız doğulacaq.

 

Mağaranıza heç vaxt düşməz soyuq bir şüa,
Divar çatlaqlarından titrəşən miazmlar,
Sızıb girər və orda çıraq kimi alışar,
Hopar bədəninizə üfunət dolu qazlar.

 

Sizin işrətinizin acı sterilliyi,

Təşnənizi artırar, qurudar dərinizi.

Şəhvət ehtirasının gurlayan küləyiylə,

Köhnə bir bayraq kimi çırıpılır bədəniniz.

 

Sərsəri, lənətlənən! Uzaqlara bəşərdən,
Yürüyün canavar tək, keçib boş düzənləri.

Taleyiniz yazana, çaşqın qəlblər, baş əyin,

Sonsuzluqdan qaçın ki, o da içinizdədir.

 

Fransızcadan tərcümə

21-24.08.2018

Samara

ŞARL BODLER. LESBOS

бодлер

      Lesbos

Latın oyunlarının, yunan məzələrinin,
Lesbos anasıdır; şən, xumar busələr orda,
Günəş kimi alovlu və qarpız kimi sərin,

Gündüz cəlallı, gecə gözəl; Lesbos anadır,
Latın oyunlarına, yunan məzlərinə.

 

Lesbos, orda öpüşlər elə bil şəlalədir,

Necə qorxu bilmədən atılırlar girdaba,

Qaçırlar, hönkürürlər, gülürlər də arabir,

Dolğun və dərindilər, sirli və qaynardılar,

Lesbos, orda öpüşlər elə bil şəlalədir.

 

Bir-birinin vurğunu Lesbosda kurtisanlar,
Qalmır əks-sədasız burda heç zaman bir ah,

Ulduzlar Pafos qədər sənə də heyrandılar,

Veneranın Sapfoya qibtəsinə səbəb var!

Bir-birinin vurğunu Lesbosda kurtizanlar,

 

Lesbos, isti gecələr, xumarlıqlar diyarı,
Gözləri ifadəsiz, bədənlərinə aşiq

Qızlar ayna önündə durub sığallayırlar,
Yetkin matahlarını; səmərsiz ehtiras, eşq!

Lesbos, isti gecələr, xumarlıqlar diyarı,

 

 

Necə də qaşqabaqlı baxsa qoca Platon,

İfrat öpüşlərinlə, həm mürəkkəb, həm incə,

Sevgi hoqqqalarınla bəraət qazanarsan,
Sevgili səltənətə sevimli kraliça,

Necə də qaşqabaqlı baxsa qoca Platon.

 

Bəraət qazandıran  sənə işgəncələrdir,

Sevdalı ürəklərə əbədi çəkdirilən,

Nurlu təbəssümlərin uzaqlardan cəlb edir,

Özgə göylər dalında dumanlı görünsə də,
Bəraət qazandıran sənə işgəncələrdir.

 

Hansı bir Tanrı, Lesbos, hakimin ola bilər,
Zəhmətlərdən alnının rəngi əgər qaçıbsa,

Qızıl tərəzisiylə ölçə bilərmi məgər,
Göz yaşı selini ki, dənizə axıdırsan?

Hansı bir Tanrı, Lesbos, hakimin ola bilər?

 

 

Düz-əyri qanunları bizimçin nədir axı?

İncəqəlb bakirələr, adalara şan, şərəf.

Sizin din də müqəddəs başqa dinlər sayağı,

Cənnətdə də güləcək, eşq Cəhənnəmdə də!

Düz-əyri qanunları bizimçin nədir axı?

 

Tək məni seçdi Lesbos şairlərin içindən,
Sirrini vəsf etməyə qönçə bakirələrin,
Uşaqlıqdan şahidəm qara şəbehlərə mən,
Qarışardı gülənlər orda hönkürənlərə,
Tək məni seçdi Lesbos şairlərin içindən.

 
Lyökat zirvəsində güdükdəyəm o vaxtdan,

İti və uzaqgörən keşikçi güdür necə,
Keçdimi hansı briq, freqat ya da tartan,

Mavilikdə uzaqdan parıltı görününcə,
Lyökat zirvəsində güdükdəyəm vaxtdan.

 

Öyrənmək üçün dəniz həlim ya dalğalanan,

Hönkürtülərin əksi qayalarda dinəndə

Gətirərmi bir axşam Lesbosa, bağışlanan

Meyidini sevimli Sapfonun; o gedəndi,
Öyrənmək üçün dəniz həlimmi, mehribanmı!

 

Kişi damarlı Sapfo məşuqə və şairə,

Yaslı ağuşluğuyla Veneradan gözəldi!

İztirab izlərinin qara çərçivılərə

Aldığı qara gözlə üstün ala gözlüdən,

Kişi damarlı Sapfo, məşuqə və şairə!

 

Ucadır Veneradan gözəlliyi dünyada,
Könlünün asayişi incilər kimi axır,
Qızılsaç gənciyinin şöləsi yayılmada,

Qızıyla əfsunlanan qoca Okean sarı;

Ucadır Veneradan gözəlliyi dünyada!

 

Sapfo getdi dünyadan küfrə yol verən günü,

Yaranmış pərəstişi və adəti saymadan,
Otlağa çevirərək öz gözəl bədənini

Erkəyə, qüruruyla cəzalandı onun da

Sapfo, getdi dünyadan küfrə yol verən günü.

 

Lesbos yas içindədir eləcə o zamandan,
Şərəf göstərirsə də ona kainat necə.

Sahillərdən yüksəlib səmalara ucalan,

Qasırğa harayıyla xumarlanır hər gecə,

Lesbos yas içindədir eləcə o zamandan.

 

Fransızcadan tərcümə

19-20.08. 2018

Samara

ŞARL BODLER. LETA[i]

бодлер

       Le Léthé

Gəl sinəm üstünə, qəddar ürəklim,
Gözü məst monstr, füsunkar pələng,
Titrək barmaqlarla qalın və qəşəng,
Yalında oynayım, sığal da çəkim.

 

Sənin ətir dolu tumanlarınla,
Bürünsün ağrılı başım qoy mənim,

Solğun çiçək kimi, ölən eşqimin

Kif hopmuş qoxusu sinəmə dolar.

 

Arzum yaşamaq yox, yuxudur indi,

Ölüm tək şirin bir yuxuda sənin,

Öpərəm cilallı, gül bədənini

Vicdan ağrıları bilmədən nədir.

 

Ən yaxşı girdabdır sənin yatağın.

Hönkürtülərimi alar, qərq elər,
Yaşadar ən güclü unutqanlığı,

Ağzın, Leta axar öpüşlərinlə.

 

Mənə indən belə tale həzz və eşq,

Ona baş əyirəm önyazılı tək.

Günahsız məhkumam, həqir əzabkeş,

Zülmümü artırır etdiyim hər səy.
Könül acısını ovundurmağa,
Mən nepent[ii] soraram, gözəl siqö[iii] də,

Ürəyin heç zaman qorumadığı,
Döşlərinin incə gilələrindən.

 

Fransızcadan tərcümə

18-19.08. 2018

Samara

[i] Yunan mifologiyasında Erisin qızı, unutqanlığın təcəssümüm. Tez-tez Leta çayı ilə, Cəhənnəmdəki “unutqanlıq çayı” da adlanan beş çaydan biri ilə qarışdırırlar.

 

[ii] [ii] Nepent (Nepenthe) —  guya qüssəni qovan uydurma dərman

 

[iii] Siqö (ciguë, ciguë, sikuta) – zəhərli bitki, ya ondan alınan zəhər

ŞARL BODLER. MÜQƏDDƏS PYOTRUN DÖNMƏKLİYİ 

бодлер

Le Reniement de Saint Pierre

 

Əziz Serafimlərə bütün gün ünvanlanan,

Qarğış dalğalarıyla Tanrı neyləyir görən?

Müdhiş küfr harayında bəlkə şirin mürgülər.

 Necə ki, bol yeməkdən, şərabdan köpən tiran,

 

İztirab çəkənlərin, məzlumların naləsi,
Bir simfoniyadır ki, yəqin xumarlandırar.

Zira alınırsa da onların həzzi qanla,

Doyub-dolanan deyil göylər hələ deyəsən.

 

İsa, Zeytun Bağını bəlkə yada salasan!

Sadəliyindən dua eləyirdin diz üstdə.

Cəllad canına sancan mismarların səsindən,
Yəqin ki, xoşallanıb göydə gülürdü osa.

 

Görən zaman səndəki ali müqəddəsliyi,
Küt və şərəfsiz əsgər və qab dibi yalayan,

Elə ki duydun bütün Bəşəriyyət yaşayan,
Kəlləndə sənin tikan çələngi yer eləyir;

 

Əzilmiş bədəninin müdhiş ağırlığından,

Sallananda qolların, rəngi qaçmış alnını,

Bürüyəndə sel kimi axan tərin və qanın, 

Durarkən hədəf kimi hamının qabağında,

 

Xatırladınmı Vədi yerinə yetirməyə

Gəldiyin əzəmətli və möhtəşəm günləri.

Yoluna döşədilər budaqları, gülləri,
Ulaq üstdə kütlənin qabağında getməyə.

 

Cəsarətlə, ümidlə böyüyən ürəyinlə,

Öz əlinlə vuranda sən lotu dəllalları,

Nəhayət, ustalaşdın? Peşmanlıq ağrıları,

Sancıldımı içinə iti nizədən əvvəl?

 

Mənə qalarsa, şəksiz, cana doyub gedərdim,
Arzu ilə hərəkət uyuşmayan dünyadan.

Qılınc qaldırb elə qılıncıla məhv olaydım!

Döndü Pyotr İsadan… o, yaxşı da elədi!

Fransızcadan tərcümə

12-13.08. 2018

Samara

DÜSTUR       

U LENİ        

Necə ki, izahı olur hər şeyin,
Sadə düsturu var qocalığın da:

İncidir iyi də yemək-içməyin,
İynədir, dərmandır arzuladığın…

28.08. 2018

Samara

ŞARL BODLER. BİLGİGÜDƏNİN ARZUSU

бодлер

 

              Le Rêve d’un Curieux

                                             Feliks Nadara

Mənim kimi tanışmı sənə də dadlı qüssə,

Deyiblərmi sənə də “Ah, qəribə adamdır!”

 — Mən ölürdüm, eşq ilə dolu ürəyimisə

Üzən həvəslə qorxu qarışıq bir azardır;

 

Əzab və işıq ucu, uzaq qiyamçılıqdan.
Fatal bu qum saatı nə qədər boşalırsa,

İşgəncəm daha acı, həm daha qan qaynadan;

Mənim ürəyim tamam dünyadan uzaqlaşar.

 

Tamaşa ehtiraslı mən bir uşaq kimiydim,
Pərdədənsə bezirdim, çünki o, maneəydi…
Soyuq həqiqətlərin üstü açıldı indi:

 

Təəccüb eləmədim ölümə və bürüdü,
Məni qorxuc bir şəfəq. Necə? Nə varsa budur?

Qaldırımışdı pərdə, hələ də gözləyirdim.

 

Fransızcadan tərcümə

08-09. 08. 2018

Samara

À Félix Nadar

   ŞARL BODLER. KİFERAYA SƏYAHƏT

бодлер

Un Voyage à Cythère

Sevinclə pərvazlanır ürəyim quşcuğaz tək,

Və azad qanad çalır, adlayıb ciyəlıəri,

Yırğalanır altında gəmi təmiz göylərin,

Günəş şüalarıyla sanki xumardır mələk.

 

Bu qara və qüssəli ada nədir? – Kifera,

Deyirlər, mahnılardan tanınır onun adı

Köhnə məktəblilərçin bayağı Eldorado.

Yaxşı baxın; sən demə kasıb bir diyar bura.

 

Burda neçə sirr yaşar, bayramlar ürək oxşar!
Şirin bir ətir kimi üstündə dənizlərin,
Gözəl surəti qalxar  Veneranın elə bil,

Xumarlıqla, eşq ilə ruhları o doldurar.

 

Yaşıl mərsin bürümüş gül-çiçək dolu ada,
Əbədi hörməti var ona bütün xalqaların,

Sıyrılar bura məftun ürəklərin ahları,
Qızıl gül bağı üstdən fimiam tək yayılar

 

Şirin nəğməsi kimi ağacdələnlərin ya!

— Torpağı sısqa, simic bir ölkədir Kifera,
Qıyyalarla narahat yeknəsəq qayalıqlar!

Mənsə görürəm ancaq bir məkan ki, yox tayı.

 

O, ağac kölgəsində duran məbəd deyil ki,

Gizlin ehtirasların alovu bədənində,

Çiçəklərin vurğunu cavan kahinə gedə,
Donunu yarı aça sərin dəniz küləyi.

 

Üzdük elə yaxın ki, dənizin qırağına,
Quşları qorxutdular bəyaz yelkənlərimiz.

Birdən biz üçayaqlı gördük dar ağacını,
Seçilirdi səmada uca, qara sərv kimi.

 

Başlamışdı yırtıcı ziyafəti quşların,

Didilirdi ölünün artıq şişən bədəni

Murdar dimdiklərini alət tək basır onlar,
Qan sızan hər yerinə asılıb çürüyənin;

 

Gözlərinin yerində iki deşik, qarnının,
Çıxb bağırsaları, düşüb ayaqlarına.

Və onu cəlladları həzz ilə xumarlanıb,
İti dimdikləriylə deşib axtalayıblar.

 

Ayaqları altında bir sürü dördayaqlı,

Burunları dikəlib, fırlanır, hərlənirlər.

Heyvanın ən irisi vurnuxur ortalıqda,
Yanı köməkçilərlə dolu rəhbərə bənzər.

 

Kiferanın sakini, gözəl göydən törəyən,

Sən sakitcə dözürsən bütün bu təhqirlərə.
Bəlkə bağışlatmağa rəzil pərəstişi və

Günahları ki, cənə məzarı yasaq edər.

 

Miskin meyit, doğmadır iztirabların mənə!
Baxdıqca duyuram mən sallaq əzalarına,

Qusuntu kimi qalxır dişlərimin dibinə,
Ötən qüssələrimin ödü dalğalanaraq.

 

Xatirəsi sevimli yazıq şeytan, mən sənin

Önündə yenə duydum bir vaxt necə həvəslə
Quzğunların dimdiyi və qara panterlərin,
Çənəsi bədənimi parçalayırdı belə.

 

— Səma göz oxşayandı, dəniz səthi hamardı;

Mənə hər şey qaraydı, qanlıydı indən belə,

Heyhat! Məim ürəyim bu alleqoriyada,

Kəfən bürünmüş kimi həmişəlik gömülər.

Ah, Venara, adanda taraz tapdım bircə şey,

O da dar ağacı ki, surətimi asıblar.

Ah, Cənab! Mənə güc ver, mənə cəsarət də ver,
İkrahsız baxa bilim bədənimə, ruhuma!

 Fransızcadan tərcümə

16-18.08. 2018

Samara

ŞARL BODLER. SƏYAHƏT

бодлер

 

Le Voyage

À Maxime du Camp

I

Estamplara, kartlara vurğun yeniyetməyə,
Kainat onun hədsiz iştahına bərabər.

Ah! Çıraq işığında böyükdür necə dünya!

Xatirənin gözündə kiçikdir o nə qədər!
Yollanırıq bir səhər, beynimiz alovlanır,
Ürəyimizdə hiddət və acı ehtiraslar.

Gedirik, uyuşaraq ritminə dalğaların,
Bizim sonsuzluğumuz dəniz sonuna varar.

 

Kimlərsə sevinir ki, rəzil vətəndən qaçır,
Kimlərsə dəhşətindən yurdun, və bəzilər də,
Sirseyin, bu hökmran,  ölümcül ətir saçan,
Qadının gözlərində batan münəccimdilər.

 

Heyvana dönməsinlər deyə, nəşələinrlər,
Fəzadan və işıqdan, alovlanan səmadan.

İynələyən şaxtalar və yandıran günəşlər

Öpüşlərin izini silib aparır tamam.

Əsil səyyahlar ancaq onlardır ki, gedirlər,
Getmək üçün; yüngüldür ürəkləri top kimi.

Talelərindən heç vaxt yan ötüşən deyillər,
Niyəsini bilmədən deyirlər ki, “Gedirik”!

 

Bunların ehtirası buludlara bənzəyən,

Özlərisə top-tüfəng arzulayan rekruta.

Diyar arzulayırlar naməlum və dəyişkən,
Bəşər ağlı heç zaman bilməyir nədir adı.

II

Dəhşət! Biz özümüzü kürəyə oxşadırıq,
Hərlənir, fırlanırıq,  hətta yuxumuzda da,
Bizə işgəncə verir Maraq, bizi fırladır,
Necə ki qəddar Mələk günəşləri qamçılar.

 

Məqsədin yer aldığı bənzərsiz yazı, tale,
Heç yerdə o, yoxsa da, ancaq o, hər yerdə var!

Azca olsa da dinclik axtarar necə dəli,

Ümidini kəsməyən insan onu arayar!

Üçdor gəmi qəlbimiz,  İkariya axtaran;
Körpüdən səs ucalır: “Ehtiyatlı olun, ha”

Qəzəbli biq qışqırıq ucalır yuxarıdan:

“Sevgi… şərəf… səadət!” Lənət! Sualtı qaya!
Keşikçinin gördüyü hər kiçicik bir ada

Sanki Eldoradadır bizə Tale vəd edən;

Kefə hazırlıq görən Təsəvvür ancaq orda,
Tapmır dan işığında qayadan özgə heç nə.

Ah, xəyali yurdlara vurulan zavallılar

Yandırılaydı, suya atılaydı ya birbaş,

Daha da acılayan ilğımı, girdabları

Amerikalar açan o sərxoş dənizçi kaş!

 

Palçıqda eşələnənən qoca sərsəri belə,
Behiştləri arzular yelə burnunu tutub;

Ovsunlanmış gözünə, harda şam şöləsiylə

İşıqlanan daxmacıq varsa, görünər Kapu.

III

Heyrətamiz səyyahlar! Nə qədər gözəl əsər,

Oxuyuruq dəniz tək dərin gözlərinizdə!

Zəngin xatirələrlə hanı dolu mücrülər,
Ulduzlardan, efirdən yaranmış incilər bəs?

Biz yelkənsiz, buxarsız istəyiririk dolaşaq!

Qüsssəni dağıtmağa bizim bu türmələrdən,
Keçsin ruhlarımızdan gərilmiş yelkən sayqaq,

Xatirələriniz qoy sərhəd, üfüq bilmədən.

Söyləyin, nə gördünüz?

IV

“Biz ulduzları gördük
Və qumlu sahilləri, həmçinin dallğaları;
Ancaq burdakı kimi qüssədən də ölürdük,
Baxmayaraq şoklara və qəfil bəlalara.

 

Şəhərlərin cəlalı günəşin qürubunda,

Bənövşəy dənizdə günəşin cəlalı var.

Bunlar bizdə təlaşlı istək oyandırırdı,

Rənglərin bu sayrışan səmasında qərq olaq.

 

Ən əzəmətli peyzaj, ən zəngin şəhərdə də,
Təsadüfün əliylə buludlardan yaranan,
Sehrli gözəlliyin yox heç vaxt əsəri də.

Və həmişə qanımız ehtirasla qaynayar.

 

— Əyləncələr istəyi daha da artırandır.

Həzz ilə mayalanan qoca ağacdır istək.

Nə qədər ki, bərkiyir qabığın, qalınlanır,
Budaqlar o qədər çox günəşi görə gərək.

 

Artarsanmı həmişə, sərvdən iri daha,
Nəhəng ağac? – Fəqət biz,  qayğı ilə yığılan,

Eskizlər gətirmişik, albiomunuza yarar,
Axı sizə xoş gəlir, nə gəlirsə uzaqdan.

 

Xortumlu sənəmlərə biz səcdə eləyirdik;

Alışan incilərlə bəzənibdir taxtlar;

Elə bir dəbdəbəylə saraylar tikilib ki,
Beləsini istəsə, bankir var-yoxdan çıxar;

Geyimləri görənin gözləri xumarlanır;

Dişləi, dırnaqları qadınların rənglənib.

İlanlar sığallayır mahir jonqlyorları.

V

Sonra, bəs dana sonra?

VI

“Ah, körpə beyinlilər!

 

Yaddan çıxarmamaqçın ən önəmli bir şeyi,
Elə hər yerdə gördük, izləməsək də onu,

Ayaqdan başınacan fatal pilləkəni biz,
Qüssəli tamaşası ölüm bilməz günahın;

 

Təkəbbürlü, həm də küt, miskin kənizdir qadın,

Öz-özünün heyranı, gülüş, ikrah bilmədən.

Cəsarətli və qəddar, kişi acgöz tirandır,

Kölənin köləsidir, murdar, üfunət verən.

 

Cəlladziyafət qurar, əzabkeşsə hönkürər,
Bayram qanla yaranmış, qan qoxusu da yayar,

Hakimiyyət zəhəri despotu kefləndirər,

Xalqınsa sevgisi var kütləşdirən qamçıya.

 

Bəziləri dinlərin bizim dinlərə bənzər,

Hamısı da dırmaşır göyə; Saflıq istəyən,

Ərköyün tək pərquda əzab çəkər, əzilər,
Nəşələnər, dincələr  mismar, at tükü üstdə.

 

Bəşəriyyət boşboğaz, öz dühasından xumar,
Qabaqlar olan kimi  divanədir indi də.

Çarpışmaqdan üzülüb Tanrını o çağırar,
“Ah, özümə bənzəyən, ağam, mən səni lənətlədim!”

Az kütlər, Dəliliyin qorxusuz vurğunları,
Tale otaran böyük bir sürüdən qurtulur,

Tiryək ənginliyinə çəkilib sığınırlar,

— Əbədi bületeni bütün dünyanın budur”.

 

Acıdır səyahətdən insan qazanan bilik!

Dünya, xırda, monoton, həm bu gün, həm də sabah,
Daim göstərər bizə necəyik, nəyik, kimik:
Birə dəhşət vadisiyik biz qüssə səhrasında!

 

Yollanaqmı? Qalaqmı? Qala bilərsənsə qal,
Gərəksə, yollan. Biri qaçır, gizlənir biri

İstər sayıq və fatal düşmənini aldada,
Qaçan var ki, ah, Zaman! Əfsus, nəfəs də dərmir,

 

Sərsəri Cuhud kimi, həvarilər kimi ya,
Onlara nə ekipaj, nə də gəmi bəs elər.

Retiar ayıbından qaçalar; başqalar var

Heç beşikdən durmamış öldürməyi bilirlər.

 

Nəhayət, belimizə qoyanda ayağını,
Qışqırarıq: İrəli! bizdə ümid oyanar,

Necə ki, başqa vaxtlar biz Çinə yollanırıq,

Gözlərimiz dənizdə, saçımızla yel oynar.

 

Toranlıq dəniziylə başlayırıq səfəri,

Gənc bir səyahətçi tək qəlbimizdə sevinc var.

Eşidin bu qüssəli, məlahətli səsləri,

Oxuyurlar: “Ətirli Lotos arzulayanlar

 

Burdan gedin! Bu yerdə yığılır ürəyiniz,

Tamarzı tək istəyən möcüzəli meyvələr.

Əbədi gündüzlərin şirinliyi misilsiz,

Xumarlandırar sizi, hamınızı məst edər!”

Biz tanış avazından kabusu tanıyırıq,
Bizim Pilad əlini bizə sarı uzadır.

“Ürək sərinlətməyə üz Elektra sarı!”

Deyir dizini bir vaxt öpdüyümüz o qadın.

VIII

 

Ölüm! Qoca kapitan, vaxtdır, lövbəri qaldır!

Ölüm, bizi bezdirir bu ölkə! Yelkən açaq!

Əgər göy də, dəniz də mürəkkəb tək qaradır,

Qəlbimizdə, bilirsən, günəş özü nur saçar!

 

İçirt zəhərini sən bizə ki, gümrahlanaq!
Elə yandırır bu od beynimizi, girdaba,
Göyə ya Cəhənnəmə istəyirik qərq olaq,

Naməlumun dibində təzə nəsə tapmağa!

 

Fransızcadan tərcümə

09-12.08. 2018

Samara

ŞARL BODLER. İBLİSİN LİTANİYASI

BaudelaireNadard-thumb

      Les Litanies de Satan

 

Ey Mələklər içində ən gözəl, ən ağıllı!

Tale arxa çevirən, şükrə tamarzı Tanrı!

Ah, İblis, acı mənim bu miskin həyatıma,
Sürgünlərin Padşahı, haqsızlıqlara qurban,

Basılıb yeniləsə də, daha da güclü qalxan,

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Sən hər şeyi bilirsən, yeraltılar kralı,
Sənə yaxşı tanışdır bəşər iztirabları.

Ah, İblis, acı mənim bu miskin həyatıma,

Qarğınmış səfillərə, cüzamlılara belə,

Dadını tanıdırsan sən behiştin eşq ilə,

Ah, İblis, acı mənim bu miskin həyatıma.

Daim Ölümlə, qoca və güclü oynaşından
Ümid doğurursan, ah, bu hoqqana heyranam!

Ah, İblis, acı mənim bu mskin həyatıma,
Sənsən məhkuma sakit, qürurlu baxış verən,
Eşafot quranlara yetişər lənətlərin.

Ah, İblis, acı mənim bu miskin həyatıma!
Hansı guşələrində yer üzünün bilirsən,
Paxıl Tanrı gizlədib incilərini bizdən.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

İti gözlərin görür dərin arsenalları,
Metal tayfalar yatır orda qapanıb qalan,

Ah, İblis, acı mənim bu miskin həyatıma!
 Girdabları gizlədən sənin geniş əlindir,

Binanın qırağımda yuxulu yeriyəndən.

Ah, İblis, acı mənim bu biskin həyatıma,

Sənsən sümüklərini möcüzəli sağaldan,

Atla fikirli sərxoş küçədə basılanda.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Ah, incə iştirakçı, basırsan nişanını.
Sən alçaq və rəhmsiz Krezlərin alnına.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Sənsən ürəklərinə salan fahişələrin,
Yaraya pərəstişi, əski-üsküyə eşqi.
Ah, İblis, acı mənim bu miskin həyatıma!

Tədqiqatçıya çıraq, qəribin pənahısan,

Tövbəni sənə edər cinayətkar, asılan.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Gəlib Tanrı Atanın qəzəbiylə qovulsa,

Kim dünya cənnətinən, onun atalığısan.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

 

DUA

Cəlal və alqış sənə, İblis, hökm sürdüyün

Səma zirvərində və baslıb girdiyin,

Cəhənnəmdə ki, orda təkcə xəyallarlasan!

Bir gün Bilik Ağacı üstündə açan zaman

Təzə bir məbəd kimi budaqlarını, onda,
Buyur mənim də ruhum qoy uyusun yanında.

 

Fransızcadan tərcümə

13-14.08. 2018

Samara

ŞARI BODLER.  FANTOM

бодлер

Un Fantôme

I

       Qaranlıqlar

Taleyin əliylə atılmışam mən,
Qüssənin gözgörməz zirzəmisinə.

Heç zaman günəşin şöləsi girməz,
Zəhmli sahibə — Gecəylə təkəm.

 

Rəssamam elə bil, məkrli Tanrı
Hökmüylə məcburam çəkəm toranda.

İştahı olmayan aşbazam ya da,
Bişirib yediyim öz ürəyimdir.

 

Parlayır, uzanır və genişlənir,
Bir kabus, cəlaldan, cəzbdən doğan.

Xumar görümündə ədası şərqin,

Əzəməti məni sarsıdan zaman,
Tanıdım ki, kimdir bu gözəl qonaq:

Bu Odur! Qara və nurludur ancaq!

 

II

Ətir
Oxucum, çəkmisən bəlkə haçansa,
İçinə  qurman tək, tamarzı kimi,
Kilsəni bürüyən buxur iyini,

Saşedəki müşkün qoxusunu ya?

Sehrli cazibə cana gətirir,
İndidə keçmişi, xumarlanırıq.

Sevimli bədəndən beləcə məşuq,

Ən gözəl xatirə çiçəyi dərir.

 

Onun sıx və ipək kimi saçları
Alkov buxurdanı, canlı saşedir.

Yayılır yabanı, qəribə ətir.

Və dolub müslin ya velür paltarı,
Saf gənclik iyiylə başdan ayağa,
Xəz qoxuları da axır otağa.

III

Çərçivə

Ustad fırçasından şəkil çıxsa da,

Necə ki, artırar gözəl çərçivə,
Bir az qəribəlik, bir az cazibə,

Geniş  təbiətdən onu ayırar,

 

Beləcə bərbəzək, metal və mebel,
Əlavədr onun gözəlliyinə,

Ləkə sala bilməz nuruna heç nə,
Ona çərçivədir nə var elə bil.

Bəzən deyirlər ki, hətta inanır,
Hamı həndəvərdə onun heyranı;

Duyğulu bədəni qərq olub çimir,

Sətinin, ipəyin öpüşləriylə,
Və yavaş ya çevik, haçan tərpənir,
Meymun balası tək qəlbə xoş gələr.

IV

Portret

Xəstəlik və Ölüm döndərir külə,
Bizim üçün yanan nə qədər od var.

Alovlu, mehriban bu iri gözlər,
Mənim ürəyimi udan dodaqlar,

 

Günəş şüasından iti duyğular

Diktam tək qüdrətli qızğın öpüşlər,

Ah, qəlbim, onlardan, söylə, nə qalar!

Üç rəngli bir eskiz,  başqasa heç nə,

O da tənhalıqda mənim tək ölər,
Onu Zaman, kinli, hampazor tiran,
Ağır qanadıyla durmadan silər…

 

Ölməz yaddaşımda bil ki, heç zaman,
Sənətin, həyatın qara qatili,

Kim mənə həzz idi, həm də sevgili!

 

Fransızcadan tərcümə

15-16.08. 2018

Samara