ŞARL BODLER.   LƏNƏTLƏNMİŞ QADINLAR (DELFİN VƏ HİPPOLİT)

бодлер

Femmes Damnées (Delphine et Hippolyte)

 

Ağımtıl işığında xumarlanan çırağın

Başını ətir hopmuş balınclarda qərq edən,
Hippolit xəyallanır gənclik açılığının,

Pərdəsini qaldıran sevgi məzələrindən,

 

Qasırğadan təlaşlı gözləriylə  axtarır,

Saflığının elə bil uzaq səmalarını.

Səyahətçi necə ki, qanrılır geri, baxır,

Səhər açalan zaman mavi üfüqlər sarı.
Yaş axıdan gözləri ifadəsiz və donuq,
Çaşqın, pərt görünüşlü, qüssə doğuran məzə,
Gərəksiz silah kimi yanında əli-qolu,

Hər şey uyuşur, hər şey onu göstərir gözəl.

 

Uzanıb ayaqları alrtda şən və mehriban,
Alovlu gözlərini Delfin ona zilləyib,
Şikarını izləyir necə yırtıcı heyvan,

Yaxşıca nişanlayıb iti dişiylə əvvəl.

 

Güclü gözəl diz çöküb zərifin qabağında,
Möhtşəmdir içərkən öz zəfər şərabını

Ehtirasla və sanki almağa cavabında,

Şirin təşəkkürləri ona sarı uzanır.

 

Rəngi qaçmış qurbanın gözlərində axtarır,

Görsün onlarda həzzin oxuduğu lal himni.

Görsün onlarda incə, ali minnətdarlığı,

Ki, göz bəbəklərindən çıxar uzun ah kimi.

 

“Bu işlərdən, Hippolit, canım, nə düşünürsən?

İndi anlayırmsan qönçələrinin əgər
Müqəddəs ocağını vəhşi, qızğın nəfəsə,
Yaxın versən, çiçəklər solub gedə bilərlər?

 

İncədir öpüşlərim axşam böyük göllərin,
Ayna suları üstdə pərvazlanan böcək tək.

Oynaş öpüşlərisə səndə iz salar dərin,
Ataba kimi ya da kotan tək şırım çəkər.

 

İri sürüsü kimi atların, öküzlərin

Üstündən keçər onlar, rəhm eləməz, tapdalar…
İppolit, bacım mənim, mənə çevir üzünü,
Mənim canım, ürəyim, yarım və mənim tamam,

 

Göylə, ulduzla dolu gözünlə  mənə bax sən,
Nazlı bir baxışına sənin, ilahi balzam,

Qaldıraram pərdəni ən incə nəşələrdən,
Tükənməz bir yuxuda mən səni yırğalaram.

 

Fəqət İppolit bu vaxt gənc başını qaldırır:

“Yox, peşman deyiləm mən, məni nankor da sayma,

Delfinim, qəlbim üzgün, məni əzab ağrıdır,
Müdhiş gecə kefləri ağrıdar necə sonra.

 

Duyiram ki, bürüyür məni ağır qorxular
Qara kabus alayı alır həndəvərimi

İstəyirlər dəyişən bir yola çıxaralar,
Qanlı üfüq qapayır yolun hər tərəfini.

 

De, bizim hərəkətdə varmı qəribə nəsə?

İzah elə, bacarsan, bu qorxu, təlaş nədir:

Titrəyirəm, elə ki,  “Gəl, mələyim! deyirsən,
Duyuram sənə doğru dodağım ancaq gedir.

 

Gəl mənə belə baxma, mənim fikrim, düşüncəm,
Seçib sevdiyim bacı, əbədi məhəbətim.

Tələyə də çevrilsən mənə bir gün əgər sən,

Başlansa da səninlə qaçılmaz fəlakətim.

 

Delfinsə faciəvi yalını silkələyir,

Sanki naxış basaraq dəmir üçayaq üstdə
Göz fatal, amiranə səsiylə cavab verir:

— “Məhəbbətin önündə nə cəhənnəm söhbəti?

 

O vecsiz xəyalpərpər həmişə lənətlənə,
Kütlüyündən girişdi  kim ki, birinci  dəfə,

Həlledilməz, steril məsələnin həllinə,
Məhəbbət işlərinin qarışdırdı şərəfə.

 

 

Get, əgər istəyirsən, axtar küt bir adaxlı;
Məsum qəlbi təslim et heyvərə öpüşlərə;

Peşman və qorxu dolu, meyit kimi ağarıb,

Qayıdarsan yanıma təhqir olmuş döşünlə…

 

Bir ağa burda ancaq hökm edə bilər yəqin!”

Uşağınsa qəlbini qüssə durmadan didir,

Ağlayır: “Nəsə mənim içimdə genişlənir,

Bu, girdabdır işaran, bu girdab ürəyimdir.

 

Vulkan kimi qaynayır, boşluq kimi dərindir,
İnildəyən monstru doyura bilməz heç nə,
Təşnəsini yatırmaz heç nə Emenidlərim,
Əlini yandırırsa, yandırar iliyəcən.

 

Ayrılaq bu dünyadan qapalı pərdələrlə
Qoy bu yorğunluq bizə dinclik həm də gətirsin.
Döşlərin arasında mən yox olub gedərəm,
Sinən üstdə soyudar məni məzar sərini.

 

Enin, enin, zavallı qurbanlar, siz, nəhayət,
Yürüyün cəhənnəmin əbədi yollarında!

Ən dərin uçuruma gömülün, hər cinayət,
Göydən əsməyən külək çırpıb əzəcək orda,

 

Haray salıb qaynaşın, bənzəyin qasırğaya,
Dəli kölgə tək qaçın ehtirasın dalınca.

Söndürə bilməzsiniz candakı odu heç vaxt,
Öz ehtirasınızdan cəzanız doğulacaq.

 

Mağaranıza heç vaxt düşməz soyuq bir şüa,
Divar çatlaqlarından titrəşən miazmlar,
Sızıb girər və orda çıraq kimi alışar,
Hopar bədəninizə üfunət dolu qazlar.

 

Sizin işrətinizin acı sterilliyi,

Təşnənizi artırar, qurudar dərinizi.

Şəhvət ehtirasının gurlayan küləyiylə,

Köhnə bir bayraq kimi çırıpılır bədəniniz.

 

Sərsəri, lənətlənən! Uzaqlara bəşərdən,
Yürüyün canavar tək, keçib boş düzənləri.

Taleyiniz yazana, çaşqın qəlblər, baş əyin,

Sonsuzluqdan qaçın ki, o da içinizdədir.

 

Fransızcadan tərcümə

21-24.08.2018

Samara

Реклама